Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7505/2022 25.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinət pulunun ödənilməsi” tələbinə dair inzibati işin materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 12 may 2015-ci il tarixdən 12 may 2018-ci il tarixədək müavinət verilməsindən imtinanın qanunsuz hesab edilməsi və cavabdehin üzərinə ona həmin müddət üçün “müharibə veteranı” statusuna görə müavinətin verilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 1967-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuşdur. O, 1997-ci ildə Azərbaycan Respublikası DİN-nin Polis Akademiyasının əyani şöbəsini bitirdikdən sonra polis orqanlarında işə qəbul olunmuş, müxtəlif vəzifələrdə işlədikdən sonra 11 may 2020-ci il tarixdən təqaüdə çıxmış və ailəsi ilə birlikdə Xaçmaz şəhəri, Gülüstan küçəsində yaşayır. Polis orqanlarında çalışdığı müddətdə, yəni 1991 – 1993-cü illərdə İ Qarabağ müharibəsində iştirak etmiş, lakin gərgin iş rejimi ilə bağlı “müharibə veteranı” vəsiqəsini vaxtında ala bilməmiş və bu vəsiqəni 12 may 2018-ci il tarixdə almışdır. Həmin tarixdən də o, “müharibə veteranı” statusuna görə qanunvericilikdə müəyyən edilmiş qaydada və məbləğdə müavinət alır. Dəfələrlə aidiyyəti orqanlara, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ona vəsiqənin verildiyi tarixdən əvvəlki 3 il, yəni 12 may 2015ci il tarixdən 12 may 2018-ci il tarixdək olan müddət üçün müharibə veteranı statusuna görə müavinətin ödənilməsini xahiş etmişdir. Cavabdehin 3 avqust 2021-ci il tarixli məktubu ilə onun müraciətinə rədd cavabı verilmişdir. Həmin məktubda qeyd olunur ki, AR Nazilər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 4-cü bəndində uygun olaraq veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən sonra tədbiq edilir. İstinad edilən Əsasnamənin 4-cü maddəsinin mətni aşağıdaki kimidir: Veteran statusunu təsdiq edən sənədin “Veteranlar haqqında” AR Qanununa və bu Əsasnaməyə uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş orqan onun geri alınmasını təmin edir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Göründüyü kimi, Əsasnamənin 4-cü maddəsinin rəsmi mətni ilə cavabdehin məktubunda şərh edilənlər tam fərqlidir. Yəni, Əsasnamənin rəsmi mətnində heç də qeyd olunmur ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən sonra tətbiq edilir. Ona görə də hesab edir ki, cavabdehin məktubunda Əsasnamənin müddəaları düzgün təfsir edilməmiş, nəticə etibarı ilə onun müharibə veteteranı olaraq dövlət tərəfindən ödənilən müavinəti almaq hüquqlarım pozulmuşdur. Göstərilənlərə və İPM-in 2.1, 2.2.2, 33, 73-cü maddələrinə əsaslanaraq, cavabdehin iddiaçıya 12 may 2015-ci il tarixdən 12 may 2018-ci il tarixədək müavinətin verilməsindən imtinasının qanunsuz hesab edilməsi və cavabdehin üzərinə ona həmin müddət üçün “müharibə veteranı” statusna görə müavinətin verilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2021-ci il tarixli sərəncamı ilə həmin Məcəllənin 47 və 49-cu maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Bakı İnzibati Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-9958/2021 tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “imtinanın qanunsuz sayılması və iddiaçıya müavinətin ödənilməsi”nə dair iddia tələbi mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia ərizəsinə mahiyyəti üzrə baxılıb yeni qərar çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-857/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9958/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilmiş və iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin göstərilən qərardadında qeyd olunmuşdur ki; - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 03 avqust 2021-ci il tarixli cavab məktubuna əsasən iddiaçının ötən dövr üçün müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinətin ödənilməsi ilə müraciətinə baxılmış və imtina olunmuşdur. Lakin, məktubda iddiaçının cavabdeh orqan qismində ƏƏSMN-nə deyil, Nazirliyin tabeliyində olan DSMFyə müraciət etməsi haqında hər hansı bir hüquqi yardım göstərilməmişdir. - “İnzibati icraat haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. - AR İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - İş materiallarından göründüyü kimi işə baxan məhkəmə tərəfindən inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya cavabdehin müəyyən edilməsi və ya əvəz edilməsi ilə bağlı hər hansı bir hüquqi yardım göstərilməmişdir. İş materiallarında olan iddiaçının məhkəməyə yazmış olduğu ərizəsində cavabdehin dəyişdirilməməsində israrlı olması göstərilsə də, həmin ərizə 19 noyabr 2021-ci il tarixdə yazılmışdır. Halbuki, iddianın mümkün sayılmamasına dair qərardad bir gün əvvəl yəni, 18 noyabr 2021-ci il tarixində qəbul edilmişdir. Şifahi məhkəmə baxışı protokollarında da iddiaçıya hüquqi yardım göstərilməsi ilə bağlı hər hansı bir müzakirə aparılmamışdır. İPM-nin 87.9-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İşə yenidən birinci instansiya məhkəməsində baxılarkən, İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək, 06 iyul 2022-ci il tarixli məktubla iddia tələbinin və iddiaya cavab verməli olan şəxsin dəqiqləşdirilməsinin yəni, İPM-in 13-cü maddəsinə tələblərinə uyğun olaraq, və İPM-nin 13 və 87-ci maddələrinin tələblərini nəzərə alaraq onun iddia tələbi üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasına dair yazılı münasibətinin 10 gün ərzində məhkəməyə göndərilməsinin təmin olunması təklif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli əmrinə əsasən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Mərkəzi Maliyyə və Mühasibatlıq İdarəsi, Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi və Məhkəmə Mübahisələri ilə İş İdarəsi yaradılıb. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondun Bakının Qaradağ, Binəqədi, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Suraxanı, Xətai, Xəzər rayon şöbələri üzrə “Əmək pensiyaları haqqında” Qanunun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyalarının, habelə (məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli şəxslərə və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla,) əhaliyə digər əmək pensiyalarının, sosial müavinətlərin, ayrı-ayrı kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdlərinin, kompensasiyaların təyinatını, yenidən hesablanmasını və bir növdən başqa növə keçirilməsini mərkəzləşdirilmiş qaydada Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi yerinə yetirir. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmasına etiraz etmədiyini bildirmişdir. Bakı İnzibati Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7505/2022 nömrəli qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı) ilə əvəz olunması qərara alınmışdır. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********5 nömrəli iddia tələbinə dair etirazı onunla əsaslandırılmışdır ki, vətəndaşa veteran vəsiqəsi təqdim olunmamışdan əvvəlki dövr üzrə müavinətlərin ödənilməsi qanunvericiliyə ziddir. İddiaçı 12 may 2018-ci il tarixində veteran vəsiqəsi verilmişdir. Həmin veteran vəsiqəsi əsasında Fondun müvafiq şöbəsi tərəfindən vətəndaşa veteran statusunu aldığı vaxtdan, yəni 12 may 2018-ci il tarixindən sosial müavinət təyin edilmiş, əvvəlki illər üzrə müavinət ödənilməsindən isə imtina edilmişdir. Belə ki, "Sosial müavinətlər haqqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. xx.xx.1994-cü il tarixdən qüvvədə olan “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ilkin redaksiyasında müharibə veteranları üçün mənzil, rabitə və kommunal xidmətləri haqqının ödənilməsinə görə güzəştlərin verilməsi nəzərdə tutulmuş, sonradan həmin maddəyə bir neçə dəfə müvafiq dəyişikliklər edilmiş (02 may 1995-ci il tarixli 1029 nömrəli, 20 iyun 1995-ci il tarixli 1067 nömrəli və 15 noyabr 2001-ci il tarixli 214-İİQD nömrəli Qanunlarla) və sonuncu dəyişikliyə əsasən bu güzəştlər müavinətlə əvəz olunmaqla, maddənin hazırkı redaksiyası belədir: “İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddəsinin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir”. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2001 -ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana xx.xx.2005-ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. Nəhayət, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Qanunvericiliyin müxtəlif normalarında veteranların bu güzəştlərdən istifadə edə bilməsi imkanı veteran vəsiqəsinin alınması anı ilə şərtləndirilmişdir. Vəsiqənin, yəni veteran adının almağın önəmli olduğu “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə, veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Müharibə veteranın adının verilməsi Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 4-cü maddəsinə görə, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən həyata keçirilir. Veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. İşə baxan məhkəmələr “Sosial müavinətlər haqqında" Qanunun 9 1 -ci maddəsində nəzərdə tutulan “ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə” müddəasına əsaslanmaqla, həmin müavinətlərin şəxsin müharibə veteranı statusunu aldığı vaxtdan, yəni müvafiq müavinəti almaq hüququnun yarandığı gündən əvvəlki üç il üçün də ödənilməli olmasını qət edirlər ki, bu da sözügedən maddi hüquq normasının məhkəmələr tərəfindən səhv təfsir və tətbiq edilməsinin nəticəsidir. Maddənin dispozisiyasından göründüyü kimi, qanunvericilik müharibə veteranları üçün aylıq müavinətlərin ödənilməsini buna görə nə vaxt müraciət edilməsindən asılı olmayaraq birmənalı şəkildə Qanunun qüvvəyə mindiyi gündən sonra həmin müavinəti almaq hüquqununu yarandığı günlə şərtləndirmişdir. Ona görə də, bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Bu mənada, iddiaçının müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki illərə görə sosial müavinət ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Veteran vəsiqəsi təqdim olunmamışdan əvvəlki dövr üzrə müavinətlərin ödənilməsi konstitusion prinsiplərin pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Məhkəmə qərarı qəbul edilərkən yuxarıda qeyd olunanların nəzərə alınmasını və İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “müavinətin ödənilməsi” tələbinə dair iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 məhkəmə iclasında yazılı etiraza uyğun verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddia mümkündür. Belə ki, İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı hazırki tələblə bağlı əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İddia bu iddianı qaldırmağa subyektiv hüquqa malik olan şəxs tərəfindən, iddiaya cavab verməli olan inzibati orqana qarşı qaldırılmışdır. İş materiallarında olan: AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı Cəbrayıl rayonu, Qaracallı kəndində doğuluşdur. Cəbrayıl rayonu, Balyand ərazi dairəsi, Qaracallı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 032331 nömrəli vəsiqəsindən görünür ki, vəsiqənin sahibi, yəni İddiaçı müharibə veteranı üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Vəsiqə müddətsiz və Azərbaycan Respublikası ərazisində qüvvədədir. Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin AA seriyalı 450997 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Ziyafət oğlu 1993-cü ildə daimi yaşayış yeri olan ünvan 1 ünvanına məskunlaşmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzinn xx.xx.2022-ci il tarixli, **********6 nömrəli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sisteminin sosial ödənişlər altsisteminə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən müharibə veteranlarına (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə) aylıq 80 (səksən) manat məbləğində Prezident təqaüdü alır. İddiaçının hazırkı tələblə cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 08 avqust 2022ci il tarixli **********3 №li cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” xx.xx.2001-ci il tarixli 613 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 (əlli beş) min manat (2006-cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denaminasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli 641 nömrəli Fərmanına əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55.000 (əlli beş min) manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2019-cu il tarixindən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı müharibə veteranları üçün nəzərdə tutulan təqaüd xx.xx.2019-cu il tarixindən qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmişdir (Prezident təqaüdünün təsis edildiyi tarixdən). İddiaçının müraciəti ilə əlaqədar sözügedən müavinət növü təğv edildiyi üçün iddiaçıya ərizəsində qeyd etdiyi dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmənin müvafiq sorğularına əsasən; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xaçmaz rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 160-18722-1222 nömrəli məktubundan görünür ki, İddiaçı DİN tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 032331 nömrəli veteranlıq vəsiqəsinə əsasən Xaçmaz RPŞ tərəfindən 2018-ci ilin may, iyun aylarında 49,50 manat, 2018-ci ilin iyun ayından 2019-cu ilədək 54,45 manat və 2019-cu ilin yanvar ayından 2019-cu ilin mart ayınadək 55,00 manat, cəmi 590,70 (beş yüz doxsan manat yetmiş qəpik) manat veteranlığa görə vəsait ödənilmişdir. - DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubla məhkəməyə təqdim edilmiş İddiaçı müavinət işində olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sisteminin sosial ödənişlər altsistemindən çıxarılmış xx.xx.2019-cu il tarixli, ******* nömrəli elektron ərizədə görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli 7303 nömrəli qərar ilə xx.xx.2019-cu il tarixdən 80 manat dəyərində “Müharibə veteranlarına Azərbaycan Respublikasının təqaüdü” hesablanmışdır. - İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Cəbrayıl rayon şöbəsinə ünvanladığı “sosial müavinət və təqaüd təyin edilməsi barədə” xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, İddiaçı ona müharibə veteranı olduğuna görə müavinət (təqaüd) təyin edilməsini və təyin olunacaq müavinətin X5 filialına köçürülməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xaçmaz rayon Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli, 160-22118-1229 nömrəli arayışından görünür ki, həqiqətən İddiaçı Xaçmaz rayon Polis Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixə qədər Müharibə veteranlığına görə 55,00 (əlli beş) manat müavinət ödənilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə, sosial müavinətlər–bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Qanunvericiliyin istinad olunan müddəaları ilə bağlı olaraq məhkəmə qeyd edir ki, ilk növbədə şəxsin müharibə veteranı statusu alması ilə, bu statusdan irəli gələn hüquq, güzəşt və imtiyazlardan istifadəsi imkanları fərqləndirilməlidir. Yuxarıda qeyd olunan “Veteranlar haqqında” Qanunun 2-ci maddəsindən də göründüyü kimi veteranlar haqqında qanunvericilik yalnız “Veteranlar haqqında” Qanunun özündən ibarət deyil, o, həmçinin bütün digər başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından da ibarətdir. Bu isə o deməkdir ki, veteranlar həmin statusu əldə etdikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş çoxşaxəli hüquq, güzəşt və imtiyazlardan istifadə imkanları qazanırlar. Müvafiq olaraq sözügedən hüquq, güzəşt və imtiyazlardan da məhz onların təsbit olunduğu qanunvericiliyin müəyyən etdiyi qaydaya uyğun istifadə edə bilərlər. Həmin hüquqi mövqeyinə uyğun olaraq məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi “Sosial müavinətlər haqqında” Qanundan irəli gələn müavinətin alınması ilə bağlı olduğundan bu tələbin əsaslılığına, o cümlədən əsaslı olduğu halda, müavinətin hansı tarixdən təyin edilməli və hansı dövrlər üzrə ödənilməli olduğuna dair məsələyə “Veteranlar haqqında” Qanunun normalarına görə deyil, məhz həmin sosial müavinətin verilməsi məsələsini həll edən xüsusi qanun kimi çıxış edən “Sosial müavinətlər haqqında” Qanunun normalarına əsasən qiymət verilməlidir. Məhkəmə hesab edir ki, müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etdiyi üçün “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteranı sayılmış və ona bu hüququ təsdiq edən müvafiq vəsiqə verilmişdir. Lakin o, müharibə veteranı kimi hüquqlarını həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirməyə başlasa da, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsini tələb edə bilər. Nəzərə almaq lazımdır ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə ilə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir–yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsas verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Hazırkı işin hallarından isə müəyyən olunur ki, iddiaçıya müharibə veteranı vəsiqəsi 12 may 2018-cı il tarixdə Daxili İşlər Nazirliyi tərəfindən verilmiş və həmin tarixdən müavinət ödənilməyə başlanılmışdır. 2019-cu ilin mart ayından sonra İddiaçı müavinətlərin ödənilməsi hazırki cavabdeh DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdən iddiaçıya müavinət təyin edilmiş, lakin müharibə vəsiqəsi verildiyi tarixdən, yəni xx.xx.2018-ci ildən əvvəlki üç il müddət üçün müavinətlərin ödənilməsindən imtina edilmişdir. Buna görə də, əvvəlki üç il üçün müavinətin ödənilməsi öhdəliyini cavabdehə həvalə edilməsini tələb etməkdə iddiaçı haqlıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona əvvəlki üç il üçün müavinətin ödənilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Veteranlar haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunları ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2018-ci il tarixdən əvvəlki üç il üçün yəni xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müharibə veteranı kimi ödənilməli olan müavinət pulunun ödənilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1967-ci il təvəllüdlü İddiaçı xx.xx.2018-ci il tarixdən əvvəlki üç il üçün yəni xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müharibə veteranı kimi ödənilməli olan müavinət pulunun ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-7505/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7505/2022
25.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver