Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7489/2022 05.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçıların nümayəndəsi (vəkili) Vəkil1, üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb olunmaqla) «sərəncamın və ayrıc aktının ləğv edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı ŞİH-ə qarşı «sərəncamın və ayrıc aktının ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Binəqədi RİH başçısının 30 dekabr 2000-ci il tarixli 2217 saylı sərəncamı ilə Binəqədi rayonu ərazisində hazırkı iddiaçılar İddiaçı1 və X3 bir-birinə qonşu olmaqla torpaq sahəsi ayrılmışdır. İddiaçılar həmin torpaq sahələrində uzun müddət hər hansı bir tiknti işləri aparmamışlar. Belə ki, buna o zaman maddi imkanlar olmamışdır. İddiaçılar bu yaxınlarda torpaq sahələrinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, və bundan sonra tikinti işlərinə başlamaq qərarına gəlmişlər. Torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan şərtlərdən biri də torpaq sahələrinin daşınmaz sərhədlərinin olmasıdır. Buna görə də ilk növbədə torpaq sahələrini hasarlamaq qərara alınmışdır. Bunun üçün isə, ilkin cizgi üzrə dəqiq sərhədləri müəyyən etmək zəruridir, çünki, əks halda ayrılmış ölçülərdən kənarlaşmalara yol verilməsi mümkündür. Ayrılmış torpaq sahələrinin dəqiq sərhədlərinin müəyyən edilməsi üçün ekspertizaya müraciət olunmuş və torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi, yerində göstərilməsi, eyni zamanda, torpaq sahəsinə dair hər hansı məhdudiyyətlərin, məsələn hansısa kommunikasiya xətlərinin və s. mühafizə zonasına aid olub-olmadığının da müəyyən olunması sifariş edilmişdir. Belə ki, artıq iyirmi ildən çox vaxt keçdiyindən bu müddət ərzində hansısa dövlət qurumları tərəfindən belə planlaşdırmaların olması mümkün idi. İddiaçılar espertiza rəyini aldıqda gözlənilməz nəticə ilə qarşı-qarşıya qalmışlar. Belə ki, ekspertiza rəyindən onlara məlum oldu ki, bəhs edilən torpaq sahələrinə dair keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X2 adlı şəxsin adına “Torpaq sahəsinin planı və ölçüsü” sənəd tərtib edilmişdir. Həmin sənəd 0,20 ha əraziyə aid olmaqla, iddiaçılara məxsus torpaqların əhəmiyyətli hissəsini əhatə edir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, həmin sənədin verilməsinə əsas olmuş sənəd 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5007/2014 saylı iş üzrə 14 noyabr 2014-cü il tarixli qərarı olmuşdur. Belə olduqda, iddiaçılar 3 may 2021-ci il tarixdə bəhs edilən qərarın surətinin alınması ilə bağlı ərizə vermiş və tezliklə həmin məhkəmə qərarını almışlar. Qərarla tanış olduqda qərarın onların maraqlarına aşkar olaraq toxunduğu görünür. Bu səbəbdən, inzibati prosessual qanunvericiliyin qüvvədə olan normalarına əsasən işə üçüncü şəxs kimi qoşulmağa qərar vermişlər. Ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Ərizəyə baxılaraq 2-1(81)- 5007/2014 saylı iş üzrə 23 avqust 2021-ci il tarixli qərardad qəbul edilmişdir. Həmin qərardadla 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2014-cü il tarixli qərarı ləğv edilərək İddiaçı1 və İddiaçı2 məhkəmə icraatına üçüncü şəxs kimi cəlb edilməklə işə mahiyyəti üzrə baxılmasının təzələnməsi qərara alınmışdır. Bundan sonra, iddiaçı X1 iddia tələbləri üzrə işə baxılması davam etmişdir. İlk vaxtlar texniki məsələlər müzakirə edilirdi. Belə ki, iddia tələbləri üzrə cavabdeh təşkilat artıq mövcud deyildir. Sonradan iddiaçının ərizəsi ilə cavabdeh əsl cavabdehlə əvəz edilmişdir. Həmin məhkəmə işinin baxılması zamanı növbəti məhkəmə iclası 11 mart 2022-ci il tarixdə keçirilmişdir. Həmin iclasda, hazırkı iddiaçılar tərəfindən həmin iş üzrə iddiaçının hüquqmüəyyənedici sənədlərində olan çatışmazlıqların göstərildiyi yazılı etiraz məhkəmədə müzakirə edildikdə, həmin iş üzrə cavabdehin nümayəndəsi də iddiaya etiraz edərək, bəhs edilən torpaq sahəsinin digər hüquqi şəxsə də ayrılmış olması haqda məlumat vermişdir. İddiaçının nümayəndəsi və vəkili Bakı ŞİH başçısının 26 dekabr 2017-ci il tarixli 634 saylı sərəncamını və həmin sərəncama əsasən 20 aprel 2018-ci il tarixdə tərtib edilmiş 18/73 saylı ayrıc aktını təqdim edərək "xxxx" MMC-yə mübahisəli torpaq sahəsinin ayrıldığını bildirmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, adıçəkilən hüquqi şəxsin təsisçilərindən biri X1 doğma oğludur və torpaq sahəsi hər bir halda onlara məxsusdur. Bundan sonra həmin sənədlər məhkəməyə də təqdim edilmiş və hazırkı iddiaçılar da həmin iş üzrə tərəf olaraq sözügedən sənədlərin mövcud olması haqda məlumat almışlar. Hesab olunur ki, bəhs edilən sərəncam iddiaçıların hüquqlarına toxunur və bu əsasla sərəncamın və onun əsasında verilmiş ayrıc aktının ləğv edilməsi haqda məhkəmədə iddia qaldırmaq qərara alınmışdır. Bakı ŞİH başçısının 634 saylı 26 dekabr 2017-ci il tarixli sərəncamının 1-ci bəndində göstərilir: “EN-PALASE HOTEL" MMC-nin 8 noyabr 2017-ci il tarixli 8 saylı müraciətini nəzərə alaraq, Binəqədi rayonu, 7-ci mikrorayonunun cənub hissəsi, S.S.Axundov küçəsində yerləşən torpaq sahəsində (icarə əsasında) otel, ofis və qeyri-yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin Cəmiyyətə icazə verilsin. Göründüyü kimi, sərəncamın məzmunu torpaq sahəsinin ayrılması ilə bağlı deyil. Eyni zamanda, torpaq sahəsinin ayrılması olmadan, bina tikintisinin layihələndirilməsinə icazə verilməsi də qanunveriliyə ziddir. Bu bənd konkret olaraq, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə ziddir. Belə ki, bu bəndin məzmunu yalnız layihələndirmə ilə bağlı olsa da, tərtib edilmiş ayrıc aktı məhz bu sərəncama istinadən verilmişdir. Halbuki, ayrıc aktı torpaq sahəsinin ayrılması haqqında sərəncama əsasən tərtib edilməlidir. Torpaq sahəsi ayrılmamışdırsa, orada aparılması nəzərdə tutulan tikinti işlərinin layihələndirilməsi nə dərəcədə məntiqlidir? Torpaq sahəsinin icarə əsasında verilməsinin nəzərdə tutulması bu bənddə əks edilsə də, sərəncamda torpağın icarəyə verilməsi qərara alınmamışdır. Müvafiq olaraq icarə müddəti, icarə qiyməti və s. məsələlər həll edilməmiş qalmışdır. Bu məsələlərin həll edilmədiyi halda, "xxxx" MMC-nin faktiki olaraq tikinti aparılması niyyətindən başqa heç bir əsas olmadığına baxmayaraq, belə bir sərəncam verilmişdir. Sərəncamın 2.6-cı bəndində göstərilir: Bu sərəncam və memarlıq-planlaşdırma göstərişləri yalnız layihələndirmə üçün əsasdır. Bu bənddə də yuxarıda qeyd edilən məqamlar təsdiqini tapır. Yalnız layihələndirmə üçün əsas olan sərəncam nə üçünsə, ayrıc aktı üçün əsas olaraq göstərilmişdir. Sərəncamın 3-cü bəndində göstərilir: Layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsitikintiyə icazə verilməsi barədə Sərəncamın hazırlanması və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilsin. Sərəncamın bu bəndində layihələndirmədən sonrakı mərhələ ilə bağlı göstərişlər əks olunmuşdur. Burada da tikintiyə icazə verilməsi ilə bağlı Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri nəzərə alınmamışdır. Belə ki, həmin Məcəllənin 75.3-cü maddəsində tikintiyə icazə alınması üçün ərizə ilə müraciət edilməli olduğu və həmin ərizəyə əlavə olunması tələb olunan sənədlərin siyahısı göstərilmişdir. 75.3.1-ci maddəyə əsasən torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti ərizəyə əlavə edilməlidir. Sərəncamın 3-cü bəndi bu tələbdən yayınmaq üçün şərait yaradır. Sərəncamın 4-cü bəndində göstərilir: Tikintiyə icazə üçün müraciətdən əvvəl Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinə uyğun olaraq Bakı SİH nəzdində “İnterservis” müdiriyyəti sifarişçi ilə torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması təmin etməlidir. Bu bənd torpaq sahəsinin ayrılmaması ilə bağlı problemin “həllidir”. İlk növbədə Torpaq Məcəlləsinin istinad olunan maddələrini xatırladaq: Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi, sərəncamın 4-cü bəndi Torpaq Məcəlləsinin istinad edilən müddəalarına uyğun deyil. Belə ki, Məcəllənin 66-cı maddəsinin tələblərinə əsasən dövlət mülkiyyətində olan torpaq sahəsinə dair hüquqların yaranması üçün müvafiq icra hakimiyyəti orqanının (indiki halda Bakı ŞİH-in) qərarı və tərəflər arasında bağlanmış müqavilə tələb olunur. Müvafiq icra hakimiyyəti orqanı Bakı ŞİH nəzdində “İnterservis” Müdiriyyəti deyil, Bakı ŞİH özüdür. İnterservis Müdiriyyəti hansısa daxili əmrə əsasən torpaq sahəsinin ayrılması haqda sərəncam olduğu təqdirdə, sərəncamın icrası qaydasında icarə müqaviləsinin imzalanması səlahiyyətini həyata keçirə bilər. Lakin torpaq ayrılması haqda qərar yoxdursa, İnterservis Müdiriyyətinin bağlayacağı icarə müqaviləsi də səlahiyyətsiz olacaq. Eyni zamanda, Torpaq Məcəlləsinin istinad edilən 67 və 68-ci maddələrinin tələbləri torpaq sahəsi üzərində yaranan hüquqların ilk növbədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsini tələb edir. Yəni, bir sözlə, mübahisələndirilən sərəncam verilməzdən əvvəl, torpaq sahəsinin ayrılması haqda sərəncam verilməli, həmin sərəncamın icrası qaydasında icarə müqaviləsi bağlanmalı, bundan sonra ayrıc aktı tərtib edilməli, daha sonra həmin sənədlər əsasında yaranan icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməli idi. Yalnız bundan sonra hal-hazırda mübahisələndirilən sərəncamın verilməsi qanunauyğun ola bilərdi. Cavabdeh tərəfindən qanunvericiliyin müəyyən etmiş olduğu qaydalara əməl edilmədən verilmiş 26 dekabr 2017-ci il tarixli 634 saylı sərəncam qanunsuzdur və İPM-in 70.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə qaydasında ləğv edilməlidir. Eyni zamanda, sərəncam əsasında tərtib edilmiş olan 20 aprel 2018-ci il tarixli 18/73 saylı ayrıc aktı da sərəncamın hüquqi nəticəsi olaraq ləğv edilməlidir. Yuxarıda göztərilənləri nəzərə alaraq, eləcə də İPM-in 2.2.1, 32, 45, 46, 70.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmədən Bakı ŞİH-in 26 dekabr 2017-ci il tarixli 634 nömrəli sərəncamının və həmin sərəncam əsasında Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 20 aprel 2018-ci il tarixdə tərtib edilmiş ayrıc aktının (qeydiyyat kitabında 18/73 sayla qeyd edilmiş) ləğv edilməsi məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh Bakı ŞİH-ə təqdim olunmuşdur. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İPM-in 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. İPM-in 28.2-ci maddəsinə görə mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Məhkəmənin 2 iyun 2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiçının və üçüncü şəxsin nümayəndələri (vəkilləri) gəlmişlər, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün saydı. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs "xxxx" MMC-in nümayəndəsi məhkəməyə “iddianın mümkün sayılmaması barədə” vəsatət təqdim etmişdir. Vəsatətdə bildirilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia müddəti ötürülməklə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Belə ki, İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mübahisələndirilən inzibati aktın surəti iddiaçılara X1 «torpaq sahəsinin plan və ölçüsünün verilməsi tələbinə dair» iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsində baxılmış iş üzrə 2021-ci ilin oktyabr ayında keçirilmiş məhkəmə iclası zamanı təqdim olunmuşdur. Göründüyü kimi, iddiaçılar həmin inzibati aktı aldıqdan sonra 30 gün müddətində mübahisələndirmə haqqında iddia tələbi ilə məhkəməyə müraciət etməmişlər. Qeyd olunanlara əsasən məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) Vəkil1 iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi və bildirdi ki, iddiaçı tərəf cavabdehin 26 dekabr 2017-ci il tarixli 634 nömrəli sərəncamı barədə Bakı İnzibati Məhkəməsinin icraatında olan digər inzibati mübahisə üzrə 10 mart 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında məlumatlı olmuşdur. Həmin tarixdən sonra 5 aprel 2022-ci il tarixdə, yəni 30 gün keçməmiş hazırkı iddia ərizəsi məhkəməyə təqdim olunmamışdır. Bu isə, onu deməyə əsas verir ki, iddia müddəti buraxılmamışdır. Üçüncü şəxsin vəsatətinin rədd edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil2 vəsatətin təmin olunmasını məhkəmədən xahiş etdi. O, bildirdi ki, iddiaçı tərəfə cavabdehin 26 dekabr 2017-ci il tarixli 634 nömrəli sərəncamı hələ 2021-ci ilin oktyabr ayında məlum olmuşdur. İddia müddəti buraxılmaqla iddia qaldırılmışdır. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 30.1-ci maddəsinə görə mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 30.2-ci maddəsinə görə mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə ilk növbədə üçüncü şəxsin “iddianın mümkün sayılmaması barədə” vəsatətinə qiymət verərək bildirir ki, iddia qaldırılarkən iddia müddətini buraxılması işdə olan sənədlərdə və digər sübutlarla təsdiqləmir. Belə ki, hazırkı iddiaçılara cavabdeh Bakı ŞİH-in 26 dekabr 2017-ci il tarixli 634 nömrəli sərəncamının 6 mart 2022-ci il tarixdən (iddia ərizəsinin məhkəməyə daxil olmuşğu 5 aprel 2022-ci il tarixdən 30 gün əvvəlki tarixdən) qabaqkı dövrdə məlum olmasını təsdiq edən hansı sübut və ya dəlil üçüncü şəxs "xxxx" MMC, yaxud cavabdeh inzibati orqanın özü tərəfindən təqdim edilməmiş, məhkəmənin özü də bu halı müəyyən etməmişdir. Odur ki, məhkəmənin qənaətinə iddia ərizəsi məhkəməyə qanunla iddia qaldırılması üçün müəyyən edilmiş müddət buraxılmamaqla təqdim edilmişdir. Üçüncü şəxsin vəsatətindəki dəlillər əsaslı deyil. Lakin məhkəmə iddianın mümkünlüyü ilə bağlı digər xüsusata toxunmağı zəruri bilir və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müddəalarını diqqətə çəkir. Plenumun sözügedən qərarında qeyd olunmuşdur ki: - (2.3-cü bənd) məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar; - (5.1-ci bənd) İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır; - (6.1-ci bənd) İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Qeyd olunmalıdr ki, Hazırda mübahisə predmeti olan 26 dekabr 2017-ci il tarixli 634 nömrəli sərəncam üçüncü şəxs "xxxx" MMC-yə münasibətdə nəticə yaratsa da, iddiaçılar İddiaçı1 və İddiaçı2 hər hansı hüquqlarını pozmur və onlara münasibətdə heç bir hüquqi hüquqi nəticə doğurmur. Nəzərə alınmalıdır ki, cavabdehin 26 dekabr 2017-ci il tarixli 634 nömrəli sərəncamı torpaq ayrılmasına dair deyil, müvafiq ərazidə tikililərlə bağlı layihələndirməyə icazə verilməsi barədədir. Odur ki, məhkəmənin qənaətinə görə mübahisə predmeti olan 26 dekabr 2017-ci il tarixli sərəncamı qəbulu ilə hazırkı iddiaçıların hüquqlarına aşkar müdaxilə mövcud yoxdur və onların bu halda hüquqi müdafiəyə ehtiyacı da yaranmış olmur. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan tərəfindən iddiaçıların hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Bu səbəbdən də, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35, 83, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7489/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7489/2022
05.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver