Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7510/2022 02.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X15, üçüncü şəxs X32 və üçüncü şəxslər X1, X24 və X32 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X16, X42 və X52 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla “şəhadətnamədə düzəliş edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti, X16, X42 və X52 üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş JN-7995H, kod 01000003 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə 1039.0 kv. metr torpaq sahəsinin vətəndaş X2 mülkiyyətinə verilməsi ilə bağlı hüquqlarının qeydə alınması zamanı ailə üzvləri kateqoriyasına daxil olmayan şəxslərin - X3, X24 və X32 adlarının həmin şəhadətnamədən çıxarılmaqla düzəlişin edilməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Sonradan iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (həcminin azaldılması) dair ərizə təqdim edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş JN-7995H, kod 01000003 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə 1039.0 kv. metr torpaq sahəsinin vətəndaş X2 mülkiyyətinə verilməsi ilə bağlı hüquqlarının qeydə alınması zamanı ailə üzvləri kateqoriyasına daxil olmayan şəxslərin X3, X24 və X32 adlarının həmin şəhadətnamədən çıxarılmaqla, düzəlişin edilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, ataları Bakı şəhəri, Xətai rayonu, Fəhlə prospektindəki 10C saylı evin və torpaq sahəsinin mülkiyyətçisi X17 1970-ci ildən həmin torpaq sahəsinə faktiki sahiblik etmiş və həmin torpaq sahəsində inşa etdirdiyi özbaşına tikilidə yaşamış və xx.xx.1970-ci ildən həmin evdə daimi qeydiyyatda olmaqla yaşamışdır. Mərhum ataları Şahabəddin Bədəlov ərizə ilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmiş yaşadığı mənzil və torpaq sahəsinin onun mülkiyyətinə verilməsini xahiş etmişdir. Həmin müraciət üzrə araşdırma aparan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1989-cu il tarixli ilə təsdiq edilmiş '‘Bakı şəhərində fərdi yaşayış tikintilərində qayda yaratmaq tədbirləri haqqında” Qərarını əsas tutaraq Xətai İcra Hakimiyyətində yaradılmış mənzil komissiyası tərəfindən tikinti yoxlanılmış və yararlılığı barədə akt tərtib edilmişdir. Həmin komissiya eyni zamanda müəyyən etmişdir ki, Bakı şəhəri Baş Memarlıq və Şəhərsalma İdarəsinin xx.xx.1994-cü il tarixli 18-03-5-104 nömrəli məktubuna görə Fəhlə Prospektindəki 106 saylı evin sökülməsinə dair hər hansı qərar yoxdur. Bütün bunlar onu göstərir ki, həmin torpaq sahəsi və orada inşa olunmuş fərdi yaşayış evi mərhum Şahabəddin Bədəlovun qanuni istifadəsində olmuşdur. Bu səbəbdən də, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1989-cu il tarixli “Bakı şəhərində fərdi yaşayış tikintilərində qayda yaratmaq tədbirləri haqqında” Qərarına əsaslanaraq, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti M-830 nömrəli xx.xx.1995-ci il tarixli Sərəncamı ilə Xətai rayonu, Fəhlə Prospektindəki 106 saylı evin (yaşayış sahəsi 58.9, köməkçi sahə 38.8 kv. metr) və torpaq sahəsi 1039,9 kv. metr olan daşınmaz əmlakın vətəndaş X2 adına hüquqi qeydiyyatdan keçirilməsi barədə qərar qəbul etmiş və hüquqların qeydiyyatdan keçirilməsi Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsindən xahiş olunmuş və aidiyyəti üzrə sənədlər göndərilmişdir. Həmin sərəncam əsasında Şəhabəddin Bədəlova fərdi yaşayış evinə dair xx.xx.1995-ci il tarixdə 30/4362 saylı qeydiyyat vəsiqəsi verilmiş, həmin qeydiyyat qəsiqəsi və Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli sərəncamı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş JN-7995H, kod 01000003 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən 1039,0 kv. metr torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. Lakin həmin şəhadətnamə tərtib edilərkən yanlışlığa yol verilmiş və adına torpaq sahəsi verilmiş X2 ailə- üzvlər tərkibinə daxil olmayan oğlu Cavid Bədəlovun keçmiş arvadı X3, sonuncunun övladları X42 və X32 da adları ailə üzvü kimi şəhadətnamədə qanunsuz olaraq göstərilmişdir. Halbuki, X4 və onun övladları olan X42 və X32, atası X2 ailə üzvləri kateqoriyasına heç bir aidiyyatı olmamışdır və səhvən onların adı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmişdir. Göründüyü kimi, həmin şəxslər mülkiyyətçi Şahabəddin Bədəlovun ailə üzvü deyil və bu səbəbdən hesab edirlər ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş JN-7995H, kod 01000003 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilərkən hüquqların qeydiyyata alınmasında yanlışlığa yol verilmiş və bu aradan qaldırılmalıdır. Eyni zamanda nə sərəncamda, nə də digər sənədlərdə həmin şəxslərin adları qeyd olunmur, yalnız qanuni istifadəçi Şahabəddin Bədəlovun adı göstərilir. O, bacısı İddiaçı2 və qardaşı X25 vəsiyyətnamə üzrə vərəsə kimi atasına məxsus olan miras əmlaka irs almış və hüquqlarının DƏDRX-də dövlət qeydiyyatına alınaraq RX №10725678 Çıxarış verilmişdir. Atalarına məxsus olan ünvan 1 ünvanında yerləşən ev hər birinə 1/3 hissə olmaqla bərabər paylı mülkiyyətlərinə verilmişdir. Həmin evin yerləşdiyi 1039,0 kv. metr torpaq sahəsi isə qeyd olunan yanlışlığa görə hüquqlarının dövlət qeydiyyatına alınmasına maneə olmuşdur. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş JN-7995H, kod 01000003 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə 1039.0 kv. metr torpaq sahəsinin vətəndaş X2 mülkiyyətinə verilməsi ilə bağlı hüquqlarının qeydə alınması zamanı ailə üzvləri kateqoriyasına daxil olmayan şəxslərin X1, X24 və X32 adlarının həmin şəhadətnamədən çıxarılmaqla düzəlişin edilməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın verilməsinə dair ərizə ilə cavabdeh quruma müraciət etsə də, ərizəsinə cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxslərə təqdim edilərək, cavabdehə və üçüncü şəxslərə iddiaya dair yazılı münasibət (etiraz) bildirilməsi təklif olunmuş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, X16, X42 və X52 üçüncü şəxslər qismində (zəruri cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilmiş, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə iddiaçının vəsatəti təmin olunmamışdır. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı etirazı məhkəməyə təqdim olunmuşdur. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddiaya dair xx.xx.2022-ci il tarixli **********27 №-li yazılı münasibətində (etirazda) göstərilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi paylı mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş hər hansı bir əqd (müqavilə) təqdim edilməmişdir. Bu barədə iddiaçıya **********10 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Xətai rayon İHB-nin m-830 saylı, xx.xx.1995-ci il tarixli Torpaqayırma sərəncamı əsasında ünvan 3 ünvanında yerləşən 0.1039 ha torpaq sahəsi üzərində JN 7N-7995H, KOD 01000003 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X7, X33, X18, X8, X9, X30 və X43 fərdi yaşayış evinin tikintisi üçün torpaq verilmişdir. Sözügedən daşınmaz əmlaka xx.xx.2022-ci il tarixdə yerində aparılmış müayinə (baxış) zamanı və elektron kadastr baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, torpaq sahəsinin konfiqurasiyası ilə faktiki vəziyyət arasında fərq mövcuddur. Bundan əlavə torpaq sahəsinin ölçüsü sənəd üzrə 1039 kv. metr olsa da, faktiki 949.2 kv. metr təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmədən iddanın mümkün sayılmaması xahiş edilmişdir. Üçüncü şəxslər X16, X42 və X32 adından nümayəndələri və vəkilləri Vəkil2 tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etirazda) göstərilmişdir ki, Azərbaycan Respublikası “Torpağın mülkiyyətə verilməsinə” dair JN- 7995H KOD 01000003 №-li şəhadətnamənin surətindən müəyyən olunur ki, X19 və onun ailə üzvləri X45, X26, X16, X20, X42 və X52 göstərilməklə, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 830 №-li sərəncamı və Bakı şəhəri İH və MHQİ-nin xx.xx.1995-ci il tarixli 30/4362 №-li qeydiyyat vəsiqəsi əsasında Fəhlə prospekti 106 saylı evin qarşısında yerləşən 0,1039 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X2 mülkiyyətinə verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2015-ci il tarixli “Şəhadətnamə”nin surətindən müəyyən olunur ki, xx.xx.2014-cü ildə vəfat etmiş X2 vərəsələri X26, İddiaçı2 və İddiaçı1 bərabər paylarda irs almalıdır. Şəhadətnamədə verilən miras Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş xx.xx.2015-ci il tarixli, 11/53 çıxış saylı formada arayışa və Bakı şəhəri Tİ və MHQİ-dən verilmiş xx.xx.1995-ci il tarixli 29 saylı reyestr kitabı, 4362 səhifəsinin 30/44362 qeydəalma saylı Qeydiyyat vəsiqəsinə əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən RX seriyalı, ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə 1/3 hissədə İddiaçı2 adına № ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə, 1/3 hissədə İddiaçı1 adına № ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə, 1/3 hissədə X11 adına Daşınmaz əmlakın dövlət reyestrində 304 nömrəli reyestri kitabının 28330 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri, Fəhlə prospekti (sonradan Nobel, hazırda isə 8 Noyabr prospekti), 106 saylı ev X5 faktiki istifadəsində olmuşdur. İş üzrə İddiaçı1 (Bədəlova), onun qardaşı X23 və bacısı X14 mərhum Şahabəddin Bədəlovun övladları, mərhum X44 isə arvadı olmuşdur. İş üzrə üçüncü şəxslərdən Ruxsarə Bədəlova İddiaçı1 qardaşı Cavid Bədəlov ilə xx.xx.1994-cü il tarixdə rəsmi nikaha daxil olmuş, ünvan 5 ünvanda xx.xx.1995-ci ildən hal- hazırda qədər qeydiyyatda olmaqla yaşamış (bax: İddiaçının iddia ərizəsinə əlavə etdiyi xx.xx.2021-ci il tarixli MAPS arayışı), həmin evdə birgə nikahdan iş üzrə digər üçüncü şəxslər xx.xx.1995-ci il təvəllüdlü X35 və xx.xx.1999-cu il təvəllüdlü X46 adlı uşaqları doğulmuşdur. Tərəflər birgə nikahda olarkən Xətai rayon İHB-nın xx.xx.1995-ci il tarixli m-830 saylı sərəncamı ilə Bakı şəhəri, Fəhlə prospekti (sonradan Nobel, hazırda isə 8 Noyabr prospekti), 106 saylı evin qarşısında yerləşən 0.1039 ha torpaq sahəsi həmin ailəyə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, həmin əmlaka dair mülkiyyət hüququ Bakı şəhər İH Tİ və MHQİ tərəfindən xx.xx.1995-ci il tarixli 30/4362 saylı Qeydiyyat vəsiqəsi ilə qeydə alınmışdır. Bundan sonra iş üzrə iddiaçı Xalidə Bədəlova ailə quraraq Rəsulova soyadını qəbul etmiş və həmin evdən köçmüş, yeni ailəsi ilə Sabunçu rayonu, N.Məlikov küçəsi, ev 7, mənzil 11 -də yaşamağa başlamışdır. Sonradan, yəni xx.xx.2003-cü il tarixdə 7 nəfərdən ibarət ailə üzvlərinin, yəni Şahabəddin Bədəlov, Atifə Bədəlova, Cavid Bədəlov, Ruxsarə Əlisultanova (Bədəlova), Validə Bədəlova, Xalidə Bədəlova, Cəmilə Bədəlova və Camal Bədəlovun adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən həmin 0.1039 ha torpaq sahəsinə dair JN-7995H, kod 01000003 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmiş, həmin şəhadətnamədə həyətyanı sahənin qaiməsi (sertifikatı) qeyd edilmişdir. Həmin həyətyanı sahənin qaiməsindən (sertifikatından) də göründüyü kimi, umumi sahəsi 0,1039 ha olan həmin torpaq sahəsində tikinti altında heç bir sahə mövcud olmamışdır. Abşeron Rayon Məhkəməsinin 2-302/2005 saylı 10 noyabr 2005-ci il tarixli qətnaməsi ilə Ruxsarə Bədəlova ilə Cavid Bədəlov arasındakı nikah pozulmuş, birgə nikahdan olan uşaqların ananın himayəsində qalması qət edilmiş, lakin tərəflər faktiki olaraq birgə yaşamağa davam etmişlər. xx.xx.2013-cü il tarixdə Şahabəddin Bədəlov tərəfindən ona məxsus olan ünvan 6 ünvanda yerləşən evə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair övladları Cavid Bədəlov, İddiaçı2 (Bədəlova) və Xalidə Bədəlovaya vəsiyyətnamə verilmişdir. Bundan sonra Şahabəddin Bədəlov vəfat etmiş, xx.xx.2015-ci il tarixdə ona məxsus olan ünvan 6 ünvanda yerləşən evə dair övladları Cavid Bədəlov, İddiaçı2 (Bədəlova) və Xalidə Bədəlovanın adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Həmin qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən ƏMDK yanında DƏDRX- nin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə İddiaçı2 (Bədəlovanın), xx.xx.2015-ci il tarixdə İddiaçı1 (Bədəlovanın), xx.xx.2015-ci il tarixdə isə Cavid Bədəlovun mülkiyyət hüququ, hər birinin 1/3 hissədə payı olmaqla qeydə alınmış, sonuncunun adına RX seriyalı, ******* saylı çıxarış verilmişdir (qeydiyyat №-si **********). Həmin RX seriyalı, ******* saylı çıxarışdan göründüyü kimi, həmin çıxarışla yalnız ünvan 7 ünvanda yerləşən, ümumi sahəsi 97,6 kv. metr olan evə dair mülkiyyət hüququ qeydə alınmış, həmin evin yerləşdiyi 0.01184 ha torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla, istifadə hüququ ilə həmin şəxslərin istifadəsindədir. Beləliklə, göründüyü kimi, həmin şəxslərin, o cümlədən iddiaçı Xalidə Bədəlovanın ləğv olunmasını tələb etdiyi iş üzrə üçüncü şəxslərin də mülkiyyətində olan 0.1039 ha torpaq sahəsinin, qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən iddiaçının, həmçinin onun bacısı və qardaşının adına qeydə alınmış ümumi sahəsi 97,6 kv. metr olan evə və həmin evin yerləşdiyi dövlət mülkiyyətində olan 0.01184 ha torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Hesab edirlər ki, iddia mümkün sayılmamalıdır. Belə ki, mübahisə olunan torpağa mülkiyyət hüququna dair 0.1039 ha torpaq sahəsinin ayrılmasına dair JN-7995H, kod 01000003 olan şəhadətnamə xx.xx.2003-cü tarixdə verilmişdir və həmin qərar İPM və "İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl qəbul edilmişdir. Bundan başqa, işdən göründüyü kimi, hazırkı iddia mübahisələndirmə iddiasıdır. İşə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı mülkiyyətdə olan həyətyanı torpaq sahələrinin, onun hesab etdiyi kimi qanunsuz verilməsini ən azından 2003-cü ildən bilməli olmuş, lakin həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etməmişdir. Hesab edirik ki, hazırkı iş üzrə iddiaya münasibətdə iddia müddətinin tətbiq edilməsi barədə müvafiq qərar qəbul edilməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı mülkiyyətdə olan həyətyanı torpaq sahələrinin, onun hesab etdiyi kimi qanunsuz verilməsini ən azından 2003-cü ildən bilməli olmuş, lakin həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etməmişdir. Belə ki, hazırkı işin materiallarından göründüyü kimi, iddiaçı 0.1039 ha torpaq sahəsinin ayrılmasına dair JN-7995H, kod 01000003 olan xx.xx.2003-cü tarixdə verilmiş şəhadətnamənin qismən dəyişdrilməsini (ləğv olunmasını) tələb edir ki, ötən 19 ilə yaxın müddət ərzində iddiaçı tərəfindən iddia qaldırılmamışdır. Ona görə də hesab edirlər ki, hətta iddia əsaslı olsa belə (halbuki belə əsaslar mövcud deyil), yenə də mübahisəyə iddia müddətinin tətbiq еdilməli və iddia müddəti ötürüldüyünə görə iddianın rədd edilməsi barədə müvafiq qərar qəbul edilməlidir. İPM-nin tələblərinə görə: Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər (maddə 30.1). Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər (maddə 30.2). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati məhkəmə icraatında prosessual həmiştirakçılardan hər biri digər tərəfə qarşı müstəqil şəkildə çıxış edir. Prosessual həmiştirakçılardan hər hansı birinin hərəkəti digərinin nə xeyrinə, nə də zərərinə təfsir oluna bilməz (maddə 30.3). İnzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır (maddə 30.4). İddiaçı (eyni zamanda digər İddiaçı2 etibarnamə üzrə nümayəndəsi) İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında ayrı-ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X31 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Üçüncü şəxs X52 və üçüncü şəxslər X1, X24 və X32 nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, iddianın mümkün sayılmamasını, mümkün sayılacağı təqdirdə isə iddianın təmin olunmamasını xahiş etdilər. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia mümkündür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 14.3 və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Beləliklə, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Bununla belə, MM-in 141.1-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Qeyd olunan normanın mənasına görə hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir. Qərarda Konstitusiya Məhkəməsi Plenumu belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 04 avqust 1999-cu il tarixli 176 saylı Fərmanının 2.2-ci bəndinə əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir (Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 775 nömrəli Fərmanı ilə 2.2-ci bəndində “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir). Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən irəli sürülmüş hazırki tələb inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə aid olmaqla, öhdəliyin icrası haqqında iddiadır. İddia buna subyektiv hüququ olan şəxslər tərəfindən, iddiaya cavab verməli olan inzibati orqana qarşı irəli sürülmüşdür. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçılar hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə iddiaçının, onun, cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia edilməlidir. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş Azərbaycan Respublikası “Torpağın mülkiyyətə verilməsinə” dair JN-7995H KOD 01000003 №-li şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X19 və onun ailə üzvləri kimi qeyd olunmuş X45, X26, X16, X20, X42 və X57 göstərilməklə, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli m- 830 №-li sərəncamı və Bakı şəhəri İH Tİ və MHQİ-nin xx.xx.1995-ci il tarixli 30/4362 №-li qeydiyyat vəsiqəsi əsasında Bakı şəhəri Fəhlə prospekti 106 saylı evin qarşısında yerləşən 0,1039 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X2 mülkiyyətinə verilmişdir. Qusar rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 004131 №-li nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X12 X34 ilə olan nikahı ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2006-cı ilin oktyabr ayının 31-ci günündə 90 № ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra kişiyə Bədəlov, qadına Bədəlova soyadı Bədəlov soyadı verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən RX seriyalı, ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə 1/3 hissədə İddiaçı2 adına № ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə, 1/3 hissədə İddiaçı1 adına № ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə, 1/3 hissədə X11 adına Daşınmaz əmlakın dövlət reyestrində 304 nömrəli reyestri kitabının 28330 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib olunmuş fərdi yaşayış evinə dair xx.xx.2015-ci il tarixli, **********30-10301 saylı texniki pasportda İddiaçı1, İddiaçı2 və X21 məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin faktiki sahəsi 0,10399 ha, tikinti altı sahə 0.01519 ha, digər sahələr 0.08880 ha kimi qeyd olunmuşdur. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: - DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********85 №-li, xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş JN-7995H KOD 01000003 №-li “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamənin verilməsinə əsas olan snədlər olaraq təqdim olunmuş, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının “Fəhlə prospektindəki 106 №-li evin, özbaşına tikintinin vətəndaş Ş.Ə.Bədəlovun adına hüquqi qeydiyyatdan keçirilməsi haqqında” m-830 №-li, xx.xx.1995-ci il tarixli sərəncamının surətindən müəyyən olunur ki, qeyd olunan sərəncamla Fəhlə prospektindəki yaşayış sahəsi 58,9 kv. metr, köməkçi sahəsi 38,8 kv. metr olan, torpaq sahəsi 1039,3 kv. metr olan 106 №-li özbaşına tikinti sahəsinin X2 (xx.xx.1970-ci il tarixdən həmin ünvanda daimi qeydiyyatda olan) adına hüquqi qeydiyyatdan keçirilməsi və s. qərara alınmışdır. Bakı şəhəri İH Tİ və MHQİ tərəfindən xx.xx.1992-ci il tarixdə “Fərdi Mənzil Fonduna məxsus yaşayış evi”nə dair tərtib olunmuş Texniki pasportun surətindən müəyyən olunur ki, Fəhlə prospekti 106 ünvanında yerləşən X2 istifadəsində olan torpaq sahəsinin faktiki ölçüsü 1039,9 kv. metr təşkil etmişdir. Bakı şəhəri icra hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Fəhlə prospekti, 106 №-li yaşayış evi xüsusi mülkiyyət kimi 29 saylı reyestr kitabında 4362-ci səhifədə 30/432 № ilə xx.xx.1995-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-05443-2022 №li, xx.xx.2022-ci il tarixli məktubu ilə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının “Fəhlə prospektindəki 106№-li evin, özbaşına tikintinin vətəndaş Ş.Ə.Bədəlovun adına hüquqi qeydiyyatdan keçirilməsi haqqında” m-830 №-li, xx.xx.1995-ci il tarixli sərəncam, sərəncamın verilməsi üçün X45, X26 və X20 tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli razılıq ərizələri və sərəncamın verilməsinə əsas olmuş digər sənədlər təqdim olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 05/2-7220/13 №-li, xx.xx.2022-ci il tarixli məktubunda R.Bədəlovanın (Əlisultanovanın) xx.xx.1975-ci ildə Qusar rayon qeydiyyat şöbəsində tərtib edilmiş doğumu haqqında akt qeydi nəzərdən keçirilərkən atasının 1947-ci il təvəllüdlü X27, anasının isə 1954-cü il təvəllüdlü X10 olduğunun, R.Bədəlovanın (Əlisultanovanın) xx.xx.1994-cü ildə Qusar rayonunun Piral icra nümayəndəliyində xx.xx.1970-ci il təvəllüdlü X28 ilə bağlanmış nikahının pozulmasının xx.xx.2006-cı ildə həmin rayonun qeydiyyat şöbəsində dövlət qeydiyyatına alındığı, bu nikahdan xx.xx.1995-ci ildə Cəmilə Bədəlova, xx.xx.1999-cu ildə isə Camal Bədəlovun doğulduğu qeyd olunmuşdur. Eyni zamanda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən R.Bədəlovanın (Əlisultanovanın) nikahının pozulması, ölümü, soyadının, adının və ata adının dəyişdirilməsi haqqında hər hansı məlumatın aşkar olunmadığı qeyd olunmuşdur. - DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********086 №-li, xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş xx.xx.2015-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin surətindən müəyyən olunur ki, xx.xx.2014-cü ildə vəfat etmiş X2 vərəsələri X25, İddiaçı2 və İddiaçı1 bərabər paylarda irs almalıdır. Şəhadətnamədə verilən miras Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş xx.xx.2015-ci il tarixli, 11/53 çıxış saylı formada arayışa və Bakı şəhəri Tİ və MHQİ-dən verilmiş xx.xx.1995-ci il tarixli 29 saylı reyestr kitabı, 4362 səhifəsinin 30/44362 qeydəalma saylı Qeydiyyat vəsiqəsinə əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evidir. İddiaçıların hazırki tələblə bağlı cavabdeh inzibati orqana edilmiş müraciətinə sonuncu tərəfindən **********10 №li xx.xx.2022-ci il tarixli məktubu (etirazda qeyd olunmuşdur) ilə imtina olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. - 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. - 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. - 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi iddiaçıların istifadəsində və sahibliyindədir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçıliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin 4-cü bəndinə görə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. “X51” Azərbaycan Respublikası Qanununun: - 8-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaqlara dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, torpaqların alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin bağlanması, habelə torpaqların hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında üzərində fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyət hüququ yaranmış torpaq sahələri aiddir. - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2007-ci il tarixli 536 saylı Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin planı və ölçüsü” qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədi ilə verilir. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 saylı Fərmanına əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi və verilməsini təmin etmək Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyət istiqamətlərinə aid edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). Həmin Qanunun 16-cı maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır (16.1); Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (16.6.). Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, Xətai rayonu İcra Hakimiyyətinin Başçısının 254 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə X7 (mərhum) məxus ünvan 8 ünvanında yerləşən fərdi evin 1039,3 kv. metr torpaq sahəsilə birgə onun adına mülkiyyət hüququ ilə rəsmiləşdiriməsi qərara alınmışdır. Həmin sərəncam əsasında mübahisəli torpaq sahəsinə dair sonuncunun mükiyyət hüquqları keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən qeydiyyata alınarkən və buna dair xx.xx.2003-cü il tarixdə JN-7995H, kod 01000003 saylı saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilərkən sərəncam verilərkən ailə üzvləri kimi razılığı alınmış şəxslər (mərhumun ailə üzvləri) kateqoriyasına daxil olmayan (göstərilməyən) şəxslərin (hazırki iş üzrə üçüncü şəxslər) adları da yanlışlıqla həmin şəhadətnaməyə daxil edilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğular və işdə iştirak edən şəxslərin izahatları ilə üçüncü şəxslərin mübahisələndirilən şəhadətnaməyə adlarının qanuni əsaslarla salınmasına dair heç bir sübut əldə olunmamışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən məhkəmə hesab edir ki, mərhum X2 qanun üzrə vərəsələri olan iddiaçılar İddiaçı1, İddiaçı2 hazırda keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən mübahisəli torpaqla bağlı aparılmış qeydlərdə düzəlişlərin edilməsini tələb etməkdə haqlı olmuşlar. Bu zaman cavabdeh inzibati orqanın imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçıların, cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən xx.xx.2003-cü il tarixdə tərtib edilmiş JN-7995H, kod 01000003 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə 1039,0 kv. metr torpaq sahəsinin X2 mülkiyyətinə verilməsi ilə bağlı hüquqlarının qeydə alınması zamanı aparılmış qeydiyyata onun ailə üzvləri kateqoriyasına daxil olmayan şəxslər - X3, X24 və X32 adlarının həmin şəhadətnamədən çıxarılması barədə düzəlişin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-7510/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7510/2022
02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver