Məhkəmə qərarları › İş №2-1(112)-7528/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7528/2021

28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7528/2021 28.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (Məhkəmə mübahisələri iş şöbəsinin baş mütəxəssisi, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı pensiyanın yenidən hesablanması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya məbləğinin sığorta kapitalına əsasən yenidən hesablanmasının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsininə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına dəyişdirilməsi nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, o 1981-ci ildən 2013-cü ilə kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Hərbiləşdirilmiş Mühavizə İdarəsində Gizir vəzifəsində çalışmaqla təqaüdə çıxmışdır. O təqaüdü xidməti ilinə görə alır. Qarabağda gedən döyüşlərdə iştirak etdiyi üçün Qarabağ Müharibəsinin veteranıdır. 25.02.2021-ci il tarixdə pensiya məbləğinin Sığorta kapitalına əsasən yenidən hesablanması tələbi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Cavabdeh 11.03.2021-ci il tarixli məktuba əsasən pensiya məbləğinin sığorta kapitalına əsasən yenidən hesablanmasının əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.5 və 9.6-cı maddələrinə istinad etməklə mümkünsüz hesab etmişdir. İddiaçı hesab edir ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsassız olaraq siğorta kapitalına əsasən yenidən hesablanmasını rədd etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbi təmin edilməməlidir. Belə ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4.-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Cavabdeh qeyd edir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən - "hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4 maddəsinə əsasən - “hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yuxarıda qeyd edilən maddələrdən göründüyü kimi hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı onların müvafiq qrumlar tərəfindən tərtib edilmiş “Məlumat vərəqi”indəki təminat xəreliyinə əsasən təyin edilir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.3 və 37.3.1 maddələrində qeyd edilən sığorta və yığım hissələri, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya məbləğlərinə aid deyil və şamil edilə bilməz. Belə ki, hərbi qulluqçuların pensiya təminatı yığım hissəsində yığılan pensiya kapitalı ilə deyil, təminat xərcliyindən hesablanır. Bütövlükdə hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təyinatı onların vəzifə, rütbə maaşları, xidməti illərinə görə faiz əlavəsi və sair kimi ümumilikdə təminat xərcliyini təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5 maddəsində qeyd edildiyi kimi hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təyinatı, təminat xərcliyindən hesablanır ki, təminat xərcliyi də (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Xüsusi olaraq bildirilir ki, Əmək pensiyaları haqqında " Azərbaycan Respublikası Qanununun 29.2-cü maddəsinə əsasən - “Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır”. Eyni zamanda bildirirlər ki, Qanunun 9.6-cı maddəsinin sonuncu cümləsinə əsasən hərbi qulluqçunun yalnız fərdi hesabında qeydə alınmış sığorta kapitalına görə pensiyasının yenidən hesablanması hüququ vardır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq əmək pensiyası alan şəxslərin pensiya məbləğləri iki cür müəyyənləşdirilir: Fərdi hesabın sığorta hissəsində yığılan pensiya kapitalından hesablanan məbləğ; Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərə dövlət büdcəsi hesabına vəzifə maaşına müvafiq əmsallar tətbiq edilməklə hesablanan əlavələrlə birlikdə müəyyən edilən məbləğ; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan kateqoriyaya daxildirlər. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1 -ci maddəsində qeyd olunanların güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş hərbi qulluqçulara münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən, güzəştli şərtlərlə ödənilən əmək pensiyasından imtina etməklə sığorta kapitalına görə əmək pensiyasının hesablanması üçün ərazi üzrə DSMF-nun aidiyyəti rayon şöbəsinə müraciət etməlidir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.1953-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan ********** saylı 11 mart 2021-ci il tarixli cavab məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinada bildirmişdir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Həmin Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərciliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər hesablanır. İddiaçıya sözügedən maddənin tələblərinə uyğun qaydada hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası ödənilir. Eyni zamanda bildirirmişlər ki, Qanunun 9.6-cı maddəsinin sonuncu cümləsinə əsasən hərbi qulluqçunun yalnız fərdi hesabında qeydə alınmış sığorta kapitalına görə pensiyasının yenidən hesablanması hüququ vardır. Belə ki, əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmək pensiyası alan şəxslərin pensiya məbləğləri iki cür müəyyənləşdirilir: Fərdi hesabın sığorta hissəsində yığılan pensiya kapitalından hesablanan məbləğ; Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərə dövlət büdcəsi hesabına vəzifə maaşına müvafiq əmsallar tətbiq edilməklə hesablanan əlavələrlə birlikdə müəyyən edilən məbləğ. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan kateqoriyaya daxildirlər. İddiaçının sosial sığorta hesabındakı pensiya kapitalı əsas götürülməklə pensiya təyinatını tələb etmək hüququnun olduğu, bu zaman iddiaçının yuxarıda qeyd olunan birinci kateqoriya şəxslərdən hesab ediləcəyinə görə dövlət vəsaiti hesabına güzəştli şərtlərlə pensiya almaq hüququndan istifadə edə bilməyəcəyi, qeyd olunanları nəzərə alaraq hərbi qulluqçu kimi yaşa görə ona ödənilən əmək pensiyasından imtina etməklə yalnız sığorta kapitalına görə əmək pensiyasının hesablanması üçün yaşadığı ərazi üzrə Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti filialına (xidmət nümayəndəliyinə) və ya DOST mərkəzlərinə müraciət etməyi tövsiyə olunmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır və iddiaçının hüququnu pozur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular- Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçıya hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduğundan və pensiya təyin olunduqdan sonra dövr üzrə pensiya kapitalının toplanması davam etdiyindən, həmçinin iddiaçı ona pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyindən və mövcud qanunvericilikdə hərbi qulluqçuların əmək pensiyasının yenidən hesablanmasına hər hansı məhdudiyyət nəzərdə tutulmadığından, iddiaçının hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı pensiya məbləğinin sığorta kapitalına əsasən yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı pensiya məbləğinin sığorta kapitalına əsasən yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar