Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7522/2023 23.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “qeyri-yaşayış obyektinin tikintisinə müdaxilənin qanunsuz hesab edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin “Qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsi haqqında” 162 nömrəli, 22 may 2018-ci il tarixli sərəncamı ilə iddiaçıya Bakı şəhəri Xətai rayonu, Babək prospektində yerləşən torpaq sahəsində Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, 18/03-8/1311 saylı məktubu ilə razılaşdırılmış memarlıqplanlaşdırmasının həlli layihəsinə uyğun olaraq qeyri-yaşayış obyektinin tikintisinə cavabdehlər tərəfindən müdaxilənin qanunsuz hesab edilməsi və həmin tikinti sahəsinə müdaxilə etməmək” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, icarə müqaviləsi əsasında istifadəsində olan Bakı şəhəri Xətai rayonu Babək prospektində yerləşən torpaq sahəsində layihəyə uyğun olaraq qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsi üçün Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə tərəfindən müraciət olunmuşdur. Onun müraciətinə əsasən Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin “Qeyri- yaşayış obyektinin tikintisinə icazə verilməsi haqqında” 162 nömrəli, 22 may 2018-ci il tarixli sərəncamı ilə ona Bakı şəhəri Xətai rayonu Babək prospektində yerləşən torpaq sahəsində Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, 18/03- 8/1311 saylı məktubu ilə razılaşdırılmış memarlıq-planlaşdırmasının həlli layihəsinə uyğun olaraq qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmişdir. Həmçinin həmin Sərəncamın bir surəti ona verilməklə, digər surətlərinin Ərazi Vergilər Departamentinə, Rayon Polis İdarəsinə və GEM-nə göndərilməsi, eyni zamanda sərəncamın icrasına nəzarət rayon İcra Hakimiyyətinin Memarına həvalə olunmuşdur. Bakı şəhəri, Xətai rayonu, Babək prospektində ona məxsus torpaq sahəsində tikiləcək ofıs-ticarət binasının Eskiz Layihəsi 089440 №-li Lisenziyaya əsasən 2016-cı ildən fəaliyyət göstərən "xxxx" MMC-nə sifariş verilərək hazırlanmış və xx.xx.2018-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində təsdiqlənərək razılaşdırılmışdır. Lakin Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən torpaq sahəsində Layihəyə uyğun qeyri-yaşayış obyektinin tikintisi üçün dövlət orqanlarında qanunvericiliyin tələbinə uyğun olaraq icazə alıb rəsmiləşmə işləri bitəndən dərhal sonra Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli 597 saylı Fərmanına əsasən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Burosunun və Şəhər ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində publik hüquqi şəxs statusu Ərazi Tikinti Planlaşdırma Mərkəzi yaradılmışdır. Beləliklə, Ərazi Tikinti Planlaşdırma Mərkəzi yaradılanadək artıq onun tikintiyə başlamaq üçün bütün sənədləri hazır idi. Lakin qeyri-yaşayış obyektinin tikintisi üçün zəruri sənədlərinin hazır olmasına və heç bir maneə olmamasına baxmayaraq tikinti işlərinə başlayan zaman Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən tikinti işləri dayandırılmış və bunun Ərazi Tikinti Planlaşdırma Mərkəzinin göstərişi olduğunu bildirmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı öz iddiasında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.4-cü maddəsinə (inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) əsaslansa da əsası düzgün seçməmişdir. Belə ki, cavabdeh tərəfindən İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinin (inzibati mübahisələrin məhkəmə aidiyyəti) tələbinin pozulması qeyri-mümkündür. Çünki cavabdeh inzibati orqan deyil və inzibati akt qəbul etmək səlahiyyəti yoxdur. Belə ki, “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür və “inzibati orqanların təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2008-ci il tarixli 136 nömrəli Qərarında Ərazi Tikinti-Planlaşdırma Mərkəzi inzibati orqan kimi təsnifata daxil edilməmişdir. X2 Məcəlləsinin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edilir. Bu tələbində hüquqi əsası düzgün müəyyən edilməmişdir. Çünki cavabdeh tərəfindən iddiaçıya verilən 25 avqust 2022-ci il tarixli MİHO/2 1.2-2-2022160 saylı məktub iddiaçının Bakı şəhəri Xətai rayonu Babək prospektində qeyri-yaşayış (ticarət və ofis) obyektinin tikintisinə icazə verilməsinə dair müvafiq rəy bildirilməsi barədə ərizəsinə cavab olaraq baxılaraq ona ünvanlanmışdır. Məhkəmədən müraciətə baxılmasının dayandırılmasını istəmək absurddur. Həmçinin iddiaçı özü də iddiasında bildirir ki, tikinti işlərinin dayandırılması Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən ona bildirilmişdir. İddiaçı öz iddiasında bildirir ki, Mərkəz əməkdaşlarımın qanunsuz müdaxiləsi nəticəsində tikinti işlərini apara bilmir. Amma izah etmir ki, qanunsuz müdaxilə hansı formada edilir. İzah edə də bilməz, çünki “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən Ərazi Tikinti- Planlaşdırma Mərkəzi şəhərsalma, ərazi planlaşdırılması və arxitektura sahələrində xidmətlər (sifarişçinin sorğusu ilə Bakı şəhərinin ərazisində aparılacaq tikintinin icazə verilən parametrlərinin verilməsi, dövlətə və bələdiyyəyə məxsus torpaq sahəsinin ayrılması ilə bağlı tikinti niyyətinə dair rəy verilməsi, Bakı şəhərinin inzibati ərazisində yol və mühəndis-kommunikasiya təminatı sistemi üçün trasların müəyyənləşdirilməsi, təsdiq üçün təqdim edilən şəhərsalma əsaslandırılması layihələrinin yoxlanılması, tikintisinə icazə tələb olunan tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması, tikilinin istismarına icazə verilməsi ilə bağlı Bakı şəhərinin ərazisində yerləşən tikinti obyektlərinə baxış keçirilməsi, Bakı şəhərinin inzibati ərazisində tikintiyə icazənin müddətinin uzadılması ilə bağlı sənədlərin tərtibi, Mərkəzin arxivində saxlanılan sənədlərin surətlərinin verilməsi, Bakı şəhərinin inzibati ərazisində açıq sahələrdə əsaslı tikili olmayan iaşə obyektlərinin və səyyar ticarət obyektlərinin yerləşdirilməsinin və quraşdırılmasının uyğunluğunun müəyyənləşdirilməsi) göstərən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən publik hüquqi şəxsdir. Yəni Mərkəzin tikinti işlərinin aparılmasına müdaxilə etmək səlahiyyəti mövcud deyildir. İddiaçı öz iddiasında Mərkəzə münasibətdə əsaslandığı faktları və digər sübutetmə vasitələrini qeyd etməmiş, yalnız İnzibati-Prosesual Məcəlləsinin bu işə heç bir aidiyyəti olmayan maddələrini sadalamaqla kifayətlənmişdir. Halbuki bunun qeyd edilməsi çox vacibdir. İddiaçı əsaslandığı faktları və digər sübutetmə vasitələrini qəsdən öz iddiasına daxil etmir. Çünki bilir ki, o zaman iddia tələbinin əsassız olduğu dərhal aşkar ediləcəkdir. Azerbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.18.2-ci bəndinə əsasən bu Əsasnamənin 411.11.5-ci (İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək) yarımbəndində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Göstərilənlərə əsasən iddia tələbinin əsassız hesab edilərək rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). İddiaçı ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin nümayəndəsi iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına etiraz etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri götürülmüş sayılmalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda isə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarı) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmə hesab edir ki, həmin Məcəllənin 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə tənzimləndiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prosessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 29 aprel 2014-cü il tarixli qərarında göstərilir ki, iddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı) İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutiç Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25) Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinin mənasına görə iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Həmin Məcəllənin 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq Məcəllənin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, Məcəllənin 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında 55.3-cü maddəsi göstərilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda həmin Məcəllənin 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığını yoxlamaq zərurəti mövcud deyildir. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırkı iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-7522/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7522/2023
23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver