Məhkəmə qərarları › İş №2-1(112)-7490/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7490/2021

07.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7490/2021 07.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi, tərcüməçi X6, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" QSC üçüncü şəxs kimi məhkəmə icraatına cəlb olunmaqla torpaq sahəsinin plan və ölçüsünün verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “26 Bakı Komissarları adına xəstəxana” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısına əsasən ona verilmiş torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi, torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının razılığı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti əsl cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin 10.06.2020-ci il tarixli qərardadı ilə "xxxx" QSC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1985-ci ildən 2007-ci ilədək "xxxx" QSC-nin Həkim-Sanitar Xidmətində çalışmışdır. Həmin xəstəxanadan onlara Zirədə yerləşən torpaq sahələri verilmişdir. O da daxil olmaqla bütün işçilər evin sənədləşməsi ilə bağlı müəyyən xərclər çəkmişlər. Lakin bu gün həmin torpaq sahəsi ona verilməmişdir. Aqibəti barədə heç bir məlumatı yoxdur. Torpaq sahəsi verilən üzvlərin siyahısında onun adının olmasına baxmayaraq, ona ayrılmış torpaq sahəsinin nömrəsi və ölçüsü göstərilməmişdir. Bununla əlaqədar olaraq, aidiyyəti orqana, yəni cavabdehə dəfələrlə müraciət edərək bağ sahəsinin ölçüsünün müəyyən edilməsinə və siyahıdakı sıra nömrəsinin dəqiqləşdirilməsinə köməklik göstərilməsini xahiş etsə də, heç bir nəticə əldə edə bilməmişdir. İnzibati orqan 09.01.2020-ci il tarixli sonuncu məktubunda bildirmişdir ki, Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən “26 Bakı Komissarları adına xəstəxana” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında onun adı vardır, lakin ona ayrılmış bağ sahəsinin ölçüsü və nömrəsi göstərilməmişdir. Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4072/2020 nömrəli qərardadı ilə İddiaçı iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-473/2021 №-li, 16.02.2021-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4072/2020 nömrəli qərardadı ləğv edilmiş və inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək onun məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək verdiyi izahatında bildirdi ki, Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən “26 Bakı Komissarları adına xəstəxana” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında iddiaçının adı olsa da ona bağ sahəsinin ayrılmasına dair hər hansı məlumat aşkar edilməmişdir. İddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hər hansı sənəd İdarəyə təqdim edilməmişdir. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Üçüncü şəxs Azərbaycan Dəmir Yolları” QSC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhər X3 İcraiyyə Komitəsinin 18.09.1987-ci il tarixli, 19/340 nömrəli qərarının, Azərbaycan Dəmir Yolları 26 Bakı Komissarları adına xəstəxananın bağ sahəsi əldə etmək istəyən işçilərinin 24.03.1988-ci il tarixli siyahısının lazımı qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Bakı şəhər X3 İcraiyyə Komitəsinin 18.09.1987-ci il tarixli, 19/340 nömrəli qərarına əsasən Azərbaycan SSR Səhiyyə Nazirliyi Azərbaycan Dəmir Yollarının 26 Bakı Komissarları adına xəstəxanasının 52 nəfər üzvündən ibarət yoldaşlıq cəmiyyətinə Zirə qəsəbəsində 3,3 ha torpaq sahəsi ayrılmışdır. 24.03.1988-ci il tarixdə tərtib edilmiş bağ sahəsi əldə etmək istəyən işçilərinin siyahısında (siyahıda 61 nəfərin adı qeyd olunmuşdur) İddiaçı adı qeyd edilmişdir. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Həkim-Sanitar Xidmətinin Bakı X4 Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə ünvanlandığı 61 №-li, 08.04.2011-ci il tarixli məktubdan görünür ki, Bakı şəhər X3 İcraiyyə Komitəsinin 18.09.1987-ci il tarixli, 19/340 nömrəli qərarı qərarı ilə Əzizbəyov rayonu, Zirə qəsəbəsində Bakı X4 52 nəfərdən ibarət kollektivinə bağ sahəsi üçün torpaq sahəsi ayrılmışdır. Uzun müddət ərzində xəstəxana işçilərinin bir qrupu Respublikadan getmiş, bəziləri öz dünyasının dəyişmişdir. 24 dekabr 1999-cu il tarixdən xəstəxananın ümumi yığıncağı və həmin yığıncaqda məlum olmuşdur ki, bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinin siyahısı olmamışdır. Ümumi yığıncağın 02 saylı protokolunun qərarı ilə yeni siyahı tərtib olunmuşdur. Tərtib olunmuş 2 (iki) səhifədən ibarət siyahının qəbul olunması xahiş edilmişdir. - Bakı X4 “Sağlamlıq” bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvləri, şöbə müdirlərinin və Həmkarlar İttifaqı Komitəsi üzvləri ilə birlikdə keçirilən ümumi iclasın 24 dekabr 1999-cu il tarixli, 2 saylı protokolunun və ona əlavə edilmiş Bakı X4 “Sağlamlıq” bağçılıq-yoldaşlıq cəmiyyəti üzvlərinin siyahısının lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, həmin iclasının qərarına əsasən Bakı şəhər X5 İcraiyyə Komitəsinin 18 sentyabr 1987-ci il tarixli, 19/340 nömrəli qərarı ilə Bakı şəhəri, Əzizbəyov rayonunun Zirə qəsəbəsində kollektiv bağçılıq təsərrüfatını təşkil etmək məqsədi ilə 26 Bakı Komissarları adına Azərbaycan Dəmir Yolu hissə Xəstəxanasının 52 nəfər əmək kollektivinə ayrılmış 3,3 hektar bağ sahəsi üçün torpaq sahəsini xəstəxananın HİK-nin 1987-ci ildə əmək kollektivi üzvlərinin ərizələrinə əsasən 52 nəfərə bölünməsi barədə qərarını əsas götürərək, lakin onlardan bir hissəsinin 1988-1990-cı illərdə yaranmış vəziyyətlə bağlı Respublikadan köçüb getmələrini, bəzilərinin isə verilmiş torpaq sahəsindən imtina etməsinə (imtina ərizələri protokola əlavə olunur), onlardan sonrakı illərdə xəstəxananın əmək kollektivinin üzvlərinin tərkibində gedən müəyyən dəyişikliklərlə əlaqədar olaraq əlavə xəstəxananın rəhbərliyinə ərizə və müraciətlərə baxılaraq 52 nəfər üçün ayrılmış bağçılıq-yoldaşlıq torpaq sahəsinin hər bir nəfərə eyni ölçüdə bölünüb verilməsi zamanı imtiyazlı 8 (səkkiz) nəfər içşiyə iki pay, 36 (otuz altı) nəfər işçiyə isə bir pay verilməklə 44 (qırx dörd) nəfərdən ibarət siyahının təsdiq edilməsi qərara alınmışdır. Təsdiq edilmiş siyahıda İddiaçı adı qeyd edilməmişdir. - "xxxx" QSC-nin iddiaçıya ünvanladığı 2730 №-li, 23.04.2020-ci il tarixli məktubdan görünür ki, "xxxx" QSC Həkim-Sanitar Xidmətinin tabeliyində olan Bakı X4 tibb işçilərinin Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinə bağ sahələrinin bölgüsü 2011-ci il tarixində həyata keçirilmişdir və onunla bağlanan əmək müqaviləsi isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci naddəsinin “ç” bəndinə əsasən, 18.05.2007-ci il tarixli, 105\k nömrəli əmrlə xitam verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin iddiaçıya ünvanlandığı 05.11.2019-cu il tarixli, **********115 №-li, 22.11.2019-cu il tarixli, **********508 №-li, 09.01.2020-ci il tarixli, **********46 №-li məktubların surətlərindən görünür ki, Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən “26 Bakı Komissarları adına xəstəxana” bağçılıqyoldaşlıq üzvlərinin siyahısında adı var, lakin ona ayrılmış bağ sahəsinin nömrəsi və ölçüsü göstərilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçıya ünvanlandığı 02.04.2020-ci il tarixli, **********52 №-li məktubun surətindən görünür ki, Bakı X4 “Sağlamlıq” bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinin ümumi iclasının 24 dekabr 1999cu il tarixli, 02 saylı Protokolu ilə “Bağ sahəsi veriləcək işçilərin Siyahısı” təsdiq edilmiş və həmin siyahıda onun adı qeyd edilməmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı **********90 №-li, 03.06.2021-ci il tarixli məktubundan görünür ki, qeyd edilən məsələ ilə bağlı müraciətə 05.11.2020-ci il tarixli **********84 nömrəli məktubda ətraflı cavab verilmiş, lakin qeyd olunan çatışmazlıqlar aradan qaldırılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra məsələyə yenidən baxılacaqdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. - "xxxx" QSC Həkim Sanitar Xidməti Bakı Dəmir Yolu Xəstəxanası MMC tərəfindən məhkəməyə ünvanlanmış 121 №-li, 31.08.2021-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin (əvvəlki Bakı Dəmir Yolu Xəstəxanası) işçilərinə bağçılıq məqsədilə 1987-ci ildə ayrılan torpaq sahəsi ilə bağlı bütün təşkilati məsələlərin həlli məqsədilə xəstəxananın kollektivi tərəfindən “Sağlamlıq” Bağçılıq yoldaşlıq cəmiyyəti yaradılmışdır və həmin Cəmiyyətin qərarları Cəmiyyətin üzvlərinin iclaslarının protokolları ilə müstəqil şəkildə qəbul edilmişdir. Cəmiyyətin sonuncu sədri Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşı - sağlamlıq mühafizəsi üzrə təlimatçı işləmiş Musa Musayev adlı şəxs olmuşdur (hazırda həmin şəxs vəfat etmişdir) və Cəmiyyətin bütün sənədlərinin tərtib edilməsi ilə o məşğul olmuş və sənədlər də onda saxlanılmışdır. 24 dekabr 1999-cu il tarixli, 02 saylı protokola gəldikdə isə həmin protokol “Sağlamlıq” bağçılıq yoldaşlıq cəmiyyətinin üzvləri tərəfindən keçirilmiş iclasın protokoludur, həmin protokol iclasın sədri və katibi tərəfindən tərtib edilərək imzalanmışdır, eyni zamanda 1999-cu il tarixli “Bağ sahəsi verilmiş işçilərin siyahısı” da “Sağlamlıq” bağçılıq yoldaşlıq cəmiyyətinin sədri M.Musayev tərəfindən imzalanmışdır. Göstərilənlərə əsasən bildirilmişdir ki, 24.12.1999-cu il tarixli, 02 saylı protokol və bağ sahələri verilmiş işçilərin siyahısı "xxxx" MMC tərəfindən tərtib edilmədiyi üçün həmin sənədlərdə İddiaçı adının göstərilməməsinin səbəblərini bildirmək imkanları xaricindədir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzbati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər X3 İcraiyyə Komitəsinin 18.09.1987-ci il tarixli, 19/340 nömrəli qərarı ilə Əzizbəyov rayonu, Zirə qəsəbəsində Bakı X4 52 nəfərdən ibarət kollektivinə bağ sahəsi üçün torpaq sahəsi ayrılmışdır. İddiaçının adı Azərbaycan Dəmir Yolları 26 Bakı Komissarları adına xəstəxananın bağ sahəsi əldə etmək istəyən işçilərinin 24.03.1988-ci il tarixli siyahısında qeyd edilsə də onun adına torpaq sahəsinin ayrılması barədə hər hansı məlumat aşkar edilməmişdir. 24.12.1999-cu il tarixli, 02 saylı protokol və bağ sahələri verilmiş işçilərin siyahısı “Sağlamlıq” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən tərtib edildiyindən və hazırda həmin cəmiyyət mövcud olmadığından İddiaçı adının həmin protokolda və siyahıda göstərilməməsinin səbəblərini müəyyən etmək mümkün olmamışdır. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinə əsasən inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. Məhkəmə hesab edir ki, İddiaçı iddia etdiyi torpaq sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş sənədlərə (order, üzvlük kitabçası, sərəncam, üzvlərin iclasının ptrotokolundan çıxarış) malik olmadığından və belə sənədlərin mövcudluğu məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuş, ididiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar