Məhkəmə qərarları › İş №2-1(112)-7510/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7510/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7510/2024 06.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlillik dərəcəsinin təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3- Sosial Ekspert Komissiyasının əlilliyin verilməsindən imtina olunması barədə qərarının ləğv olunması və İddiaçı əlillik dərəcəsinin verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxxx 1963-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, onda olan xəstəliklər üçüncü dərəcəli əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, müraciətin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. Ərizəmə əlavə etdiyi sənədlərdən görünür ki, əsas xəstəlik diaqnozu beyin infarktıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda göstərilənlərə əsasən cavabdehin iddiaçıya əlilliyin təyin edilməsindən imtinanın heç bir hüquqi və qanuni əsasları mövcud deyildir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbi əsassızdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli Qərarında aşağıdakılar göstərilmişdir: Bakı şəhəri, Xəzər rayonu, QALA QƏS, H/ŞƏHƏRCİK 843, 2, 6 qeydiyyatı olan, həmin ünvanda yaşayan İddiaçı (Fin-xxxxxxx), 2 saylı TSEK-in həkim-eksperti tərəfindən əyani müayinə olundu. Müəyyən olundu ki, Xəzər rayon sakini İddiaçı (Finxxxxxxx) əlillik vəziyyəti səhiyyə müəssisəsinin N00153214PZK saylı göndərişi əsasında xx.xx.2023-ci il tarixində qiymətləndirilmiş, qeydiyyatda olduğu bölgə üzrə ərazi TSEK-inə yaxınlaşması məsləhət görülmüşdür. Obyektiv müayinə zamanı xəstədə aşağıdakı əlamətlər aşkar edildi: Dəri və dərialtı toxumalar : dərinin rəngi adi rəngdədir, limfa vəziləri: böyüməyib. Obyektiv müayinə zamanı xəstədə aşağıdakı əlamətlər aşkar edildi: Dəri və dərialtı toxumalar: dərinin rəngi adi rəngdədir Limfa vəziləri: böyüməyib. Sümük əzələ sistemi: parez qeyd olunmur, bel nahiyyəsində ağrılar qeyd olunur, əzələrər qərgindir; oturaq vəziyyətdən çətinliklə durur. Tənəffüs sistemi: vezikulyar tənəffüs eşidilir. T/S 18-dir. Ürək-damar sistemi: Ürəyin tonları karlaşmışdır. A/T 170/90, nəbzi 75 ritmikdir. Həzm sistemi: Qarını yumşaq , ağrısızdır. Qaraciyər və dalaq əllənmir. Defekasiya normaldır. Sidik və cinsiyyət sistemi : Diurez normaldır. Status localis: Özünü 2021-ci ildən xəstə hesab edir. Həmin ildə işemik insult keçirib. Yanaşı olaraq bel-oma radikulopatiyası qeyd olunur. Hal hazırda xəstə bel nahiyyəsində kəskin ağrılardan, yerişin çətinləşməsindən şikayətlənir. Obyektiv müayinədə ətraflarda parez, atrofiya qeyd olunmur; xəstə oturaq vəziyyətdən çətinliklə durur. Tibbi sənədlərin araşdırılması və obyektiv müayinə zamanı xəstəyə Tibbi ekspertiza üçün vacib olan aşağıdakı diaqnoz təyin edilir. Əsas diaqnoz: İ69.3. Keçirilmiş işemik insultun qalıq əlamətləri. Yanaşı: M54.1 Bel-oma radikulopatiyas, Yanaşı: M51.4 L3-L4, L4-L5, L5-S1 fəqərəarası disk yırtığı, Ağırlaşma: R26.2 Yerişin pozulması, Yanaşı: 111 Hipertoniya xəstəliyi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, İddiaçı əlillik vəziyyətinə ilkin xx.xx.2022-ci il tarixdə baxılmış və “Diaqnozun mətni: Beyinin sağ yarımkürəsində keçirilmiş işemik insultun qalıq əlamətləri, Sol tərəfli hemiparez (əzələ gücü 3bal) Yerişin pozulması, Hipertoniya xəstəliyi İİİ mərhələ. 13-14, L4-L5, L5-S1 fəqərəarası disklərin yırtığı.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin müalicə müddəti yetərli deyil” səbəbi ilə imtina verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixdə baxılmış və “Diaqnozun mətni: Arteriyaların cırılması, Beyinin sağ yarımkürəsində işemik insultun qalıq əlamətləri (xx.xx.2021); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: göndərişin natamam doldurulması – Səbəb: Xəstənin hazırkı vəziyətini təsdiq edən instrumental müayinə təqdim olunsun (MRT)” səbəbi ilə imtina verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixdə baxılmış və “Diaqnozun mətni: Arteriyaların cırılması, Beyinin sağ yarımkürəsində işemik insultun qalıq əlamətləri (xx.xx.2021); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: əlavə müalicəyə ehtiyac olması – Səbəb: ixtisaslaşmış müalicəni davam etdirmək məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixli N00153214PZK nömrəli tibbi göndəriş əsasında xx.xx.2023-cü il tarixdə baxılmış və “Diaqnozun mətni: Beyin infarktının nəticələri. Baş beynin sağ hemisferində keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Əsas diaqnoz - İ69.3 Beyin infarktının nəticələri, Baş beynin sağ hemisferində keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri. Ağırlaşma - G81.1 Spastik hemiplegiya, Sol tərəfli hemiparez (əzələ gücü 3 baldır) Ağırlaşma - R26 Hərəkətin və yerişin pozulmaları, Yerişin pozulması Yanaşı xəstəliklər - M51.4 Şmorle düyünləri [yırtıqları], L3-L4, L4-L5, L5-S1 fəqərəarası disk yırtıqları. Radikulyar sindrom. Yanaşı xəstəliklər - 111.9 [Durğunluq] ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [~yi], Hipertoniya xəstəliyi ll-lll mərh. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli əyani müayinə aktından görünür ki, vətəndaşın əyani müraciətinə əsasən Bakı şəhəri, Xəzər rayonu, QALA QƏS, H/ŞƏHƏRCİK 843, 2, 6 qeydiyyatı olan, həmin ünvanda yaşayan İddiaçı (Fin-xxxxxxx), 2 saylı TSEK-in həkim-eksperti tərəfindən əyani müayinə olunmuş, müəyyən olunmuşdur ki, Xəzər rayon sakini İddiaçı (Fin- xxxxxxx) əlillik vəziyyəti səhiyyə müəssisəsinin N00153214PZK saylı göndərişi əsasında xx.xx.2023-cü il tarixində qiymətləndirilmişdir. Status localis: Özünü 2021-ci ildən xəstə hesab edir. Həmin ildə işemik insult keçirib. Yanaşı olaraq bel-oma radikulopatiyası qeyd olunur. Hal hazırda xəstə bel nahiyyəsində kəskin ağrılardan, yerişin çətinləşməsindən şikayətlənir. Obyektiv müayinədə ətraflarda parez, atrofiya qeyd olunmur; xəstə oturaq vəziyyətdən çətinliklə durur. Tibbi sənədlərin araşdırılması və obyektiv müayinə zamanı xəstəyə Tibbi ekspertiza üçün vacib olan aşağıdakı diaqnoz təyin edilir: Əsas diaqnoz: İ69.3. Keçirilmiş işemik insultun qalıq əlamətləri. Ağırlaşma: R26.2 Yerişin pozulması, Yanaşı: M54.1 Bel-oma radikulopatiyası, Yanaşı: M51.4 L3-L4, L4-L5, L5-S1 fəqərəarası disk yırtığı, Yanaşı: 111 Hipertoniya xəstəliyi. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-4/2-11578/2024 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhər sakini İddiaçı əlillik vəziyyəti barədə 11,03.2024-cü il tarixli, 2-1(112)- 7510/2024 nömrəli sorğunuza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01,2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bildiririk ki, İddiaçı əlillik vəziyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin N00153214PZK nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2023-cü il tarixində 2 nömrəli Tibbi-sosial ekspert komissiyasının ekspert-həkimi tərəfindən əyani müayinə olunmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün X5-sosial ekspertiza komissiyasına göndərilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin xx.xx.2024-cü il tarixli 3987 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2024-cü il tarixli T 493/2024 saylı ekspert rəyindən görünür ki: - 1.vətəndaş İddiaçı adına tərtib edilmiş Forma 88-də qeyd edilən əsas diaqnoz: “Beyin infarktının nəticələri, baş beynin sağ yarımkürəsində keçirilmiş işemik insultun qalıq əlamətləri. Ağırlaşma: spastik hemiplegiya, sol tərəfli hemiparez (əzələ gücü 3 baldır), hərəkətin və yerişin pozulması. Yanaşı xəstəliklər: L3-L4, L4-L5, L5-S1 fəqərəarası disk yırtıqları, radikulyar sindrom, ürək çatmamazlığı olmadan, hipertoniya xəstəliyi İİ-İİİ mərhələ” müəyyən edilmişdir. -2.vətəndaş İddiaçı xx.xx.2024-cü ildə əyani müayinəsi zamanı onda bel nahiyəsində ağrı, keçirilmiş beyin infarktının bəzi qalıq əlamətləri aşkar edilmiş, lakin ətraflarda parez və atrofiya müəyyən edilməmiş, oynaqlarda cüzi hərəkət məhdudluğu aşkarlanmışdır. Digər patofunksional dəyişikliklər aşkar olunmadı. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mahiyyət üzrə əsaslıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İşin sadalanan hallarından görünür ki, iddiaçının əlillik təyinatı ilə bağlı təqdim edilmiş tibbi göndərişlərinə xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə baxılmış, müalicə müddətinin yetərli olmaması, diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə iddiaçının əlillik təyinatından imtina edilmişdir. İddiaçı barəsində tərtib edilmiş sonuncu dəfə tibbi göndərişdə əsas diaqnozu İ69.3 Beyin infarktının nəticələri, Baş beynin sağ hemisferində keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri, ağırlaşması - G81.1 Spastik hemiplegiya, sol tərəfli hemiparez (əzələ gücü 3 baldır), R26 Hərəkətin və yerişin pozulmaları, yerişin pozulması kimi qeyd edilmişdir. Cavabdeh qeyd edilən diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə əlillik təyinatından imtina etmişdir. Eyni zamanda cavabdehin komissiyası xx.xx.2023-cü il tarixli əyani müayinə zamanı iddiaçının əsas diaqnozunu İ69.3. keçirilmiş işemik insultun qalıq əlamətləri, ağırlaşma: R26.2 yerişin pozulması kimi müəyyən etsə də əlillik təyinatından imtina etmiş, bu zaman xəstənin oturaq vəziyyətdən çətinliklə durduğunu qeyd etmiş, eyni zamanda ətraflarda parez, atrofiya qeyd olunmamasını əsas gətirərək diaqnozun əlillik təyinatına əsas vermədiyi nəticəsinə gəlmişdir. Məhkəmə qeyd edir ki, iddiçının tibbi göndərişində İ69.3, R26, G81.1 diaqnozuna uyğun əsas xəstəlik, onun ağırlaşmalarını yuxarı adıçəkilən 187 nömrəli qərarla təsdiq edilmiş əlilliyin meyarlarındakı qeyd olunan qiymətləndirmələr üzrə hansıların iddiaçıda mövcud olduğu, hansıların olmadığı, iddiaçıya həmin diaqnozlardan onun əlillik təyinatına əsas verməməsinin əsasları müəyyən olunmamışdır. İddiaçının əyani müayinə zamanı cavabdeh ekspert komissiyası nəticəyə gələrkən iddiaçının xəstəliyi ilə əlaqədar onu müvafiq ixtisaslamış müəssisə və ya laborator müayinəyə göndərməmiş, belə bir müayinələrin nəticələrinə istinad etməmiş, yalnız komissiyanın özündə xəstənin obyektiv müayinəsinə və tibbi sənədlərin araşdırılmasına əsasən diaqnoz təyin etmiş, eyni zamanda alınmış nəticənin hansı xüsusiyyətlərinə və meyarlarına görə əlillik təyinatına əsas vermədiyi barədə hüquqi və faktiki cəhətdən əsaslandırma təqdim etməmişdir. Məhkəmə ekspertizası zamanı isə ekspertlər bel nahiyəsində ağrı, keçirilmiş beyin infarktının bəzi qalıq əlamətləri, oynnaqlarda hərəkət məhdudluğu, oturaq vəziyyətdən çətinliklə durması kimi əlamətlər də nəzərə alınmaqla, iddiaçıda “Beyin infarktının nəticələri, baş beynin sağ yarımkürəsində keçirilmiş işemik insultun qalıq əlamətləri. Ağırlaşma: spastik hemiplegiya, sol tərəfli hemiparez (əzələ gücü 3 baldır), hərəkətin və yerişin pozulması. Yanaşı xəstəliklər: L3-L4, L4-L5, L5-S1 fəqərəarası disk yırtıqları, radikulyar sindrom, ürək çatmamazlığı olmadan, hipertoniya xəstəliyi İİ-İİİ mərhələ” diaqnozunun olduğu, diaqnozun iddiaçının stasionarda müalicə zamanı kliniki, laboratorinstrumental müayinələrin nəticəsində müəyyən olunduğu qənaətinə gəlmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyyən olunması meyarları” nın 2.1-ci bəndində “Serebrovaskulyar xəstəliklər İ60-İ69” xəstəliklər sadalanmış, qiymətləndirmə meyarları aşağıdakılardır: -2.1.1 arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə -2.1.2arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə -2.1.3 arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə 6.5.1-ci bəndində “serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) G81-G83” xəstəliklər sadalanmış, qiymətləndirmə meyarları aşağıdakılardır: -6.5.1.1 ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); cüzi statodinamik pozuntular -6.5.1.2 mülayim hemiparez (əzələ gücünün 3 bala qədər azalması, 4-7 sm-lik əzələ hipotrofiyası, yuxarı və (və ya) aşağı ətraflarda aktiv hərəkət amplitudasının çiyin oynağında 35-40 dərəcəyə, dirsəkdə 30-45 dərəcəyə, biləkdə 30-40 dərəcəyə, bud-çanaq üzrə 15-20 dərəcəyə, dizdə 16-20 dərəcəyə, aşıq-baldır üzrə 14-18 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulmasının çətinləşməsi ilə (baş barmağın distal falanqasının 4-cü barmağa qədər çatmaması, yumruq bükülməsinin məhdudlaşması, barmaqların ələ 1-2 sm məsafədə çatmaması); mülayim statodinamik pozuntular -6.5.1.3 cüzi tetraparez (əzələ gücünün 4 bala qədər enməsi, 1,5-2,0 sm-lik əzələ hipotrofiyası, aşağı və yuxarı ətraf oynaqlarının aktiv hərəkətlərinin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); mülayim statodinamik pozuntular -6.5.1.4 təzahür edən hemiparez (əzələ gücünün 2 bala qədər azalması, yuxarı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının 10-20 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulması, böyük əşyaların uzun müddət saxlanılmasının qeyrimümkünlüyü (barmaqların distal falanqalarının 3-4 sm məsafədə ələ çatmaması, barmaqların yumruğa bükülməsinin təzahür edən məhdudlaşması), yuxarı ətrafın əsas funksiyasının pozulması və ya bütün aşağı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının təzahür edən məhdudlaşması (bud-çanaq oynağının 20 dərəcəyə, diz oynağının 10 dərəcəyə, aşıq-baldır oynağının 6-7 dərəcəyə qədər) ilə); əhəmiyyətli təzahür edən statodinamik pozuntular -6.5.1.5 mülayim tetraparez (əzələ gücünün 3 bala qədər azalması, yuxarı və (və ya) aşağı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının çiyin oynağında 35-40 dərəcəyə, dirsək oynağında 30-45 dərəcəyə, biləkdə 30-40 dərəcəyə, bud-çanaq üzrə 15-20 dərəcəyə, dizdə 16-20 dərəcəyə, aşıq-baldır üzrə 14-18 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulmasının çətinləşməsi (baş barmağın distal falanqasının 4-cü barmağın əsası səviyyəsində olması, yumruq bükülməsinin məhdudlaşması, barmaqların ələ 1-2 sm məsafədə çatmaması) ilə); əhəmiyyətli təzahür edən statodinamik pozuntular -6.5.1.6 əhəmiyyətli təzahür edən tetraparez, əhəmiyyətli təzahür edən triparez, hemiplegiya, triplegiya, tetraplegiya (əzələ gücünün 1 bala qədər azalması, müstəqil yerdəyişmənin, əllərdən istifadə etmək qabiliyyətinin qeyri-mümkünlüyü, yatağa məhkum olma); əhəmiyyətli təzahür edən statodinamik pozuntular “Əlilliyin müəyyyən olunması meyarları” nın 6.1.10-cu bəndində “sinir və sümükəzələ sisteminə aid olan simptomlar və nişanələr R25-R29” xəstəliklər sadalanmış, qiymətləndirmə meyarları aşağıdakılardır: -6.1.10.1 başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın mülayim pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları -6.1.10.2 başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın əhəmiyyətli pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları -6.1.10.3 başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın ağır dərəcədə pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və sərbəst durmanın itirilməsi. Beləliklə, iddiaçı barəsində tərtib edilmiş və əlillik təyinatı üçün əlillik alt sistemində yerləşdirilimiş xx.xx.2023-cü il tarixli N00153214PZK nömrəli Forma 88-dəki xəstəliklərlə (əsas diaqnoz və ağırlaşma) iddiaçının hazırkı sağlamlıq vəziyyətinin eyni olduğu məhkəmə icraatı gedişində əldə edilmiş ekspert rəyi ilə öz təsdiqini tapmışdır. İddiaçının xx.xx.2023-cü il tarixli N00153214PZK nömrəli tibbi göndərişdəki xəstəliklərin təsnifat kodları “Əlilliyin müəyyyən olunması meyarları” nda göstərilən əlillik təyinatına əsas verən xəstəliklərin təsnifatında əsas diaqnoz və qiymətləndirmə onun əlillik təyinatına əsas verir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu əsasdan iddia tələbi təmin edilməli, iddiaçıya əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar