Məhkəmə qərarları › İş №2-1(112)-7485/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7485/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7485/2021 20.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X7, X9, X12, X2, X16) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:

1. xx.xx.2014-cü il tarixli Seriya RX № ******* saylı, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 35 A saylı fərdi yaşayış evi hazırda İddiaçı (bundan sonra – İddiaçı) mülkiyyətindədir.

2. İddiaçı ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək mülkiyyətindəki mənzildən orada qeydiyyatda olan X7, X9, X12, X2 və X10 (bundan sonra - üçüncü şəxslər) qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.

3. Cavabdeh 073-16937A-3221 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla İddiaçının tələbini təmin etməkdən imtina etmiş, üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasının onun səlahiyyətində olmadığını bildirməklə, Bakı İnzibati Məhkəməsinə müraciət edilməsinin məqsədəmüvafiq olduğunu bildirmişdir.

4. İddiaçı 14 iyun 2021-ci il tarixdə maraqlı şəxs qismində Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanından cavabdehlər X7, X9, X12, X2 və X10 qeydiyyatdan çıxarılması vəzifəsinin şöbənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı xx.xx.2021-ci il tarixdə iddianın dəqiqləşdrilməsi barədə ərizə vermiş, məhkəmənin 6 iyul 2021-ci il tarixli, 2-1(112)-7485/2021 saylı qərardadı ilə ərizə qəbul edilərək, iddia ərizəsində maraqlı şəxs qismində göstərilən Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi cavabdeh kimi qəbul edilmiş, X7, X9, X12, X2 və X16 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

6. 02.08.2021-ci il tarixdə məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əsl cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi ilə əvəz edilməsini xahiş etmiş, məhkəminin 02 avqust 2021-ci il tarixli, 2- 1(112)-7485/2021 saylı qərardadı ilə iddiaçının ərizəsi təmin edilmişdir. İİ Tərəflərin əsaslandırması:

7. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, şəxsi mülkiyyətində olan fərdi yaşayış evindən X7, X9, X12, X2 və X10 qeydiyyatdan çıxarılmalarını istəyir.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verdilər. İddiaçı bildirdi ki, üçüncü şəxslərin ona məxsus yaşayış sahəsindəki qeydiyyatları formaldır. Belə ki, iddiaçı onları tanımır və həmin şəxslər faktiki olaraq orada yaşamırlar. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər.

9. Cavabdeh məhkəməyə göndərdiyi məktubunda nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi

11. Məhkəmə iddiaçı və iddiaçının vəkilinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

12. Belə ki, iddia mümkün iddiadır, çünki mülkiyyətçi olan iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir.

13. İddia həm də əsaslıdır. Çünki iş materiallarında olan RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 35 A saylı fərdi yaşayış evinə İddiaçının mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır.

14. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********05 nömrəli məktubundan görünür ki, üçüncü şəxslərin mübahisəli evə dair istifadə hüquqlarının qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir.

15. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 292 saylı arayışında qeyd olunmuşdur ki, DƏDRX-nin Seriya RX № ******* saylı Çıxarışına əsasən Sabunçu rayonu, Ramana qəsəbəsi, Qarayev küçəsində yerləşən 35a saylı ev İddiaçı məxsusdur. Halhazırda ailəsi ilə birlikdə həmin ünvanda pasport qeydiyyatındadır və yaşayır. Ailə tərkibi: İddiaçı – özü; X4 – h/y; X14 – oğlu; X15 – oğlu; X11 – gəlin.

16. Beləliklə işin sadalanan hallarından göründüyü kimi, ünvan 1 ünvanında yerləşən 35 A saylı fərdi yaşayış evinin İddiaçının mülkiyyətində olması, üçüncü şəxslərin hazırda həmin mənzildə yaşamamaları və mənzilə dair hər hansı hüquqlarının qeydə alınmaması məhkəmə iclasında tədqiq olunan sübutlarla təsdiq olunur.

17. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, üçüncü şəxslər - xx.xx.1948-ci il təvəllüdlü X7, xx.xx.1940-cı il təvəllüdlü X9, xx.xx.1998-ci il təvəllüdlü X12, xx.xx.1976-cı il təvəllüdlü X2 və xx.xx.2001-ci il təvəllüdlü X16 ünvan 2 ünvanında qeydiyyatdadırlar.

18. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.

19. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.

20. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, yaxud həmin yaşayış sahəsində yaşamırsa, aydındır ki, çıxarılma və ya istifadə hüququna xitam verilmə barədə qətnamə də mövcud olmayacaqdır.

21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”

22. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.

24. Beləliklə, iş materialları ilə üçüncü şəxslər X7, X9, X12, X2, X10 mübahisəli evə dair heç bir hüquqlarının olmaması, hazırda həmin evdə yaşamamaları tam təsdiq olunduğundan məhkəmə hesab edir ki, onların mübahisəli evdən qeydiyyatdan çıxarılmaları üçün tələb olunan bütün şərtlər hazırkı işdə mövcuddur, buna görə də iddia tələbi əsaslı olmuşdur

25. Lakin işdən görünür ki, cavabdeh əsassız olaraq üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasının onun səlahiyyətində olmadığını bildirməklə iddiaçının hüquqlarını pozmuşdur. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən həmin Qanunun 9cu maddəsinin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxaran “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı: İddia təmin olunsun. xx.xx.1948-ci il təvəllüdlü X3, xx.xx.1940-cı il təvəllüdlü X5, xx.xx.1998-ci il təvəllüdlü X6, xx.xx.1976-cı il təvəllüdlü X1 və xx.xx.2001-ci il təvəllüdlü X10 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar