Məhkəmə qərarları › İş №2-1(112)-7497/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7497/2024

08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7497/2024 08.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2, X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi 16 saylı evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və texniki pasportun onun adına verilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyət hüququ adına qeydiyyata alınması üçün cavabdehə xx.xx.2023-cü il tarixində ərizə ilə müraciət etmişdir. Cavabdeh idarə tərəfindən xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, "Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzilə hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi, mənzilə hüququ olan şəxslər və mənzilin kommunalməişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (forma № 2), mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir". Cavabdeh tərəfindən verilmiş imtina qanunsuz və əsassızdır. Belə ki, həmən mənzil onun nənəsi X4 müvafiq kirayə müqaviləsi əsasında məxsus olub. Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 27 dekabr 1997-ci tarixli 1751 nömrəli Sərəncamı ilə nənəsinin adına kirayə müqaviləsi bağlanmışdır. Hal-hazırda nənəsi X6 rəhmətə gedəndən sonra həmin qeydiyyatda olduğu evdə o, ailəsi ilə birlikdə yaşayır. Nənəsinin qanun üzrə digər qanuni varisləri qeyd olunan mənzilin onun adına qeydiyyata alınmasına etiraz etmirlər və bunu müvafiq ərizələr ilə təsdiq etməyə hazırdırlar. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı sərəncamın (müqavilənin) onun adına dəyişdirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli **********74 xaricolma nömrəli məktubla cavab verilmişdir. İddiaçının iddia tələbi ilə bağlı İdarəyə rəsmi müraciəti daxil olmamışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman əmlakın 1 mərtəbəli binanın bir hissəsində yerləşdiyi və faktiki ümumi sahəsinin 52.9 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin, mənzil ətrafı 22.3 kv.m torpaq sahəsi daş hasara alınmışdır və mənzilə giriş-çıxış həmin torpaq sahəsindəndir. İddiaçı məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı izah edilənlərin ona aydın olduğunu bildirdi. Cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) ... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd) İddiaçı hazırkı tələbində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi 16 saylı evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və texniki pasportun onun adına verilməsini xahiş edir ki, bu iddia öhədliyin icrası haqqında iddiadır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçının iddia tələbi ilə əlaqədar inzibati orqana müraciəti mövcud deyildir. İddiaçının cavabdehə müraciəti mənzil kirayə müqaviləsinin onun adına dəyişdirilməsi ilə bağlıdır ki, bu tələbə cavabh verməli olan hazırkı cavabdeh deyil. Eyni zamanda iddiaaçının cavabdeh orqana müraciəti onun hazırda verdiyi iddia tələbinə uyğun deyil. Belə olan halda məhkəmənin qənaətinə görə, hazırkı iddia tələbi üzrə mübahisə mövcud deyil. Məhkəmə iddiaçıya hüquqi yardımla bağlı qeyd edir ki, iddiaçı vərəsəliyini təsdiq edən sənəd əldə edərək Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi 16 saylı evin mülkiyyət hüququ ilə mərhum nənəsinə məxsus olmasına dair arayışın verilməsi ilə bağlı cavabdehə müraciət etməli, cavabdeh tərəfindən müraciəti təmin edilmədiyi təqdirdə hüququn ölmüş nənəsinə məxsus olmasına dair arayışın veriməsi barədə məhkəmədə iddia qaldırmalıdır. Yaxudda müvafiq icra hakimiyyəti orqanına (binanın balanssaxlayıcısına) nənəsinin adına olan mənzil kirayə müqaviləsinin onun adına dəyişdirilməsi ilə bağlı həmin orqana müraciət etməli, tələbi təmin olunmadığı halda həmin quruma qarşı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi 16 saylı evin kirayə müqaviləsinin onun adına dəyişdirilməsi ilə bağlı iddia verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar