Məhkəmə qərarları › İş №2-1(112)-7516/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7516/2020

18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7516/2020 18.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinə qarşı icra məmurunun qanunsuz hərəkətlərinin ona qadağan edilməsi və icra sənədinin icra olunması vəzifəsinin onun üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinə qarşı icra məmurunun qanunsuz hərəkətlərinin ona qadağan edilməsi və icra sənədinin icra olunması vəzifəsinin onun üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəriSuraxanı Rayon Məhkəməsinin 2(010)-175/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli icra sənədinin Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, ev 28, mənzil 49; Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, ev 28, mənzil 6 və Masallı rayonu, İsi kəndində 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82.99 kvəm yaşayış, 45,68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə onların hər üçünün istifadə hüquqlarının tanınması hissəsində cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra sənədinin həmin hissədə icra edilməsi üçün Azərbaycan Respublikası Dövlət Əmlak Məsələləri Komitəsi yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar idda ərizəsində göstərmişlər ki, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, ev 28, mənzil 49, Bakı şəhəri, Suraxanı rayonu. Y/Günəşli qəsəbəsi, ev 28, mənzil 6 və Masallı rayonu İsi kəndində 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82.99 kv/m yaşayış, 45.68 kv/m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi anaları X1 xüsusi mülkiyyətindədir. Onlar uşaqlıq dövrlərindən bu günə qədər mülkiyyətçi ilə birlikdə etibarlı ailə əlaqələri əsasında mülkiyyətçinin mülkiyyətində olan yuxanda göstərilən əmlaklardan ailə üzvləri olaraq bərabər şəkildə davamlı olaraq istifadə etmiş və bu gün də istifadə edirlər. Son zamanlar ailə üzvləri arasında baş verən əmlak mübahisələri onları narahat etdiyi üçün sözügedən əmlaklara istifadə hüquqlarının tanınması və birgə istifadə qaydalarının müəyyən edilməsi tələbi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişlər. Suraxanı Rayon Məhkəməsinin 2(010)-175/2019 saylı. xx xxxxxx 2019-cu il tarixli qətnaməsilə onların iddia tələbi təmin edilməklə, Bakı şəhəri. Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, ev 28, mənzil 49, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, ev 28, mənzil 6 və Masallı rayonu İsi kəndində 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82.99 kv/m yaşayış, 45.68 kv/m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə onların hər üçünün istifadə hüquqlarının tanınması və həmin əmlaklar üzərində birgə istifadə qaydalarının müəyyən edilməsi qət edilmişdir. Suraxanı rayon məhkəməsinin 2(010)-175/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra vərəqəsi Suraxanı rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra işi icra məmuru Nicat Vəlizadənin icraatına verilmişdir. Artıq iki ilə yaxınlaşır ki, icra məmuru icra sənədində göstərilən tələbləri ardıcıllığı ilə icra etməmişdir. Belə ki, icra sənədinin ilkin tələbi qətnamədə göstərilən əmlaklara onların “birgə istifadə hüquqlarının tanınması” təşkil edir. Qətnamə icraya yönəldiyi gündən bu günə qədər icra məmuru bu hissədə hərəkətsizlik nümayiş etdirərək məhkəmə aktını icra etməkdən faktiki imtina etmişdir və bugünə qədər də eyni hərəkətləri davam etdirməkdədir. İcra məmuru icra işini təyin edərkən birinci icra yerinə gələrək yalnız birgə istifadə qaydalarının müəyyən edilməsi hissəsini icra etməyə cəhd göstərmiş və akt tərtib etməklə kifayətlənməyə çalışmışdır. Halbuki, icra sənədinə əsasən ilkin olaraq onların sözügedən əmlaklara birgə istifadə hüquqlarının tanınmasının təmin edilməsi öhdəliyi icra məmuru tərəfindən ardıcıllığa riayət etməklə həll edilməlidir. Bunun üçün icra məmuru icra sənədinin “birgə istifadə hüquqlarının tanınması" hissəsini icra olunması üçün DƏDRX-nin Bakı Ərazi İdarəsinə göndərməlidir ki, bu günə qədər icra məmuru bu hərəkətini həyata keçirməkdən dolayısı ilə qeyri rəsmi imtina etmişdir. Dəfələrlə etdikləri rəsmi müraciətlərinə isə bu günə qədər cavab verməmişdir. Bu hərəkətsizliyi ilə də icra məmuru tələbkar olaraq onların hüquqlarını kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə təyin olunmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, iddiaçılar məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, ev 28, mənzil 49; Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, ev 28, mənzil 6 və Masallı rayonu, İsi kəndində 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82.99 kvəm yaşayış, 45,68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 istifadə hüquqlarının tanınması və həmin əmlaklar barədə bərabər şəkildə İddiaçı1, İddiaçı2, İddiaçı3, X2 və X1 birgə istifadə qaydalarının müəyyən edilməsi barədə xx.xx.2019-cu il tarixli 2(010)-175/2019 saylı icra vərəqəsi tərtib olunaraq icraya yönəldilmişdir. Hazırda iddiaçılar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-175/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli icra sənədinin Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, ev 28, mənzil 49; Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, ev 28, mənzil 6 və Masallı rayonu, İsi kəndində 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82.99 kvəm yaşayış, 45,68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə onların hər üçünün istifadə hüquqlarının tanınması hissəsində cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra sənədinin həmin hissədə icra edilməsi üçün Azərbaycan Respublikası Dövlət Əmlak Məsələləri Komitəsi yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə göndərilməsinə dair tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçıların hazırkı tələbinə hüquqi qiymət verilməsi ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarına istinad edilməsini zəruri hesab edir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” x xxxxx 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-cı maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibatı-iqtisadı məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1 -ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Bundan əlavə Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında'' Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” xx xxxxxxxx 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası inzibati Prossesual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxılır. Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” qərarında isə göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Həmin Qərarda qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Bundan əlavə məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə xx xxxx 1997-ci il tarixli Qərar). Beləliklə, yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də X5 Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinə qarşı icra məmurunun qanunsuz hərəkətlərinin ona qadağan edilməsi və icra sənədinin icra olunması vəzifəsinin onun üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar