Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-752/2021 13.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyətinə qarşı mənzil növbəsinə qəbul edilmə və müvəqqəti mənzil kirayəsi üçün haqqın ödənilməsi tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun ailə üzvləri ilə birlikdə ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsi ilə təmin olunmaq üçün mənzil növbəsinə qəbul edilməsi və mənzillə təmin olunana qədər müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqının ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 1033 ş/h saylı, xx.xx.2005-ci il tarixli əmri ilə mayor hərbi rütbəsində “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən ehtiyata buraxılmış, hərbi xidmət dövrü daimi yaşayış sahəsi ilə təmin olunmamışdır. O, və ailə üzvləri (arvadı və üç uşağı) hal-hazırda kirayədə yaşayır. 2019-cu ildə ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsi ilə təmin olunmaq məqsədi ilə mənzil növbəsinə qəbul edilmə və mənzillə təmin olunana qədər müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqının ödənilməsi xahişi ilə cavabdehə ərizə ilə müraciət etmiş, ərizəsinə cavab olaraq verilmiş Suraxanı rayon İcra hakimiyyətinin xx.xx.2019-cu il tarixli, H-l 79-068 JMb-li məktubuna əsasən o, qəbulda olmuş və qəbul zamanı ona mənzil növbəsinə dayanmaq üçün tələb olunan sənədlərin siyahısı verilmiş və həmin sənədlərin onun tərəfindən toplanaraq, Suraxanı rayon İcra hakimiyyətinə təqdim edilməsi tövsiyyə olunmuşdur. O, verilmiş siyahıya uyğun olaraq mənzil növbəsinə qəbul olunma üçün tələb olunan bütün sənədləri toplayaraq ərizəsinə əlavə edərək xx.xx.2019-cu il tarixdə Suraxanı İcra hakimiyyətinin kargüzarlığına imza etdirilməklə təhvil vermişdir. Lakin hazırki vaxtadək müraciəti nəticəsiz və cavabsız qalmışdır. Təqdim etdiyi sənədlər isə ona qaytarılmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iş üzrə kifayət qədər araşdırmanın aparıldığı və lazimi sorğulara cavab məktublarının daxil olduğu üçün şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1960-cı ildə Naxçıvan MR, Şərur rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Suraxanı rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 379 saylı arayışından müəyyən edilir ki, 1960-cı il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2005-ci il tarixinədək AR DSX-də həqiqi hərbi xidmət keçmişdir. “HXH” əsasnamənin 18-ci maddəsinin “b” bəndinə əsasən (yaşa görə) AR DSXR-nın xx.xx.2005-ci il tarixli 1033 ş/h saylı əmri ilə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 3946 saylı arayışından müəyyən edilir ki, İddiaçı yaşa görə 511,53 manat məbləğində pensiya alır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2019-cu il tarixli 51/58 saylı arayışından müəyyən edilir ki, İddiaçı DSX-də xidmət etdiyi müddət ərzində torpaq sahəsi və mənzillə təmin olunmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli arayışından müəyyən olunur ki, iddiaçının arvadı X3 adına Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsinin arxiv fondunda “ünvan 2 ünvanı aşkar edilmiş, qeyd edilən mənzil xx.xx.2010-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsi ilə X1 adına özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli arayışlarından müəyyən edilir ki, iddiaçının övladları X7 və X4 adına Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsinin arxiv fondunda məlumat aşkar edilməmişdir. Bakı şəhər Suraxanı rayon İcra hakimiyyəti Qaraçuxur Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 251 saylı arayışdan müəyyən edilir ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı, X8, X9, X2 və X5 Qaraçuxur Bələdiyyəsi tərəfindən fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılmamışdır. X6 ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli kirayə müqaviləsindən görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin E tikilisinin 28,3 kv.m hissəsini ailəsi ilə birlikdə yaşamaq üçün kirayə götürmüş və qarşılığında 350 manat kirayə haqqı ödəmək öhdəliyi götürmüşdür. Bakı şəhər Suraxanı rayon İcra hakimiyyətinin xx.xx.2019-cu il tarixli H-179-068 saylı cavab məktubundan müəyyən olunur ki, iddiaçı hazırki tələblə Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmiş və o müraciətinin araşdırılması məqsədilə icra hakimiyyətinə dəvət olunmuşdur. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********30 saylı cavab məktubundan müəyyən edilir ki, İddiaçı adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Hazırda iddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsi ilə təmin olunmaq üçün mənzil növbəsinə qəbul edilməsi və mənzillə təmin olunana qədər müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqının ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə görə uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 52-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - (maddə 53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - (maddə 53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2012-ci il tarixli qərarından müəyyən edilir ki, 1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Beləliklə iş materiallarından görünür ki, iddiaçının hərbi qulluqçu kimi yaşayış sahəsi ilə təmin olunmaq üçün mənzil növbəsinə qəbul edilməsi və mənzillə təmin olunana qədər müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqının ödənilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarında göstərilən əsaslar mövcud deyil. Belə ki, iddiaçı qanunun tələblərinə əsasən mənzillə təmin olunmaq üçün 15 il xidmət keçməli olduğu halda, onun xidmət illəri cəmi 11 il 07 ay 15 gün təşkil edir, həmçinin iddiaçı hərbi xidmətdən ehtiyyata ştatların ixtisarı ilə deyil, yaşa görə buraxılmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunması üçün qanuni əsaslar mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-752/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-752/2021
13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver