Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7514/2021 03.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 (Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının mütəxəssisi, Balakən rayonu, Qazma kəndində qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsinin Göygöl rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4 uşağını 8 yaşınadək tərbiyə etməyini və 8 il 3 ay əmək fəaliyyətinin sğorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 09.04.2021-ci il tarixli 2-1(114)-775/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin Göygöl rayon filialı hüquq varisliyi qaydasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş və ailə həyatı qurmuşdur. 03.11.1984-cü il tarixdə X3, 04.01.1988-ci ildə X2, 05.01.1990-cı il tarixdə X4 və 01.07.1992-ci il tarixdə X8 adlarında övladları dünyaya gəlmişdir. Qızları Sevilin 8 yaşı 03.11.1992-ci ildə tamam olub, Səadətin 8 yaşı 04.01.1996-cı ildə tamam olub. Oğlanları Arzunun 8 yaşı 05.01.1998-ci ildə, Azərin isə 8 yaşı 01.07.2000- ci ildə tamam olub. Uşaqlar sağ-salamatdırlar. Daşkəsən rayon Dövlət Arxivinin arayışı ilə onun 31.12.1982-ci ildən Daşkəsən rayon “Lenin” adına sovxoza fəhlə qismində işə götürülməyi və kolxoz və sovxozların ləğv edilməsi ilə əlaqədar 31.03.1991-ci ildə işdən azad edilməsi sübut olunur. Həmin sovxozda 8 il 3 ay fəhlə kimi işləmişdir. Onun 50 yaşı 11.10.2013-cü ildə tamam olub. 4-cü uşağının 8 yaşı 01.07.2000-ci il tarixdə tamam olub və sonradan ona məlum olub ki, 50 yaşına çatmış və 4 uşaq doğub 8 yaşına kimi tərbiyyə etmiş qadınların yaşa görə əmək pensiyası almaq hüququ var. Bununla əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon filialına müraciət edib ona 4 uşaq doğub tərbiyə etdiyinə görə 50 yaşdan yuxarı (58 yaş) yaşının olduğunu nəzərə alıb yaşa görə əmək pensiyasının təyin etməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon filialı 20.11.2020-ci il tarixli məktubu ilə ona imtina cavab verilmişdir: 2013-cü ildə onun 50 yaşı tamam olub və həmin vaxtı qüvvədə olan “Əmək pensiları haqqında” 07 fevral 2006cı il tarixli Qanunu ( 28 noyabr 2006-cı il tarixli, 24.12.2006, q.m.t. 01.01.2007-ci il tarixli əlavə və dəyişikliklər) ona münasibətdə tətbiq edilməlidir. Həmin tarixdən sonra qəbul edilmiş hər hansı bir vəziyyətini pisləşdirən qanunun ona aidiyyəti yoxdur. Odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon filialının pensiya ilə əlaqədar imtinasını əsassız hesab etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Ərizəçi İddiaçı 16.11,2020-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional ərazi filalına (Göygöl) yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciətinə əsasən 20.11.2020-ci il tarixli **********3 nömrəli əlverişsiz inzibati akt qəbul edilmişdir və hesab edirik ki, bu inzibati akt qanuni, əsaslı olmuşdur. Belə ki, ərizəçi İddiaçı müvafiq filiala müraciətində 4 övladını doğub, 8 yaşına qədər tərbiyə etdiyinə görə ona 50 yaşında yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir və bu hüququnun yaranması əsası kimi “Əmək pensiyaları haqqında” qanunun 8.1-ci mədəsinin 01.01.2010-cu ilə qədər qüvvədə olan redaksiyasına (Üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar - 51 yaşına çatdıqda; 4 uşağı olanlar - 50 yaşına çatdıqda; 5 uşağı olanlar - 49 yaşına çatdıqda; 6 uşağı olanlar - 48 yaşına çatdıqda; 7 uşağı olanlar - 47 yaşına çatdıqda; 8 uşağı olanlar - 46 yaşına çatdıqda; 9 uşağı olanlar - 45 yaşına çatdıqda; 10 və daha çox uşağı olanlar - 44 yaşına çatdıqda və ya 10 il sığorta stajı olduqda yaşından asılı olmayaraq) istinad etmişdir. Məlumat üçün bildirilir ki “Əmək pensiyaları haqqında” qanunun 8.1-ci maddəsi 27.10.2009-cu il tarixli 904-İİİQD nömrəli Qanunla dəyişdirilmiş və 2010-cu il 01 yanvar tarixindən qüvvəyə minmişdir. İddiaçı xx.xx.1963-ci ildə Azərbaycan Respublikasının Daşkəsən rayonunda anadan olmuşdur. Onun 50 yası 11.10.2013-cü ildə tamam olmuşdur. Və həmin dövrdə iddiaçının istinad etdiyi qanunvericilik norması isə qüvvədə deyildi. Qüvvədə olan qanunvericiliyə əsasən İddiaçı pensiya hüququ 11.10.2028-ci ildə yaranacaqdır. Beləliklə İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün mövcud qanunvericiliyin yaşla bağlı tələbi ödənilmədiyi üçün ona yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyil. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87.6, 89 və 90-cı maddələrini rəhbər tutaraq cavabdeh məhkəmədən İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Daşkəsən rayon İcra Hakimiyyəti Daşkəsən rayon Dövlət Arxivi tərəfindən verilmiş 25 noyabr 2020-ci il tarixli 77 saylı Arxiv Çıxarışından görünür ki, X5 31.12.1982-ci il tarixli 120№li Əmrə əsasən sovxozun 4№li briqadasına fəhlə qəbul edilmiş, 31.03.1991-ci il tarixli Əmrə əsasən Daşkəsən rayon AK-nın 29.03.1991-ci il tarixdən 22№li əmrini nəzərə alaraq “Lenin” adına sovxoz ləğv olunduğundan, onun bazası əsasında kolxozlar yaradılmasına görə aşağıda qeyd olunan fəhlə və qulluqçular (X5) işdən azad edilib. Əsas: fond-86, siyahı-2, iş-2,10, bağlama-1, vərəq-45-46. Beləliklə işin hallarından görünür ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla, hazırda 58 yaşı vardır. 01.07.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin tələblərinə əsasən ona 08 oktyabr 2011-ci il tarixdən, yəni 50 yaşından 4 uşağı 8 yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə əmək pensiyası təyin edilməsini cavabdehdən tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, lakin cavab tərəfindən 20 noyabr 2020-ci il tarixli, **********3 saylı məktubla müraciətin təmin edilməsindən imtina edilmiş və iddiaçıya bildirilmişdir ki, iddiaçının ərizəsində qeyd etdiyi «Əmək pensiayaları haqqında» Qanunun 8.1-ci maddəsinə 27.10.2009- cu il tarixli 904-İİİQD nömrəli Qanunla dəyişildik edilmişdir və dəyişiklik 2010-cu ilin yanvarın 1-dən qüvvəyə minib. Qanunun 8.1ci maddəsinin 01.01.2010-cu il tarixədək və ondan sonrakı tələbləri aşağıdakı kimidir: (dəyişiklikdən əvvəlki redaksiya) Üç va daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdaki şərtlər əsasında yaşa görə əmək pensiyası almaq hüququ vardır 3 uşağı olanlar-51 yaşına çatdıqda, 4 uşağı olanlar- 50 yaşına çatdıqda , 5 uşağı olanlar- 49 yaşına çatdıqda, 6 uşağı olanlar- 48 yaşma çatdıqda, 7uşağı olanlar- 47 yaşına çatdıqda, 8 uşağı olanlar- 46 yaşına çatdıqda, 9 uşağı olanlar- 45 yaşına çatdıqda, 10 və daha çox uşağı olanlar- 44 yaşına çatdıqda və ya 10 il sığorta stajı olduqda yaşından asılı olmayaraq. Sizin 2013-cü ilin oktyabr ayının 11 də 50 yaşınız tamam olmağına baxmayaraq yuxanda göstərildiyi kimi qanunvericilikdə 27.10.2009-cu ildə dəyişiklik olunmuşdur. Hal-hazırki qüvvədə olan qanunvericiliyə əsasən əmək pensiyaları haqqında qanunun 8-ci maddənin 8.1. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 8.2. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsi deyildikdə 65 yaşma çatmış kişilərin və 62 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, hazırki iddia tələbi üzrə iddiaçı 01.07.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin müddəalarını tətbiq etməklə ona 50 yaşının tamam olduğu 11 oktyabr 2013-cü il tarixdən əmək pensiyasının təyin edilməsini tələb edir və tələbini əmək pensiyası hüququnun həmin tarixədək yaranması ilə əsaslandırır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin 27 oktyabr 2009-cu il tarixədək qüvvədə olan redaksiyasına əsasən üç uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların 51 yaşına çatdıqda yaşa görə əmək pensiyası hüququ vardır. Lakin 27 oktyabr 2009-cu il tarixədə 904-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 8-ci maddə yeni redaksiyada verilmiş və həmin redaksiya 01.01.2017-ci il tarixədək qüvvədə olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin 01.01.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hazırda qüvvədə olan 8.1-ci maddəsinin redaksiyasına əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı 50 yaşına çatanadək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə dəyişiklik edilərək, yeni redaksiyada verilmiş və həmin tarixdən sonra 4 uşaq deyil, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin tələblərinə əsasən yaşa görə əmək pensiyası hüququnun olması müəyyən edilmişdir. İddiaçının 50 yaşı 11 oktyabr 2013-cü il tarixdə tamam olduğundan ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin 27 oktyabr 2009-cu il tarixədək qüvvədə olan tələbləri tətbiq edilə bilməz. İddiaçı 27 oktyabr 2009-cu il tarixədək pensiya yaşına çatmadığından, həmin tarixdən sonra qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin tələbləri əsasən dörd uşaq deyil, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə edən qadınlara şamil olunduğundan, iddiaçının ona 50 yaşdan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin tələbləri tətbiq edilməklə pensiya təyin olunması barədə tələbi əsassızdır. Beləliklə, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin tələblərinə əsasən yaşa görə əmək pensiyasını təyin olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından, iddiaçının tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-7514/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7514/2021
03.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver