Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7532/2021 14.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı və Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq şifahi məhkəmə baxışı iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, 13 mart 2018-ci il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddiaərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1961-ci il tarixdə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. Hal-hazırda Tovuz rayonunun, Qovlar qəsəbəsi Mehdi Hüseyn küçəsi 71 nömrəli evdə yaşayır. O, 22.02.1980-ci ildə Tovuz rayonunun Aşağı Ayıflı kəndi ərazisində fəailiyyət göstərmiş 70 nömrəli Tikinti Materialları kombinatına fəhlə işinə qəbul olunub, həqiqi hərbi xidmətə getməyi ilə bağlı 15.04.1980-ci ildə işdən azad olunmuşdur. 21.04.1980-ci ildə həqiqi hərbi xidmətə gedib, 28.05.1982-ci ildə ordudan tərxis olunmuşdur. 08.06.1982-ci ildə Gürcüstan Respublikasının Rustavi şəhərində Metallurgiya zavodunda peçnoyda hörgüçü işinə qəbul olunub, 01.09.1983-cü ildə işdən azad olunmuşdur. 20.12.1983-cü ildə Gürcüstan Respublikasının Tbilisi şəhər Vaqon Deposunda çilingər işinə qəbul olunub, 01.07.1984-cü il tarixdə həmin işdən azad olunmağını xahiş etsə də, 09.08.1984-cü ildə işdən azad olunmuşdur. 01.07.1985-ci il tarixdə Gürcüstan Respublikasının Tbilisi Lokomotiv Deposuna maşinist köməkçisi işinə təyin olunmuşdur. 11.10.1989-cu ildə həmin işdən azad olunmuşdur. 21.11.1989-cu ildə Kirovabad (hazırda Gəncə) Lokomotiv deposunda maşinist köməkçisi işinə təyin olunmuşdur. Hal-hazırda da X2 maşinist köməkçisi işləyir. Onun 40 ilə yaxın ümumi əmək stajı vardır. Bundan 35 (otuz beş) ildən artığını güzəştli şərtlər qrupuna aid olan işdə işləmişdir. Hazırda da işləyir. Onun 57 yaşı tamam olan vaxtı qüvvədə olan Qanunlara, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarının 21.4 bölməsinin 19-cu bəndinə görə 57 yaşı tamam olmuş, 12 il 06 ay güzəştli şərtlərlə işləyən kişilər güzəştli şərtlərlə pensiya çıxırlar. Onun isə hazırda 60 yaşı tamam olmuşdur, 13.03.2018-ci il tarixdə 57 yaşı tam olan vaxta kimi ümumi 37 il əmək stajı, bunun da 32 ili zərərli işdə, güzəştli şərtlərlə işdə işləmişdir. Cavabdeh orqan imtinasında qeyd etməsə də, Gürcüstan Respublikasında işlədiyi illəri əsassız olaraq onun əmək stajına hesablamamışdır.Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin 23.08.2021-ci il tarixli **********2 nömrəli iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 32154,44 manat təşkil edir.Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə şifahi məhkəmə baxış iclası 14 dekabr 2021-ci il tarixə təyin edilmişdir. İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən şəxslərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - 24.03.2011-ci il tarixdə Tovuz RPŞ tərəfindən verilmiş Seriya AZE № 0******* şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Tovuz rayonu, Qovlar qəsəbəsində doğulmuş və Tovuz rayonu, Qovlar qəsəbəsində qeydiyyatdadır. - 21.04.1980-ci il tarixdə Tovuz rayon hərbi komissarlığı tərəfindən verilmiş НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 21.04.1980-20.05.1982-ci illərdə hərbi xidmətdə olmuşdur. - İddiaçı məxsus ИТ-İ ******* nömrəli 15 aprel 1980-ci il tarixli əmək kitabçasından görünür ki, 22.02.1980-15.04.1980-ci il tarixlərdə 70 №-li Tikinti Metarialları Kombinatında fəhlə, 08.06.1982-01.09.1983-cü illərdə ixtisaslaşdırılmış Qafqaz TQİ “Tsentrdomnaremont”-da 3-cü dərəcə üzrə odadavamçı, 20.12.1983-09.08.1985-ci illərdə Qafqazın dəmiryolu Tbilisi vaqon deposunda çilingər, 01.07.1985-11.10.1989-cu illərdə Qafqazın dəmiryolu Tbilisi vaqon deposunda maşinistin köməkçisi vəzifələrində işləmişdir. Həmçinin 21.11.1989-cu il tarixdə "xxxx" QSC X5 Lokomotivinə maşinistin köməkçisi vəzifəsinə qəbul edilmişdir. -"xxxx" QSC Yük Daşımaları Departamenti Gəncə Lokomotiv deposunun 03/36 nömrəli 19.03.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 21.11.1989-cu ildən halhazıra kimi elektrovoz maşinist-köməkçisi işləyir (Əmr-1269,20.11.1989-cu il). Həmin arayış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı qərarının 21.4 bölməsinə (dəmir yol nəqliyyatı) əsasən güzəştli şərtlə pensiya təyin edilməsi üçün verilmişdir. - Qafqaz TQİ “Tsentrdomnaremont tərəfindən verilmiş 05.06.2019-cu il tarixli 5 №-li arayışın notarial qaydada tərcümə olunmuş surətindən görünür ki, İddiaçı 08.06.1982-ci ildən (04.06.1982-ci il tarixindən 53 saylı əmr) 01.09.1983-cü ilədək (30.08.1983-cü il tarixindən 101 saylı əmr) ixtisaslaşdırılmış Qafqaz TQİ “Tsentrdomnaremont”-da 3-cü dərəcə üzrə odadavamçı kimi çalışmışdır. - “Gürcüstan dəmiryolu” tərəfindən verilmiş 06.06.2019-cu il tarixli 3107 nömrəli arxiv arayışının notarial qaydada tərcümə olunmuş surətindən görünür ki, İddiaçı (d/t.: 1961-ci il) işlədiyi haqqında aşağıda qeyd edilən məlumatlar əldə olundu:
1. 1983-cü ilin 21 dekabr tarixində Qafqazın dəmiryolu Tbilisi vaqon deposuna çilingər vəzifəsinə işə götürüldü (Əmr N: 67, 20.12.1983-cü il)
2. 1985-ci il 09 avqust tarixində başqa işə keçməsi ilə bağlı işdən azad olundu (Əmr N: 518, 09.08.1985-ci il)
3. 1985-ci ilin 01 iyul tarixində Qafqazın dəmiryolu Tbilisi vaqon deposuna maşinistin köməkçisi vəzifəsinə işə götürüldü (Əmr N 428, 12.07.1985-ci il)
4. 1986-cı il 17 yanvar tarixində çilingər vəzifəsinə keçirildi (əmr N: 27, 17.01.1986cı il)
5. 1987-ci ilin 22 yanvar tarixində Qafqazın dəmiryolu Tbilisi vaqon deposuna maşinistin köməkçisi vəzifəsinə işə götürüldü (Əmr N: 60, 22.01.1987-ci il)
6. 1989-cu il 11 oktyabr tarixində şəxsi ərizəsi əsasında işdən azad olundu (Əmr N: 577-11.10.1989). - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 26.05.2021-ci il tarixli **********1 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan görünür ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 32154,44 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1961-ci ildir, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək, 13 mart 2018-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunmasını xahiş etmiş, lakin cavabdeh hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydlə alınan pensiya kapitalının cəmi 32154,44 manat təşkil etdiyini əsas gətirərək, iddia tələbinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir:
AR Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 9.1-ci maddəsinə əsas ən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçininəmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə ( istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmçinin məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırkı iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hərbi və işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməli, onun hərbi xidmət illəri də iş stajına da daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67- ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının əmək kitabçasından görünür ki, iddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən artıq sığorta stajına, həmçinin 12 il 6 aydan artıq güzəştli iş stajına malikdir. Belə ki, iddiaçı 21.04.1980-20.05.1982-ci illərdə hərbi xidmətdə olmuş, 22.02.1980-15.04.1980, 08.06.1982-01.09.1983, 20.12.1983-11.10.1989-cu illərdə əmək fəaliyyəti ilə məşğul olmuş, həmçinin 21.11.1989-cu il tarixdən "xxxx" QSC X5 Lokomotivində maşinistin köməkçisi vəzifəsində işləyir. Beləliklə, iddiaçının 01.01.2006-cı il tarixədək hərbi xidmət dövrü də nəzərə alınmaqla 25 ildən artıq ümumi iş stajı movcuddur. Bundan əlavə Məhkəmə qeyd edir ki, güzəştli şərtlərlə pensiya təyin olunması üçün 2-ci element güzəştli iş stajının mövcud olmasıdır. Bunun üçün iddiaçının 01.01.2006-cı ilədək güzəştli iş stajının olub-olmaması aydınlaşdırılmalıdır. Əmək kitabçasından görünür ki, iddiaçı 01.07.1985-17.01.1986, 22.01.1987- 11.10.1989-cu illərdə Qafqazın dəmiryolu Tbilisi vaqon deposunda və 21.11.1989-ci ildən isə "xxxx" QSC X5 Lokomotivində maşinistin köməkçisi vəzifəsində işləmişdir. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” nın “Nəqliyyat” adlanan XXVİİİ bölməsində elektrovozlarda maşinist köməkçiləri (23001000—16885) güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir. İşin mübahisələndirilən halı iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, cavabdehin bu imtina əsası əsassızdır. Çünki “Əmək pensiyaları haqqında” Qanunun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması şərtlərini müəyyən edən 9-cu maddəsinin 9.8-ci bəndində qeyd edilir ki, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İşin araşdırılmış hallarından da bəllidir ki, iddiaçı 01.01.2006-cı ilədək qüvvədə olmuş qanunvericiliyin tələbləri üzrə ümumi və xüsusi stajı toplamışdır. 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalının olması tələb olunmurdu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normaya əsasən iddiaçının 1999-2002-ci illərdəki işlədiyin dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə, tələb olunmamalıdır. Ona görə də, onun pensiyası hesablanarkən həmin əmək fəaliyyəti dövrü nəzərə alınmalıdır. Göründüyü kimi, 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi müddətin daxil olması barədə müddəa mövcud olsa da, cavabdeh iddiaçı tərəfindən işlədiyi müddətdə sosial sığorta haqlarının ödənilmədiyini bildirmir (mübahisələndirmir), bu barədə hər hansı sübut təqdim etmir və ya bu xüsusatın araşdırılmasını tələb etmir. Sadəcə 01.07.2017-ci il tarixdən qanunun normasında dəyişiklik olduğunu diqqətə çatdıraraq pensiya kapitalının kifayət etməməsini əsas gətirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Məhkəmə hesab edir ki, həmin hal iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığından onun iddiaçıya münasibətdə geriyə qüvvəsi tətbiq olunmalı və bununla da iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı ilə qədər 15 ildən artıq güzəştli iş stajı mövcuddur. Göründüyü kimi, hər iki hal-ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 13.03.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, ona 13.03.2018-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ:
İddiaçı iddiası təmin edilsin. İddiaçı 13.03.2018-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə