Məhkəmə qərarları › İş №2-1(112)-7489/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7489/2025

30.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7489/2025 30.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı Əfqan oğlunun, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Əfqan oğlunun cavabdeh Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı Əfqan oğlu (bundan sonra – İddiaçı) cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə bundan sonra – Cavabdeh) müraciət edərək Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi yanğınsöndürmə xidmətinin Sankt-Peterburq Universiteti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “yanğın təhlükəsizliyi” ixtisası üzrə ali təhsilə dair kvalikasiyanın tanınmasını xahiş etmiş, cavabdeh xx.xx.2025-ci il tarixli qərarla iddiaçının xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina etmiş və qərarı bununla əsaslandırmışdır ki, ərizəçinin ali təhsilin magistratura səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi yanğınsöndürmə xidmətinin Sankt-Peterburq Universiteti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “yanğın təhlükəsizliyi” ixtisası üzrə ali təhsilə dair kvalifikasiyanın tanınması və tanınma haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 2018-ci ildən 2024-cü il tarixədək “Rusiya Federasiyası qəhrəmanı ordu generalı Y.N.Ziniçev adına Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin X2 mühafizə xidməti Universiteti”nin Yanğın təhlükəsizliyi ixtisasında (qiyabi şöbədə) təhsil almışdır. Bununla bağlı həmin təhsil müəssisəsindən iddiaçıya 06 iyun 2024-cü il tarixdə diplom verilmişdir. Təhsil müddətində işlədiyi xidmətin rəhbəri, yəni Fövqəladə daxili xidmət general-mayoru Füzuli Əsədov tərəfindən əmr imzalanmışdır. COVİD-19 bütün dünyada yayıldığı dövrdə, Rusiya Federasiyasının Baş X5 tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli MR 3.1/2.1.0205-20 nömrəli metodiki tövsiyələrin 2.1.2-ci bəndinə uyğun olaraq, 3.1.Yoluxucu xəstəliklərin qarşısının alınması, 2.1.Kommunal gigiyena, yeni koronovirus infeksiyasının qarşısının alınması üzrə tövsiyələrə uyğun olaraq, ali təhsil müəssisələrində qiyabi və axşam qruplarında dərslər mümkün qədər distant formata keçirilmişdir. Bu səbəbdən də, həmin müddətdə distant təhsilini davam etdirdiyi üçün sözügedən universitetə getməmişdir. 06 iyun 2024-cü il tarixdə 26 nömrəli protokol əsasında Rusiya Federasiyası qəhrəmanı ordu generalı Y.N.Ziniçev adına Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin X2 Mühafizə Xidməti Universitetinin Yanğın təhlükəsizliyi ixtisasında (qiyabi şöbədə) təhsilini müvəffəqiyyətlə başa vurduğu üçün ona diplom verilmişdir. Bundan sonra, həmin diplomun tanınması barədə cavabdeh-Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etdikdən sonra, həmin qurumdan heç bir əsaslı səbəb göstərilmədən ona xx.xx.2025 il tarixli NA00036223 nömrəli məktubla imtina cavabı verilmişdir. Cavabdeh təşkilatın ona verdiyi imtina əsassızdır və ləğv edilməlidir. Cavabdeh “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2018/2019-cu tədris ili üzrə - 28 gün, 2019/2020-ci tədris ili üzrə - İ semestr getməyib, İİ semestr pandemiya dövrü 2020/2021-ci tədris ili üzrə - getməyib (pandemiya dövrü), 2021/2022-ci tədris ili üzrə - getməyib (pandemiya dövrü), 2022/2023-cü tədris ili üzrə - getməyib, 2023/2024-ci tədris ili üzrə - 1 ay 11 gün. İnzibati orqan müraciətə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olduğunu müəyyən etmiş, bu səbəblərdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmiş, xx.xx.2025-ci il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki, iddiaçının ona verilmiş diplomun tanınmasını, yəni barəsində əlverişli inzibati aktın qəbul edilməsini tələb etmək üçün məcburetmə haqqında hazırkı iddianı qaldırmağa subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş, bundan sonra məhkəmədə iddia qaldırmışdır (İPM-in 2.2.2, 33.1 və 38.2-ci maddələri). İddiaçı xx.xx.2025-ci il tarixli qərarı aldıqdan sonra 30 gün müddətində (xx.xx.2025-ci il) məhkəməyə müraciət etmiş, bununla da iddia müddəti ötürülməmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia əsassızdır. Belə ki, iş materialları olan “Rusiya Federasiyası qəhrəmanı Y.N.Ziniçev adına Rusiya Federasiyası mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işləri üzrə Nazirliyinin X2 mühafizə xidməti Universiteti”nin 107834 ******* nömrəli 27 iyun 2024-cü il tarixli diplomundan görünür ki, iddiaçı “20.05.01 Yanğın təhlükəsizliyi” hazırlıq istiqaməti üzrə bakalavriat proqramını mənzimsəmiş və dövlət yekun attesatasiyasını müvəffəqiyyətlə keçmiş, Dövlət imtahan komissiyasının qərarı ilə “20.05.01 Yanğın təhlükəsizliyi” mütəxəssis ixtisası verilmişdir. Mütəxəssis diplomuna əlavədən görünür ki, iddiaçının təhsil müddəti 5 il olmuş, təhsil forması qiyabı olmuşdur. İşdən görünür ki, diplom xx.xx.2024-cü il tarixdə Mahaçqala şəhərində Dağıstan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən apostil edilmişdir. Rusiya FHN ali təhsilin federal dövlət büdcə təhsil müəssisəsi “Rusiya Federasiyası qəhrəmanı ordu generalı Y.N.Ziniçev adına Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin X2 mühafizə xidməti Universiteti”nin xx.xx.2024-cü il tarixli 379 nömrəli və xx.xx.2024-cü il tarixli 30/386 nömrəli məktublarından görünür ki, iddiaçı 2018-ci ildən 2024-cü ilə qədər Universitetin əyani təhsil formasında “20.05.02 Yanğın təhlükəsizliyi” ixtisası üzrə təhsil almışdır. Universitet tərəfindən qiyabi təhsil formasının tələbələri üçün aralıq attestasiyanın elektron təhsil və distant təhsil texnologiyaları vasitəsilə aparılması federal dövlət təhsil standartlarına, həmçinin Sankt-Peterburq ərazisində olan epidemioloji halların tələblərinə müvafiq olmuşdur. RF Baş dövlət sanitar həkimi tərəfindən xx.xx.2020-ci il tarixində təsdiq edilmiş ali təhsil təşkilatlarında yeni koronavirus infeksiyasının (COVİD-19) profilaktikası üzrə MR 3.1/2.10205-20 Metodiki tövsiyyələrinin 2.1.2-ci bəndinə müvafiq olaraq təhsil təşkilatlarına qiyabi və axşam qruplarında məşğələlərin maksimal olaraq distansion formatda aparılması tövsiyyə olunmuşdur. Eyni zamanda göstərilən tövsiyyələr iddiaçının Universitetdə təhsil aldığı müddətdə və hal-hazırda da qüvvədədir. Bundan əlavə Sankt- Peterburq Hökumətinin xx.xx.2020-ci il tarixli 121 №-li qərarı ilə Sankt-Peterburq ərazisində yeni koronavirus infeksiyasının (COVİD-19) Sankt-Peterburqda yayılmasına qarşı tədbirlər qüvvədə olmuşdur və hal-hazırda qüvvədə olmağa davam edir. Göstərilən tədbirlərə müvafiq olaraq, ali təhsil proqramlarını həyata keçirən təşkilatlar təhsil fəaliyyətləri həyata keçirərkən sanitar-epidemioloji qaydalara, həmçinin istehlakçıların və insan rifahının müdafiəsi sahəsində nəzarət üzrə Federal xidmətin tələblərinə və tövsiyyələrinə riayət etməlidirlər. 2020/2021, 2021/2022, 2022/2023-cü tədris illərində qiyabi təhsil formasının tələbələri üçün distant təhsil texnologiyaları vasitəsilə aralıq attestasiyaların aparılması xəstəliklərin yayılmasına yol verilməməsi və sanitarepidemioloji qaydalara riayət olunması məqsədilə həyata keçirilmişdir və Rusiya Federasiyasının qanunvericiliyinin tələblərinə zidd olmamışdır. İddiaçı hazırda bu sənədlərə istinad edərək, xarici ölkədə aldığı təhsilə aid kvalifikasiyanın tanınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli, 104 nömrəli qərarı ilə təsdiq olunmuş "Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti" nin 1.5-ci bəndinə görə ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na əsasən: -5.5. ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. -8.7. görə ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrıayrıixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Göründüyü kimi, qanunverici bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən: - 1.5.5. kvalifikasiyanın akademik tanınması (bundan sonra – akademik tanınma) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasında təhsilin növbəti pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququnun verilməsi; - 1.5.6. kvalifikasiyanın peşə tanınması (bundan sonra – peşə tanınması) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən onun əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təqdim edilən təhsil sənədində qeyd edilən müvafiq peşə fəaliyyəti göstərmək hüququnun verilməsi; - 1.5.8. tanınma şəhadətnaməsi – “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (bundan sonra – TMİS) elektron sənəd formasında yaradılan və elektron formada verilən tanınmaya dair sənəd; - 1.5.9. tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi; - 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). İstinad olunan normadan görünür ki, qanunverici ali təhsilə aid kvalifikasiyanın tanınmasını o halda tanıyır ki, şəxs hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olsun və tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsil əldə olunsun. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli, 3-38-33/2-754/2025 nömrəli məktubundan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır:

1. 10.05.2019 – çıxış – Rusiya

2. 08.06.2019 – giriş – Rusiya

3. 17.09.2023- çıxış –Rusiya

4. 15.10.2023-giriş – Rusiya

5. 25.05.2024- çıxış – Rusiya

6. 20.06.2024-giriş-Rusiya Göründüyü kimi, iddiaçı pandemiya olan dövrlərlə yanaşı, digər vaxtlarda da, demək olar ki, təhsil aldığı ölkədə olmamış, 2018-2024-cü illər üzrə təhsil müddətində 2018/2019cu tədris ili üzrə - 28 gün, 2023/2024-ci tədris ili üzrə - 1 ay 11 gün olmaqla, yalnız iki il təhsil aldığı ölkəyə getmişdir. İşdən görünür ki, iddiaçı təhsil aldığı Universitetin məktubunu təqdim etmişdir, hansı ki, həmin məktublara əsasən pendemiya nəzərə alınaraq, qiyabi təhsil formasının tələbələri üçün distant təhsil texnologiyaları vasitəsilə aralıq attestasiyaların aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş diploma əlavədən, eləcə də iddiaçının təhsil aldığı müəssisisə tərəfindən verilmiş arayışdan onun qiyabi təhsil aldığı müəyyən edilir. Buna görə də, iddiaçının distant təhsil alması ilə bağlı dəlili qəbul edilən sayıla bilməz. O da qeyd edilməlidir ki, “Təhsil haqqında” Qanunda Azərbaycan Respublikasında qəbul edilən təhsilalma formaları müəyyən edilmişdir. Bunlar əyani, qiyabi, distant (məsafətdən), sərbəst (eksternat) formalar olmaqla 4 növdən ibarətdir. Qanunun da mənasından göründüyü kimi qiyabi və distant (məsafədən) təhsil fərqləndirilmişdir. İddiaçı da yuxarıda qeyd edildiyi kimi qiyabi təhsil aldığından hüquqi dəyərləndirmə, məhz qiyabi təhsil istiqamətində aparılmalıdır. Belə ki, Azərbaycan Respublikasında bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunduğundan, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə əsasən tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakı qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. Hazırkı iş üzrə iddiaçı tərəfindən sözügedən tələbə riayət olunmamışdır. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İPM-in 73.1-ci maddəsindən də görünür ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar