Məhkəmə qərarları › İş №2-1(112)-7501/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7501/2025

18.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7501/2025 18.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili X3 və cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq : TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, order əsasında mənzil ailə tərkibi nəzərə alınmaqla X2 verilmiş, həmin şəxs vəfat etmişdir. İddiaçı onun oğludur, qeyd edilən mənzildə qeydiyyatdadır. Mülkiyyət hüququnun tanınması barədə müraciət etmiş, lakin, cavabdeh tərəfindən müraciətinə münasibətdə hərəkətsizlik edilmişdir. Cavabdehin etirazı: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, müvafiq sənədlər ilə “Asan Xidmət” mərkəzlərinə müraciət edildikdə müraciətə baxılacağı barədə məlumat verilmişdir. Faktiki ümumi ölçü 57,4 kv.m təşkil edir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eləcə də, iddianın mülkiyyət hüququnun mərhuma məxsus olması haqqında arayışın verilməsi formasında yox, mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınması formasında olması da qanunvericiliyin tələbinə uyğundur. Belə ki, mənzil fondunun özəlləşdirilməsinə dair qanunvericiliklə orderdə adı olan hər hansı şəxs digər şəxslərin razılığı ilə mənzilin şəxsən onuna adına özəlləşdirilməsini tələb edə bilər ki, iddiaçının adı da orderdə atasının adı ilə yanaşı mövcuddur. Digər tərəfdən iddiaçı order ilə yanaşı sərəncam da təqdim etmişdir ki, sərəncamla mənzilin kirayəçisi o təyin edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Orderdən görünür ki, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə dair iddiaçının da adı göstərilməklə X1 adına order verilmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, iddiaçı həmin ünvanda qeydiyyatdadır. 102 saylı Mənzil-Kommunal İstismar Sahəsinin arayışında qeyd edilir ki, adıçəkilən mənzil boş mənzil fondundadır və məcburi köçkün ailəsi məskunlaşmışdır, orderin əsli arxivdə yoxdur. Orderin mötəbərliyi şübhə yaradır, order alınan vaxtdan qeyd olunan mənzildə pasport qeydiyyatlarıl olmamışdır. Müayinə aktından görünür ki, faktiki sahə 57,74 kv.m təşkil edir, orderdə olduğu kimi yaşayış sahəsi 30,14 kv.m-dir, sahə 2 otaqlıdır. Sərəncamdan görünür ki, həmin mənzilin kirayəçisinin adı İddiaçı adına dəyişdirilmiş, kirayəçi həmin şəxs hesab edilmişdir. Dövlət Arxifinin Bakı Filialının məktubunda qeyd edilir ki, 04 fevral 1992-ci il tarixli 111/2 saylı sərəncamda X4 barədə məlumat yoxdur. Orderlər isə Filialda saxlanılmır. 04 aprel 2024-cü il tarixli arayışdan görünür ki, adıçəkilən mənzildə X7 və ailə üzvləri məcburi köçkün kimi məskunlaşmışdır. Həmin şəxslərin ərizələrində qeyd edilir ki, adıçəkilən əmlak iddiaçının istifadəsində olmuş, müharibə dövründə yaranmış vəziyyətlə əlaqədar həmin ünvanda yerləşən yaşayış sahəsinə məcburi köçkün olaraq məskunlaşmışdırlar. Yaşayış sahəsinə hər hansı iddiaları yoxdur, əmlak iddiaçıya məxsusdur, həmin şəxs tərəfindən məcburi köçkün olaraq həmin yaşayış sahəsinə məskunlaşmalarına hər hansı etirazı mövcud olmamışdır. Cavabdehin sorğuya cavab məktubundan görünür ki, adıçəkilən binada bir-neçə mənzilə orderlər əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə çıxarışlar verilmişdir. Birliyin 23 iyul 2025-ci il tarixli məktubunda qeyd edilir ki, 16 avqust 2022-ci il tarixli sərəncam təqdim edilmiş kağız üzərində sənədlər elektron informasiya daşıyıcıları sistemindəki məlumatlarla uyğunsuzluq təşkil etdiyinə görə həmin sərəncam 28 dekabr 2022-ci il tarixdə ləğv edilərək qüvvədən düşdüyünə görə onun yaratdığı hüquqi nəticə etibarsız hesab edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Normaların məzmunundan da göründüyü kimi qanunvericilik mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunvericilik orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. Lakin nəzərə alınmalıdır ki, həmin maddənin tələbindən də aydın olduğu kimi, qanunvericilikdə həmin sənədlərin 2009-cu il oktyabrın 1-dək, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək aid olması da müəyyən edilmişdir. Ümumiyyətlə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı bir yox, zərurət olmasa belə onun adına tərtib edilmiş digər bir hüquqmüəyyənedici sənəd əsasında mülkiyyət hüququnun onun adına dövlət qeydiyyatına alınmasını tələb edə bilən şəxsdir. Belə ki, təqdim edilən order yuxarıda göstərilən Qanunun tələbinə əsasən mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün kifayət edir. Qeyd olunur ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 6. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; Maddə 8. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Göründüyü kimi balansaxlayıcı tərəfindən verilmiş order mülkiyyət hüququnun qeydiyyata alınma əsaslarından biri kimi çıxış edir. Digər tərəfdən hazırkı vəziyyətdə balansaxlayıcı tərəfindən orderin mötəbərliyinin şühbə altında olmasına dair məhkəmə sorğularına dəlillər təqdim edilsə də, məhkəmə hesab edir ki, verildiyi tarixdən balansaxlayıcı tərəfindən tərtib edilən order, həmin təşkilatın və ona tabe istismar sahələrinin məktub və arayışları ilə mötəbərliyini itirmiş hüquqmüəyyənedici sənəd hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, cavabdeh orderin ləğv edilmədiyini, geri çağrılmadığını, dəyişdirilmədiyini və hal-hazırda öz hüquqi qüvvəsini saxladığını nəzərə almamışdır. Bu zaman, onun özünün və ya verilməsinə əsas olmuş sərəncamın aşkar edilməməsi və yaxud şəxsin adının göstərilməməsi də vəziyyəti iddiaçının ziyanına şərh edə bilməz. Belə ki, orderin tərtibatını həyata keçirmək, onun arxiv nüsxələrini saxlamaq aidiyyəti inzibati orqanların vəzifəsidir. İddiaçı isə, ona təqdim edilmiş orderin nüsxəsini saxlamış və məhkəməyə təqdim etmişdir ki, həmin orderin mübahisələndirildiyi müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-255/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında, Ali Məhkəmənin 2-1(102)-1612/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-988/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında da qeyd edildiyi kimi hüquqmüəyyənedici sənədin arxivinin olmaması onun mötəbərliyinə təsir etməyən haldır. Cavabdeh tərəfindən təqdim edilən sənədlərdən də görünür ki, oxşar hüquqmüəyyənedici sənədlər əsasında da mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır ki, iddiaçıya münasibətdə bərabər rəftarın həyata keçirilmədiyi aşkardır. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçı mövcud order ilə yanaşı 16 avqust 2022-ci il tarixli mənzil kirayə müqaviləsinin onun adına keçirilməsinə dair sərəncam əsasında da mülkiyyət hüququnun dövlət qeydiyyatını tələb etmək hüququna malik şəxdir. Qeyd olunur ki, hər nə qədər sərəncam zərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı kimi məhz 2009-cu ilin oktyabr ayının 1-dək verilməsə də, mövcud məhkəmə təcrübəsində müəyyən edildiyi kimi hüquq münasibətinin həmin tarixədək yarandığı iş materialları ilə, eləcə də göstərilən sərəncamın özü ilə aşkar edilir. Həmin sərəncamın hal-hazırda hüquqi qüvvəsini saxlamasına münasibətdə də məhkəmə qeyd edir ki, balansaxlayıcı təşkilatın məktubunda qeyd edilənlərin əksinə sərəncam hal-hazırda da qüvvədədir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Hazırkı halda isə, həmin əlverişli inzibati aktın inzibati aktla ləğv edildiyi müəyyən edilmir. Balanssaxlayıcı təşkilat məhkəmə sorğusuna cavab olaraq həmin sərəncamın ləğvinə istinad etsə də, buna dair hər hansı inzibati icraat aparıldığı, inzibati orqan tərəfindən inzibati akt-qərar, sərəncam qəbul edildiyi müəyyən edilmir. İnzibati orqan tərəfindən təqdim edilən məktub da, inzibati akt xüsusiyyətində olmayıb, məhkəməyə həmin inzibati aktın hüquqi qüvvədən düşdüyünə istinad xarakteri daşıyır ki, göstərilən hallar məhkəmə hesab edir ki, adıçəkilən inzibati aktın ləğv edilməsi xarakteri daşıya bilməz. Digər tərəfdən balanssaxlayıcı təşkilat həmin yaşayış sahəsində heç kimi qeydiyyatda olmadığına istinad etsə də iş materialları ilə müəyyən edilir ki, iddiaçı həmin yaşayış sahəsində 05 may 2022-ci il tarixdən, hələ sərəncamın verilmədiyi tarixdən əvvəl yaşayış yeri üzrə qeydiyyatdadır. Məcburi köçkünlərin orada məskunlaşması ilə əlaqədar da məsələ araşdırılmış və müəyyən edilmişdir ki, həmin mənzildə həqiqətən də hal-hazırda məcburi köçkün ailə məskunlaşmışdır. Lakin, nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici mövcud olan şəxsin yaşayış sahəsində məcburi köçkün ailəsinin məskunlaşması həmin hüquqmüəyyənedici sənədin mötəbərliyinə təsir etmir və şəxsə məxsus hüququn itməsi anlamına gəlməməkdədir. Müvəqqəti xarakter daşıyan həmin məskunlaşma dövlət və ictimai məzmunlu zərurətdən irəli gəlir ki, xüsusi ilə də mövcud mülki sahə üzrə məhkəmə təcrübəsi ilə mülkiyyət hüququnun realizəsinə mane olmur. Digər tərəfdən mənzildə məskunlaşmış məcburi köçkün düşmüş şəxslərin ərizələrindən də görünür ki, adıçəkilən əmlak iddiaçının istifadəsində olmuş, müharibə dövründə yaranmış vəziyyətlə əlaqədar həmin ünvanda yerləşən yaşayış sahəsinə məcburi köçkün olaraq həmin şəxslər məskunlaşmışdırlar. Yaşayış sahəsinə hər hansı iddiaları yoxdur, əmlak iddiaçıya məxsusdur, həmin şəxs tərəfindən məcburi köçkün olaraq həmin yaşayış sahəsinə məskunlaşmalarına hər hansı etirazı mövcud olmamışdır. Digər tərəfdən mənzilin ümumi sahəsinin 30,14 kv.m yox, daha 57,74 kv.m olmasına münasibətdə də məhkəmə qeyd edir ki, iddianın təmininə həmin hal da maneə olmur. Belə ki, müayinə aktından da görünür ki, həmin ölçü fərqi əlavə artırmanın edilməsi ilə bağlı olmamış, orderdə təkcə yaşayış sahəsinin göstərilməsi ilə əlaqədar olmuşdur. Belə ki, müayinə aktı ilə müəyyən edilir ki, yaşayış sahəsi hal-hazırda 30,14 kv.m təşkil edir və mənzil orderdə göstərildiyi kimi 2 otaqlıdır, 57,74 kv.m mənzilin yaşayış yox, ümumi sahəsidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi, 5A saylı evin 26 saylı mənzil üzərində iddiaçı X5 xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 39B nömrəli evin 10 nömrəli mənzili üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar