Məhkəmə qərarları › İş №2-1(112)-7504/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7504/2021

16.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7504/2021 16.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan İddiaçı “ikinci qrup əlilliyinə görə ayrılmış pensiyanın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Azərbaycan Respublikası Prezidentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ikinci qrup əlilliyimə görə ona aynlan 233 (iki yüz otuz üç ) manat pulun ödənilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, 4 yaşında atası rəhmətə gedib, tək övlad olub, uzunmüddətli sağalmayan anası 37 yaşında rəhmətə gedib. SSRİ dövründə hərbi xidmətə könüllü gedib. Hərbi xitmətimdən sonra oxuyaraq, fəhlə işləyib, hazırda da Azərbaycan fəhlə zəhmətkeşlər ittifaqı ictimai birliyinin sədridir. Artıq 63 yaşı var, bir çox xəstəliklərdən əziyyət çəkir, 2 - ci qrup əlil kimi 233 manat əlilik pulunun gecikdirilməsi və vaxtında verilməməsi qanunsuz hesab edir.

3. Məhkəmə tərəfindən iddiaçıya 17.06.2021-ci il tarixli məktubla İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq hüquqi yardım məktubu göndərilərək iddia ərizəsinin formal tələblərə uyğunlaşdırılmaqla iddia tələbinə cavab verməli olan şəxsin dəqiqləşdirilməli olduğu (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) izah edilmiş, buna görə müddət müəyyən edilmiş, iddia ərizəsinin forma və məzmununun uyğunlaşdırılmamasının iddianın mümkünsüzlüyünə səbəb ola biləcəyi izah edilmişdir.

4. İddiaçı tərəfindən 30.06.2021-ci il tarixdə hakimə verdiyi etiraz əsassız olduğu üçün baxılmamış saxlanmışdır.

5. Məhkəmə hesab edir ki, iddiaçının dövlət büdcəsi hesabına vəkillə təmin olunmaq haqqında ərizəsi təmin edilməyərək iddia mümkün sayılmamalıdır.

6. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Eyri İrlandiyaya qarşı iş üzrə 9 oktyabr 1979cu il tarixli qərarında qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırılması hüququ bəzi hallarda həmçinin mülki işlər üzrə pulsuz hüquqi yardımı ehtiva edir. Məhkəmə qeyd etmişdir ki, pulsuz hüquqi yardım almaq hüququ mülki işlərdə ədalət mühakiməsinin səmərəliliyi baxımından aşağıdakı hallarda tətbiq edilir: 1) daxili qanunvericiliyə əsasən hüquqi təmsilçilik zəruri olduqda; 2) iş prosedur və ya mahiyyət baxımından mürəkkəb olduqda.

7. Məhkəmə qeyd edir ki, dövlət büdcəsi hesabına vəkillə təmin olunmaq hüququ mütləq hüquq deyil və qeyd edilən hallardan asılıdır. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) məhdudlaşdırmanın legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək iddianın lazımi qaydada qaldırılması şərtlərinin izah edilməsində ifadə olunur.

II. İddianın mümkünlüyü

8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

9. Məhkəmə qeyd edir ki, iddia lazımi qaydada qaldırılmayıb. Bununla bağlı məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilməklə iddiaçıya vaxt verilmiş (bax 3-cü bənd), lakin iddia həmin tələblərə uyğunlaşdırılmamışdır.

10. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

11. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. İddiaçının dövlət büdcəsi hesabına vəkillə təmin olunması haqqında ərizəsi təmin edilməsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar