Məhkəmə qərarları › İş №2-1(112)-7509/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7509/2025

17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7509/2025 17.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi X1 iştirakı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Bakı Şəhər İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı Trestinin bağ və binaların uzunmüddətli icarəyə verilməsi barədə xx.xx.1968-ci il tarixli, 16247 saylı müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 154 saylı 0,25 ha torpaq sahəsinin Dövlət reyestrində qeydə alınmaqla müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 154 saylı 0,25 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum Xandadaş Əlişan oğluna məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi dəqiqləşdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 154 saylı 0,25 ha torpaq sahəsi Bakı şəhər İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı Trestinin bağ və binaların uzunmüddətli icarəyə verilməsi barədə xx.xx.1968-ci il tarixli, 16247 saylı müqaviləsi ilə mərhum babası Xandadaş Əlişan oğlunun adına ayrılmışdır. Mərhum babası Xandadaş Əlişan oğlu xx.xx.1979-cu il tarixdə ölmüşdür. Onun ölümündən sonra miras qalmış 0,25 ha torpaq sahəsinin qəbul edilməsi ilə əlaqədar 26 saylı Notariat ofisinə müraciət etdi. Bakı şəhər 26 saylı notariat ofisinin xüsusi notariusu İ.B.Hüseynov tərəfindən onun mərhum babası Xandadaş Əlişan oğlunun vərəsəsi olmasına dair 062 saylı şəhadətnamə verilmişdir. Bakı şəhər 26 saylı notariat ofisi tərəfindən cavabdeh inzibati orqana miras qalmış əmlakın dövlət reyestrində mərhum Xandadaş Əlişan oğlunun adına qeydə alınmaqla müvafiq arayışın verilməsi ilə əlaqədar müraciət edilmişdir. Tərəfindən dəfələrlə miras qalmış əmlakın dövlət reyetrində qeydə alınmaqla müraciət etsə də, cavabdeh ərizəsini qəbul etmiş və ərizənin təmin edilməsindən imtina etmişdir, imtinaya səbəb bağ sahəsinin faktiki yerləşməsinin arxiv cizgi və bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi qeyd edilmişdir. Cavabdeh inzibati orqan qərəzli olaraq və hər hansı bir qanuni əsas olmadan ona məxsus olan torpaq sahəsini dövlət qeydiyyatına alınmaqdan imtina edir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, 1968-ci il tarixdən torpaq sahəsi onların sahiblik və istifadəsindədir. Onlara məxsus olan torpaq sahəsi başqa şəxslərə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmür və 1968-ci il tarixdə yerdə və naturada onlara təqdim edilmiş yerdə yerləşir. Hesab edir ki, cavabdeh inzibati orqanın yuxarıda qeyd olunan hərəkətləri qanunsuz hesab edilməli və tələbi üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir.

4. Cavabdehin iddiaçıya olan imtina məktubunda qeyd edilmişdir ki, “tərəfinizdən göstərilən bağ sahəsinin faktiki yerləşməsi arxiv cizgisi və bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi məlum olmuşdur.”

5. Cavabdehin iddiaya dair yazılı etirazını onunla əsaslandırılmışdır ki, bağ sahəsinin faktiki yerləşməsi arxiv cizgisi və bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

6. Bakı şəhər İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı Trestinin bağ və binaların uzunmüddətli icarəyə verilməsi barədə xx.xx.1968-ci il tarixli, 16247 saylı müqaviləsi əsasında Ləhiş qəsəbəsində yerləşən, 0,25 ha olan 154 saylı bağ sahəsi Xandadaş Əlişan oğluna icarəyə verilmişdir.

7. AZ-İ seriyalı 214781 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2006cı il tarixdə vəfat etmişdir.

8. Ədliyyə Nazirliyinin ünvan ünvanlandığı xx.xx.2021-ci il tarixli X-298 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri 26 saylı Notariat Ofisində xx.xx.1979-cu il tarixdə vəfat etmiş Xandadaş Əlişan oğlunun əmlakına dair vərəsəlik işi açılmış və onun vərəsəsi İddiaçı müəyyən edilmişdir. Vərəsəlik işi ilə əlaqədar olaraq, Bakı şəhəri İcraiyyə Komitəsinin Bağ təsərrüfatı Trestinin bağ və binaların uzunmüddətli icarəyə verilməsi barədə xx.xx.1968-ci il tarixli, 16247 nömrəli müqaviləyə əsasən Xandadaş Əlişan oğluna verilmiş Bakı şəhəri, Ləhiş bağları ünvanında yerləşən 0,25 ha torpaq sahəsindən ibarət olan 154 nömrəli bağa yeni çıxarışın verilməsi barədə göstəriş verilməsi xahiş edilmişdir.

9. Cavabdeh tərəfindən təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətinin əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktına qeyd edilmişdir ki, Bakı şəhəri Ləhiş bağ massivi 154 saylı bağ sahəsinin sərhədli mişar daşı ilə hasarlanmışdır. Bağ sahəsinin faktiki ölçüləri 0,2520 ha təşkil edir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

13. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

15. İddia mümkündür.

İİ. Məhkəmənin mövqeyi

16. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.1968-ci il tarixli 16247 saylı müqavilə əsasında Ləhiş bağlar massivində yerləşən ümumi sahəsi 0,25 ha olan 154 saylı bağ torpaq sahəsi Xandadaş Əlişan oğluna ayrılaraq onun istifadəsinə verilmişdir. Xandadaş Əlişan oğlunun xx.xx.1979-cu il tarixdə vəfat etməsi ilə əlaqədar Bakı şəhəri 26 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Notariat ofisi tərəfindən cavabdehə məktub ünvanlanaraq sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir.

17. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüqqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarrrında göstərilən qaydada başqa şəxslərə keçir.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.

20. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

21. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

22. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

23. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

24. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

25. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

27. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

28. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

29. Məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.1968-ci il tarixli 16247 saylı müqavilə əsasında Ləhiş bağlar massivində yerləşən ümumi sahəsi 0,25 ha olan 154 saylı bağ torpaq sahəsi Xandadaş Əlişan oğluna ayrılmışdır. (müqavilənin əslinə məhkəmə iclasında baxış keçirildi).

30. Cavabdehin imtina və etirazında göstərdiyi əsas dəlili ondan ibarətdir ki, bağ sahəsinin faktiki yerləşməsinin arxiv cizgisi və bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi məlum olmuşdur.

31. Məhkəmə cavabdehin göstərilən dəlilinə münasibətdə qeyd edir ki, bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi iddiaçının iradəsindən asılı deyil və bu uyğunsuzluğun aradan qaldırılması cavabdehin səlahiyyətindədir.

32. Bununla yanaşı qeyd edilməlidir ki, məhkəmə sorğusu nəticəsində əldə olunan bağ sahələrinin sxematik xəritəsinin və qonşuluqda yerləşən bağ sahələrinin ortofotosunun qarşılaşdırılması zamanı iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin “154” saylı bağ sahəsinə uyğunluğu müəyyən olunur.

33. İnzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü verilməlidir.

34. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: mətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

35. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

36. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

37. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

39. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 154 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum Xandadaş Əlişan oğluna məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar