Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7508/2025 18.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclasının katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" MTK) qarşı “çıxarışın və texniki pasportun verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu,Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış massivində inşa edilən 13 mərtəbəli yaşayış binasının 2-ci girişində, 6-cı mərtəbəsində yerləşən 2 otaqdan ibarət, ümumi sahəsi 112 kv.m., yaşayış sahəsi 49,9 kv.m. olan 111 saylı mənzilinə dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə qərardadı ilə "xxxx" MTK üçüncü şəxs qismində işə cəlb edilmişdir.
3. Məhkəmə qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “ünvan 1 ünvanında yerləşən yaşayış massivində inşa edilən 13 mərtəbəli yaşayış binasının 2-ci girişində, 6-cı mərtəbəsində yerləşən 2 otaqdan ibarət 111 saylı mənzilinə dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi dəqiqləşdirilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixdə "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış 024 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış massivində inşa edilən 13 mərtəbəli yaşayış binasının 2-ci girişində, 6-cı mərtəbəsində yerləşən 2 otaqdan ibarət, ümumi sahəsi 112 kv.m., yaşayış sahəsi 49,9 kv.m. olan 111 saylı mənzilinin tikilib təhvil verilməsi nəzərdə tutulmuşdur və mənzilin dəyəri tərəfindən tam ödənilərək, bu barədə ona xx.xx.2025-ci il tarixli 001 saylı maliyyə arayışı verilmişdir. Həmin mənzil hazırda mülkiyyətində olmaqla faktiki istifadəsindədir və mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüquqlarından istifadə edir. Bundan sonra mənzilin sahibi olaraq qanunun verdiyi hüquqdan istifadə etməklə sənədləri müvafiq qaydada hazırlayaraq çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu süni bürokratik əngəl yaratmaqla sadəcə imtina məktubu yazmaqla kifayətlənmişdir. Cavabdeh təşkilatın bu mövqeyini qeyri-qanuni hesab edərək və vətəndaşın hüquqlarının pozulmasına yönələn hərəkət kimi qiymətləndirərək məhkəmədə hazırki iddianı qaldırır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və müvafiq hərəkətlərin edilməsi vəzifəsi onun üzərinə qoyulmalıdır. Qanunvericilk müddəalarından göründüyü kimi, cavabdeh mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almalı olduğu halda, heç bir əsas olmadan bu hərəkətlərin edilməsindən imtina etmişdir. Göründüyü kimi, cavabdehin imtinası onun, ərizənin təmini yönündəki hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir.
5. Cavabdehin imtina məktubunda qeyd edilmişdir ki, “təqdim olunmuş layihəyə əsasən mənzil 3 (üç) otaqlı olsa da, İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman müvafiq mənzilin ümumi sahəsinin «31.3 kv.m. hissəsinin (sahəsi 21.8 kv.m. olan 1 otağı və sahəsi 9.5 kv.m. olan köməkçi sahəsi) qonşu mənzilə birləşdirildiyi və faktiki olaraq 2 (iki) otaqlı olduğu müəyyən edilmişdir. Qeyd olunan mənzilin faktiki vəziyyəti təqdim olunmuş layihə ilə uyğunsuzluq təşkil etdiyindən ərizənizin icrası mümkün olmamışdır.”
6. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, təqdim olunmuş layihəyə əsasən mənzil 3 (üç) otaqlı olsa da, İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman müvafiq mənzilin ümumi sahəsinin 31.3 kv.m. hissəsinin (sahəsi 21.8 kv.m. olan 1 otağı və sahəsi 9.5 kv.m. olan köməkçi sahəsi) qonşu mənzilə birləşdirildiyi və faktiki olaraq 2 (iki) otaqlı olduğu müəyyən edilmişdir. Qeyd olunan mənzilin faktiki vəziyyəti təqdim olunmuş layihə ilə uyğunsuzluq təşkil etdiyindən ərizənin icrası mümkün olmamışdır. Həmçinin mənzilin ümumi sahəsi sənəd üzrə 112 kv.m qeyd edilsə də, faktiki 107.1 kv.m təşkil etdiyi məlum olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 26.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilir.
7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2013-cü il tarixli 024 nömrəli məktubunda qeyd edilmişdir ki, kooperativ qismində çıxış edən "xxxx" MTK-i ilə payçı qismində çıxış edən İddiaçı arasında müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən “Kooperativ” Bakı şəhəri Binəqədi rayonu Musabəyov küç., 4-də yerləşən yaşayış massivində 111 saylı mənzilini təklif edir. “Payçı” isə bu müqavilə ilə müəyyən edilmiş qaydada 111 saylı mənzilinin tam dəyərini ödəyərək mənzili qəbul edir.
8. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MTK-nin xx.xx.2025-ci il tarixli 001 saylı maliyyə arayışında qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 13 mərtəbəli bina "xxxx" MTK-ya məxsusdur. Bu binanın 2-ci girişində 6-cı mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 112 kv.m olan 111 nömrəli mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur.
9. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MTK-nin üzvlərinin ümumi yığıncağının xx.xx.2025-ci il tarixli 001 saylı protokolunda qeyd edilmişdir ki, İddiaçı kooperativə üzv qəbul olmaqla, MTK-nın ünvan 2 ünvanında yerləşən 13 mərtəbəli binanın 2-ci girişində 6-cı mərtəbəsində 2 otaqlı, ümumi sahəsi 112 kv.m., yaşayış sahəsi 49.9 kv.m olan 111 nömrəli mənzilin payçısı olması təsdiq edilmişdir.
10. Məhkəmə sorğusu əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təqdim edilmiş xx.xx.2019-ci il tarixli 038 nömrəli istismara icazə sənədində qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə. Rəsulzadə, Q.Musabəyov küçəsi 4 C, 3 girişli, 2 səviyyə zirzəmili, 13 mərtəbəli 250 mənzilli bina istismara verilmişdir.
11. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan ********** nömrəli çıxarışında qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 4 C, mənzil 39 dair xüsusi mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
12. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan ********** nömrəli çıxarışında qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 4 C, mənzil 114 dair xüsusi mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
13. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan ********** nömrəli çıxarışında qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi 4 C, mənzil 107-ə dair xüsusi mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
16. İddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.
17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
18. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
19. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
20. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1.6. Mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.
22. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri- yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2-ci maddəsinə əsasən Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
24. İddia tələbi ünvan 1 ünvanında yerləşən yaşayış massivində inşa edilən 13 mərtəbəli yaşayış binasının 2-ci girişində, 6-cı mərtəbəsində yerləşən 2 otaqdan ibarət 111 saylı mənzilinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsidir.
25. Cavabdehin imtinasının əsas dəlili ondan ibarətdir ki, təqdim olunmuş layihəyə əsasən mənzil 3 (üç) otaqlı olsa da, İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman müvafiq mənzilin ümumi sahəsinin 31.3 kv.m. hissəsinin (sahəsi 21.8 kv.m. olan 1 otağı və sahəsi 9.5 kv.m. olan köməkçi sahəsi) qonşu mənzilə birləşdirildiyi və faktiki olaraq 2 (iki) otaqlı olduğu müəyyən edilmişdir. Qeyd olunan mənzilin faktiki vəziyyəti təqdim olunmuş layihə ilə uyğunsuzluq təşkil etdiyindən ərizənin icrası mümkün olmamışdır.
26. Məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 3 ünvanında, çoxmərtəbəli kooperativ yaşayış binasında yerləşən 111 saylı mənzil "xxxx" MTK tərəfindən inşa edilmişdir. xx.xx.2025-ci il tarixli 001 nömrəli protokoldan çıxarışına əsasən iddiaçıya verilmiş, xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən iddiaçı mənzili "xxxx" MTK-dan əvəzini ödəməklə əldə etmiş, onun həmin daşınmaz əmlaka görə borcu yoxdur, mənzilin yerləşdiyi bina istismara qəbul edilmiş və müvafiq dövlət orqanları tərəfindən yaşayış binasının istismarına razılıq verilmişdir.
27. Məhkəmə hesab edir ki, mənzilin faktiki vəziyyətinin təqdim olunmuş layihə ilə uyğunsuzluq təşkil etməsi iddiaçının məsuliyyət dairəsi ilə əhatə olunmur və bu hal mənzilə hüquqların qeydiyyata alınmamasına əsas vermir.
28. Belə ki, iddiaçı vicdanlı alıcı kimi sözügedən ünvanda yerləşən 2 otaqdan ibarət 111 saylı mənzili qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında almış, dəyərini tam ödəmişdir. Layihədə uyğunsuzluğun aradan qaldırılması isə iddiaçının vəzifəsi deyil. Həmçinin qeyd edilməlidir ki, məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxs "xxxx" MTK məhkəmə iclaslarında iştirak etməmiş, onun mövcudluğu, fəaliyyət göstərməsi müəyyən edilməmişdir.
29. Odur ki, təqdim edilən sənədin həqiqiliyi şübhə doğurmadığından və mənzillə bağlı hər hansı mübahisə (üçüncü şəxslərin müraciəti) olmadığından, cavabdeh orqan tərəfindən mənzilin faktiki vəziyyəti təqdim olunmuş layihə ilə uyğunsuzluq təşkil etməsinə dair irəli sürdüyü dəlil daşınmaz əmlak üzərində hüquqların qeydə alınmasından imtina üçün əsas ola bilməz.
30. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
31. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: Xidmətin vəzifələri: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək;
32. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək;
33. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən yaşayış massivində inşa edilən 13 mərtəbəli yaşayış binasının 2-ci girişində, 6-cı mərtəbəsində yerləşən 2 otaqdan ibarət 111 saylı mənzilinə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva