Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7495/2022 17.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, iddiaçı- İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarının ləğv edilərək, pensiya hüququnun bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinin tələblərinə əsasən məhkəməyə təqdim etdiyi iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizədə məhkəmədən DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması haqqında” xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarının qismən yəni, xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 1.158,57 manat məbləğin bölünərək, onun əmək pensiyasından tutulması hissəsində ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1970-ci ildə əmək fəaliyyətinə başlamışdır.xx.xx.2021-ci ildə əmək fəaliyyətinə xitam verilmişdir. xx.xx.2003-cü ildən əmək pensiyası alır. İşinə xitam verməsilə əlaqədar Sosial Müdafiə Fondunun Sosial Ödəmələrin Təyinatı üzrə Mərkəzi Filialına 2021-ci il avqust ayında pensiyanın yenidən hesablanması üçün müraciət etmişdir. Müraciətinə cavab ala bilməmişdir. Dekabr ayında "Dost" mərkəzinə müraciət etmişdir. xx.xx.2021-ci il tarixində aldığı cavabda göstərilir ki, 2017-ci il pensiyaların yenidən hesablanması zamanı nöqsana yol verilib, guya ona xx.xx.2017-ci ildən xx.xx.2021-ci ilə qədər 1.158,57 manat artıq pul ödənilmişdir. Dörd ildən sonra həmin məbləğ onun aylıq pensiyasından tutulur və Sosial Müdafiə Fondunun hesabına köçürürlər. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaya dair yazılı etirazı məhkəmə daxil olmuşdur. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı adından DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2003-cü il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. Vətəndaşın müraciətinin araşdırılması zamanı xx.xx.2017-ci il tarixində yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı səhvə yol verilərək fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının 14.178,24 manat nəzərə alınmalı olduğu halda 16.148,16 manat nəzərə alınması səbəbindən pensiya məbləğinin artıq ödənildiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 377 saylı Fərmanı əsasında xx.xx.2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi tətbiq edilməklə yaşa görə əmək pensiyası ödənişi davam etdirilir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5.192,28 manat pensiya kapitalına əsasən əmək pensiyası xx.xx.2021-ci il tarixindən 627,81 manat məbləğində yenidən hesablanmışdır. X1 Sisteminin Pensiya altsistemində xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövr üzrə pensiya kapitalı qeydə alınmadığından yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı qeyd olunan dövr üzrə pensiya kapitalı nəzərə alınmamışdır. Nəticədə vətəndaşın xx.xx.2017-ci il tarixində yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı mexaniki səhvə yol verilərək, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının 14.178,24 manat nəzərə alınmalı olduğu halda 16.148,16 manat nəzərə alınması səbəbindən pensiya məbləğinin artıq ödənildiyi aşkar edilmişdir. Filial İddiaçı xx.xx.2017-ci il tarixdən-xx.xx.2021-ci il tarixədək olan dövr üzrə heç bir əsas olmadan ödənilmiş 1.158,57 manat məbləğin geri qaytarılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi-X3 iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.4-ci maddəsinə görə inzibati orqanının inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim edilmiş Səmədova (İskəndərova) Elza Hümmət qızının pensiya işinə əlavə edilmiş: Pensiyaçının uçot vərəqindən (№112195 DSMF Səbail və №118876 Yasamal) görünür ki, Səmədova (İskəndərova) Elza Hümmət qızına xx.xx.2003-cü ildə yaşa görə əmək pensiyası təyin olunmuşdur. DSMF Sosial Ödənişlərin Təyinat üzrə X4 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********8 saylı qərarının surətindən müəyyən olunur ki, İddiaçı yenidən hesablanmış pensiya məbləği 659,15 manat təşkil etmişdir. DSMF-nin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən müraciətçiyə ünvanlanmış 10 mart 2022-ci il tarixli **********8 №li məktubda bildirilmişdir ki, xx.xx.2006cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə uyğun olaraq ona xx.xx.2003-cü il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 377 saylı Fərmanı əsasında xx.xx.2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi tətbiq edilməklə yaşa görə əmək pensiyası ödənişiniz davam etdirilir. xx.xx.2021-ci il tarixli müraciəti ilə əlaqədar Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5192,28 manat pensiya kapitalına əsasən əmək pensiyası yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən 627,81 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2021-ci il və eyni zamanda xx.xx.2022-ci il tarixli müraciəti ilə əlaqədar təqdim etdiyi əmək kitabçalarının surətlərinə əsasən əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinə kimi 33 il 6 ay sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixindək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında yaşa görə əmək pensiyası yenidən hesablanmış və pensiyanın məbləğində dəyişiklik olmamışdır. Ona təyin edilmiş yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələbləri baxımından düzgün hesablanmışdır. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixindən 649,15 manata çatdırılmışdır. “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri “ASAN 3” tərəfindən xx.xx.2016-cı ildə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1952-ci ildə Xaçmaz rayonu, Yalama kəndində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında xx.xx.2021-ci il tarixli **********7 saylı qərarın surətindən müəyyən olunur ki, DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində İddiaçı 1.158,57 manat məbləğində artıq əmək pensiyasının ödənilməsi məsələsinə baxılaraq, xx.xx.1952-ci il tarixində doğulmuş ünvan 1 ünyanında yaşayan (qeydiyyatda olan) İddiaçı xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ona artıq ödənilmiş 1.158,57 manat məbləğin bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunması qərara alınmışdır. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli **********1 №li məktubda bildirilmişdir ki, xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun olaraq ona xx.xx.2003-cü il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 377 saylı Fərmanı əsasında xx.xx.2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi tətbiq edilməklə yaşa görə əmək pensiyası ödənişi davam etdirilir. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5.192,28 manat pensiya kapitalına əsasən əmək pensiyası xx.xx.2021-ci il tarixindən 627,81 manat məbləğində yenidən hesablanmışdır. X1 Sisteminin Pensiya altsistemində xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövr üzrə pensiya kapitalı qeydə alınmadığından yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı qeyd olunan dövr üzrə pensiya kapitalı nəzərə alınmamışdır. Əlavə olaraq bildirir ki, xx.xx.2017-ci il tarixində yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı mexaniki səhvə yol verilərək fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının 14.178,24 manat nəzərə alınmalı olduğu halda 16.148,16 manat nəzərə alınması səbəbindən pensiya məbləğinin artıq ödənildiyi aşkar edilmişdir. “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Qeyd olunanlar nəzərə alınmaqla, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarı ilə ona təyin edilmiş əmək pensiyasının məbləği dəyişdirilmiş və yaşa görə əmək pensiyasının məbləği yenidən hesablanmışdır. Nəticədə xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 1158,57 manat artıq ödəmə müəyyən olunmuşdur. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qeyd edilən qərarına əsasən xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 1.158,57 manat bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunacaqdır. Hazırda iddiaçı artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında qərarın qismən ləğv edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edib-etməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyən etməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İşin mübahisələndirilməyən hallarından da göründüyü kimi, İddiaçı xx.xx.2003-cü il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. Onun müraciətinin araşdırılması zamanı xx.xx.2017-ci il tarixində yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı səhvə yol verilərək, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının 14.178,24 manat nəzərə alınmalı olduğu halda 16.148,16 manat nəzərə alınması səbəbindən 1.158,57 manat pensiya məbləğinin artıq ödənildiyi aşkar edilmiş və artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2021-ci il qərarında qeyd olunmuşdur: “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6- cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri)”. Baxılan iş üzrə iddiaçı etimadının qorunması hüququna malikdir. Belə ki, iş üzrə “İnzibati İcraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilmiş halların mövcul olması müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən qərarın qəbul edilməsi ilə nəticələnmiş inzibati icraat aparılarkən inzibati orqan tərəfindən qanunverinilik normalarının tələbləri nəzərə alınmamış, iddiaçının qərarın qəbul edilməsinə münasibəti öyrənilməmiş, araşdırma onun iştirakı olmadan aparılmışdır. Sonda artıq ödənişin geri qaytarılması barədə qərar qəbul edilmişdir. İddiaçı qanunla etimadının qorunması hüququna malik olduğundan, habelə ona artıq ödənişlərin olunması başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığından, eyni zamanda ona verilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı üçün hazırki halda cavabdehin mübahisələndirilən qərarı, iddiaçı tərəfindən mübahisələndirilən hissədə ləğv edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi “Artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması haqqında” xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarı qismən yəni, xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 1.158,57 manat məbləğin bölünərək, İddiaçı əmək pensiyasından tutulması hissəsində ləğv edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-7495/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7495/2022
17.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver