Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7530/2022 11.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə cizginin çəkilərək verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə cizginin çəkilərək verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 23 iyul 1998-ci il tarixli 254 saylı sərəncamına əsasən Bakı şəhəri Xətai rayonu Qafqaz küçəsi 45 nömrəli binanın yaxınlığında yerləşən ərazidə fərdi yaşayış evi tikilməsi üçün ayrılmış 0,015 ha torpaq sahəsinin cizgisinin çəkilərək verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abdullayeva (nikahdan əvvəl Əzizova) Şəhla Abdul qızına Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 23 iyul 1998-ci il tarixli 254 saylı sərəncamına əsasən Bakı şəhəri Xətai rayonu Qafqaz küçəsi 45 nömrəli binanın yaxınlığında yerləşən fərdi yaşayış evi tikilməsi üçün 0,015 ha torpaq sahəsi ayrılmış və fərdi yaşayış evi tikilməsinə icazə verilmişdir. Həmin vaxtdan torpaq sahəsini daş hasarla əhatəyə alaraq, fərdi yaşayış evi tikərək orada yaşayır və bu gün onun faktiki istifadəsindədir. Fərdi yaşayış evini özəlləşdirmək üçün sənədləri ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş, torpaq sahəsinin cizgisi təqdim edilmədiyinə görə sənədlər geri qaytarılmışdır. Lakin həmin Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 23 iyul 1998-ci il tarixli 254 saylı sərəncamı verilən zaman torpaq sahəsinin cizgisi ona verilməmişdir. Bununla əlaqədar olaraq sərəncamların saxlanıldığı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına həmin sərəncamın arxiv surətinin əldə edilməsi üçün müraciət etmişdir, yalnız sərəncamın arxiv surəti ona verilsə də orada qeyd edilmişdir: “Qeyd: Sərəncama vət. X1 məxsus cizgi sənədi əlavə edilməmişdir " Bununla əlaqədar olaraq iddiaçı ərizə ilə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısına müraciət edərək Bakı şəhəri Xətai rayon icra Hakimiyyəti Başçısının 23 iyul 1998-ci il tarixli 254 saylı sərəncamı verilən zaman torpaq sahəsinin cizgisinin verilmədiyini nəzərə alıb, həmin torpaq sahəsinin cizgisinin çəkilərək verilməsi barədə sərəncam verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısı aparatının 10 yanvar 2022-ci il tarixli A-282-091 nömrəli imtina, cavab məktubunda yazılmışdır, ki, “Sizin Xətai rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətinizə baxılmışdır. Müraciətdə Rayon İcra Hakimiyyətinin başçısının 23 iyul 1998-ci il tarixli 254 saylı sərəncamı əsasında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi cizgisinin verilməsini xahiş edirsiniz. Bildiririk ki, sizə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin lisenziyası olan layihə- smeta bürosu tərəfindən çəkilmiş çizgisini Rayon İcra Hakimiyyətinə təqdim etdikdən sonra müraciətinizə aidiyyatı üzrə baxılacaqdır ” (həmin məktubu 15 mart 2022-ci il tarixdə Rayon İcra Hakimiyyətindən almışdır.) İddiaçı Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin bu cavabı ilə razılaşmayaraq onu əsassız hesab edir. Belə ki, cavabdeh imtina məktubunda torpaq sahəsinə dair cizginin lisenziyası olan layihə-smeta bürosu tərəfindən çəkilmiş çizgisini Rayon İcra Hakimiyyətinə təqdim etdikdən sonra müraciətinizə aidiyyatı üzrə baxılacağı barədə vədi inandırıcı görünmür. Həmin dövrün qaydasına görə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 23 iyul 1998-ci il tarixli 254 saylı sərəncamı verilən zaman torpaq sahəsinin cizgisinin verilməsi səlahiyyəti Rayon İcra Hakimiyyəti orqanı tərəfindən verilməli olduğu göstərilmişdir. Onun müraciətimlə əlaqədar cavabdeh tərəfindən verilən imtina “İnzibati icraat haqqında ” Azərbaycan Respublikası Qanununun 21,24,28,45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmamışdır, çünki cavabdeh icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısı aparatının 10 yanvar 2022-ci il tarixli A-282-091 nömrəli yazılı imtinasında aydınlıq gətirməmiş, bir sözlə bu halı inzibati aktın rekvizitlərində tam göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. İddiaçı bununla razılaşmayaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək və mübahisəyə yuxarıda göstərilən qaydada imtina etməsinə cavabdehin gəldiyi nəticə ilə razılaşmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh inzibati orqana qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmiş və iştirak etməməsinin səbələri barədə məhkəməyə məlumat verilməmişdir. Cavabdeh orqan tərəfindən iddiaya qarşı yazılı etiraz məhkəməyə təqdim etməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin iddiaçının müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixli məktubu. - Xətai Rayon İcra Hakimiyyətinin 254 saylı xx.xx.1998-ci il tarixli Sərəncamı. - məhkəmənin müvafiq sorğusuna cavab olaraq cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubu. - Azərbaycan Respubikası Dövlət Arxivinin Bakı Filalının xx.xx.2020-ci il tarixli məktubu. - məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respubikası Dövlət Arxivinin Bakı Filalının xx.xx.2022-ci il tarixli məktubu.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul olunmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı iddiadır. İddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İşin məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 254 saylı Sərəncamı ilə vətəndaşların mənzilə olan ehtiyacını nəzərə alaraq, qəsəbədaxili ərazilərdə fərdi yaşayış evləri tikintisi üçün torpaq sahələrinin ayrılması rayon İcra hakimiyyətinin səlahiyyətində olması haqqında Bakı şəhər XDS İcraiyyə Komitəsinin 27.01.89-cu il tarixli 13/713 saylı Qərarını, Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, Dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamənin 13-cü maddəsinin “Q” bəndininə əsasən vətəndaş X1, Qafqaz küçəsi 45 saylı binanın yaxınlığında, cizgidə göstərilən sahədə 0,015 ha torpaq sahəsi verilmişdir. İddiaçı cavabdeh inzibati orqana Xətai Rayon icra Hakimiyyətinin başçısının 23 iyul 1998ci il tarixli, 254 saylı sərəncamı əsasında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin cizgisinin verilməsini tələbi ilə müraciət etmişdir. İş materiallarına əsasən Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinə cvab olaraq bildirilmişdir ki, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin lisenziyası olan layihə-smeta bürosu tərəfindən çəkilmiş cizgisini Rayon İcra Hakimiyyətinə təqdim etdikdən sonra müraciətinizə aidiyyəti üzrə baxılacaqdır. İş materiallarına əsasən Xətai Rayon İcra Hakimiyyətinin məhkəmənin müvafiq sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaşların fərdi yaşayış evlərinin tikintisi ilə əlaqədar müraciətləri araşdırılarkən torpaq sahəsinə dair cizgi və qeyd edilən digər hüquqi sənədlər vətəndaşların özünə təqdim edilir. İş materiallarından görünür ki, Azərbaycan Respubikası Dövlət Arxivinin Bakı Filalının məhkəmənin müvafiq sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubu ilə vətəndaş X1 torpaq sahəsinin ayrılmasına dair Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 254 saylı Sərəncamının təsdiq edilmiş ksero surəti məhkəməyə təqdim edilmişdir. Sərəncamın qeyd hisəsində vətəndaş X1 məxsus cizgi sənədi əlavə edilmədiyi göstərilmişdir. Məhkəmə araşdırması zamanı Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998ci il tarixli 254 saylı Sərəncamına əsasən X1 ayrılmış torpaq sahəsinə dair plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin: - 1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir; - 3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur; - 4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. - 48-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 65-ci maddəsinin: - 1-ci bəndinə görə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir; - 2-ci bəndinə görə torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir; - 3-cü bəndinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır; - 6-cı bəndinə görə torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir; - 7-ci bəndinə görə torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır; - 8-ci bəndinə görə torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə əsasən müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Göründüyü kimi, sadalanan qanunvericilik aktlarına əsasən torpaq ayrılan və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublkası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanunvericilik torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qeyd olunan Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Məhkəmənin mövqeyinə görə, nə qədər ki, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə sərəncam mübahisələndirilməmişdir və qüvvədədir, həmçinin cavabdeh Xətai RİH torpaq ayıran qurum kimi həmin qərarda nəzərdə tutulmuş torpaq sahəsinə dair plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi öz təsdiqini tapmadığından, cavabdeh imtina etməkdə haqlı olmamışdır və bu iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. Odur ki, iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. PM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 254 saylı Sərəncamı ilə X1 ayrılmış torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 254 saylı Sərəncamı ilə X1 ayrılmış torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi öhdəliyi cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev