Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7492/2024 02.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Qaraçuxur qəs, Gənclik küçəsində yerləşən 1025 kv.m torpaq sahəsində yerləşən 67 nömrəli ev xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Mənzilə dair qeydiyyat vəsiqəsi verilmişdir. Orada tikinti işlərinin aparılmasına icarə verilmiş, mənzilin texniki pasportu tərtib edilmişdir. Fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinə aid hüquqların dövlət qeydiyyatına alınması xahiş edilmiş, lakin müraciətin təminindən əsassız olaraq imtina edilmişdir. İddiaçı hesab edir ki, “Torpaq islahatı haqqında” Qanunun tələblərinə uyğun olaraq fərdi yaşayış evləri və həyətyani sahələrin torpaqları əvəzsiz qaydada şəxsin mülkiyyətinə verilməlidir. Odur ki, fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalıdır. İddia ərizəsinə etiraz: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Əmlak ilkin olaraq mənzil kimi qeydiyyata alınmış və həmin mənzilə dair tərtib edilmiş texniki pasportda torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Suraxanı Rayon İcra Hakimiyyətinin 20 iyun 1994-cü il tarixli sərəncamı tikinti aparılması üçün icazənin verilməsi barədə olmuşdur. Texniki pasportun baş planında qeyd edilən ölçülər ilə faktiki vəziyyət arasında konfiqurasiya fərqi mövcuddur. Texniki pasportda göstərilən fərdi yaşayış evinin söküldüyü və iki ədəd yaşayış evinin inşa olunduğu məlum olmuşdur. Torpaq sahəsinin ölçüsü faktiki 961 kv.m təşkil edir. Tərəflər izahatları: İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 22 fevral 2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Əmlak ilkin olaraq mənzil kimi qeydiyyata alınmış və həmin mənzilə dair tərtib edilmiş texniki pasportda torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Suraxanı Rayon İcra Hakimiyyətinin 20 iyun 1994-cü il tarixli sərəncamı tikinti aparılması üçün icazənin verilməsi barədə olmuşdur. 16 yanvar 2024-cü il tarixli ərizədə qeyd edilmişdir ki, iddiaçı Bakı ş, Qaraçuxur qəs, Gənclik küçəsi ünvanında yerləşən 67 nömrəli yaşayış evinin söküldüyü üçün tikili üzərində mülkiyyət hüququna dövlət reyestrində xitam verilməsinə və həmin ünvanda inşa edilən yeni tikilinin torpaq sahəsi ilə birlikdə qeydiyyata alınmasına köməklik gösətilməsini xahiş etmiş, gələcəkdə bununla bağlı iddia və tələbin olmayacağını bildirmişdir. 041228 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı ş, Qaraçuxur qəs, Gənclik küçəsi ünvanında yerləşən 67 mənzil iddiaçının adına A tikili üzrə payda qeydiyyatdan keçirilmişdir. Suraxanı Rayon İcra Hakimiyyətinin 20 iyun 1994-cü il tarixli sərəncamından görünür ki, iddiaçı həyətyani sahədə tikinti aparmaq üçün müraciət etmiş, müəyyən edilmişdir ki, A yaşayış evi 1025 kv.m torpaq sahəsində yerləşmişdir. Yaşayış evi taxtadandır, yararsız haldadır, iddiaçı köhnə evi söküb A və B yaşayış evlərinin tikintisinə icazə verilməsini xahiş etmişdir. A və B yaşayış evinin tikintisinə iddiaçıya icazə verilmişdir. Tikinti başa çatdıqdan sonra evin texniki pasportunda dəyişikliklər aparmaq üçün texniki inventarlaşdırma və mülkiyyət qeydiyyat idarəsinə müraciət edilməsi göstərilmişdir. 15 iyul 1995-ci il tarixli şəxsi mülkiyyətində olan mənzilin texniki pasportdan görünür ki, 1994-cü il tarixli Bakı ş, Qaraçuxur qəs, Gənclik küçəsi ünvanında yerləşən 67 nömrəli mənzillə bağlı iddiaçının adına texniki pasport tərtib edilmişdir. Müayinə aktında qeyd edilmişdir ki, texniki pasportda göstərilən fərdi yaşayış evi sökülmüş və layihədə göstərilən 2 ədəd fərdi yaşayış evi inşa edilmişdir. Baş plan ilə faktiki vəziyyət arasında konfiqurasiya fərqi mövcuddur. Torpaq sahəsi mişar daşı hasarla iki hissəyə bölünmüşdür. Layihənin baş planı ilə faktiki vəziyyət arasında cuzi konfiqurasiya fərqi mövcuddur. 08 iyul 2017-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, X1 adına Qaraçuxur qəs, Ə.Mehbalıyev küçəsi ev 67 B ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətindədir. Həmin əmlaka dair qovluqda olan sənədlərdən görünür ki, Mehbalıyev (Gənclik küçəsi) 67 saylı evin B hissəsinin X2 tərəfindən sökülüb, yerindən 2 mərtəbəli fərdi yaşayı evi tikilmişdir ki, iddiaçı həmin evi ayıraraq yalnız B hissəsinin özünə ayrıca şəkildə evə və torpaq sahəsinə vahid əmlak kimi çıxarış və texniki pasportun, ünvanın verilməsinə etiraz etməmişdir. Həmin B tikilisi iddiaçı tərəfindən Ə.Rzayevaya satılmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (t həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Qeyd olunmalıdır ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Belə ki, iddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələbi ilə müraciət etmişdir ki, məhkəmə hesab edir ki, həmin müraciətin təminini istisna edən faktiki şərt, hazırkı halda həmin əmlaklarla bağlı hüquqmüəyyənedici sənədlərin mövcud olmaması öz təsdiqini tapmışdır. Qeyd olunmalıdır ki, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (t həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması əsası qismində çıxış edir ki, işin faktiki hallarından, eləcə də təqdim edilən mənzilin texniki pasportundan görünür ki, həmin texniki pasportda torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Torpaq sahəsinin ölçüsünün adıçəkilən mənzilin texniki pasportunda göstərilməməsi isə, məhkəmə hesab edir ki, torpaq sahəsinin ölçüsünün 1025 və ya cavabdehin dediyi kimi 961 kv.m olmasından asılı olmayaraq onun üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması əsası qismində çıxış edə bilməz. Bundan əlavə, məhkəmə hesab edir ki, həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində də iddiaçının hər hansı hüquqmüəyyənedici sənədi olmamışdır. Qeyd olunur ki, adıçəkilən ünvanda yerləşən A tipli mənzil üzrə iddiaçının 1993-cü il tarixli qeydiyyat vəsiqəsi mövcud olmuş, sonradan 1994-cü il tarixli yerli icra hakimiyyəti orqanının sərəncamı əsasında taxtadan olan A yaşayış evi sökülmüş, yerində A və B yaşayış evlərinin tikintisi həyata keçirilmiş, buna dair icazə alınmış, həmin tikiliyə dair 1995ci il tarixdə mənzilin texniki pasportu da tərtib edilmişdir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin tikili də sökülmüş, yeni fərdi yaşayış evi inşa edilmişdir. Lakin, həmin fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət qeydiyyatına əsas olmuş sənədlər təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindiyi 2013-cü il yanvarın 1-dək və ya həmin tarixdən sonra inşa edilmiş tikililərə dair hüquqların dövlət qeydiyyatı üçün təqdim edilməli sənədlərin bitkin siyahısı yuxarıda göstərilən qanunvericilik aktlarında öz əksini tapmışdır ki, iddiaçı tərəfindən həmin sənədlər təqdim edilmədiyindən yeni fərdi yaşayış evinə mülkiyyət hüququn dövlət qeydiyyatına alınmasından söhbət gedə bilməz. Bu zaman, nəzərə alınmalıdır ki, ilkin mənzilin qeydiyyat vəsiqəsinin olması, sonradan onun sökülərək yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş sərəncam əsasında sonrakı yaşayış sahəsinin inşa edilməsi və texniki pasportun tərtib edilməsi də, ən son olaraq adıçəkilən əmlakda söküldükdən sonra inşa edilmiş yeni tikiliyə yuxarıda göstərilən sənədlərin təqdim edilmədiyi halda yeni yaşayış sahəsinə hüququn dövlət qeydiyyatına alınmasını legitim etməməkdədir. Digər sənədlərdən əlavə, hər bir halda torpaq sahəsinə mülkiyyət hüququnun mövcud olmaması iddianın təminini istisna edən hal kimi müəyyən edildiyindən, məhkəmə cavabdehin digər imtina əsaslarının qiymətləndirilməsini, ekspertiza və mütəxəssis rəylərinin əldə edilərək əlavə araşdırmanın aparılmasını zəruri hesab etmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov