Məhkəmə qərarları › İş №2-1(112)-751/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-751/2023

11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-751/2023 11.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Abıyevin sədrliyi, İddiaçı nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəs 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı “qərarın ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin 4583 manat məbləğində “vergilərin hesablanması barədə” qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, cavabdeh tərəfindən “Hesablanmış vergilərin xülasəsi” barədə 25 dekabr 2018-ci il **********524700 saylı qərarının və 22 avqust 2017-ci il tarixli **********394900 saylı qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC öz nizamnaməsi əsasında fəaliyyət göstərən hüquqi şəxs olmaqla əhaliyə müxtəlif növ xidmətlər göstərməklə kommersiya fəaliyyəti ilə məşğul olan təsərrüfat subyekti olub. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 32B ünvanında yerləşən qeyri-yaşayış binası (avto-mobillərə texniki xidmət məntəqəsi) “Afina-Q" MMC-nin xüsusi mülkiyyətində olmuş, xx.xx.2017ci ildə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Əmlakın dağılması ilə bərabər bütün fəaliyyət infrastrukturu da ləğv edildiyindən, iddiaçının hər hansı fəaliyyət növü ilə məşğul olması mümkünsüz olmuşdur. Bundan sonra müəssisə fəaliyyət göstərməmiş və ləğv edilməsi barədə vergi orqanına müraciət olunmuşdur. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin müvafiq qərarı ilə iddiaçıya əsassız olaraq 4583 manat məbləğində borc hesablan-mış-dır. Halbuki bundan qabaq, yəni, xx.xx.2018-ci il tarixli **********443900 saylı məktubu ilə ‘‘Ölkədən getmək hüqunun müvəqqəti məhdudlaşdırılması haqqında“ xəbərdarlıq iddiaçının ünvanına daxil olmuş və müəyyən edilmişdir ki, “Afina-Q" MMC- nin xx.xx.2018-ci il tarixə dövlət büdcəsinə 4309.0 manat, o cümlədən: vergilər üzrə 3266.23 manat, faizlər üzrə 1042.77 manat borcu vardır və 10 gün müddətində ödəniş edilməlidir. Bu hesablanma ilə bağlı məhkəməyə verilmiş iddiadan sonra cavabdeh orqan tərəfindən yenidən araşdırılma aparılacağı bildirilsə də, sonradan iddiaçının şəxsi hesab vərəqəsinə yenidən borc hesablanmış və bu borcun artaraq 4583 manat olması müəyyən edilmişdir.Cəmiyyətə məxsus avtomobillərə texniki xidmət məntəqəsi qismin-də Bakı şəhəri Xətai rayonu, Babək prospekti 32B ünvanında yerləşən qeyri-yaşayış obyekti üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestridə qeydiyyata alınmışdır. Lakin Xətai rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya məxsus əmlak söküldüyü üçün 2017-ci ilin aprel ayından İddiaçı MMC-nin fəaliyyəti dayandırılmış, bununla əlaqədar, heç bir gəliri olmamış və maliyyə əməliyyatları aparılmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1633/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçının Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergilərin hesablanması barədə” xx.xx.2017-ci il tarixli **********394900 nömrəli qərarın ləğv edilməsi hissəsində iddiasının mümkün sayılmaması; 2-1(82)-1633/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə iddianın təmin olunması, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergilərin hesablanması barədə” 25 dekabr 2018-ci il tarixli **********524700 saylı qərarının ləğv olunması qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iddianın mümkün sayılmamasına dair 2- 1(82)-1633/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadından narazı qalan İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. Eyni zamanda məhkəmənin iddianın təmin olunmasına dair 2-1(82)-1633/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1220/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli 2-1(82)-1633/2019 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2159/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyun 2020-ci il tarixli, 2-1(103)-1220 nömrəli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-520/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin apellyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)-1633/2019 saylı qərardadının ləğv edilməsi, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin “Hesablanmış vergilərin xülasəsi barədə “ 22 avqust 2017-ci il tarixli**********-394900 saylı qərarının ləğv edilməsi tələbinə dair inzibati işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-520/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə kassasiya icraatı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1546/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə mümkün sayılmayaraq, kassasiya şikayətinin qəbulundan imtina olunmuşdur. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında 2-1(112)-6137/2022 (2-1(82)-1633/2019) №li iş üzrə İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri LGBİ-yə qarşı “Vergilərin hesablanması barədə” xx.xx.2017-ci il tarixli **********394900 №li və 25 dekabr 2018-ci il tarixli **********524700 №li qərarların ləğv olunması tələbinə dair iddiası üzrə işin ayrı-ayrı icraatlara ayrılmaqla, cavabdeh Bakı şəhəri LGBİ-nin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1633/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından verilmiş apellyasiya şikayətinin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi; İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri LGBİ-yə qarşı “Vergilərin hesablanması barədə” xx.xx.2017-ci il tarixli **********394900 №li qərarın ləğv olunması tələbinə dair iddiası üzrə inzibati işin isə məhkəmənin icraatında saxlanılmaqla, baxılmasının davam etdirilməsi qərara alınmışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair xx.xx.2022-ci il tarixli **********153400 №li yazılı etirazda (etiraza əlavədə) göstərilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul edilmiş qərarla iddia xx.xx.2018-ci il tarixli **********524700 saylı qərarın ləğv edilməsi hissəsində təmin edilmiş və həmin Məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1 (82)-1633/2019 saylı qərardadı ilə iddia xx.xx.2017-ci il tarixli **********394900 saylı qərarın ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. İddiaçı tərəfindən 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(103)-1220/2020 saylı, qərardadı ilə təmin edilməmişdir. İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(103)- 1220/2020 saylı qərardadından verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1 (102)- 2159/2020 saylı qərarı ilə qismən təmin edilmiş, apellyasiya instansiyasının qərarı ləğv edilmiş və təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(103)-520/2021 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin xx.xx.2019cu il tarixli qərardadı ləğv edilmiş və iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Qeyd olunan qərardaddan cavabdeh tərəfindən verilmiş kasassiya şikayəti Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1 (102)-1549/2021 saylı qərarı ilə təmin edilməmişdir. İddia ərizəsində qeyd edilənlərə İnzibati Prosessual Məcəllənin 1,2-ci, 47- 48-ci maddələrinə və Mülki-Prosessual Məcəllənin 47-ci maddəsinə əsasən etiraz edirlər. Uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən gəlir və xərclərin uçotu kassa metodu ilə aparılmaqla 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində icarəyə verilmiş obyekti üzrə bağlanmış icarə müqaviləsində göstərilən illik icarə haqqı məbləğləri ilə bəyannamələrdə əks etdirilmiş göstəricilər arasında elektron uyğunsuzluğa əsasən kənarlaşma müəyyən edilmişdir.Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə xx.xx.2017-ci il tarixli **********433300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmişdir. Vergi ödəyicisinə daha əvvəllər icarə məbləği ilə əlaqədar uyğunsuzluq məktubu və hesablamalar getdiyini nəzərə alaraq vergi ödəyicisi tərəfindən xx.xx.2017-ci il tarixli **********375000 nömrəli məktub göndərilmişdir. Vergi ödəyicisi məktubda icarəyə verdiyi obyektlərin söküldüyünü və vergi orqanı tərəfindən həmin əraziyə baxış keçirə biləcəyini bildirmiş və şəkil göndərmişdir. Uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin icarəyə verdiyi obyektlərə baxış keçirilməsi müəyyən edilməmişdir. Lakin, vergi ödəyicisi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri tam təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2017-ci il mənfəət vergisi bəyannaməsi üzrə 1498 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2017-ci il tarixli **********394900 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Məhkəmədə olan iş materiallarından və vergi orqanında olan uçot baza məlumatlarından iddiaçının Tukanov Tural, X11, “Avto Brend" MMC ilə icarə müqavilələri bağladığı və həmin müqavilələrin 2016-cı il ərzində qüvvədə olduğu öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı ilə Tukanov Tural arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsi xx.xx.2017-ci il tarixdə, X11 arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsi xx.xx.2017-ci il tarixdə, “Avto Brend" MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli icarə müqaviləsi xx.xx.2017-ci il tarixdə qeydiyyatdan çıxmışdır. Tukanov Tural ilə bağlanmış icarə müqaviləsində aylıq icarə məbləği 100 manat, X11 ilə bağlanmış icarə müqaviləsində aylıq icarə məbləği 300 manat, "xxxx" MMC ilə bağlanmış icarə müqaviləsində isə aylıq icarə məbləği 500 manat olaraq müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək, məhkəməyə təqdim edilmiş iddia tələbinə dair etirazda (etiraza əlavədə) qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır (maddə 70.2-1.3.). 01 yanvar 2019-cu il tarixədək Vergi Məcəlləsinin qüvvədə olan 70.2-ci maddəsində göstərilmişdir ki, vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə lazimi qaydada vergi ödəyicisinə verilmiş sayılır. Qeyd edilən normalardan göründüyü kimi, vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. Hazırkı iş üzrə mübahisələndirilən 22 avqust 2017-ci il tarixli **********-394900 saylı qərar elektron imza ilə təsdiq edilməmiş və elektron sənədin həqiqiliyi yoxlanılmamışdır. Belə olan halda həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət etmişdir. İddia mümkündür.

İşin halları. İş materiallarında olan; İddiaçıya məxsus təsis sənədlərindən müəyyən olunur ki, İddiaçı MMC xx.xx.1993cü il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınaraq ********** saylı VÖEN verilmişdir. "xxxx" MMC Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1993-cü il tarixdə 3049 nömrəsi ilə dövlət qeydiyyatına alınmış “Zümrüd-Q” kiçik müəssisəsinin hüquqi varisidir, hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2210-cu məhəllədir. Təsisçi və qanuni təmsilçi X3r. DƏDRX tərəfindən xx.xx.2016-cı ildə verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 32b ünvanında yerləşən qeyri yaşayış binası (avtomobillərə texniki xidmət məntəqəsi) (ümumi sahəsi 222,2 kv.m) üzərində İddiaçı MMC-nin xüsusi mülkiyyəti hüququ daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 1817 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli icarə müqaviləsinin məzmunundan müəyyən olunur ki, iddiaçı tərəfindən Xətai rayonu, Babək prospekti, 32B ünvanda yerləşən, sahəsi 90 kv.m olan obyekt aylıq 500 manat icarə haqqı ödənilməsi şərtilə xx.xx.2017-ci ilədək olan müddətdə "xxxx" MMC-nin icarəsinə verilmişdir. İddiaçı ilə X12 arasında notarial qaydada bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinin məzmunundan müəyyən olunur ki, iddiaçı tərəfindən Xətai rayonu, Babək prospekti, 32B ünvanda yerləşən, sahəsi 222,2 kv.m olan obyekt aylıq 100 manat icarə haqqı ödənilməsi şərtilə xx.xx.2019-cu ilədək olan müddətdə X6 icarəsinə verilmişdir. İddiaçı ilə X11 arasında notarial qaydada bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinin məzmunundan müəyyən olunur ki, iddiaçı tərəfindən Xətai rayonu, Babək prospekti, 32B ünvanda yerləşən, sahəsi 222,2 kv.m olan obyekt aylıq 300 manat icarə haqqı ödənilməsi şərtilə xx.xx.2019-cu ilədək olan müddətdə X7 icarəsinə verilmişdir. İddiaçı ilə Tural Tükanov arasında notarial qaydada bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinin məzmunundan müəyyən olunur ki, iddiaçı tərəfindən Xətai rayonu, Babək prospekti, 32B ünvanda yerləşən, sahəsi 222,2 kv.m olan obyekt aylıq 100 manat icarə haqqı ödənilməsi şərtilə xx.xx.2019-cu ilədək olan müddətdə Tural Tükanovun icarəsinə verilmişdir. Vergi orqanı tərəfindən iddiaçıya ünvanlanmış məktubun elektron çıxarışından müəyyən olunur ki, iddiaçının xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən ona məxsus **********-20001 kodlu təsərrüfat subyekti (obyekt) qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin (hazırda BŞLGBİ ) aşağıdakı: “Vergilərin hesablanması barədə” 03 aprel 2017-ci il tarixli **********012800 saylı qərarın surətindən müəyyən edilir ki, həmin qərar əsasında iddiaçıya 2016-cı il üzrə 130,37 manat əlavə əmlak vergisi hesablanmışdır. “Vergilərin hesablanması barədə” 18 avqust 2017-ci il tarixli **********517100 saylı qərarın surətindən müəyyən edilir ki, həmin qərar əsasında iddiaçıya 2016-cı il üzrə 121,24 manat əlavə əmlak vergisi hesablanmışdır. “Vergilərin hesablanması barədə” 19 avqust 2017-ci il tarixli **********190700 saylı qərarın surətindən müəyyən edilir ki, həmin qərar əsasında iddiaçıya 2015-ci il üzrə 125,80 manat əlavə əmlak vergisi hesablanmışdır. “Vergilərin hesablanması barədə” 22 avqust 2017-ci il tarixli ci il tarixli **********401200 saylı qərarın surətindən müəyyən edilir ki, həmin qərar əsasında vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 2016-ci il vergi dövrü üzrə 2.389,84 manat mənfəət vergisi müəyyən edilmişdir. “Vergilərin hesablanması barədə” 22 avqust 2017-ci il tarixli ci il tarixli **********394900 saylı qərarın surətindən müəyyən edilir ki, həmin qərar əsasında vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 2017-ci il vergi dövrü üzrə 1498 manat mənfəət vergisi müəyyən edilmişdir. “Vergilərin hesablanması barədə” 23 avqust 2017-ci il tarixli ci il tarixli **********556000 saylı qərarın surətindən müəyyən edilir ki, həmin qərar əsasında vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 2015-ci il vergi dövrü üzrə 9,56 manat mənfəət vergisi müəyyən edilmişdir. “Vergilərin hesablanması barədə” 06 sentyabr 2017-ci il tarixli ci il tarixli **********699200 saylı qərarın surətindən müəyyən edilir ki, həmin qərar əsasında vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 2017-ci il vergi dövrü üzrə 40,70 manat torpaq vergisi müəyyən edilmişdir. “Vergilərin hesablanması barədə” 12 sentyabr 2017-ci il tarixli ci il tarixli **********764000 saylı qərarın surətindən müəyyən edilir ki, həmin qərar əsasında vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 2016-ci il vergi dövrü üzrə 2.397,98 manat mənfəət vergisi müəyyən edilmişdir. “Vergilərin hesablanması barədə” 24 sentyabr 2018-ci il tarixli ci il tarixli **********246900 saylı qərarın surətindən müəyyən edilir ki, həmin qərar əsasında vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 2017-ci il vergi dövrü üzrə 121,24 manat əmlak vergisi müəyyən edilmişdir.

“Vergilərin hesablanması barədə” 25 dekabr 2018-ci il tarixli **********524700 saylı qərarın surətindən müəyyən edilir ki, həmin qərar əsasında vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 2016-cı il vergi dövrü üzrə cəmi 2.352,23 manat vergi məbləği müəyyən edilmiş, 1.746,14 manat əlavə vergi məbləği hesablanmış, iddiaçının təqdim etdiyi bəyannamə üzrə 606,09 manat vergi müəyyən edilmişdir. Eyni zamanda həmin qərar ilə xx.xx.2018-ci il tarixli **********885900 saylı qərar ləğv edilmişdir. “Vergilərin hesablanması barədə” 19 aprel 2018-ci il tarixli **********928600 saylı qərarının təsdiq edilmiş surətindən müəyyən edilir ki, həmin qərar əsasında iddiaçıya 2017-ci il üzrə 121,24 manat əlavə əmlak vergisi hesablanmış, eyni zamanda xx.xx.2018ci il tarixli **********246900 saylı qərar ləğv edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin izahatı və məhkəməyə təqdim edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən Xətai rayonu, Babək prospekti, 32B ünvanda yerləşən daşınmaz əmlak (avtomobillərə texniki xidmət məntəqəsi) xx.xx.2012-ci il tarixli icarə müqaviləsi əsasında xx.xx.2017-ci ilədək olan müddətə "xxxx" MMC-nin icarəsinə verilmiş, həmin daşınmaz əmlak xx.xx.2016-cı il tarixli icarə müqaviləsi ilə xx.xx.2019-cu il tarixədək olan müddətə Vüsal Məmmədovun, xx.xx.2016-cı il tarixli icarə müqaviləsi ilə xx.xx.2019-cu il tarixədək olan müddətə Əli Abdullayevin, xx.xx.2016-cı il tarixli icarə müqavilə ilə xx.xx.2019-cu il tarixədək olan müddətə Tural Tükanovun icarəsinə verilmiş, qeyd olunan daşınmaz əmlak Xətai rayon İcra Hakimiyyəti tərəfindən 2017-ci ilin əvvəllərində sökülmüş, əvəzində isə iddiaçıya kompensasiya ödənilmişdir. Qeyd olunan daşınmaz əmlak eyni olmasına baxmayaraq, vergi orqanı həmin icarə müqavilələrini əsas götürməklə 2017-cı il üzrə iddiaçıya 1498,00 manat əlavə vergi hesablamışdır.

Məhkəmənin mövqeyi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 14.1 -ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, vergi orqanı 2017-cı il üzrə iddiaçıya əlavə 1,498,00 manat mənfəət vergisi hesablamaqda haqlı olmamışdır. Belə ki, iddiaçı qeyd olunan icarə müqavilələrini ləğv edilməsi barədə məlumatı vergi orqanına rəsmi qaydada təqdim etmədiyi təqdirdə belə, vergi orqanı qeyd olunan icarə müqavilələrinin ayrı-ayrı daşınmaz əmlak və onun müəyyən hissələri ilə bağlı deyil, Xətai rayonu, Babək prospekti, 32B ünvanda yerləşən avtomobillərə texniki xidmət məntəqəsi olmasını nəzərə almamışdır. Göründüyü kimi, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin kameral vergi nəzarətinin həyata keçirilməsi nəticəsində iddiaçını vergi məsuliyyətinə cəlb edərək, sonuncuya 2017-cı il üzrə əlavə mənfəət vergi hesablanmasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin - 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.2. kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. - 37.2-1. kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. - 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. - 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. - 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən; - 67.1. bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.3) - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.4) - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.5) - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.6) - vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.8) - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (67.1.9) Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Sadalanan normaların təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində mübahisələndirilən qərar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37 və 67-ci maddələrinin tələblərinə əməl olunmamış, vergi ödəyicisi tərəfindən təqdim olunmuş əlavə məlumat və sənədlər nəzərə alınmadan, əlavə vergilərin hesablanması barədə əsaslandırılmamış nəticəyə gəlinmişdir. Məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli **********394900 nömrəli qərarı maddi-hüquqi baxımdan da qanuni olmamış, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilməmişdir. Lakin proses iştirakçılarının məhkəməyə verdikləri izahatların təhlili və işə əlavə edilmiş sənədlərin tədqiqi belə bir nəticəyə gəlməyə əsas verir ki, cavabdeh vergi orqanı tərəfindən mübahisəli qərar qəbul edilərkən qanunvericiliyin imperativ norma kimi müəyyən etdiyi həmin 6 halın heç birisinə riayət edilməmişdir. Bundan başqa, Vergi Məcəlləsinin; -3.7-ci maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında vergilər yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. -3.8-ci maddəsinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilməyən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.9-cu maddəsində göstərilmişdir ki, vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.10-cu maddəsinə görə, vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. -3.11-ci maddəsində isə göstərilmişdir ki, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunum "Vergi qanunvericili-yinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" 7.11.2003cü tarixli 5 nömrəli Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11- ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydm olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin, təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Normativ-hüquqi aktların hazırlanması, tərtib olunması, rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarını müəyyən edən “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 25.3-cü maddəsində təsbit olunmuşdur ki, normativ-hüquqi akt (onun struktur sisteminin) adı yığcam olmalı, aydın ifadə edilməli və dəqiq (struktur sisteminin) əsas mahiyyətini əks etdirilməlidir. Avropa Məhkəməsinin təcrübəsinə görə də qanun açıq-aşkar, sadə, aydın olmalı, qabaqcadan xəbər verilməklə son dərəcə dəqiq və dürüst ifadə edilməli, həmçinin onun təsiri altına düşən şəxslərlə rəftar zamanı özbaşınalığa rəvac vermə təhlükəsinə qarşı təminatları özündə cəmləşdirməlidir. (Bax. Amuur-Fransaya qarşı) Göründüyü kimi cavabdeh vergi orqanı yuxarıda qeyd olunan xüsusatları nəzərə almadan, iddiaçıya əsassız olaraq vergi öhdəliyi yaradan qərar qəbul etmişdir. Digər tərəfdən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1-ci maddəsindən irəli gəlir. Baxılan işdə həmin müddəa “İnzibati icraat haqqında” Qanunun inzibati aktların ləğv edilməsi üzrə inzibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismində tətbiq olunmalıdır. Mübahisələndirilən qərarın inzibati icraat hüququ ilə bağlı olan, yəni formal-hüquqi tərəfinə gəlincə qeyd etmək lazımdlr ki, onun qəbulu zamanı icraat qüsurlarına yol verilmişdir. Belə ki, inzibati orqan, xüsusilə inzibati icraatda iştirak edən şəxsləri inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə (“İnzibati icraat haqqında” Qanunun 51.1 -ci maddəsi) və onların dinlənilmə hüququnu təmin etməyə (“İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsi) borcludur. Cavabdeh isə baxılan iş üzrə yuxarıda qeyd olunan formal müddəaları pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktların qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarların qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Bakı şəhəri LGD-nin (hazırda LGBİ) İddiaçı MMC barəsində qəbul olunmuş “Vergilərin hesablanması” barədə xx.xx.2017-ci il tarixli **********394900 nömrəli qərarı ləğv olunmalıdır. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (əvvəlki Bakı şəhəri Lokal Gəlirlər Departamenti) İddiaçı barəsində qəbul olunmuş “Vergilərin hesablanması” barədə xx.xx.2017-ci il tarixli **********394900 nömrəli qərarı ləğv edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar