Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7517/2022 05.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı xx.xx.2021-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, onun işlədiyi illəri, həmçinin, hərbi müddəti nəzərə alındıqda, onun iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li siyahıda, həmçinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin ümumi iş stajının olması səbəbi ilə pensiyanın təyin olunmasından imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, iddiaçının əmək kitabçasının 1-ci səhifəsi həmin tarixdə mövcud olmayan Azərbaycan Respublikasına aid etibarsız möhürlə təsdiqlənmişdir. Həmçinin, əmək kitabçasının 2 və 3-cü səhifələrində xx.xx.1978-ci il tarixə aid qeydlərdə sözlərin yazılışında qarışıq olaraq kiril və latin qrafikalı hərflərdən istifadə olunmuş, 2 və 3-cü, 4-cü və 5-ci səhifədəki müxtəlif illərə aid qeydlərdə mürəkkəbin rəngi, sözlərin yazılışı və təsdiqedici imzaların eyni olduğu müəyyən edilmişdir. Bundan başqa, iddiaçının əmək kitabçasında xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək dövr ərzində “Naxçıvan şərab zavodu”nda fəhlə vəzifəsində işlədiyi və 370 nömrəli əmrlər işdən azad edildiyi göstərildiyi halda, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin iddiaçıya dair arayışında həmin dövr ərzində çilingər vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu, 212 nömrəli əmrlə işdən azad edildiyi qeyd olunmuşdur. Eyni zamanda İddiaçı əmək kitabçasında xx.xx.1984-cü il tarixdən xx.xx.2002-ci il tarixədək dövr ərzində çilingər vəzifəsində işlədiyi qeyd edildiyi halda, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin iddiaçıya dair arayışında həmin dövrlər ərzində müxtəlif illərdə Babək rayon Mədəniyyət şöbəsində maldarlar üzrə mədəni çadırda kütləvi işçi, Naxçıvan tikiş fabrikində əmtəəşünas, Naxçıvan şəhər İctima-İaşə şöbəsində bufetçi vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir. Həmçinin, İddiaçı dair müxtəlif dövrlərə aid əmr kitablarının və əmək haqqı cədvəllərinin Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Göründüyü kimi, təqdim edilən sənədlərlə qeyd edilən məlumatlar arasında uyğunsuzluqlar vardır. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı mövcud deyildir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün beş halı əsas götürmüşdür:
1. xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az olması;
2. Əmək kitabçasında xx.xx.1978-xx.xx.1980-ci il tarixləri arasında “Naxçıvan şərab zavodu”nda fəhlə işlədiyi qeyd olunsa da, arxiv arayışına əsasən həmin dövrdə çilingər vəzifəsində əmək fəaliyyəti ilə məşğul olması;
3. Əmək kitabçasında xx.xx.1984-xx.xx.2002-ci il tarixləri arasındaki dövr ərzində Rayon MSK-da redaktor vəzifəsində işlədiyi qeyd olunsa da, arxiv arayışına əsasən həmin dövrdə müxtəlif vəzifələrdə əmək fəaliyyəti ilə məşğul olması;
4. Əmək kitabçasında 1978-ci il tarixinə aid qeydlərdə sözlərin yazılışında uyğunsuzluğun olması və möhürün etibarsız olması;
5. Müxtəlif dövrlərə aid əmr kitablarının və əmək haqqı cədvəllərinin olmamasıdır. Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1961-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun ümumi iş stajının az olması səbəbindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməlidir. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun müddəalarına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Şərh ounan normaların tələblərindən görünür ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: a)İddiaçının 60 yaşına çatması; b)İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c)İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması d) Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir. Məhkəmə iddiaçının ümumi iş stajına münasibət bildirir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir Belə ki, “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında”Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: -xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək X2 fəhlə; (01 il 11 ay 27 gün) -xx.xx.1984-cü il tarixdən xx.xx.2002-ci il tarixədək Rayon MKS-də redaktor; (18 il 01 ay 29 gün) -xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək “Xəzərdənizneft qaztikinti” tresti 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma filialına 5-ci dərəcəli texnoloji boru kəmərinin quraşdırıcısı; (01 il 06 ay 15 gün) -xx.xx.2005-ci il tarixdən xx.xx.2014-cü il tarixədək “Xəzərdənizneft qaztikinti” tresti 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma filialında dəmir beton məmulatlarının quraşdırıcı; (09 il 03 ay 28 gün) -xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı; (08 ay 29 gün) -xx.xx.2015-ci il tarixdən hal-hazıradək “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma bölümünə polad dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsində işləyir. (xx.xx.2021-ci il tarixədək – 05 il 10 ay 06 gün) Məhkəmə qeyd edir ki, əmək kitabçasında olan qeydləri nəzərə aldıqda, iddiaçının 25 ildən çox ümumi iş stajına malik olması qənaətinə gəlmək mümkündür. Nəzərə alınmalıdır ki, cavabdeh iddiaçının işlədiyi yalnız xx.xx.1978-xx.xx.1980, xx.xx.1984xx.xx.1985, xx.xx.1985-xx.xx.1986, xx.xx.1987-xx.xx.1989, xx.xx.2003-xx.xx.2005, xx.xx.2006-xx.xx.2021 dövrləri nəzərə almış və onun ümumi iş stajının 22 il 11 ay 07 gün təşkil etməsi qənaətinə gəlmişdir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının hazırda mübahisələndirilən iş stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığörta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalara əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığörta stajının əmək kitabçasında olan qeydlər əsasında yoxlanılması nəzərdə tutulmuşdur. Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq cavabdehin imtina əsası kimi istinad etdiyi əsaslar üzrə araşdırmanın aparılmasını və hər bir əsasa ayrı-ayrılıqda münasibət bildirilməsini zəruri hesab etmişdir. Məhkəmə, iddiaçının “Naxçıvan şərab zavodu”nda işlədiyi müddətə münasibət bildirir. Belə ki, cavabdeh həmin müddətə münasibətdə qeyd etmişdir ki, əmək kitabçasında iddiaçının xx.xx.1978-xx.xx.1980-ci il tarixləri arasında “Naxçıvan şərab zavodu”nda fəhlə işlədiyi qeyd olunsa da, arxiv arayışına əsasən həmin dövrdə çilingər vəzifəsində əmək fəaliyyəti ilə məşğul olmuş, bundan başqa əmək kitabçasının 1-ci səhifəsi həmin tarixdə mövcud olmayan Azərbaycan Respublikasına aid etibarsız möhürlə təsdiqlənmiş, həmçinin, əmək kitabçasının 2 və 3-cü səhifələrində xx.xx.1978-ci il tarixə aid qeydlərdə sözlərin yazılışında qarışıq olaraq kiril və latin qrafikalı hərflərdən istifadə olunmuş, 2 və 3-cü, 4-cü və 5-ci səhifədəki müxtəlif illərə aid qeydlərdə mürəkkəbin rəngi, sözlərin yazılışı və təsdiqedici imzaların eyni olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh əmək kitabçasında əks olunan möhürün etibarsız möhür olmasına, sözlərin yazılışında uyğunsuzluq olmasına, həmçinin iddiaçının “Naxçıvan şərab zavodu”nda fəhlə deyil də, çilingər vəzifəsində işləməsi ilə bağlı mülahizələr irəli sürsə də, İddiaçı ünvanladığı 24 noyabr 2021-ci il tarixli imtina məktubunda həmin dövrü nəzərə aldığını nümayiş etdirmişdir. İmtina məktubundan görünür ki, cavabdeh iddiaçının ümumi iş stajının 22 il 11 ay 27 gün olması qənaətinə gələrkən onun xx.xx.1978-xx.xx.1980-ci illəri əhatə edən dövrləri də nəzərə almışdır ki, həmin dövr iddiaçının məhz X2 işlədiyi dövrü əhatə edir. Digər tərəfdən nəzərə alınmalıdır ki, Naxçıvan Muxtar Respublikasının arxiv arayışında iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Naxçıvan Şərəb zavodunda işlədiyi göstərilmişdir. Bundan başqa təqdim olunmuş şəxsi işdən də göründüyü kimi xx.xx.1980-ci il tarixli əmr ilə iddiaçının 28 iyul 1980-ci il tarixdən işdən azad olunduğu göstərilmişdir. Doğrudur ki, əmək kitabçasında, əmrdə və arxiv arayışında iddiaçının Naxçıvan Şərəb zavodundan işdən azad edilməsi ilə bağlı tarixlər arasında uyğunsuzluqlar mövcuddur. Məhkəmə qeyd edir ki, cavabdehin imtina əsası kimi əmək kitabçasında möhürün etibarsız olması və ya sözlərin yazılışında fərqliliyin olması ilə bağlı irəli sürdüyü mülahizələr hər hansı əhəmiyyət kəsb etmir. Çünki, iddiaçının həqiqətən də Naxçıvan Şərəb zavodunda işləməsi əmək kitabçası, əmrlər və arxiv arayışı ilə birlikdə təsdiq olunur. Məhkəmə icraatı zamanı iddiaçının izahatından da məlum olmuşdur ki, hazırki əmək kitabçası iddiaçı tərəfindən sonradan alınmışdır. Məhkəmə bütün halları nəzərə alaraq, əmək kitabçasını dövlər arxivinin arayışı və əmrləri ilə təhlil edərək hesab edir ki, iddiaçının Naxçıvan Şərəb zavodunda işlədiyi müddət xx.xx.1978-xx.xx.1980-ci il tarixləri arasındaki dövrü əhatə edir. Məhkəmə, iddiaçının Rayon MKS-də redaktor işlədiyi müddətə münasibət bildirir. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında, onun xx.xx.1984-cü il tarixdən xx.xx.2002-ci il tarixədək Rayon MKS-də redaktor vəzifəsində işlədiyi qeyd olunmuşdur. Cavabdeh iddiaçının işlədiyi həmin dövrlərdən yalnız xx.xx.1984-xx.xx.1985 və xx.xx.1987-xx.xx.1989 olan müddəti qəbul edir. Məhkəmə tərəfindən bu hissədə aparılmış araşdırma zamanı təqdim olunmuş şəxsi işdən (əmrlər də daxil olmaqla) məlum olmuşdur ki, iddiaçı xx.xx.1984-cü il tarixdə Babək rayon Mədəniyyət Şöbəsinə maldarlar üzrə mədəni çadıra kütləvi işçi qəbul edilmiş, xx.xx.1985-ci il tarixdə hərbi xidmətə getdiyindən işdən azad edilmiş, xx.xx.1987-ci il tarixdən X1 “Əmtəəşünas” vəzifəsinə qəbul olunmuş, xx.xx.1989-cu il tarixdə iki ay sınaq müddətinə 32 №-li köşkə satıcı vəzifəsinə təyin edilmiş və xx.xx.1992-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında xx.xx.1984-cü il tarixdən xx.xx.2002-ci il tarixədək Rayon MKS-də redaktor vəzifəsində işlədiyi qeyd olunsa da, təqdim olunmuş şəxs iş materiallarında iddiaçının xx.xx.1984-xx.xx.1985; xx.xx.1987xx.xx.1992-ci il dövrlərdə işədiyi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, doğrudur ki, pensiya ilə bağlı mübahisələrdə vətəndaşın ümumi iş stajı məhz əmək kitabçası əsasında müəyyən olunur. Hazırki mübahisə üzrə məsələ bir qədər fəqlidir. Çünki, iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçası ikinci dəfə doldurulmuş, əmək kitabçasında əks olunan bəzi məlumatlar (“Naxçıvan şərab zavodu”nda işlədiyi müddət) düzgün göstərilməmişdir. Bundan başqa təqdim olunmuş əmrlərdən də göründüyü kimi iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.2002-ci il tarixədək redaktor vəzifəsində işlədiyi qeyd olunsa da, iddiaçı xx.xx.1984-cü il tarixdən etibarən müxtəlif vəzifələrdə işləmiş, işlədiyi müddət ərzində də hərbi xidmətə getmişdir. Bu səbəbdən hazırki mübahisə üzrə təkcə əmək kitabçası deyil, həmçinin arxiv arayışı, əmrlər, əmək haqqı cədvəlləri də nəzərə alınmalıdır. Məhkəmə cavabdeh tərəfindən xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək iddiaçının işlədiyi dövrün nəzərə almamasına münasibətdə bildirir ki, iddiaçının həmin dövrdə əməkhaqqı almasının aşkar edilməməsi (əmək haqqı alması barədə qeydlərin olmaması) onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2-1(102)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı). Məhkəmə hesab edir ki, iddiaçının həmin müddət ərzində işləməsini təsdiq edən əmrlər mövcuddur. Məhkəmə xüsusi ilə bir məqama toxunmaq istəyir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il –ci 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, hazırkı tələblə bağlı işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə cavabdehin həmin arayışdakı məlumatları qəbul etməməsi “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinin məqsədinə uyğun deyil. Belə ki, normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir. Məhkəmə, əmək kitabçasında olan məlumatları arxiv arayışı və əmrlər ilə birgə təhlil edərək hesab edir ki, iddiaçının Rayon MKS-də işlədiyi müddət xx.xx.1984xx.xx.1985; xx.xx.1987-xx.xx.1992 dövrləri əhatə edir. Məhkəmə iddiaçının təhsil və hərbi xidmət müddətinə münasibət bildirir. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən təqdim olunmuş arxiv arayışından müəyyən olunur ki, iddiaçı xx.xx.1980-ci il tarixli əmrlə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Özfəaliyyət teatr kollektivinin rəhbəri” ixtisasına əyani təhsilalma forması üzrə qəbul edilmiş və xx.xx.1984-cü il tarixli əmrlə həmin ixtisas üzrə tam kursu bitirmişdir. Beləliklə, iddiaçının təhsil müddəti 03 il 11 ay 04 gün təşkil edir ki, həmin müddət onun sığorta stajına daxil edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən iddiaçının işlədiyi müddətlə yanaşı iddiaçının hərbi xidmət müddəti də pensiya təyinində nəzərə alınmalıdır. İş materialları ilə də müəyyən edilir ki, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1986-ci il tarixədək hərbi xidmətdə olmuşdur ki, həmin müddət ümumilikdə 01 il 06 ay 12 gün təşkil edir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının ümumi iş stajı 25 ildən (xx.xx.1978-xx.xx.1980 - Naxçıvan şərab zavodu; xx.xx.1980-xx.xx.1984- təhsil müddəti; xx.xx.1984-xx.xx.1985-Rayon MKS; xx.xx.1985- xx.xx.1986-hərbi xidmət; xx.xx.1987xx.xx.1992 - Rayon MKS; xx.xx.2003-xx.xx.2005-“Xəzərdənizneft qaztikinti” tresti; xx.xx.2005-xx.xx.2014- “Xəzərdənizneft qaztikinti” tresti; xx.xx.2014-xx.xx.2015- “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsi; xx.xx.2015-xx.xx.2021- “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma = 30 il 03 ay 06 gün) çox təşkil edir ki, bu da onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün ümumi iş stajı ilə bağlı şərtin ödənilməsinə dəlalət edir. Məhkəmə bildirir ki, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının müraciətinə baxılarkən güzəştli iş stajı mübahisələndirilməmişdir. Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçının əmək kitabçasında olan qeydləri təqdim olunmuş güzəştli arayış ilə birgə təhlil etdikdə müəyyən edir ki, İddiaçı “Neftqaztikinti” trestində işlədiyi polad və dəmir-betonkonstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin , peşələrin, vəzifələrin və göstəricilərin”siyahısının “Neftqaztikinti” trestinin istehsalat sahələrinə aid olduğu “XXVİİ. Bina, qurğu və digər obyektərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin a) fəhlələr alt bölməsindəki “polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar” (kod: 2290000a-14612) peşəsi ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin a) fəhlələr alt bölməsindəki “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar peşəsi ilə uyğunluq təşkil edir. Məhkəmə diqqətə çatdırır ki, Socar “Neftqaztikinti” tresti tərəfindən təqdim olunmuş arayışlar hər hansı şübhə doğurmamış, həmçinin cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün işlədiyi “polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı” peşəsi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazandıran peşədir. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının güzəştli iş stajının 12 il 06 aydan (xx.xx.2005-xx.xx.2014; xx.xx.2014-xx.xx.2015: xx.xx.2015-xx.xx.2021=15 il 11 ay 03 gün) çox olmasını müəyyən edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı mübahisə yaranmamış, iddiaçının ilkin müraciəti zamanı verilmiş imtina məktubunda, həmçinin yazılı etirazda bununla bağlı mülahizə irəli sürülməmişdir. Məhkəmə qeyd edir ki, sığortaolunanın hesabı ilə bağlı təqdim olunan cədvəldən görünür ki, iddiaçının 2006-cı il yanvar ayından 2022-ci il iyun ayına qədər ümumi pensiya kapitalı 81.731,83 manat təşkil edir ki, bu da 2006-cı ilə qədər toplanan pensiya kapitalı nəzərə alınmadan belə, onun minimum toplanmalı olan pensiya kapitalından ( 65-60= 5 il x 12 ay= 60 ay + 144 ay = 204 ay x 240 = 48.960 manat) çoxdur. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 17 iyun 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə xx.xx.2021ci il tarixdə (ilkin imtina məktubunda göstərilən ilkin tarix) cavabdehə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün deyil də, məhz onun pensiya hüququ yarandığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov