Məhkəmə qərarları › İş №2-1(112)-7529/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7529/2024

04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7529/2024 04.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Pirallahı rayonu, Gürgan qəsəbəsində yerləşən 9 sot torpaq sahəsinə dair hüquqların qeydiyyata alınaraq onun adına çıxarışın verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-ci ilin fevral ayına kimi ailəsi ilə birlikdə Xocalı rayonunda yaşamışdır. Qarabağ hadisələri ilə əlaqədar məcburi köçkün düşmüşlər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmş, müharibə veteranıdır. Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin Başçısının 2634 nömrəli 29 dekabr 2000-ci il tarixli sərəncamına əsasən ona Gürgan qəsəbəsində 41 saylı sahədə fərdi evin tikintisi üçün 900 kv.m torpaq sahəsi ayrılmışdır. İstifadəsində olan torpaq sahəsi üzərində hüquqların dövlət reystrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin cavab olaraq ona bildirilmişdir ki, elektron kadastr məlumtlarına əsasən təqdim etdiyi yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığından sənədləri faktiki sahəyə aid olub-olmadığını müəyyənləşdirmək mümkün olmamışdır.

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini dəqiqləşdirərək, iddia tələbinin xahiş edirəm hissəsinin “Bakı şəhəri, Gürgan qəsəbəsində yerləşən, sahəsi 900 kv.m olan 41 saylı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının onun adına qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi kimi” oxunmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4.Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. 5.Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazda qeyd edilmişdir ki, ilkin olaraq təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığından sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyənlədirmək mümkün olmamışdır. Növbəti müraciət zamanı təqdim edilmiş cizgi isə Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti tərəfindən verilmiş, düzəliş Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən edilmişdir. 1991-2000-ci il tarixlərində qüvvədə olan Azərbaycan Respubikası Torpaq Məcəlləsinin 29-cu maddəsinə əsasən müvafiq rayon,şəhə xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və idarə hüquqları yer quruluşu orqanları yerdə(naturada) sahənin hüdudları müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş **********53 nömrəli xx.xx.2022-cü il tarixli imtina məktubuna əsasən bildirilmişdir ki,elektron kadastr məlumatlarına əsasən təqdim edilən yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığından sənədlərin faktiki sahəyə aid olub-olmadığını müəyyənləşdirmək mümkün olmamışdır.

9. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş **********3 nömrəli xx.xx.2023-cü il tarixli imtina məktubuna əsasən bildirilmişdir ki, müvafiq torpaq sahəsi ilə bağlı Bakı şəhəri Piralları rayon Məhkəməsinin icraatında 2(094)-78/2023 saylı mülki iş mövcuddur, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır.

10. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş **********97 nömrəli xx.xx.2024-cü il tarixli imtina məktubuna əsasən bildirilmişdir ki,qeyd olunan məsələ ilə bağlı müraciətinə **********13 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır.

11. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 29 sentyabr 2022-ci il BA-06282-2022 nömrəli məktubla İddiaçı barəsində keçmiş Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 2634 saylı sərəncamının təsdiq edilmiş ksero surəti 1 vərəqdən ibarət təqdim edilmişdir. Sərəncama sahənin sxemi və xəritədən çıxarışı əlavə edilmişdir. Təqdim edilmiş sərəncama əsasən, Gürgün qəsəbəsində 41 saylı sahədə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 900 kv.m torpaq sahəsi ayrılmışdır.

12. Pirallahı rayon Məhkəməsinin 21 oktyabr 2023-cü il tarixli 2(094)-78/2023 saylı qətnaməsinə əsasən ərizəçi İddiaçı Pirallahı rayon İcra Hakimiyyəti, Xəzər rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Ksdastrı və Reystr publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsini müraqlı şəxslər qismindı cəlb etdiyi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərəzisəzi təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır.

13. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 18 aprel 2024-cü il tarixli 3-48-2F/2-855/2024 nömrəli məktubla Əzizbəyov rayon İH-nin (indiki Xəzər rayon İH) arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli 2634 saylı sərəncamının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

19. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

20. İşin hallarından göründüyü kimi, İddiaçı Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısının 2634 nömrəli 29 dekabr 2000-ci il tarixli sərəncamı ilə Gürgan qəsəbəsində 41 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün 900 kv.m torpaq sahəsi ayrılmışdır.

21. Cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər mübahisələndirilməmiş, yalnız elektron kadastr məlumatlarında həmin sahənin yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığı, bundan başqa cizginin Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti tərəfindən verildiyi halda düzəlişin Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən verilməsi mübahisələndirilmişdir.

22. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir: 23 “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1 qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinə əsasən Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

24. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. 25.«Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

26. İşin faktiki hallarından da göründüyü kimi Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) xx.xx.2000-ci il tarixli, 2634 saylı sərəncamı ilə Gürgün qəsəbəsində 41 saylı sahədə olan 900 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmışdır. Qeyd olunur ki, iddiaçıya torpaq sahəsinin verildiyi və həmin əmlakın onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənədin hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin sənəd qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur.

27. Göründüyü kimi, mübahisəli torpaq sahəsi qanuni olaraq, daha dəqiq desək öz hüquqi qüvvəsini saxlayan və etibarlı hesab olunan sərəncam əsasında iddiaçının istifadəsində olmuşdur.

28. Həmin sərəncama münasibətdə verilmiş yerləşmə cizgisində istinad və məsafələrin qeyd edilməməsi ilə bağlı məhkəmə hesab edir ki, bu hal torpaq sahəsinin istifadəçisinin təqsiri olmamaqla, həmin torpaq sahəsinə ayrılmasını həyata keçirən yerli icra hakimiyyətinin və onun torpaq ayırmasına nəzarət etməli olan sərəncamı qəbul edən orqanın məsuliyyət sferasına aiddir. Digər tərəfdən nəzərə alınmalıdır ki, torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi məhz Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) xx.xx.2000-ci il tarixli, 2634 saylı sərəncamı ilə əlaqədar olmuşdur ki, bu hal öz növbəliyində iddia olunan ərazinin dislokasiya baxımından həmin dövrdə yerli icra hakimiyyətinin istifadəsində olan torpaqlara aid olduğunu göstərir.

29. Yerləşmə cizgisinin Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti tərəfindən verildiyi halda, düzəlişin Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən olunması da hazırki vəziyyəti iddiaçının ziyanına dəyişmir.

30. Belə ki, təqdim olunmuş yerləşmə cizgisindən də göründüyü kimi cizgi Əzizbəyov RİHnin (indiki Xəzər RİH) xx.xx.2000-ci il tarixli, 2634 saylı sərəncamı əsasında verilmiş, aidiyyəti olaraq icra hakimiyyətinin nümayəndəlikləri tərəfindən təsdiq olunmuşdur. Yerləşmə cizgisində düzəlişin Pirallahı RİH tərəfindən olması (hazırda həmin ərazi Pirallahı İcra Hakimiyyətinin dislokasiyasında olan torpaq sahəsidir) isə iddiaçının təqsiri nəticəsində meydana gəlməmiş və onun iradə ifadəsi ilə bağlı olmamışdır.

31. Belə ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi Konstitusiya Məhkəməsi Avropa Məhkəməsinin də müvafiq qərarlarını də nəzərə almaqla hesab etmişdir ki, inzibati orqan tərəfindən, daha doğrusu inzibati orqanın məsul əməkdaşları tərəfindən yol verilən səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz. Hazırkı iş üzrə də vəziyyət oxşardır. Faktiki olaraq yerləşmə cizgisində düzəlişin digər yerli icra hakimiyyəti tərəfindən edilməsi, həmin yerləşmə cizgisinin mötəbərliyinə şübhə doğurmur.

32. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin imtinasının və etirazının əsasını təşkil edən dəlillər əsassız hesab edilməklə iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmış hesab olunmalıdır.

33. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün qanunvericiliyin tələbləri tam təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsaslar olmuşdur. 34 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

36. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Pirallahı rayonu, Gürgan qəsəbəsində yerləşən sahəsi 900 kv.m olan 41 saylı torpaq sahəsinə İddiaçı adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar