Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7525/2023 22.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X3) “qeydiyyatdan çıxarılma” tələbinə dair iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı X3 üçüncü şəxs qismində göstərilməklə “X1 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini almış və bu ünvana pasport qeydiyyatına alınmaqla yaşayır. Bu ünvanda qeydiyyatda olan X3 fərdi yaşayış evini ona satdıqdan sonra mənzili tərk edərək getmişdir və harada yaşaması ona məlum deyil. X3 qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. Lakin xeyli müddət keçməsinə baxmayaraq pasport qeydiyyatından çıxmamışdır. Onun formal pasport qeydiyyatında qalması onun fərdi yaşayış evi ilə bağlı hüquqlarının həyata keçirilməsinə maneçilik törədir, hüquqlarını pozur. Üçüncü şəxs bu ünvanda yaşamır, təsərrüfat aparmır və ona aid həmin fərdi yaşayış evində heç bir əşya və əmlak qalmamışdır. Bu ünvana faktiki olaraq özü sahiblik edir, istifadə edir və mənzilə aid kommunal xərclər tərəfindən ödənilir. Bu şəxsin bu ünvanda qeydiyyata qalması səbəbindən onun hüquqları kobud şəkildə pozulmuşdur. Üçüncü şəxsin pasport qeydiyyatında qalması onun fərdi yaşayış evi ilə bağlı hüquqlarının həyata keçiirlməsinə maneçilik törətməklə hüquqlarını məhdudlaşdırır. Göründüyü kimi, bu ev üçüncü şəxsin nə yaşayış yeri, nə də olduğu yer deyil. Onun fərdi evə olan hüququ məhdudlaşdırılmamalı, əmlakdan sərbəst və maneəsiz istifadə və sahiblik etmək hüquqlarına təminat verilməlidir. Üçüncü şəxsin pasport qeydiyyatından çıxarılması ilə bağlı cavabdehə ərizə ilə müraciət etmişdir, lakin bir tədbir görülməmiş və məhkəməyə müraciət etmək hüququnun olması barədə xx.xx.2023-cü il tarixdə cavab verilmişdir. Üçüncü şəxsin pasport qeydiyyatından çıxarılması üçün bütün əsaslar mövcuddur. Heç bir tədbir görməməklə cavabdeh hərəkətsizliyə yol vermişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X3 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən X3 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. **********410 saylı xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X3 qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xaqani küçəsi ünvanında yerləşən 2 Q saylı fərdi yaşayış evinin satılmasına etiraz etməmiş və müqavilədə nəzərdə tutulmuş müddətdə fərdi yaşayış evini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-13-46/2-T-65xx/xx/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən X1 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Məhkəmə orqanlarına müraciət etmək hüququ var. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18/2-13580/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, xx.xx.2004-cü il təvəllüdlü X3 xx.xx.2014cü il tarixdən ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Göstərilən şəxsin qeyd olunan ünvana qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-13-46/2-17206/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə İddiaçı tələbinə dair təyin edilmiş məhkəmə iclasının iştirakı olmadan və şifahi məhkəmə baxışı və şifahi dinləmələr keçirmədən qərar çıxarılması xahiş edilmişdir. Bildirilmişdir ki, üçüncü şəxs X3 xx.xx.2014-cü il tarixdə 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsində ünvan 4 ünvanına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 15606/2023 **********06 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, ünvan 2 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18/2-18046/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, xx.xx.2004-cü il təvəllüdlü X2 şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmişdir. Cavabdeh ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək evə dair hüquqmüəyyənedici sənədlərin və subyektiv hüququnu (hüquqi marağını) təsdiq edən sənədlərin notarial qaydada təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.) məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün qeyd edilən ünvana dair subyektiv hüquqlarını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarından görünür ki, mənzil dövlət reyestrində qeydiyyata alınmamışdır. Hazırda həm iddiaçı, həm də üçüncü şəxs mənzildə qeydiyyatdadırlar və onlar mənzilin mülkiyyətçiləri deyil. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin mənzildə olan şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarma tələbi irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur. İddiaçı cavabdeh qurumun hərəkətləri (hərəkətsizliyi) nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və həmin Məcəllənin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-7525/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7525/2023
22.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver