Məhkəmə qərarları › İş №2-1(112)-7485/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7485/2023

13.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7485/2023 13.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı pensiyanın düzgün hesablanması və s.tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək: Pensiyasının qanunvericiliyin tələblərinə uyğun düzgün hesablanması öhdəliyi cavabdehin üzərinə qoyularaq,

1. "Əmək pensiyaları haqqında" Qanunun 19.1.4 maddəsinə əsasən 2006-cı ildən 2019-cu ilin aprelinə kimi verilməyən 1-ci dərəcəli əlilə qulluğa görə əlavə indeksasiya edilməklə hesablanıb ödənilməsi;

2. Prezidentin xx.xx.2001 tarixli 613 saylı "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında" Fərmanı ilə müəyyən edilmiş verilməsindən imtina edilən 26 manatlıq aylıq müavinət indeksasiya edilməklə ödənilməsi və pensiya məbləğində nəzərə alınması;.

3. Prezidentin xx.xx.2000 tarixli 597 saylı "Əlil olmuş və digər kateqoriyalardan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında" Sərəncamı ilə müəyyən edilmiş 70 min manatın indeksasiya edilməklə ona ödənilməsi və pensiya məbləğində nəzərə alınması;

4. DİN MPİ-dən DSMF-ə keçəndən kəsilən 5.10 manat əlavə indeksasiya edilməklə ödənilməsi və pensiya məbləğində nəzərə alınması;

5. NK-nın xx.xx.2013 tarixli 2 saylı qərarı ilə ikiqat artırılan ərzaq payı əvəzinə pul kompensasiyası indeksasiya edilməklə ödənilməsi və pensiya məbləğində nəzərə alınması;

6. Prezidentin xx.xx.2021 tarixli Fərmanı ilə əvvəllər tutduğu vəzifəyə edilən 20 faizlik əlavə "Əmək pensiyaları haqqında" Qanunun 29.2 maddəsinə əsasən pensiyasına 2022-ci ildən hesablanması;

7. "Əmək pensiyaları haqqında" Qanunun 20.16.1 maddəsinə əsasən pensiyasına 2006-cı ildən 100 faizlik qulluq stajına görə əlavə hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun pensiyasının düzgün hesablanmaması haqqında şikayətlərinə cavab olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı bildirmişdir ki, 18 iyun 1993-cü ildən ona Daxili İşlər Nazirliyi tərəfindən 1-ci dərəcəli əlilliyə görə pensiya təyin edilib və 1 yanvar 2007-ci il tarixindən "Əmək pensiyaları haqqında" qanunun 20.16.1 maddəsinə əsasən DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Onun pensiyası DİN-dən ƏƏSMN-yə keçəndə ’’Əmək pensiyaları haqqında” qanunun 26.1-ci maddəsinə zidd olaraq pensiyasından toplam 45,10 manat çıxılıb. Halbuki həmin 26.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək (2006-cı ilin yanvarın 1-dək, hazırda 2017-ci ilin 1 iyuluna qədər) təyin olunmuş əmək pensiyalarının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən şərti çevrilməsi aparılır. Son xidmət yeri olan DİN-ə şikayətinə cavab olaraq DSMF-in Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinin (hazırda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) direktoru Q.Nəcəfov xx.xx.2007 tarixli 89/946 saylı məktubla bildirib ki, pensiyasının məbləği təminat xərcliyinin yüz faizi (234,75 manat) əlavə olunur 1-ci qrup Qarabağ əlili kimi 5,10+40 manat (279,85 manat) təşkil edir. Həmin qurumun direktor müavini S.Hacıyev xx.xx.2007 tarixli 89/1249 saylı məktubla bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş 1-ci qrup əlil kimi 14 manat müavinət və kommunal xidmətlərə görə güzəştlərin müavinətlərlə əvəz olunması haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 613 saylı fərmanına əsasən 26 manat hesablanmalıdır ki, bu da birlikdə 40 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək: Pensiyanın qanunvericiliyin tələblərinə uyğun düzgün hesablanması öhdəliyi cavabdehin üzərinə qoyularaq,

1. "Əmək pensiyaları haqqında" qanunun 19.1.4 maddəsinə əsasən 2006-cı ildən 2019-cu ilin aprelinə kimi verilməyən 1-ci dərəcəli əlilə qulluğa görə əlavə indeksasiya edilməklə hesablanıb ona ödənilməsi;

2. DİN MPİ-dən DSMF-ə keçəndən kəsilən 45.10 manat əlavə indeksasiya edilməklə ödənilməsi və pensiya məbləğində nəzərə alınması;

3. NK-nın xx.xx.2013 tarixli 2 saylı qərarı ilə ikiqat artırılan ərzaq payı əvəzinə pul kompensasiyasının indeksasiya edilməklə ödənilməsi və pensiya məbləğində nəzərə alınması;

4. Prezidentin xx.xx.2021 tarixli Fərmanı ilə əvvəllər tutduğu vəzifəyə edilən 20 faizlik əlavə "Əmək pensiyaları haqqında" qanunun 29.2 maddəsinə əsasən pensiyasına 2022-ci ildən hesablanması;

5. "Əmək pensiyaları haqqında" qanunun 20.16.1 maddəsinə əsasən pensiyasına 2006-cı ildən 100 faizlik qulluq stajına görə əlavə hesablanması;

6. Xidmət ilinə 10 faizlik əlavənin 1993-cü ildən hesablanması;

7. Pensiyaya çıxdığı 1993-cü ildən indiyədək AMEA-da işlədiyi dövrdə fərdi hesabında yığılan pensiya kapitalına əsasən pensiyanın yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək xəstəxanda müalicə aldığını qeyd etmiş, lakin bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin iddiaçı məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında da iştirak etməmiş, məhkəməyə ərizə göndərərək müalicə aldığını, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin səhhəti, müalicə alması, tibb müəssisəsində olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatət təqdim edərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı eyni tələblərlə dəfələrlə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı: 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə tərəfindən iddia hüquqi cəhətdən iki mərhələdə yoxlanılır. İlkin mərhələdə iddianın mümkünlüyü şərtlərinin mövcud olub-olmaması yoxlanılır. Yalnız iddianın mümkün sayıldığı təqdirdə məhkəmə tərəfindən növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri tərəflərin təşəbbüsündən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərinin ödənilmədiyi hallarda iddianın əsaslılığının yoxlanılması və ona mahiyyəti üzrə baxılması istisna edilir. Bu yanaşma məhkəmə qənaəti prinsipinin məqsədlərinə xidmət edir. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 iyul 2017-ci il tarixli qərarından da göründüyü kimi iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı pensiyaya əlavələrin hesablanması və s. eyni iddia tələblərinə məhkəmə tərəfindən baxılmış, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin olunması, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Həmçinin elektron məhkəmə informasiya sistemindən əldə edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8546/2022 nömrəli iş üzrə, xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakim O.Həsənov) İddiaçı cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işdənçıxarma müavinətinin, geyim-əşya kompensasiyasının, sığorta ödənişinin, sanatoriya yollayışı əvəzində kompensasiyanın, xidməti davam etdirməyəcək dərəcədə aldığı xəsarətə görə birdəfəlik kompensasiyanın ödənilməsinin Daxili İşlər Nazirliyinə həvalə edilməsi, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 40 manatın, 10-cu ildir artan ərzaq payı əvəzinə aylıq müavinətin, pensiyaya 20 faizlik əlavənin hesablanıb verilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə iddia tələbi mümkün sayılmamışdır. Göründüyü kimi hazırda irəli sürülən iddia tələbləri ilə bağlı məhkəmə aktları mövcuddur. Nəzərə alınmalıdır ki, İPM-nin 45.5, 45.5.1 və 78-ci maddələri adıçəkilən Plenum Qərarının 15.6-cı bəndinin tələbləri də nəzərə alınmaqla iddiaya mahiyyəti üzrə baxılmasını istisna etməklə, iddianın mümkün sayılmaması üçün əsas yaratmışdır. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə yuxarıda qeyd olunan qərarlar qüvvədə olduğundan, iddia tələbi mümkünlük şərtlərini ödəmir. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Eyni zamanda, qeyd olunur ki, məhkəmə, həmçinin hazırkı iş üzrə AR İPM-nin 13-cü maddəsinin tələbinin nəzərə alınması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, “məhkəmənin yardım etmək vəzifəsi” inzibati məhkəmə icraatının həyata keçirilməsinə yönələn məhkəmə icraatının təməl prinsiplərindən biri hesab olunur. Maddənin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə də yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçının diqqətinə çatdırmaq üçün onunla məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında müzakirə aparmış, iddiaçı isə hazırkı tələbini müdafiə etdiyini, eyni tələb ilə bağlı əvvəlki qərarın mövcudluğunun, onun yenidən məhkəməyə müraciət etmək hüququnun istisna etmədiyini bildirərək, işə mahiyyəti üzrə baxılıb iddia ərizəsinin nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, əlavə olaraq da iddia tələbinə dəqiqləşmə ərizəsi verərək tələbində israr etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar