Məhkəmə qərarları › İş №2-1(112)-7524/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7524/2024

15.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7524/2024 15.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Azərbaycan Sovet Sosialist Respublikası Rabitə Nazirliyi Bakı şəhər Telefon şəbəkəsi Bağçılıq Yoldaşlığı tərəfindən ona verilmiş ünvan 1 ünvanda 0,5 ha bağ sahəsinin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Sovet Sosialist Respublikası Rabitə Nazirliyi Bakı şəhər Telefon şəbəkəsi Bağçılıq Yoldaşlığı tərəfindən uzun müddət həmin qurumun tərkibində çalışdığı üçün 1987-ci ilin oktyabr ayında ünvan 1 ünvanda 0,5 ha bağ sahəsi verilmişdir. Həmin torpaq sahəsi Azərbaycan Sovet Sosialist Respublikası Rabitə Nazirliyi Bakı şəhər Telefon şəbəkəsi Bağçılıq Yoldaşlığının 15/8-89 № 70 qərarı əsasında verilmiş və İddiaçı ilə birlikdə bütün ailə üzvləri, X3, X4, X5 və X2 adı həmin sənəddə qeyd edilmişdir. Həmin vaxtdan etibarən həmin torpaq sahəsi onların istifadəsindədir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməyə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədilə dövlət reyestrindən çıxarış vermək hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Sovet Sosialist Respublikası Rabitə Nazirliyi Bakı şəhər Telefon şəbəkəsi Bağçılıq Yoldaşlığının həmin bağ sahəsinin verilməsi barədə 15/8-89 № 70 qərarından əlavə olaraq Bağçılıq Yoldaşlıq Cəmiyyətin üzvlərinin siyahısında 34-cü siyahıda TTİ-nin əməliyyatçısı kimi adı qeyd edilmişdir. Onunla eyni sənədlərə malik olan eyni ərazidə yaşadığı qonşu olan X11 eyni iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Artıq bununla bağlı Bakı İnzibati Məhkəməsi müsbət yönümlü qərar qəbul etmişdir. İddiaçı tərəfindən ona dair xx.xx.1974-cü il tarixli əmək kitabçasının surəti, Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvlərinin siyahısının surəti, Azərbaycan SSR Rabitə Nazirliyi Bakı şəhər Telefon şəbəkəsi Bağçılıq yoldaşlığı tərəfindən verilmiş icazə, Bakı Şəhər İcra Hakimiyyətinin 1342 saylı xx.xx.1996-cı il tarixli sərəncamının surəti və Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 20/396 saylı xx.xx.1987-ci il tarixli qərarının surəti təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaçının sənəd surətlərinin və məlumatın veriməsi barədə müraciətinə cavab olaraq iddiaçıya ünvanlanmış 3-21-3-30/2-R0027-8/2024 **********90 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı adına Bakı şəhər telefon şəbəkəsi bağçılıq yoldaşlığının Bakı şəhəri, Xəzər (Pirallahı) rayonu, Dübəndi bağ massivi, 7-ci Şimal küçəsi, 50 saylı bağ sahəsinin ayrılmasına dair məlumat, sənəd (eləcə də ərizəyə surəti əlavə edilmiş “bağ sahəsindən isifadə edilməsinə icazə” sənədi İdarənin arxiv qovluğunda aşkar olunmamışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım haqqında məktub ünvanlanaraq cavabdeh inzibati orqana müvafiq tələb ilə müraciətini təsdiq edən ərizənin və imtina məktubunun məhkəməyə təqdim edilməsi üçün müddət müəyyən edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, iddiaçı iştirak etməmişdir. Məhkəmə iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır... ...9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır... Məhkəmə qeyd edir ki, iddia ərizəsinə iddiaçının müvafiq tələblə cavabdeh orqana müraciəti təsdiq edən sənəd və (və ya) imtina məktubu əlavə edilməmişdir. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilərək iddia ərizəsində göstərilən müvafiq tələblə cavabdeh orqana müraciətini təsdiq edən sənədin və imtina məktubunun məhkəməyə təqdim edilməsi üçün 10 gün müddət müəyyən edilmiş, iddiaçının adından cavabdeh orqana müraciətin və imtina məktubunun məhkəməyə təqdim edilməməsinin iddianın mümkünsüzlüyünə səbəb ola biləcəyi izah edilmişdir. Lakin, iddiaçı tərəfindən qeyd edilən çatışmazlıq aradan qaldırılmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə hesab edir ki, iddianın mümkün sayılmaması iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. İddiaçıya qeyd edilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən müvafiq tələblə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar