Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-749/2023 15.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 15 fevral 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, 9-cu dairəvi küçəsində 0,04 ha torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) müraciət etmiş, lakin cavabdeh fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin dəmir yolunun, bir hissəsinin isə qaz xəttinin mühafizə zonasında yerləşdiyini və təqdim edilmiş yerləşmə cizgisində imzalayan şəxsin vəzifəsinin qeyd olunmadığını əsas gətirərək, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, 9-cu dairəvi küçəsində 0,04 ha torpaq sahəsində inşa etdiyi 277,7 kv.metr, hündürlüyü 7,10 metr iki mərtəbəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınaraq dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli 451 saylı Sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, 9-cu Dairəvi küçəsində 0,04 ha torpaq sahəsi iddiaçının adına sənədləşdirilmiş, fərdi yaşayış evinin tikintisinin layihəsi Xətai Rayon İcra Hakimiyyətinin memarı ilə razılaşdırılmış və Xətai Rayon İcra Hakimiyyətinin memarı tərəfindən xx.xx.2000-ci ildə 2 mərtəbəli yaşayış evinin layihəsi tərtib edilmişdir. xx.xx.2016-cı ildə AR İqtisadiyyət Nazirliyi Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırılma icraatı tətbiq olunan fərdi yaşayış evinin lahiyələndirilməsinin həyata keçirilməsinə icazə verilmiş, o, həmin ünvanda iki mərtəbəli fərdi yaşayış evi inşa etmiş, Xətai Rayon İcra Hakimiyyətinin memarı tərəfindən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin cizgisi tərtib edilmişdir. Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, 9-cu Dairəvi küçəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdehə xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət etmiş, cavabdehin xx.xx.2021-ci il tarixli cavabı ilə ərizəsi təmin edilməmiş, ərizənin təmin edilməməsinə əsas kimi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin dəmir yolunun, bir hissəsinin isə qaz xəttinin mühafizə zonasında yerləşməsi qeyd edilmişdir. Cavabdeh ona bildirmişdir ki, qeyd etdiyi təşkilatlardan icazə alındıqdan sonra əizəyə yenidən baxıla bilər. O, bununla əlaqədar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ərizə ilə müraciət etmiş və onların xx.xx.2021-ci il tarixli rəsmi cavabında fərdi yaşayış evinin təhkim zolağından kənara düşməsi qeyd edilmişdir. Etdiyi rəsmi müraciətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2021-ci il tarixli cavabında isə fərdi yaşayış evinin dörd metr məsafədə mühafizə zonası daxilində yerləşməsi qeyd edilmişdir. X2 və X3 onunla divardivara qonşudular və onların fərdi yaşayış evləri cavabdeh tərəfindən hüquqi qaydada qeydiyyata alınmış və adlarına müvafiq çıxarışlar verilmişdir. Hesab edir ki, rəsmi hüquqi sənədlər əsasında inşa etdiyi Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, 9-cu Dairəvi küçəsindəki iki mətəbəli fərdi yaşayış evi adına hüquqi qaydada rəsmiləşdirilməlidir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi qaz xəttinin mühafizə zonasında yerləşir. Belə ki, fərdi yaşayış evinin hasarının üzərindən və hasardan 6.0 metr məsafədə dirəklər üzərindən diametri 250 mm olan məhəllədaxili qaz xətti keçir. Bundan əlavə, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi dəmiryolu xəttindən 26 metr aralıda yerləşir. Köməkçi tikililər (anbar, qaraj, talvar) 513.3 kv.m əlavə torpaq sahəsində inşa edilmişdir. Bundan əlavə təqdim edilmiş yerləşmə cizgisində imzalayan şəxsin vəzifəsi qeyd olunmamışdır. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2021-ci il tarixli, **********44 saylı imtina məktubu ünvanlanmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 26 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, qeyd edilən torpaq sahəsi “SOCAR”ın “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X5 istismarında olan “Qum adası-Qazanlar QPS (Ağ şəhər)” yüksək təzyiqli qaz kəmərindən (530 mm, yerüstü, layihə təzyiqi 1,2 Mpa (12 kqq/sm2), istifadəyə verildiyi tarix 1963/2012-ci il) 4 (dörd) metr məsafədə mühafizə zonası daxilində yerləşir; Xətai Rayon İcra Hakimiyyəti başçısının 451 №-li, xx.xx.2000-ci il tarixli Sərəncamdan çıxarışın surətindən görünür ki, Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.1999cu il tarixli, 331 saylı sərəncamı ilə N.E.Duşdurovun adına verilmiş, H.Aslanov qəsəbəsi 9cu Dairəvi küçəsində 0,04 ha torpaq sahəsi İ.Həşimov küçəsi, ev 6a, mənzil 114-də yaşayan İddiaçı adına sənədləşdirilməsi və İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 331 saylı sərəncamının N.E.Duşdurova aid olan hissəsinin qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, torpaq sahəsinə və tikiliyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatları verilmiş torpaq sahəsi tamamilə yüksək təzyiqli qaz kəmərinin mühafizə zolağında yerləşir. Bundan başqa 25.0 metr məsafədən dəmir yolu xətti keçir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 noyabr 2022-ci il tarixli 10/4529 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin baş mühəndisi Ramiz Babayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən torpaq sahəsinə və tikiliyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatları verilmiş torpaq sahəsi tamamilə yüksək təzyiqli qaz kəmərinin mühafizə zolağında yerləşir. Bundan başqa 25.0 metr məsafədən dəmir yolu xətti keçir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: ... 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 22.2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”: 2.7. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; 2.8. Boru kəmərlərinin mühafizə zonalarına daxil olan torpaq sahələri, torpaq istifadəçilərindən, mülkiyyətçilərindən və icarəçilərindən alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. 2.11. Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və ya quraşdırma işləri; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Məhkəmənin mövqeyi: Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Cavabdehin imtinasının əsasını üç hal təşkil edir: fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin dəmir yolunun, bir hissəsinin isə qaz xəttinin mühafizə zonasında yerləşməsi; təqdim edilmiş yerləşmə cizgisində imzalayan şəxsin vəzifəsinin qeyd olunmaması və köməkçi tikililərin 513,3 kv.m. əlavə torpaq sahəsidə inşa edilməsi. Mübahisələndirilən halların və ümumiyyətlə işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 noyabr 2022-ci il tarixli 10/4529 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən torpaq sahəsinə və tikiliyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatları verilmiş torpaq sahəsi tamamilə yüksək təzyiqli qaz kəmərinin mühafizə zolağında yerləşir. Bundan başqa 25.0 metr məsafədən dəmir yolu xətti keçir. Ekspert rəyinin əsassızlığı ilə bağlı iddiaçı tərəfindən hər hansı bir dəlil irəli sürülməmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğundan qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur. Həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 26 yanvar 2022-ci il tarixli məktubunda da, qeyd edilən torpaq sahəsinin yüksək təzyiqli qaz kəmərindən 4 metr məsafədə mühafizə zonası daxilində yerləşməsi qeyd olunmuşdur. Qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi, boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. İddiaçı isə, yüksək təzyiqli qaz kəmərindən 4 metr məsafədə mühafizə zonası daxilində yerləşən torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması tələbini irəli sürmüşdür. Belə olan halda, imtinada (etirazda) göstərilən digər dəlillərin yoxlanılmasına zərurət qalmamışdır. Belə ki, həmin dəlillər öz təsdiqini tapmasa belə yuxarıda göstərilən səbəblərdən iddia təmin edilə bilməz. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gəldiyindən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq, 50 manat məbləğində pul İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-749/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-749/2023
15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver