Məhkəmə qərarları › İş №2-1(112)-7513/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7513/2025

02.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7513/2025 02.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 3-cü şəxs "xxxx" MTK işə cəlb edilməklə “ödənilmiş ƏDV-nin geri qaytarılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 3-cü şəxs "xxxx" MTK işə cəlb edilməklə “ödənilmiş ƏDV-nin geri qaytarılması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ünvan 2 ünvanında yerləşən “AVANT Park” yaşayış kompleksinin 4-cü binasında, 4-cü blok, 12-ci mərtəbə, 8 №-li, 1 (bir) otaqlı mənzilə görə ona qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka "xxxx" ASC-nin Şərifzadə Filialına ötürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və mənvi ziyana görə ona 2000 (iki min) manat məbləğində pul vəsaitinin ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixində “AVANT Group" MTK ilə 0667 saylı Payçı müqaviləsini bağlamışlar. Həmin Payçı müqaviləsinə əsasən ünvan 3 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 4-cü binasında, 4-cü blok, 12-ci mərtəbə, 8 №-li, 1 (bir) otaqlı mənzili almış və bu mənzilə görə ƏDV daxil 77 737,00 (yetmiş yeddi min yeddi yüz otuz yeddi) manat məbləğində pul vəsaitləri MTK-nın hesablarına mədaxil edilmişdir (mədaxil qəbzlərinin surətləri əlavə olunur). Daha sonra sonuncu ödənişi xx.xx.2025-ci il tarixində ödəniş etdikdən sonra “AVANT Group" MTK ilə bağlanmış Payçı müqaviləsi və mədaxil qəbzlərinin surətləri əlavə edilməklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin güzəşt edilmiş məbləği barədə məlumatların ötürülməsinə dair elektron ərizə ilə xx.xx.2025-ci il tarixində cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli, **********383000 saylı qərarı ilə yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina etmişdir. Cavabdeh öz imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası"nın 5.1.2-ci bəndinə əsasən Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada Satıcının bank hesabına, ƏDV məbləğini isə Satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərindən 77 737,00 (yetmiş yeddi min yeddi yüz otuz yeddi) manat (ƏDV daxil) məbləğin satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Həmin qərarda cavabdeh özü də, təsdiq etmişdir ki, alıcı tərəfindən ƏDV ödənilmiş, lakin Qaydanın 5.1.2-ci bəndinə uyğun ödəniş edilməmişdir. Hesab edir ki, bu tamamilə əsassız qərardır. Çünki tərəfindən yaşayış sahəsinin qiyməti ƏDV daxil hesablanıb, MTK-ya ödəniş etsə də, müvafiq qaydada MTK da öz tərəfindən ƏDV məbləğini ödəyib, vergiyə hesabat təqdim etmişdir. Bununla əlaqədar MTK-ya ərizə ilə müraciət etdiyi zaman onun tərəfindən ödənilmiş ƏDV məbləğinin ƏDV depozit hesabına köçürülməsi və müvafiq qaydada vergiyə hesabat verilməsi barədə MTK tərəfindən ərizəsi cavablandırılmışdır. Bununla da, tam təsdiq olunur ki, tərəfindən MTK-nın cari hesabına ödənilmiş ƏDV məbləği MTK tərəfindən müvafiq qaydada ƏDV depozit hesabına köçürülmüşdür. Bundan başqa həmin Qaydanın 5.1.-ci bəndinə əsasən “Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini saticıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDVnin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir.” O, ƏDV-nin yekun dəyərini xx.xx.2025-ci ildə tamamlayaraq, dərhal xx.xx.2025ci il tarixində ƏDV-nin yekun dəyərindən güzəşt üçün müraciət etdiyi üçün qanunvericilikdə müəyyən edilmiş 90 gün müddəti ötürməmişdir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə “Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Göründüyü kimi, cavabdeh formal tələblərə əsaslanaraq imtina etmişdir. Belə ki, tərəfindən ödənilmiş ƏDV məbləği hazırda dövlət büdcəsinə ödənilib. Sadəcə iki hesaba deyil, bir hesaba ödənilməsi səbəbi imtina üçün heç bir halda əsas ola bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə görə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız gaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq, qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30%-ni təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kv.m. və qeyri-yaşayış sahəsinin 500 kv.m-dən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir." Bu əsasda Qanunvericiliklə tətbiq olunan güzəştə əsasən ona ƏDV-nin 30%-i güzəşt olaraq geri qaytarılır, yəni 11 858,19 (on bir min səkkiz yüz əlli səkkiz) manat 19 qəpik məbləğin 30%-i 3 557,48 (üç min beş yüz əlli yeddi) manat 48 qəpik ona geri qaytarılmalı olduğu halda hal-hazıradək cavabdeh tərəfindən ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsindən imtina edilmişdir. Əlavə olaraq bildirmək istəyir ki, cavabdeh Qaydadan əvvəlki dövrdə həmin MTK üzrə mənzilləri alan Alıcılara güzəşt tətbiq olunan ƏDV-nin 30%-nin ödənilməsi üçün təxmini o, bildiyi 25-30 nəfərə ƏDV-nin yekun məbləği barədə məlumatları müvəkkil banklara ötürmüşdür. Eyni zamanda Bakı İnzibati Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində və hətta Ali Məhkəmədə hazırda onun tələbinə uyğun bir neçə məhkəmə qərarları iddiaçı vətəndaşların xeyrinə qəbul edilmişdir. İddiaçı X2 anoloji tələb üzrə 2-1(102)-1498/2024 saylı qərar qəbul edilmiş, həmin qərarla Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Müvafiq qaydada Bakı Apellyasiya Məhkəməsində iddiaçıların xeyrinə qərarlar qəbul edilməkdədir. İddiaçı X3 xeyrinə 2-1(103)-3643/2024 saylı, xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Bütün qeyd olunan normativ-hüquqi normalar ilə tam ƏDV məbləğinin 30% güzəşti ona geri ödənilməli olduğu halda Qaydada "Operator" kimi tanınan cavabdeh Qaydanın 5.5-ci bəndini pozmuşdur. Belə ki, Qaydanın 5.5-ci bəndinə əsasən “elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd edilmiş sənədlərdə göstərilən məlumatlar Operator tərəfindən yoxlandıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, Operator Alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə Alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. Tərəfindən ödənişlər müvəkkil bank olan "xxxx" ASC-nin Qaradağ Filialına həyata keçirildiyi üçün hesab edir ki, cavabdeh tərəfindən ƏDV-nin güzəşt məbləği barədə məlumatlar aidiyyatı üzrə sonda müvəkkil bank Azərbaycan Beynəlxaq Bank ASC-nin Qaradağ Filialına ötürülməlidir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində qəbul edilmiş, **********383000 saylı imtina qərarının öhdəliklərin icrası iddiası üzrə hər hansı əsası olmadığı üçün hər hansı bir əhəmiyyət kəsb etmir. Əlavə olaraq bildirmək istəyir ki, qanunla nəzərdə tutulan ƏDV-nin yekun məbləğindən güzəşt hissəsinin icra edilməsi üçün cavabdehin hərəkətsizliyi, öz üzərinə düşən öhdəliyi yerinə yetirməməsi ilə onun gözlənti hüquqlarını pozmaqla mənəvi iztirab vermişdir. Bu əsasda mənəvi zərərini 2 000 (iki min) manat olaraq qiymətləndirir və əsas tələb ilə birgə cavabdehdən tələb etməkdə haqlıdır.

3. Məhkəmənin 2-1(112)-7513/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" MTK iş üzrə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, cavabdehin xx.xx.2025-ci il tarixində qəbul edilmiş **********383000 saylı qərarı qanuni və əsaslıdır. İddiaçı isə müvafiq qərarı məhkəmədə mübahisələndirmək hüququna malikdir. 2000 manat mənəvi zərərin cavabdehdən tutularaq ödənilməsi ilə bağlı bildirilər ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Hazırkı halda cavabdehin təqsirli, hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya əldən çıxmış fayda formasında zərər dəyməsi sübuta yetirilmir. 2000 manat mənəvi zərərin iddiaçıya ödənilməsinə dair iddia tələbi ilə bağlı qeyd edirlər ki, mənəvi zərərin nədə ifadə olunması və hansı hərəklərin nəticəsində baş verməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarında qeyd edilmişdir ki, hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Qeyd edilənlərə əsasən vergi orqanının qanunvericiliyə uyğun olaraq həyata keçirdiyi hərəkətlər nəticəsində vergi ödəyicisinə hər hansı mənəvi zərərin dəyməsindən söhbət gedə bilməz. Bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir. Fərman ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.6-ci bəndlərinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. İşin mahiyyəti ilə bağlı bildirirlər ki, İddiaçı (FİN: xxxxxxx) nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2025-ci il tarixli elektron ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmiş və ərizəyə 0644 nömrəli müqavilə və arayış əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən fiziki şəxs tərəfindən digər sənədlərlə yanaşı alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədi təqdim edildiyi təqdirdə ƏDV-nin qaytarılması həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Yuxarıda qeyd edilən Qaydaların tələblərinə əsasən alıcı mənzilin dəyəri üzrə əsas məbləği satıcının bank hesabına, ƏDV məbləğini isə ƏDV depozit hesabına ödəməlidir. Belə ki, qüvvədə olan Qaydaya əsasən alıcı tərəfindən ƏDV depozit hesabına ödənilən ƏDV məbləğinin 30%-i geri qaytarılır.ƏDV ödəyicisi olan satıcı əldə etdiyi gəlirlər üzrə ƏDV bəyannaməsini təqdim edir. Vətəndaş tərəfindən MTK-nın bank hesabına ödənilən 11 858,19 azn ƏDV məbləği, MTK tərəfindən ƏDV depozit hesabına köçürülməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Qanunvericiliyin qeyd olunan normalarına istinad edərək bildirirlər ki, İddiaçı müraciətinə və təqdim edilmiş sənədlərə əsasən aparılmış araşdırma zamanı yaşayış sahəsinin tam dəyərinin (ƏDV daxil) onun tərəfindən satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Müraciət üzrə aparılmış araşdırmanın nəticəsi üzrə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 58-ci və 61-ci maddələrinə əsasən “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2025-ci il tarixində qəbul edilmiş **********383000 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar və “ƏDV qaytarmaq ərizəsindən imtina barədə” bildiriş İddiaçı göndərilmişdir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Məhkəməyə gəlməməsinin səbəbi barəsində hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

9. İddiaçı tərəfindən iş materiallarına payçı müqaviləsi, maliyyə arayışı və mədaxil qəbzləri əlavə edilmişdir.

10. Cavabdeh tərəfindən məhkəməyə inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilmişdir.

11. Cavabdehin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2025-cü il tarixli, **********383000 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2025-ci il tarixli elektron ərizəsi üzrə ƏDV-nin geri qaytarılması barədə ərizəsi təmin edilməmişdir. Qərar onunla əsaslandırılmışdır ki, alıcı İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli elektron ərizəyə müqavilə, ödəniş sənədləri və digər sənədlər əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaydarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə haqqında iddia növünə aiddir.

13. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

16. Məcburetmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

17. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

18. Məhkəmə gəldiyi nəticəsini aşağıdakılar ilə əsaslandırır:

19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyriyaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.

20. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyriyaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:

1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;

2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;

3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. 21 .Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi əldə etdiyi yaşayış sahəsinə görə ödədiyi ƏDV məbləğinin 30 faizinin ona qaytarılması barədə cavabdeh tərəfindən qərarın (əlverişli inzibati aktın) qəbul edilməsinə nail olmaqdan ibarətdir.

22. İşin məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə, aralarında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ƏDV daxil 77 737,00 manat məbləğində ödəniş olunmuşdur.

23. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş 165.6-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir.

24. Göründüyü kimi, istinad edilən norma fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılmasına dair yeni tənzimləmələr gətirmişdir. Bununla yanaşı, qanun, qaytarılmanın şərtlərinə və qaydasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə normativ tənzimləmələr aparılmalı olduğunu təsbit etmişdir.

25. Bundan sonra, həmin normativ tənzimləmələrin həyata keçirilməsi məqsədilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.

26. Sözügedən Qaydanın 1.4-cü bəndinə əsasən, bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV, alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV, yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. Həmin Qaydanın 5.1.1 və 5.1.2-ci bəndlərinə əsasən isə Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini, eyni zamanda müvafiq sənədləri, o cümlədən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədini portala göndərir.

27. Bununla yanaşı, Qaydanın 6-cı bəndi keçid müddəaları nəzərdə tutmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il 01 yanvar tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il 25 may tarixədək olan dövr ərzində yaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qəbul edilməsinin mənzil alan şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqlarını nəzərə almaqla nizamlamağa yönəlmişdir.

28. Keçid müddəalarına görə, Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən Fərmanla təsdiq edilmiş Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizinin Qaydanın qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq qaytarılması qaydası müəyyən edilmişdir.

29. Beləliklə, bu qəbildən olan mübahisələrə baxılarkən məhkəmələr tərəfindən aydınlaşdırılmalı olan əsas məqamlardan biri mübahisənin keçid normalarının təsiri altına düşüb-düşmədiyinin müəyyən edilməsidir. Keçid normalarının təsiri altına düşə bilməsi üçün yaşayış və qeyri-yaşayış sahələri Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək əldə edilmiş olmalıdır. Əldə edilmə dedikdə isə 2020-ci il yanvarın 1-dən 2022-ci il mayın 25-dək yaşayış və qeyri-yaşayış sahələrinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilələrin bağlanılması nəzərdə tutulur. Həmin tarixlər arasında müqavilə bağlamaqla və ödəniş etməklə yaşayış və qeyri-yaşayış sahələri əldə etmiş şəxslərdən ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmur.

30. Bundan fərqli olaraq, yaşayış və qeyri-yaşayış sahələrini Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra müqavilə bağlamaqla əldə etmiş şəxslərə münasibətdə isə Qaydanın 5.1.2-ci bəndi tətbiq olunmalıdır. Yəni, həmin şəxslər alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödədikləri halda, onların ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüquqları yaranır.

31. Əlavə olaraq, Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək yaşayış və qeyri-yaşayış sahələri əldə etmiş, lakin ödənişləri həm Qaydaların qəbul olunmasından əvvəl, həm də sonra həyata keçirən şəxslərə münasibətdə isə qeyd edilməlidir ki, həmin şəxslərdən Qaydanın qüvvəyə mindiyi tarixədək aparılan ödənişlərə münasibətdə ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmamalı, Qaydanın qüvvəyə mindiyi tarixdən sonra aparılan ödənişlərə münasibətdə isə Qaydanın 5.1.2-ci bəndində nəzərdə tutulan tələblərə riayət edildiyi halda, başqa sözlə, alıcı qalan ödənişi (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödədiyi halda, onun ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüququ tanınmalıdır.

32. Hazırkı halda, iddiaçı yaşayış sahəsinə dair müqaviləni xx.xx.2023-cü il tarixdə bağladığından, ödənişlər isə həmin Qaydanın qüvvəyə minməsindən sonra aparıldığından hazırkı qərarın 29-cu bəndində əks olunan qaydada qiymətləndirilmə aparılmalıdır.

33. Qeyd edilməlidir ki, Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra alıcıların ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı mövcud olmalıdır. Yalnız belə imkanın mövcudluğu halında ona riayət edilməmənin nəticələri tətbiq oluna bilər. 34.Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də o istiqamətdədir ki, bu qəbildən olan işlərə baxarkən məhkəmələr alıcılara təqdim edilməli olan yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsi ilə bağlı texniki imkanların mövcud olub-olmamasını araşdırmalıdır. Başqa sözlə, satıcılar tərəfindən alıcılara mənzilin dəyərinin və onun ƏDV-nin ayrı-ayrılıqda ödənilməsinə imkan verən e-qaimənin tərtib edilməsinin texniki cəhətdən mümkün olub-olmaması müəyyən edilməlidir. İddiaçı ƏDV-nin ayrı-ayrılıqda ödənilməsinə imkan verən e-qaimənin tərtib edilməsi üçün texniki imkanlara sahib olmuşdur.

35. Başqa sözlə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən aparılmış sonuncu ödəniş portalın istifadəyə verilməsindən sonrakı vaxta təsadüf edir, başqa sözlə, mübahisəsiz olaraq texniki imkanın mövcud olmasına baxmayaraq, ödəniş Qaydanın 5.1.2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun həyata keçirilməmişdir.

36. Belə ki, işin hallarından da, göründüyü kimi, alıcı İddiaçı tərəfindən müqavilə üzrə mənzilin tam dəyəri (cəmi 77 737,00 manat, ƏDV daxil) satıcının bank hesabına ayrıayrılıqda deyil, birlikdə ödənilmişdir.

37. Bununla yanaşı, xüsusilə nəzərə alınmalıdır ki, Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra alıcıların ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı mövcud olmalıdır. Yalnız belə imkanın mövcudluğu halında ona riayət edilməmənin nəticələri tətbiq oluna bilər.

38. Belə ki, ƏDV-nin qaytarılması Şərtləri və Qaydasının tələblərinə görə ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayı sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dvlət Vergi Xİdməti operator vəzifəsini yerinə yetirir, Dövlət Vergi Xidməti bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi olan portal yaradır, operator olaraq bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini, alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturaların tərtib edilməsi və həmin elektron qaimə fakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsini təmin edir (2.0.4, 2.08. və 3.1-ci bəndlər).

39. Analoji mübahisə üzrə apellyasiya instansiya məhkəməsinin icraatında olan işlər üzrə (2-1(103)-145/2025; 2-1(103)-542/2025) müəyyən olunmuşdur ki: - Məhkəmənin sorğularına cavab olaraq 2022 dekabr – 2023-cü ilin yanvar-aprel ayları ərzində müraciətləri təsdiqlənmiş şəxslər barədə məlumatı əks etdirən cədvəl məhkəməyə təqdim edilmiş, həmin cədvələ əsasən də müəyyən edilir ki, sistemin işlək olmamasına, hətta 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar ayları üzrə müxtəlif şəxslərə ƏDV geri qaytarmaları həyata keçirilmişdir. - Həmçinin, sorğuya cavab olaraq təqdim edilmiş aid olanödəniş tapşırıqlarından da göründüyü kimi, Qaydaların qüvvəyə mindiyi tarixlə Portalın rəsmi istifadəyə verildiyi tarixlər arasında mənzilin alışı ilə əlaqədar müvəkkil bank vasitəsilə ödənişlər etmiş və ödənişlərin edilməsi zamanı qanunvericiliyin tələbləri gözlənilərək ƏDV məbləği satıcının ƏDV depozit hesabına ödənilmişdir.

40. Beləliklə, müəyyən olunur ki, yaşayış və qeyri-yaşayış sahələrinə görə iddiaçı tərəfindən aparılmış ödənişlər “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyil.

41. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən iddiaçı yaşayış sahəsinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödəməli olduğundan, lakin, iddiaçı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ayrı-ayrılıqda deyil, birlikdə ödənildiyi müəyyən edildiyindən, həmçinin, iddiaçı tərəfindən ƏDV məbləğinin ayrıca olaraq ƏDV-nin depozit hesabına ödəmək üçün texniki imkanın mövcud olmaması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilmlədiyindən, iddiaçının hazırki tələbi əsaslı hesab edilə və təmin edilə bilməz.

42. Məhkəmə iddiaçının tələbinin dəymiş mənəvi ziyanın ödənilməsi ilə bağlı hissəsinə münasibətdə isə qeyd edir ki, iddiaçının sonrakı tələblərinin hüquqi müqəddəratı “ödənilmiş ƏDV-nin geri qaytarılması” ilə bağlı əsas tələbindən asılı olduğundan və iddiaçının həmin tələbinin əsassız olması məhkəmə araşdırması zamanı sübuta yetirildiyindən onun sonrakı tələbi, yəni mənəvi zərərin ödənilməsi ilə bağlı tələbi müzakirə edilmədən əsassız hesab edilməklə təmin edilməməlidir.

43. Odur ki, hazırkı iş üzrə iddiaçı tərəfindən mənzilin dəyəri üzrə aparılan ödəniş Qaydalara uyğun olmadığından cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.

44. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

45. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

46. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

47. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

48. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar