Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7521/2021 09.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək 28.11.1992-ci ildən 05.12.2008-ci ildə kimi Azərbaycan Respublikası FHN-nin X2 Xidmətində işlədiyim illər mənim sosial sığorta stajıma daxil edilməklə yaşa görə əmək təqaüdümün təyin edilməsi vəzifəsini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1962-ci ildə Tovuz rayonunda anadan olub. Hazırda Bakı şəh., Xətai ray., Nobel PR., ev-74 Yataqxanda da öz ailəmlə birlikdə yaşayır. Bildirir ki, 28.11.1992-ci ildə Azərbaycan Respublikası DİN-in Yanğından Mühafizə orqanlarında xidmətə qəbul edilib. 31.05.2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli 1182 nömrəli Sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Fövqalada hallar Nazirliyinin sərəncamına qəbul edilib. 05.12.2008-ci ildə Azərbaycan Respublikası FHN-nin X2 Xidmətindən “Azərbaycan Respublikası DİN-dan xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq səhhətimdə yaranmış narahatlıqla əlaqədar azad edilib. O, İİ qrup əlildir, 2008-ci ildən bu günədək ürəyin işemik xəstəsidir, əlillik səbəbi ümumi xəstəlik olaraq işemik xəstəliyi, gərginlik stenokardiya ilə əlaqədardır. 2012-ci ildə ürəyi ilə bağlı koronar angioplastika əməliyyatı olunub. 29.01.2014-cü ildə ürəyində yenidən narahatlıq hiss elədiyindən həkimə müraciət edib və KAQ müayinəsi olunmuşam. Müəyinə nəticəsinə əsasən ona AKŞ əməliyyatı məsləhət görülmüş və o stasionar müalicəyə qəbul olunub təkrar əməliyyat olunub. Ardıcıl olaraq hər il xəstəliyi ilə əlaqədar xəstəxanada yataraq davamlı müalicələr alır. O, hər 5 ildən bir xəstəliyi ilə bağlı əlilliyə görə əmək pensiyasının alınması üçün müayinələrdən keçib. Lakin ona məlum olmayan səbəblərə görə 31.03.2021-ci il tarixdən ona verilən əlilliyə görə pensiya ödənişi dayandırılmışdır. 07.04.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək təkrar əlilliyin təmin olunmasını xahiş edib. Lakin müxtəlif bəhanələr gətirilərək ona imtina məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş müraciətinə əsasən aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş 29 dekabr 2008-ci il tarixli 12/12xr -12 nömrəli məlumat vərəqəsinə uyğun olaraq ona Mərkəzi Filial tərəfindən 6 dekabr 2008-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.16.2-ci maddəsinə uyğun olaraq “hərbi xidmət dövrü ilə əlaqədar” İİ qrup əlilliyə görə təminat xərcliyimin 55 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. Əlilliyinin müddətinin 13 mart 2021-ci il tarixindən bitməsi ilə əlaqədar ona əlilliyə görə pensiya ödənişi 31 mart 2021-ci il tarixindən dayandırılmışdır. Eyni zamanda bildirilib ki, Azərbaycan Respublikasının Fövqalada Hallar Nazirliyi tərəfindən təqdim olunmuş 29 dekabr 2008-ci il tarixli 12/12xr-12 nömrəli məlumat vərəqəsində xidmət illəri 18 il 1 ay 13 gün, güzəştli xidmət illəri 4 il 5 ay 18 gün olmaqla cəmi xidmət müddəti 22 il 7 ay 1 gün göstərilmişdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, onun hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 20 il xidmət müddətiniz mövcud deyil. Lakin ona imtina edilərək bildirilmişdir ki, qeyd olunanlara nəzərə alaraq onun 20 təqvim ili xidmətim mövcud olmadığından ona hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Əlilliyə görə əmək pensiyası sığorta olunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti tibbi-sosial ekspert komissiyaları tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Bildirir ki, 2008ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasında müayinədən keçərək 2-ci qrup əlillik alıb. Bundan sonra əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti bitdikdən sonra təkrar müayinədən keçmək üçün digər sənədlərlə birlikdə elektron qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etmişdi. Lakin illər üzrə ardıcıl olaraq xəstəxanadan verilmiş epikrizləri və digər müayinə sənədlərinə baxdıqdan sonra ona əsassız imtina edilmişdir. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Bu səbəbdən də, hesab edir ki, onun 59 yaşım tamam olduğuna görə ona yaşa görə əmək pensiyası təyin edilməlidir.
3. İddiaçıya göstərilmiş hüquqi yardım məktubu əsasında cavabdeh dəqiqləşdirilmiş, məhkəmənin 06.07.2021-ci il tarixli qərardadı ilə hazırki inzibati məhkəmə icraatı üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının cavabdeh kimi göstərilməsi formal xəta hesab olunmuşdur.
4. Silahlı Qüvvələrin Baş Klinik hospitalının ürək-damar cərrahiyyəsi bölməsi tərəfindən iddiaçıya Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası diaqnozu qoyulmuşdur.
5. Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 7 aprel 2021-ci il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş 29 dekabr 2008ci il tarixli 12/12/xr-12 nömrəli məlumat vərəqəsinə uyğun olaraq ona Mərkəzi Filial tərəfindən 6 dekabr 2008-ci il tarixindən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə uyğun olaraq “hərbi xidmət dövrü ilə əlaqədar” İİ qrup əlilliyə görə təminat xərcliyinin 55 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. Əlilliyinin müddətinin 13 mart 2021-ci il tarixindən bitməsi ilə əlaqədar ona əlilliyə görə pensiya ödənişi 31 mart 2021-ci il tarixindən dayandırılmışdır. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş 29 dekabr 2008-ci il tarixli 12/12/xr-12 nömrəli məlumat vərəqəsində xidmət illəri 18 il 1 ay 13 gün, güzəştli xidmət illəri 4 il 5 ay 18 gün olmaqla cəmi xidmət müddəti 22 il 7 ay 1 gün göstərilmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, onun hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 20 il xidmət müddəti mövcud deyil. Qeyd olunanları nəzərə alaraq onun 20 təqvim ili xidmət müddətiniz mövcud olmadığından ona hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil.
6. Cavabdeh tərəfindən məhkəməyə imtinanın məzmununa uyğun olaraq iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbi qanunamüvafıq deyildir və təmin edilməməlidir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4.-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları"na əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Bildirilir ki, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təqdim etdiyi "məlumat vərəqi"nə əsasən 05.12.2008-ci il tarixdən İİ qrup əlilliyə görə (hərbi xidmət dövrü ilə əlaqədar) əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34- cü maddəsinə əsasən - “əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyaçısının bir növündən başqa bir növünə keçmə hüququ vardır”. İddiaçı ərizə ilə Filiala müraciət edərək əlilliyə görə əmək pensiyasından yaşa görə əmək pensiyası növünə keçirilməsini xahiş elmişdir. İddiaçının adına göndərilən "məlumat vərəqi'nə əsasən tələb olunan əmək stajı olmadığından yaşa görə əmək pensiyası növünə keçirilməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5, 9.5.1, 20.14.1-ci maddələrinə əsasən - "hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara şamil edilir.
7. Məhkəmənin 09.09.2021-ci il tarixli qərardadı ilə iddianın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.3-cü maddəsinə əsasən, 01.05.2021-ci il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir.
8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi, əlavə olaraq bildirdi ki, məhkəmə iclaslarında cavabdeh qurumun bildirdiyi mövqeyə uyğun olaraq mübahisənin məhkəmədən kənar qaydada həllinə nail olmaq məqsədilə yeni məlumat vərəqinin verilməsi üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etmiş, Nazirlikdən ona bildirilmişdir ki, ona aid məlumat vərəqəsi artıq verilib, təminat xərcliyində artım baş vermədiyindən yeni məlumat vərəqinin verilməsi üçün əsas yaranmamışdır.
9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, iddiaçının yaşa görə pensiya təyinatı hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 9.5.1-ci maddəsinə əsasən deyil, 9.5.3-ci maddəsinə uyğun olaraq yarana bilər, bir şərtlə ki, buna dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni məlumat vərəqəsi verilmiş olsun.
II. İddianın növü və mümkünlüyü
10. İddia tələbi əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
11. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
12. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
13. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
15. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
16. Odur ki, bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
17. İddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən imtina edilmişdir (imtinanın tarixi bilinmir).
18. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutlan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.
19. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
21. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
22. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
23. İddia mümkündür.
III. Məhkəmənin nəzərə aldığı hallar
24. İddiaçıya pensiya təyinatına dair inzibati icraat materiallarına əsasən ona 06.12.2008-ci il tarixdən İİ qrup əlilliyə görə (hərbi xidmət dövrü ilə əlaqədar) əmək pensiyası təyin olunmuşdur.
25. İddiaçının əmək kitabçasının surətindən görünür ki, 27.04.1981-27.05.1983-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, əmək fəaliyyətinə 09.09.1983-cü il tarixdə başlamış, 28.11.1992-05.12.2008-ci illərdə Fövqəladə Hallar Nazirliyində xidmət keçmiş, 05.12.2008-ci il ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X2 Xidmətindən “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 6-cı bəndinə (səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyrimümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda) müvafiq olaraq xarix edilmişdir (Əmək kitabçasının təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmişdir). Əmək kitabçasına əsasən, iddiaçının xidmətdən xaric olunduğu tarixə stajı 27 il 01 ay 24 gündür.
26. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş pensiya işindən görünür ki: - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçularla və xüsusi rütbəli şəxslərlə iş departamentinə (hazırda cavabdeh olan qurum Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filial) ünvanlanmış 14.01.2009-cu il tarixli məktubla Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi sistemində xüsusi rütbəli vəzifədə xidmət etmiş və FHN-nin 2031/ş nömrəli 05.12.2008-ci il tarixli əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 6-cı bəndinə əsasən səhhətinə görə xidmətdən xaric edilmiş İddiaçı sənədləri “Azərbaycan Respublikasının Əmək pensiyaları haqqında qanunu”na müvafiq qaydada pensiya təyin edilməsi məqsədilə ünvana göndərilir. -04.02.2009-cu il tarixli qərarla iddiaçıya 06.12.2008-ci il tarixdən əlilliyə görə pensiya təyin edilmişdir. -29.12.2008-ci il tarixli 12/12/xr-12 nömrəli məlumat vərəqinin surətindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X2 Xidmətinin Bakı şəhəri Neft emalı müəssisələrinin mühafizəsi üzrə Yanğın təhlükəsizlik dəstəsinin 13 nömrəli Hərbiləşdirilmiş yanğın hissəsinin sürücüsü vəzifəsini icra edən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı Daxili işlər orqanlarında xidmət keçmə haqqında əsasnamənin 135-ci maddəsinin 6-cı bəndinə (səhhətinə görə) 05.12.2008-ci il tarixdən istefaya buraxılmışdır.
IV. Məhkəmənin mövqeyi
27. İddiada qaldırılan və cavabdehin imtinasında qeyd edilən məsələlər hüququn tətbiqi ilə bağlıdır.
28. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. - 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.
29. “Əmək pensiyaları haqqında” Qanunda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ və belə hüquqa malik olan şəxslərin dairəsi müəyyən edilmişdir. Həmin Qanunun 9-cu maddəsində digər kateqoriya şəxslərlə yanaşı, hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ nəzərdə tutulmuşdur.
30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan: 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;
31. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.03.2014-cü il tarixli qərarından: ...Hərbi qulluqçulara xidmət illərinə görə pensiyaların təyin edilməsi şərtləri “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsində öz əksini tapmışdı. Həmin maddənin a) bəndinə əsasən xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət vəya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. Göründüyü kimi, hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququnun yaranması üçün başlıca hüquqi fakt kimi xüsusi əmək stajı çıxış edirdi. Əmək stajının bir növü olan xüsusi əmək stajı şəxsin müəyyən peşə və ya ixtisas üzrə əmək fəaliyyəti və ya əməyin xüsusi şəraitdə həyata keçirilməsi ilə müəyyən olunurdu. Xüsusi əmək stajı dedikdə, müəyyən əmək şəraitində və müəyyən vəzifələrdə həyata keçirilən işin müddəti başa düşülür. Həmin müddət xüsusi staja malik olan şəxslərə güzəştli şərtlərlə müəyyən sosial təminat növlərini, o cümlədən pensiya hüququnu əldə etmək imkanı verir. Bu baxımdan, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, 2004-cü il 1 sentyabr tarixli Qanun qüvvəyə mindiyi günədək (yəni 2004-cü il 13 sentyabr tarixinədək) xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, 2004-cü il 1 sentyabr tarixli Qanun qüvvəyə mindiyi günədək (yəni 2004-cü il 13 sentyabr tarixinədək) xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir...
1. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir.
2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanununun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 29 aprel tarixli Qanunu qüvvədə olduğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır.
32. İddiaçının 2004-cü il 13 sentyabr tarixinədək güzəştli şərtlərlə 20 il xidmət ili mövcud deyil, odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçu kimi əmək pensiyası hüququ yoxdur.
33. İddiaçı xidmət xəstəliyinə görə buraxılmış və buraxılarkən (05.12.2008-ci il tarixə) 46 yaşı var, 27 il 01 ay 24 gün ümumi stajı var, bu stajın 18 il 01 ay 13 gününü hərbi xidmətdə keçirmişdir. Qeyd edilən hal işin mübahisəsiz halıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.5.3-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxs kimi yaşa görə pensiya hüququ vardır.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” qaydalarının 4-cü bəndinə əsasən, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur.
35. Beləliklə, məhkəmə müəyyən edir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən vaxtilə məlumat vərəqi verilmiş və hazırda mübahisə təminat xərcliyində baş verən artımla və bununla əlaqədar olaraq pensiyanın yenidən hesablanması (və ya pensiyaya əlavə edilməsi) ilə bağlı deyil, cavabdeh qurum iddiaçı tərəfindən təqdim edilən sənədlər (əmək kitabçası) əsasında onun ümumi iş stajını müəyyən edə bilər, yəni Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş məlumatdan asılı deyil.
36. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan: 34.Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. 31.2. Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.
37. Odur ki, cavabdeh qurumun iddiaçının əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilməsi hüququnun təmin edilməməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, qanunun qeyd edilən mənasına görə iddiaçının əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilmə hüququ (qanunun 34-cü maddəsi) iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməklə təmin edilir (qanunun 31.2-ci maddəsi). Bu səbəbdən iddiaçının əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçmə hüququ təmin edilməli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.3-cü maddəsinə əsasən, tələb etdiyi 01.05.2021-ci il tarixdən (inzibati orqana müraciəti 07.04.2021-ci il tarixdədir) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
38. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
39. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
40. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
41. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı 01.05.2021-ci il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva