Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7525/2024 04.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), "torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) cəlb edilməklə "torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 4 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Abşeron Rayon İcra Hakimiyyət başçısının “Respublika Nazirlər Sovetinin 14 fevral 1989-cu il tarixli 84 saylı qərarı ilə ayrılmış həyətyanı torpaq fondunun paylanmamış hissəsinin həyətyanı altına verilməsi haqqında” 16 mart 1998-ci il tarixli 71 №-li Sərəncamına əsasən 2 saylı Zeytun sovxozundan 6 hektar həyətyanı fond üçün torpaq sahəsi ayrıldığı nəzərə alınmışdır. 2 saylı Zeytun sovxozunun xx.xx.1998-ci il tarixli, 13 № li əmrinə əsasən X4 0,04 ha torpaq sahəsi ayrılmışdır. 18 iyun 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Xətai rayonu, Zeytun sovxozu Naximov küçəsi 2-ci döngədə 352,9 kv.metr olan torpaq sahəsində yerləşən yaşayış yaşayış sahəsi 24.2 kv.metr, köməkçi sahəsi 41,1 kv.metr olan 3 otaqdan ibarət 94 saylı yaşayış evini X2 tərəfindən iddiaçıya satılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakınn dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2016-cü il tarixli Çıxarışa əsasən İddiaçı Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 2 №-li Zeytun sovxozu, 2-ci döngə, 94 saylı fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ, həmin fərdi yaşayış evinin yerləşdiyi 0,00865 hektar torpaq sahəsi üzərində istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak X5 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixli Texniki Pasport tərtib edilmişdir. Texniki Pasporta əsasən faktiki torpaq sahəsi 0,03529 hadır. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “... tərəfinizdən təqdim edilmiş Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, F1375 nömrəli məktubuna əsasən Abşeron rayonu 2 nömrəli Zeytun sovxozu 1998-ci ilə dair arxiv sənədləri fond olaraq saxlanılması üçün arxivə təhvil verilməmişdir. Həmçinin yerləşmə cizgisi təqdim edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, ünvan 1 ünvanında olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanı ilə bağlı olaraq cavabdeh tərəfindən istifadə hüququ qeydə alınmaqla xx.xx.2016-cı il tarixdə ********** nömrəli çıxarış verilmişdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazın onunla əsaslandırılmışdır ki, iddiaçının adına qeydiyyatdan keçmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın ilkin mülkiyyətçisinə ayrılmasına dair əmrin arxiv arayışı və yerləşmə cizgisi təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, F1375 nömrəli məktubuna əsasən Abşeron rayonu 2 nömrəli Zeytun sovxozu 1998-ci ilə dair arxiv sənədləri fond olaraq saxlanılması üçün arxivə təhvil verilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. xx.xx.2023-cü il tarixində İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, uzun müddət torpaq sahəsindən istifadə olunmadığından həyətyanı sahədə qrunt suları səbəbindən sıx qamışlıq əmələ gəlmişdir. Bu səbəbdən torpaq sahəsində ölçmə işlərinin aparılması mümkün olmamışdır. Üçüncü şəxs iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazın onunla əsaslandırılmışdır ki, həmin koordinatlarda olan torpaq sahəsi Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X7 Limited” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi iddia tələbinə dair etirazı müdafiə edərək iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən halıdır ki, 2 saylı Zeytun sovxozuun xx.xx.1998-ci il tarixli, 13 № li əmrinə əsasən X4 0,04 ha torpaq sahəsi ayrılmışdır. 18 iyun 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Xətai rayonu, Zeytun sovxozu Naximov küçəsi 2-ci döngədə 352,9 kv.metr olan torpaq sahəsində yerləşən yaşayış yaşayış sahəsi 24.2 kv.metr, köməkçi sahəsi 41,1 kv.metr olan 3 otaqdan ibarət 94 saylı yaşayış evini Müseyib Qasımov tərəfindən iddiaçıya satılmışdır. Həmin fərdi yaşayış evi hazırda iddiaçının mülkiyyətindədir. İddiaçı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş edir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən aşağıdakı əsaslara istinad edir: 1) Qeydiyyatdan keçmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın ilkin mülkiyyətçisinə ayrılmasına dair əmrin arxiv arayışı və yerləşmə cizgisi təqdim edilməmişdir; 2) iddiaçı tərəfindən təqdim edilmiş Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, F1375 nömrəli məktubuna əsasən Abşeron rayonu 2 nömrəli Zeytun sovxozu 1998-ci ilə dair arxiv sənədləri fond olaraq saxlanılması üçün arxivə təhvil verilməmişdir; 3) Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir; 4) xx.xx.2023-cü il tarixində İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, uzun müddət torpaq sahəsindən istifadə olunmadığından həyətyanı sahədə qrunt suları səbəbindən sıx qamışlıq əmələ gəlmişdir. Bu səbəbdən torpaq sahəsində ölçmə işlərinin aparılması mümkün olmamışdır. Məhkəmə cavabdehin imtinasını, eyni zamanda cavabdehin və üçüncü şəxsin etirazının dəlillərin kimi istinad etdiyi halları əsassız hesab edir. 1-ci və 2-ci bəndlərlə bağlı məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə dair arxiv qovluğu cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Təqdim edilən sənədlərdə 2 saylı Zeytun sovxozu tərəfindən X1 ərazisindən 0,04 ha torpaq sahəsinin ayrılmasına dair xx.xx.1998-ci il tarixli, 13 № li əmrin surəti mövcuddur. Məhkəmə qeyd edir ki, əmlakın ilkin mülkiyyətçisinə ayrılmasına dair əmrin arxiv arayışının olmaması və Abşeron rayonu 2 nömrəli Zeytun sovxozunun 1998-ci ilə dair arxiv sənədlərinin fond olaraq saxlanılması üçün arxivə təhvil verilməməsi iddiaçının təqsirindən baş verməmişdir və onun məsuliyyət sferasına aid deyildir. Bundan başqa iddiaçı ilə daşınmaz əmlak ilkin mülkiyyətçisi arasında bağlanmış notarial alqı-satqı müqavilsini predmetini təkcə fərdi yaşayış evi deyil, həmçinin 352.9 kv.metr torpaq sahəsi də təşkil etmişdir. Belə olan halda, arxiv sənədləri mövcud olmasa belə, həmin alqı-satqı müqaviləsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə əsasən torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Həmin normaya görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: Torpaq sahəsinə dair yerləşmə cizgisinin tərtib edilməməsi barədə cavabdehin dəlilinə məhkəmə əsassız hesab edir. Belə ki, iş materiallarında iddiaçının mülkiyyətində olan fərid yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixli Texniki Pasport tərtib edilmişdir. Texniki Pasportda fərdi yaşayış evi ilə yanaşı, torpaq sahəsinin planı da əks olunmuşdur. Həmçinin iş materiallarında fərdi yaşyış evinə və yerləşdiyi torpaq sahəsinə dair X3 tərətindən tərtib edilən dekabr 2003-cü il tarixli Texniki Pasport da mövcudur. Həmin texniki pasportda da, torpaq sahəsinin yerləşməsini əks etdirən planı tərtib edilmişdir. Ona görə məhkəmə 1-ci bənddə qeyd edilən cavabdehin hər iki imtina dəlilini əsassız hesab edir. 3-cü bəndlə bağlı məhkəmə qeyd edir ki, torpaq sahəsinin ARDNŞ istifadəsinə verilmiş ərazilərdə yerləşməsi hazırkı işə münasibətdə torpaq sahəsi ilə iddiaçının müliyyət hüququnun qeydə alınmasında imtina üçün əsas deyildir. İlk növbədə ona görə ki, cavabdeh İdarə öz imtinasına zidd mövqe sərgiləyərək torpaq sahəsinin qeydə almaqdan imtina etdiyi halda, torpağın üzərində olan fərdi yaşayış evinə mülkiyyət hüququnu qeydə alaraq bərabərlik və etimadın qorunması prinsipinin tələblərini pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, bu hal araşdırılarkən həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 6 fevral 2017-ci il tarixli, 31 saylı qərarının İİİ bəndinin tələbləri də nəzərə alınmalıdır. Həmin normanın tələblərinə görə, şəxsi tikililər və digər obyektlər quyulardan, separatorlardan 300 metr məsafədə yerləşməlidir. Üçüncü şəxs tərəfindən məhkəmə təqdim edilən məktubda torpaq sahəsinin yaxınlığında fəaliyyətdə olan və ya ləğv edilmiş neft quyusunun olması görünmür. Cavabdeh də bu barədə hər hansı bir dəlil irəli sürməmişdir. Ona görə də, məhkəmə qeyd edilən imtina əsasını və 3-cü şəxsin etirazının dəlillərinin əsassız hesab edir. 3-cü şəxs bildirir ki, torpaq sahəsi ARDNŞ istifadəsinə verilmiş ərazilərdə yerləşir və neft qaz əməliyyatları aparılmasına maneçilik törədə bilər. Məhkəmə qeyd edir ki, 3-cü şəxs iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin altından neft qaz hasilatı ilə bağlı əməliyyatlarının aparılmasının zərurliyini və həmin evin altında torpaq sahəsində neft və qaz yataqlarının olmasını əsaslandıra və sübuta yetirə bilməmişdir. Belə bir hal baş versə belə, fərdi yaşayış evi iddiaçının mülkiyyətində, torpaq sahəsi isə istifadəsindədir. İddiaçı sahiblik və istifadəsində olan daşınmaz əmlakdan neft qaz əməliyyatları hasilatı üçün istifadə edə bilməməsi ilə bağlı ədalətli kompensasiya hüququ almaq üçün torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını təlb etməkdə haqlıdır. Məhkəmə 4-cü imtina dəlili ilə bağlı qeyd edir ki, cavabdeh həyətyanı sahədə qrunt suları səbəbindən sıx qamışlığın əmələ gəlməsinin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından hansı səbəbə görə imtinaya səbəb olmasını, o cümlədən bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsaslarının müəyyən edildiyi 15-ci maddənin hansı normasında təsbit edildiyini əsaslandırmamışdır. Göründüyü kimi cavabdehin imtinası formal mülahizələrə əsaslanmaqla, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından əsassız imtina edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq göstərilmişdir: Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: Maddə 65. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. ünvan 3 ünvanında olan fərdi yaşayış evinin yerləşdiyi 352.9 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-7525/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7525/2024
04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver