Məhkəmə qərarları › İş №2-1(112)-751/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-751/2021

15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-751/2021 15.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı əmrin ləğvi, məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanması tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı Azərbaycan Respublikası Vergilər Nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanovun imzaladığı xx xxxxxx 2020-ci il tarixli, **********098100 saylı əmrin ona münasibətdə ləğv edilməsi və onun əvvəlki Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Vergi Auditi İdarəsinin Təmir-Tikinti Sahəsi üzrə Şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsinə bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx xxx 2020-ci il tarixli, **********477300 saylı əmrinin ləğv olunması, işə bərpa olunması və məcburi iş buraxdığı müddət üçün əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin Təmir-Tikinti Sahəsi üzrə Şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyirdi. Cavabdehin xx xxxxxx 2020-ci il tarixli, **********098100 saylı əmri ilə onun əmək müqaviləsinə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilərək 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. Əmrin verilməsinə əsas kimi Vergilər Nazirliyinin “Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərkib quruluşunda və ştat vahidlərinin bölgüsündə dəyişiklik edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********066100 nömrli əmri göstərilmişdir. Cavabdehin xx xxxxxx 2020-ci il tarixli, **********098100 saylı əmri ondan başqa 21 nəfər vergi əməkdaşı barədə olsa da, o, həmin əmrin özünə münasibətdə olan hissəsini mübahisələndirir və aşağıdakı əsaslara görə qanunsuz hesab edir. Belə ki, cavabdehin əmrdə istinad etdiyi “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”-nin 38-ci maddəsinə əsasən təşkilatiştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətdə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müraciət daxil edilmir. Həmin Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən işə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Qeyd edilən normaların dizpozisiyasına əsasən vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi nəzərdə tutulmuşdur. Bu xitamın əsasları isə konkret olaraq vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsinin qeyri-mümkünlüyü və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxsin imtina etməsi ilə şərtləndirilmişdir. Cavabdeh isə həmin normalara zidd olaraq onunla əmək müaviləsinə xitam verərək tutduğu vəzifədən azad etmişdir. Halbuki, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin qeyd edilən normalarında əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulmamışdır. Bu hal əmək qanunvericiliyinin müvafiq müddəaları ilə tənzimlənir. Bundan əlavə, cavabdeh əmrində vergi orqanlarında digər vəzifəyə keçirilməsinin qeyri-mümkünlüyünü əsaslandırmamışdır. Həmçinin də, ona heç bir vəzifəyə keçirilmə təklifi də, olunmamışdır ki, o, da ondan imtina etsin. Məlumat üçün bildirir ki, nə işlədiyi vəzifə, nə şöbə, nə də idarə ləğv olunmayıb ki, onun digər vəzifəyə keçirilməsi qeyri-mümkün və ya ümumiyyətlə labüd olsun. Əksinə “Vergirlər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərkib quruluşunda və ştat vahidlərinin bölgüsündə dəyişiklik edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********066100 nömrəli əmrlə işlədiyi şöbə üzrə işçi ştatı artırılmışdır. O, qeyd edilən əmrin ona münasibətdə olan hissəsinin tam əsassız olmasına dair xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə və Vergilər Nazirliyinə rəsmi ərizə ilə müraciət edərək, özü haqqında müəyyən məlumatları diqqətə çatdırmışdır. Belə ki, o, Azərbaycan Dövlət İqtisad Universitetinin həm bakalavr, həm də, magistr pilləsini (“Vergi və vergiqoyma” ixtisasının ilk məzunu olmaqla) fərqlənmə diplomları ilə bitirməklə xx.xx.2004-cü il tarixdən vergi orqanlarında çalışmışdır. İşlədiyi müddətdə təhsilini aspiranturada davam etdirərək “Azərbayccan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqamı”na əsaslanaraq “Regionların maliyyə resurslarının formalaşmasında stimullaşdırıcı vergi sisteminin tətbiqi problemləri” mövzusunda dissertasiya işini müdafiə etmişdir. Eyni zamanda, 2004-cü ildən 2014-cü ilədək müxtəlif ali tədris ocaqlarında “Vergi sistemi”, “Vergi və vergitutma”, “Vergi mədəniyyəti” və s. fənləri tədris etmişdir. Bundan əlavə, vergi orqanlarının işçiləri üzrə keçirilən 2 attestasiyadan ən yüksək nəticələr əldə etmiş, “Sahələr üzrə səyyar vergi yoxlamasının aparılması” sahəsi üzrə 94.8 faiz nəticə göstərməklə İ dərəcəli sertifikat almış, “Dövlət vergi oqanlarında auditin təşkili” mövzusunda keçirilən ixtisasartırma kursunda əla 97%) nəticə qazanmışdır. Bunlarla yanaşı bildirir ki, vergi orqanlarında işlədiyi 16 il ərzində heç bir inzibati tənbeh almamışdır. Qeyd edilən ərizədə onun hansı əsasla işdən azad edilməsi barədə məlumat verilməsinə və işə bərpa olunmasına köməklik gösətrilməsinə göstəriş verilməsini xahiş etsə də, hazırki vaxta kimi ona heç bir cavab verilməmişdir. Cavabdehlə bağlanmış əmək müqaviləsi əsasında əmək münasibətlərində olduğundan və onun xx xxxxxx 2020-ci il tarixli, **********098100 saylı əmrində həmin əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilməsi göstərilərkən Əmək Məcəlləsinin müvafiq maddəsinə istinad edilməsə də, o, sözügedən əmrdə qeyd edilən 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülməsinin göstərilməsini mücərrəd bir hal hesab edir. Belə ki, heç kim təminat verə bilməz ki, 3 ay sərəncam müddətindən sonra vergi orqanlarında təhsilinə, ixtisasına, elmi dərəcəsinə və təcrübəsinə uyğun işlə təmin ediləcək. Həm də, bu 3 ay müddəti gözləməməklə hazırda barəsində olan əmək müüqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilməsinə dair əmri mübahisələndirmək üçün Əmək Məcəlləsinin 296-cı maddəsinin dispozisiya şərtlərini pozmuş olur. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsinin həcminin artırılması barədə ərizəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdən 3 ay müddətə Dövlət Vergi Xidmətinin sərəncamında olmasına baxmayaraq həmin müddət bitdikdən sonra cavabdehin xx xxxxx 2020-ci il tarixli, **********467600 saylı əmrilə xx xxxxxx 2020-ci il tarixdən tutduğu vəzifədən kənar edilmiş hesab edilmişdir. Buna görə də, iddia ərizəsinə əlavə verərək, xx xxxxx 2020-ci il tarixli, **********467600 saylı əmrin də, ləğv edilməsini və əvvəlki iş yerinə bərpa olunmasını xahiş etmişdir. Bundan əlavə, cavabdeh xx xxx 2020-ci il tarixli, **********477300 saylı əmrlə onun vergi orqanlarında xidmətinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xx xxx 2020-ci il tarixdən xitam verib. Cavabdehin xx xxx 2020-ci il tarixli, **********477300 saylı əmri də, əsassız və qanunsuzdur. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilib ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqavilsəi işəgötürən tərəfindən ləğv edilə bilər. Lakin, o, Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan hallardan heç birinə yol verməmişdir. Cavabdehin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx xxxxx 2020-ci il tarixli məktubu preyudisial əhəmiyyət kəsb etmir və onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunması üçün əsas ola bilməz. Buna görə də, cavabdehin xx xxx 2020-ci il tarixli, **********477300 saylı əmri ləğv olunmalıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etiraza görə, İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2020-ci il tarixədək vergi orqanlarında müxtəlif vəzifələrdə çalışmış və xx.xx.2020-ci il tarixli əmrlə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin Təmir-Tikinti Sahəsi üzrə Şöbəsində tutduğu böyük dövlət vergi müfəttişi vəzifəsindən azad edilmişdir. Cavabdeh Dövlət Vergi Xidmətinə qarşı olan iddiasına əsas olaraq Əmək Məcəlləsinin 12-ci maddəsinin tələblərini pozmadığını və həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olduğunu gətirmişdir. Bununla bağlı bildirirlər ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2019-cu il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən “X6 Tax and Consulting” MMC-də (VÖEN: **********) vergi nəzarəti tədbiri keçirilmişdir. Vergi nəzarəti tədbiri zamanı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin Təmir-Tikinti Sahəsi üzrə Şöbəsinin böyük dövlət vergi müfəttişi İddiaçı müxtəlif vergi ödəyicilərinə dair kommersiya sirri təşkil edən məlumatları smartfon və digər üsullarla cəmiyyətin direktoru X2 göndərdiyi müəyyən edilmişdir. Belə ki, “xxxx” QSC-nin (VÖEN: **********) Axtarış-Hesabat sistemindən əldə edilmiş, əvəzləşdirilmiş VHF-lar barədə excell fayllarının 2018-ci ilin may ayında, “xxxx” MMC-nin (VÖEN: **********), “xxxx” MMC-nin (VÖEN: **********), “xxxx” ASC-nin (VÖEN: **********), fiziki şəxs X3 (VÖEN: **********), “xxxx” MMC-nin (VÖEN: **********), “xxxx” MMC-nin (VÖEN: **********), “xxxx” MMC-nin (VPEN:**********), “xxxx” MMC-nin (VÖEN: **********) bəyannamə məlumatlarının, o cümlədən hüquqi şəxslərin kommersiya sirrini təşkil edən məlumatların (onların bank hesabları, təsisçilərinin adları barədə məlumatların) 2019-cu ilin fevral-may ayrlarında Whatsapp proqramı vasitəsilə R.Əlizadəyə göndərdiyi müəyyən edilmişdir. Bundan başqa, R.Əlizadə tərəfindən “xxxx” MMC (VÖEN: 2********) və “xxxx” MMC (VÖEN: **********) ilə bağlı İddiaçı etdiyi xahişləri onun yerinə yetirdiyi məlum olmuşdur. Belə ki, “Vergi borcunun olmaması barədə” arayışın “xxxx” MTK-ya (VÖEN: **********) təqdim edilməsinə dair cəmiyyətin xx.xx.2018-ci il tarixli, **********7277500 nömrəli eyni məzmunlu təkrar müraciətini icra etməmək üçün İddiaçı R.Əlizadədən xx.xx.2018-ci il tarixli, **********919700 nömrəli məktubu vergi orqanına göndərməsi məqsədli xahiş etdiyi və R.Əlizadə tərəfindən bu xahişin yerinə yetirildiyi müəyyən edilmişdir. Yazışmalar zamanı eyvan və lift şaxtalarının sahələrini vergi orqanına bəyan etməməklə “xxxx” MTK-nın (VÖEN:**********) bina tikintisi üzrə sadələşdirilmiş vergilərinin azaldılması üçün R.Əlizadənin İddiaçıla müzakirələr apardığı aşkarlanmışdır. İddiaçı xx.xx.2020-ci il tarixli izahatında R.Əlizadəyə məlumatlar ötürməsi ilə bağlı faktları etiraf etmiş, lakin, həmin məlumatların hansı məqsədlə göndərilməsinə dair suallara qeyri-səmimi cavab verərək, R.Əlizadənin audit xidmətləri göstərdiyi üçün həmin məlumatların hesabatların təqdim edilməsi və vergilərin düzgün hesablanması üçün istədiyini düşündüyü üçün həmin məlumatları təqdim etdiyini bildirmişdir. Bununla bağlı ilk növbədə qeyd edirlər ki, kommersiya (vergi) sirri təşkil edən məlumatlar hər hansı formada üçüncü şəxslərə ötürülməməlidir. Əlavə olaraq qeyd olunmuşdur ki, konsaltinq və ya audit xidməti ilə məşğul olan hüquqi və ya fiziki şəxslərin iş prinsipi etibarı ilə müştərilərinin bütün müvafiq məlumatlarına çıxış imkanı mövcuddur. Hər hansı əlavə məlumatların əldə olunmasına zərurət yarandığı hallarda isə onların müvafiq orqanlara rəsmi qaydada müraciət etmək səlahiyyəti vardır. Həmçinin, İddiaçı vergi ödəyicisinin vergidən yayınmasına şərait yaratmaq üçün R.Əlizadəyə məsləhət vermiş, həmçinin məlumat bazasına olan giriş hüquqlarından xidməti fəaliyyətlə bağlı deyil, öz şəxsi məqsədləri üçün istifadə etmişdir. Başqa sözlərlə ifadə edilsə, İddiaçı öz hərəkətləri ilə vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, kommersiya və (və ya) vergi sirri təşkil edən məlumatları üçüncü şəxslərə məqsədyönlü şəkildə ötürməklə ciddi qanun və intizam pozuntusuna yol vermişdir. Bununla da, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “d” bəndinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 31.0.1-ci, 30.3-cü və 31.0.1-ci maddələrinin, Azərbaycan Respublikasının xx xxxx 2001-ci il tarixli, 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 10-cu bəndinin 3-cü hissəsinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2015-ci il tarixli, **********840800 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.12.1-ci yarımbəndinin, xx.xx.2014-cü il tarixli, **********035000 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında məlumatların təhlükəsizliyinin qorunması və iş yerlərindən təhlükəsiz istifadənin təmin edilməsi Qaydaları”nın 5.9-cu bəndinin və xx.xx.2006-cı il tarixli, **********737600 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında daxili xidməti intizam Qaydalar”ının 4.10-cu bəndinin tələblərini pozmuşdur. Belə ki, Əmək Məcəlləsinin 10-cu maddəsinin “d” bəndinə əsasən dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biridir. Vergi Məcəlləsinin 30.1-ci maddəsinə əsasən vergi orqanları və onların vəzifəli şəxsləri (vergi orqanlarında işlədikləri dövrdə və ya işdən çıxdıqdan sonra qanunvericiliklə müəyyən edilmiş müddətdə) xidməti vəziflərini yerinə yetirərkən, vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı məlumatın məxfiliyinin qorumağa borcludurlar. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən vergi ödəyicisinin kommersiya sirrini təşkil edən məlumatlar və ya vergi sirri vergi orqanları, onların vəzifəli şəxsləri tərəfindən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, açılmamalıdır. Kommersiya və (və ya) vergi sirrinin açılmasına əsas etibarilə, ancaq bununla məhdudlaşmayan, vergi yoxlaması zamanı vəzifələrin yerinə yetirərkən vergi orqanının vəzifəli şəxsinə, cəlb edilmiş mütəxəssisə və ya ekspertə bəlli olmuş vergi ödəyicisinin kommersiya və (və ya) vergi sirrinin istifadə edilməsi və ya başqa şəxsə verilməsi aiddir. Məcəllənin 30.5-ci maddəsinə əsasən kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların itirilməsi və yaxud belə məlumatların açılması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Həmçinin Vergi Məcəlləsinin 31.01.1-ci maddəsinə əsasən bu Məcəlləyə və Azəbraycan Respublikasının digər qanunlarına ciddi riayət etmək vergi orqanlarının vəzifəli şəxslərinin vəzifəsidir. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 10-cu bəndinin 3-cü hissəsinə əsasən vergi orqanlarının vəzifəli şəxslərinin üçüncü şəxslərə qanunvericilikdə nəzərdə tutulmayan hər hansı bir yardım göstərməyə ixtiyarı yoxdur. “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.12.1-ci yarımbəndinə əsasən əməkdaş xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları vəzifə funksiyalarının icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməli, istifadəsində olan Nazirlik tərəfindən ümumi şəbəkəyə qoşulmuş və ya qoşulmamış xidməti elektron informasiya vasitələrindəki məlumatları oxumalı, xidməti istifadəsindəki şifrələri digər şəxslərə verməməli və digər şəxslərin xidməti istifadəsindəki şifrələrdən istifadə etməməlidir. “Vergi orqanlarında məlumatların təhlükəsizliyinin qorunması və iş yerlərindən təhlükəsiz istifadənin təmin edilməsi Qaydaları”nın 5.9cu bəndinə əsasən vergi orqanlarının əməkdaşları nazirlik üzrə ümumi şəbəkəyə qoşulmuş və ya qoşulmamış kompüterlərdəki məlumatları qorumağa, öz şəxsi maraqları naminə, habelə öz vəzifə öhdəliklərinin icra edilməsi ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməyə borcludurlar. “Dövlət vergi orqanlarında daxili xidməti intizam Qaydaları”nın 4.10-cu bəndinə əsasən vergi orqanlarının vəzifəli şəxsləri (və ya əməkdaşları) vəzifələrinin icrası ilə əlaqədar vergi ödəyicilərinə dair onlara məlum olan kommersiya sirrinin məxfiliyini təmin etməlidirlər. Kommersiya sirrinin yayılması, şəxsi maraq üçün istifadə edilməsi yolverilməzdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “d” bəndinə əsasən qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Göründüyü kimi, İddiaçı iddia ərizəsində gətirdiyi dəlillər əsassızdır. Bu isə öz növbəsində onun işə bərpa olunmasına dair iddia tələbinin rədd edilməsi üçün kifayət qədər əsasın olduğuna dəlalət edir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqiləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********3689 nömrəli qərarın surətindən görünür ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini tərəfindən çıxarılmış xx.xx.2019-cu il tarixli, **********3669 nömrəli qərarı əsasında “X6 Tax and Consulting” MMC-də (VÖEN: **********) keçirilən operativ vergi nəzarəti zamanı müəyyən edilmişdir ki: yoxlama predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan sənədlərin əlavə araşdırılmasına zərurət yarandığından, “Nəzarət kitabçası”, şəxsiyyət vəsiqəsinin surəti, fəaliyyətini həyata keçirdiyi obyekt barədə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədləri, gəlir və xərcin uçotuna dair mühasibatlıq sənədləri, həmin sənədlərin elektron daşıyıcıda surətləri, kompüter prosessorlarının, noutbukların, fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi bildirişlərinin ƏƏSMN-nin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, xidmət müqavilələri, digər zəruri sənədlər və əşyalar vergi qanunvericiliyinin pozulması halları olduğuna, onların öyrənilməsinə əlavə vaxt tələb olunduğuna və bu pozuntular bilavasitə əşyalarla bağlı olduğuna görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələri əsas tutularaq, “X8 Tax and Consulting” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) “Nəzarət kitabçası”, şəxsiyyət vəsiqəsinin surəti, fəaliyyətini həyata keçirdiyi obyekt barədə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədləri, gəlir və xərcin uçotuna dair mühasibatlıq sənədləri, həmin sənədlərin elektron daşıyıcıda surətləri, kompüter prosessorlarının, noutbukların, fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi bildirişlərinin ƏƏSMN-nin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, xidmət müqavilələri,digər zəruri sənədlər və əşyalar götürülməsi həyata keçirilsin. Əşyaların nümunə kimi götürülməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43-cü maddəsinin müddəalarına uyğun olaraq həyata keçirilsin. İşdə olan digər sənədlərdən görünür ki, yuxarıda qeyd edilən qərarın icrası ilə bağlı “X6 Tax and Consulting” Məhdud Məsuliyyətli Cəmiyyətinə **********3686 nömrəli tələbnamə göndərilmiş, sənədlərin və nümunə kimi əşyaların götürlməsi haqqında VN seriyalı, 000253 nömrəli protokol tərtib edilmişdir. İşdə olan Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəisi, 3cü dərəcəli dövlət ədliyyə müşaviri tərəfindən Vergilər nazininin müavini 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Mətin Eynullayevə ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********929100 nömrəli “Qanunamüvafiq tədbirlərin görülməsi barədə” xidməti məruzədən görünür ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsində göstərilən hallar xidməti məruzədə öz əksini tapmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli İddiaçı izahatından görünür ki, ona məlumatların hansı məqsədlə göndərilməsinə dair suallar verilmiş, o, R.Əlizadənin həmin məlumatların hesabatların təqdim edilməsi və vergilərin düzgün hesablanması üçün istədiyini düşündüyü üçün həmin məlumatları təqdim etdiyini bildirmiş, ümumiyyətlə Rahim Əlizadəyə sənədləri göndərməyinin səhv addım olduğunu etiraf etmiş, lakin, bir daha bildirmiş ki, bu məlumatların yalnız vergilərin hesablanması və ödənilməsində istifadə olunacağını düşünmüş və uzun müddət tanıdığı bir dost kimi onun işində kömək olacağını fikirləşmişdir. Vergidən yayınma ilə bağlı ona heç bir köməklik göstərməmiş və belə niyyəti olmamışdır. İşlədiyi vergi orqanında çalışdığı müddətdə həmişə orqanın adını yüksək tutumuş və vəzifəsinə hörmətsizlik etməmişdir. Vergi orqanının hərəkətlərinə xələl gətirən hərəkətləri olmamışdır. Vergi orqanında uzun müddət (15 ildən artıq) işlədiyini, habelə bu sahədə elmi dərəcə almış (elmlər namizədi) şəxs olduğunun nəzərə alınmasını xahiş edərək, səhvinin bağışlanmasını xahiş etmişdir. İzahatının ona heç bir fiziki və psixoloji təzyiq göstərilmədən tərəfindən yazıldığını, izahatının doğruluğunu imzası ilə təsdiq edərək və izahatında göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İzahatına heç bir əlavəsinin olmadığını bildirmişdir. İşdə olan Vergilər nazirinin birinci müavininin **********066100 nömrəli, xx.xx.2020-ci il tarixli “Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərkib quruluşunda və ştat vahidlərinin bölgüsündə dəyişiklik edilməsi haqqında” əmrinin surətindən görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərkib quruluşu, ştat vahidlərinin sayı və bölgüsü bu əmrin əlavəsinə uyğun olaraq yenidən təsdiq edilməsi barədə əmr qəbul edilmişdir. İşdə olan Vergilər nazirinin birinci müavininin xx.xx.2020-ci il tarixli, **********098100 nömrəli “Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında” əmrinin surətindən görünür ki, həmin əmrin 11-ci bəndinə əsasən İddiaçı (vergi xidməti müşaviri) Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin Təmir-Tikinti sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi ilə bağlanmış əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək tutduğu vəzifdən azad edilməsi və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülməsi barədə əmr qəbul edilmişdir. İşdə olan Vergilər nazirinin birinci müavininin xx.xx.2020-ci il tarixli, **********467600 nömrəli “Əmrə dəyişiklik edilmə və tutduğu vəzifədən müvəqqəti kənar edilmə haqqında” əmrinin surətindən görünür ki, Vergilər Nazirliyinin “Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında” xx.xx.2020-ci il tarixli, **********098100 nömrəli əmrinin İddiaçı aid olan 11-ci bəndinin ləğv edilməsi, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin Təmir-tikinti sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi İddiaçı “Dövlət Vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 41-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən müvəqqəti olaraq tutduğu vəzifədən kənar edilmiş hesab edilməsi barədə əmr qəbul edilmişdir. İşdə olan Dövlət Vergi Xidmətinin rəis müavininin **********477300 nömrəli, xx.xx.2020-ci il tarixli “intizam tənbehi tədbiri ilə dövlət vergi orqanlarında xidmətə xitam verilməsi haqqında” əmrin surətindən görünür ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Xəqani İsgəndərov xx.xx.2020-ci il tarixli xidməti məktubla müraciət edərək, xx.xx.2019-cu il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara əsasən “X6 Tax and Consulting” MMC-də (VÖEN: **********) vergi nəzarəti tədbiri keçirildiyini, vergi nəzarəti tədbiri zamanı əldə olunan sənədlərdən bir sıra vergi orqanı əməkdaşlarının, o cümlədən Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər baş idarəsinin Vergi Auditi İdarəsinin Təmir- Tikinti sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi İddiaçı müxtəlif vergi ödəyicilərinə dair kommersiya sirri təşkil edən məlumatları smartfon və digər üsullarla cəmiyyətin direktoru X2 göndərdiyinin müəyyən edildiyini bildirmişdir. Aparılan araşdırma zamanı, İddiaçı izahatında R.Əlizadəyə məlumatlar ötürməsi ilə bağlı faktları etiraf etsə də, ona köməklik göstərməklə qarşılığında qazanc əldə etməsi ilə bağlı verilən sualları qeyri-səmimi cavablandırmışdır. Beləliklə, İddiaçı vergi ödəyicisinin vergidən yayınmasına şərait yaratmaq üçün R.Əlizadəyə məsləhət vermiş, həmçinin məlumat bazasına olan giriş hüquqlarından xidməti fəaliyyətlə bağlı deyil, öz şəxsi məqsədləri üçün istifadə etmişdir. Bununla da, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “d” bəndinin, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 30.1-ci, 30.3-cü və 31.0.1-ci maddələrinin, Azərbaycan Respublikasının xx xxxx 2001-ci il tarixli, 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 10-cu maddəsinin 3-cü hissəsinin, Azərbaycan Respubliaksı Vergilər Nazirliyinin xx.xx.2015-ci il tarixli, **********840800 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları əməkdaşlarının etik davarnış Qaydaları”nın 3.12.1-ci yarımbəndinin, xx.xx.2014-cü il tarixli, **********035000 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında məlumatların təhlükəsizliyinin qorunması və iş yerlərindən təhlükəsiz istifadənin təmin edilməsi Qaydaları”nın 5.9-cu bəndinin və xx.xx.2006-cı il tarixli, **********737600 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında daxili xidməti intizam Qaydaları”nın 4.10-cu bəndinin tələblərini pozmuşdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2020ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 5.5.1-ci və 5.5.9-cu bəndlərini rəhbər tutaraq, İddiaçı (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin Təmir-tikinti sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi) vergi orqanlarında xidmətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xx xxx 2020-ci il tarixdən xitam verilmişdir. Əmrə əsas kimi Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********929100 nömrəli xidməti məruzəsi göstərilmişdir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli təhvil-təslim aktının və ona əlavə edilmiş siyahının surətindən görünür ki, Vergilər nazirinin birinci müavininin xx xxxxxx 2020-ci il tarixli, **********098100 nömrəli əmrinin icrası ilə əlaqədar akta əlavə olunmuş siyahıda qeyd olunan sənədlər, inventar, avadanlıq və ofis ləvazimatı (1 ədəd xidməti vəsiqə, 1 ədəd tanınma nişanı, 1 ədəd monitor və prosessor) bu aktda sabiq əməkdaş qismində qeyd olunan şəxsdən təhvil alınmışdır. İşdə olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş DVD-RW formatlı diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsində və xidməti məruzədə göstərilən hallarla bağlı sübutlar DVD-RW formatlı diskdə mövcuddur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2019-cu il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən “X6 Tax and Consulting” MMC-də (VÖEN: **********) vergi nəzarəti tədbiri keçirilmişdir. Vergi nəzarəti tədbiri zamanı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin Təmir-Tikinti Sahəsi üzrə Şöbəsinin böyük dövlət vergi müfəttişi İddiaçı müxtəlif vergi ödəyicilərinə dair kommerasiya sirri təşkil edən məlumatları smartfon və digər üsullarla cəmiyyətin direktoru X2 göndərdiyi müəyyən edilmişdir. Həmin hal, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş, kifayət qədər mötəbər sübutlarla (iş materiallarına əlavə olunmuş DVD-RW formatlı disklə) sübuta yetirilmişdir. İddiaçı xx xxxxxx 2020-ci il tarixli yazılı izahatında Rahim Əlizadəyə sənədləri göndərməyinin səhv addım olduğunu etiraf etmiş, lakin, bir daha bildirmiş ki, bu məlumatların yalnız vergilərin hesablanması və ödənilməsində istifadə olunacağını düşünmüş və uzun müddət tanıdığı bir dost kimi onun işində kömək olacağını fikirləşmişdir. Göründüyü kimi, İddiaçı məlumat bazasına olan giriş hüquqlarından xidməti fəaliyyəti ilə bağlı deyil, öz şəxsi məqsədləri üçün istifadə etdiyini (öz izahatına görə, dost kimi köməklik etmək məqsədilə) etiraf etmişdir. İddiaçı vəzifə səlahiyyətlərindən istifadə edərək, kommersiya və (və ya) vergi sirri təşkil edən məlumatları (vergi ödəyicilərinə dair bank rekvizitləri, ödəniş qəbzləri, kommersiya hüquqi şəxslərin təsisçiləri (işttirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar və s.) R.Əlizadəyə ötürməklə ciddi qanun və intizam pozuntusuna yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 30.1-ci maddəsinə əsasən Vergi orqanları və onların vəzifəli şəxsləri (vergi orqanlarında işlədikləri dövrdə və ya işdən çıxdıqdan sonra) xidməti vəzifələrini yerinə yetirərkən, vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı məlumatın məxfiliyini qorumağa borcludurlar. Həmin Məcəllənin 30.2-ci bəndinə əsasən Aşağıdakı məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur: 30.2.1. vergi ödəyicisinin razılığı ilə aşkar edilən; 30.2.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında; 30.2.3. müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında; 30.2.4. vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında; 30.2.5. vergi ödənişləri üzrə borclar: 30.2.6. hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla). 30.2.7. vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olub-olmaması haqqında; 30.2.8. bu Məcəllənin 16.3-cü maddəsinə uyğun olaraq vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının dayandırılıb-dayandırılmaması haqqında; 30.2.9. vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmaması haqqında. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vergi ödəyicisinin kommersiya sirrini təşkil edən məlumatlar və ya vergi sirri vergi orqanları, onların vəzifəli şəxsləri tərəfindən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, açılmamalıdır. Kommersiya və (və ya) vergi sirrinin açılmasına əsas etibarilə, ancaq bununla məhdudlaşmayan, vergi yoxlaması zamanı vəzifələrini yerinə yetirərkən vergi orqanının vəzifəli şəxsinə, cəlb edilmiş mütəxəssisə və ya ekspertə bəlli olmuş vergi ödəyicisinin kommersiya və (və ya) vergi sirrinin istifadə edilməsi və ya başqa şəxsə verilməsi aiddir. Həmin Məcəllənin 30.5-ci maddəsinə əsasən kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların itirilməsi və yaxud belə məlumatların açılması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 30.0.1-ci maddəsinə əsasən bu Məcəlləyə və Azərbaycan Respublikasının digər qanunlarına ciddi riayət etmək Vergi orqanlarının vəzifəli şəxslərinin aşağıda göstərilən vəzifələri vardır. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 10-cu bəndinin 3-cü hissəsinə əsasən vergi orqanlarının vəzifəli şəxslərinin üçüncü şəxslərə qanunvericilikdə nəzərdə tutulmayan hər hansı bir yardım göstərməyə ixtiyarı yoxdur. İddiaçı tərəfindən məhkəmə araşdırması zamanı R.Əlizadəyə “xxxx” MTK , “xxxx” MMC, “xxxx” MMC, X4, “xxxx” MMC, “xxxx” MMC, “xxxxfirması” MMC, “xxxx” MMC, “xxxx” MTK, “xxxx” ASC, “xxxx” MTK tərəfindən Vergilər Nazirliyinin və digər dövlət qurumlarının strukturlarında, məhkəmələrdə onları təmsil etmək, zəruri sənədlərin qəbulu və təqdim edilməsi, imzalanması, müəsissəyə vergi, mühasibat və konsaltinq xidmətlərinin göstərilməsi, zəruri arayış və izahatların təqdim edilməsi, izahat və ifadə verilməsi barədə səlahiyyətli nümayəndə kimi etibarnamələr təqdim edilmişdir. Lakin, iş materiallarında həmin vergi ödəyiciləri tərəfindən onlara məxsus kommersiya sirlərinin vergi orqanının vəzifəli şəxsləri tərəfindən istifadə edilməsinə dair razılıq ərizələri aşkar edilməmişdir. “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.12.1-ci yarımbəndinə əsasən əməkdaş xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları vəzifə funksiyalarının icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməli, istifadəsində olan Nazirlik tərəfindən ümumi şəbəkəyə qoşulmuş və ya qoşulmamış xidməti elektron informasiya vasitələrindəki məlumatları orumalı, xidməti istifadəsindəki şifrələri digər şəxslərə verməməli və digər şəxslərin xidməti istifadəsindəki şifrələrdən istifadə etməməlidir. “Vergi orqanlarında məlumatların təhlükəsizliyinin qorunması və iş yerlərindən təhlükəsiz istifadənin təmin edilməsi Qaydaları”nın 5.9-cu bəndinə əsasən vergi orqanlarının əməkdaşları nazirlik üzrə ümumi şəbəkəyə qoşulmuş və ya qoşulmamış kompüterlərdəki məlumatları qorumağa, öz şəxsi maraqları naminə, habelə öz vəzifə öhdəliklərinin icra edilməsi ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməyə borcludurlar. “Dövlət vergi orqanlarında daxili xidməti intizam Qaydaları”nın 4.10-cu bəndinə əsasən vergi orqanlarının vəzifəli şəxsləri (və ya əməkdaşları) vəzifələrinin icrası ilə əlaqədar vergi ödəyicilərinə dair onlara məlum olan kommersiya sirrinin məxfiliyini təmin etməlidirlər. Kommersiya sirrinin yayılması, şəxsi maraq üçün istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “d” bəndinə əsasən qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə işin yuxarıda sadalanan hallarını, qanunvericiliyin normalarına tətbiq edərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində mübahisəli əmr qəbul edilərkən işin faktiki və hüquqi hallarına düzgün qiymət verilmiş, inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmişdir. Beləliklə, hazırki iş üzrə mübahisəli əmrin qanuni və əsaslı olması işin halları ilə sübuta yetirildiyindən, hüquqi müqəddaratı əmrin ləğv edilməsi ilə bağlı olan digər törəmə tələb (məcburi iş buraxdığı müddət üçün əmək haqqının hesablanıb ödənilməsi) də müzakirə olunmadan “əmrin ləğv edilməsi tələbi” ilə birlikdə təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsssız olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar