Məhkəmə qərarları › İş №2-1(112)-750/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-750/2025

19.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-750/2025 19.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən xx.xx.2013cü il tarixli, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********12 reyestr nömrəli çıxarışla onun mülkiyyətinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Xaşa-xuna bağ sahəsi 176 C saylı bağ sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşaxuna bağ sahəsi 176C saylı bağ sahəsi Azərbaycan Respublikası ƏMDK DƏDRX tərəfindən verilən xx.xx.2013-cü il tarixli RX № ******* saylı, ********** qeydiyyat, **********12 reyestr nömrəli çıxarışla onun mülkiyyətinə verilmişdir. Bu halı iddia ərizəsinə surəti əlavə edilən A №105225 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi də təsdiq edir. Torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alındıqdan sonra o, həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün zəruri işlərə başlamış və fərdi yaşayış evinin eskiz layihəsini hazırlatmışdır. Bu layihə əsasında evi tikib hazır vəziyyətə gətirdikdən sonra o, ərizə ilə hazırki iş üzrə cavabdeh inzibati orqana müraciət etmişdir. Müraciətindən sonra əraziyə baxış keçirilmədən aparılan araşdırma nəticəsində onlara verilən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-31968/2023 **********68 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, guya elektron kadast məlumatına əsasən bağ evinin bir hissəsi qaz kəmərinin, bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir, həmçinin bağ evinin bir hissəsi mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsindən kənarda inşa edilmişdir. Lakin, o, cavabdehin qeyd edilən imtinası ilə razı deyil, düşünür ki, cavabdeh bilərəkdən əsassız bəhanələrlə tikdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını qeydə almaq istəmir. Məhz bu səbəbdən də, cavabdehin əsassız imtinasından məhkəməyə müraiət edərək pozulan hüquqlarının məhkəmədə bərpası qərarına gəlmişdir. İmtinada qeyd olunan halların əsassızlığını sübut etmək üçün bildirir ki, hazırki, iddia ərizəsinə surəti əlavə edilən eskiz layihədən də, görünür ki, ona mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsi 3 tərəfdən qonşu torpaqların sərhədləri ilə əhatə olunmuşdur. Ön hissəsi isə yoldur. Bu hal imtinada torpaq sahəsinin bir hissəsindən yüksək gərginlikli elektrik xəttinin, digər hissəsindən isə qaz xəttinin keçməsi barədə qeyd edilənlərin əsassız olduğunu sübuta yetirir. Bundan əlavə hazırki, iddia ərizəsinə surətləri əlavə edilən və torpaq sahəsinin əvvəlki mülkiyyətçisi X1 verilən aşağıda qeyd edəcəyi arayışlarda imtinanın elektrik xəttinə və qaz xəttinə görə olan hissəsinin yalan olduğunu təsdiq edir. Belə ki “Azəriqaz” İB Bakı şəhəri Qaz İstismarı İdarəsi Əzizbəyov rayon Qaz İstismar sahəsinin xx.xx.2008-ci il tarixli AR-506 saylı Arayışından görünür ki, “Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-bağ Təsərrüfatının inkişafı departamentinin 26 dekabr 2005-ci il tarixli 36027 saylı müqaviləsinə əsasən, Əzizbəyov rayonu, Qala qəsəbəsi, Xaşa-xuna ərazisində ona ayrılmış 176c saylı bağ sahəsi həmin ərazidən keçən D273 mm-lik orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasına düşmür.” Bundan əlavə, "xxxx" ASC-nin Əzizbəyov (indiki Xəzər) rayon Zirə ETSS-nin xx.xx.2009-cu il tarixli 0197 saylı Arayışında qeyd edilir ki, “həqiqətən Əzizbəyov rayonu Xaşa-Xuna Qəsəbəsində BTİ və İB-nin 36027 saylı müqavilə ilə icarəsində olan 176C saylı bağ sahəsinin ərazisindən Zirə ET-nin istismarında olan heç bir 10/6 KV-luq EHX və EKX keçmir. Göstərilən hallar və surəti əlavə edilən sənədlər də, təsdiq edir ki, imtinada qeyd edilən əsaslar bəhanədən başqa bir şey deyil və bu əsaslarla onun mülkiyyət hüquqlarının qeydə alınmasından imtina əsassızdır. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********68 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən bağ evinin bir hissəsi qaz kəmərinin, bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin bağ evinin bir hissəsi (3.6 kv.m) mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsindən kənarda inşa edilmişdir. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, 117 kv.m əlavə torpaq sahəsi istifadə olunur.

6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-31968/2023 **********68 nömrəli məktubla imtina edilmişdir.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.0299 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına **********12 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi və xx.xx.2013-cü il qeydiyyat tarixi ilə qeydiyyatdan keçmişdir.

9. İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.0299 ha torpaq sahəsinə dair A seriyalı, 105225 nömrəli torpaq sahəsinin plan-ölçü sənədi verilmişdir.

10. ünvan 2ndə İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin eskiz layihəsi "xxxx" MMC tərəfindən tərtib edilmişdir.

11. "xxxx" ASC tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.202023-cü il tarixli, 13-13/2- 06-4-4249/2023 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı məxsus sözügedən ünvan 6 kVluq hava elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Yuxarıda qeyd olunan ünvanda yerləşən torpaq sahəsi və bağ evinin elektrik verilişi xəttinin istismarına heç bir maneəçilik törətmədiyini nəzərə alaraq, qeydiyyata alınmasına etiraz etmirlər.

12. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş AR-506 nömrəli arayışa əsasən bildirilmişdir ki, Əzizbəyov rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna ərazisində ayrılmış 176 c saylı bağ sahəsi həmin ərazidən keçən D 273 mm-lik orta təzyiqli yer üsü qaz kəmərinin mühafizə zonasına düşmür. Torpaq sahəsinin mühafizə zonasının məsafəsi 4 m-dir.

13. Məhkəmənin sorğusuna əsasən cavabdeh trəəfindən xx.xx.2024-cü il tarixli/, 3- 21-3-30/2-6272/2024 nömrəli, **********72 nömrəli məktubla Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 176 C ünvanına dair arxiv qovluğunda saxlanılan sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir.

14. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixi, 3- 21-3-30/2-47391/2024 nömrəli məktubla bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən bağ evinin bir hissəsi qaz kəmərinin, bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin bağ evinin bir hissəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsindən kənarda inşa edilmişdir. Həmçinin tikilinin əlavə torpaq sahəsinə düşən hissəsi hər hansı digər fiziki şəxsin mülkiyyətində deyil.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

21. Belə ki, işin hallarınının məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.0299 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına **********12 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi və xx.xx.2013-cü il qeydiyyat tarixi ilə qeydiyyatdan keçmişdir. İddiaçı həmin torpaq sahəsində tərtib edilmiş eksiz layihə əsasında inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən vahid elektron kadastr baza məlumatlarına əsasən bağ evinin bir hissəsi qaz kəmərinin, bir hissəsinin isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsinə, həmçinin bağ evinin bir hissəsinin (3.6 kv.m) mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsindən kənarda inşa edilməsinə, xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman 117 kv.m əlavə torpaq sahəsi istifadə olunmasının müəyyən edilməsinə istinad edilmişdir.

21. Məhkəmə cavabdehin dəlillərini əsassız hesab etməklə qeyd edir ki, cavabdehin dəlillərinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi ünvanda yerləşən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerəşsə də, "xxxx" ASC tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 13-13/2-06-4-4249/2023 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı məxsus sözügedən ünvanda yerləşən torpaq sahəsi və bağ evinin elektrik verilişi xəttinin istismarına heç bir maneəçilik törətmədiyini nəzərə alaraq, fərdi yaşayış evi üzərində hüquqların qeydiyyata alınmasına etiraz etmirlər. O cümlədən, iş materiallarında olan Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş AR-506 nömrəli arayışa əsasən bildirilmişdir ki, Əzizbəyov rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna ərazisində ayrılmış 176 c saylı bağ sahəsi həmin ərazidən keçən D 273 mm-lik orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasına düşmür. Torpaq sahəsinin mühafizə zonasının məsafəsi 4 m-dir. Həmçinin cavabdeh tərəfindən iddiaçının istifadəsində əlavə 117 kv.m torpaq sahəsinin olmasına istinad edilsə də, iddiaçının həmin torpaq sahəsi ilə bağlı hər hansı bir iddiası yoxdur, eləcə də, iddiaçıya məxsus torpaq sahəsindən kənarda bağ evinin çox cüzi bir hissəsinin (3.6 kv.m) inşa edilməsi onun bütünlüklə fərdi yaşayış evi üzərində hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdeh tərəfindən məhkəmə təqdim edilmiş məlumatlardan da, göründüyü kimi, həmin 3.6 kv.m hissə hər hansı bir fiziki və ya hüquqi şəxsin mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür.

23. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”-in: 1.1-ci bəndinə əsasən Bu Tələblər “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VİQ nömrəli Qanununun (bundan sonra – Qanun) 37.4-cü maddəsinə əsasən hazırlanmışdır və elektrik şəbəkələrinin mühafizə zonalarının ölçülərini, həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələbləri müəyyən edir. 1.4-cü bəndinə əsasən Bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər.

24. Göründüyü kimi, iddiaçının sözügedən ünvanda yerləşən fərdi yaşayış evi üzərində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici sənədləri mövcud olmuşdur. Lakin, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən formal əsaslarla imtina edilmişdir. Belə ki, qanunvericiliyin tələblərindən də, göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Lakin, elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər. Hazırki işin hallarından göründüyü kimi, "xxxx" ASC tərəfindən iddiaçının bağ evinin elektrik verilişi xəttinin istismarına heç bir maneəçilik törətmədiyini nəzərə alaraq, fərdi yaşayış evi üzərində hüquqların qeydiyyata alınmasına etiraz edilmir.

25. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin imtinasının və etirazının əsasını təşkil edən dəlillər əsassız hesab edilməklə iddiaçının sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır.

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

27. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün qanunvericiliyin tələbləri tam təmin edildiyindən, iddiaçının mərhum atasının sözügedən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsaslar olmuşdur.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

30. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Xaşa-xuna bağ sahəsi 176 C saylı bağ sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar