Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7532/2025 28.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “istifadə edilməyən məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Azru Mahmud qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “istifadə edilməyən məzuniyyətə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 28 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X5 29 iyul 1996-cı il tarixdə Müdafiə Nazirliyinin Uçuş X3 kursant kimi qəbul olunmuş, fasiləsiz xidmət etmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin 0343 nömrəli 16 may 2017-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq N nömrəli hərbi hissə komandirinin N nömrəli 26 may 2017-ci il tarixli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra – cavabdeh ) müraciət edərək mərhum ərinin tərxislə bağlı məsələləri həll etmək üçün 90 gün növbəti məzuniyyəti və uçuş heyətinə verilməli olan 15 gün əlavə məzuniyyət günlərini təqvimi xidmət illərinə əlavə edilməklə yeni "Məlumat Vərəqi”-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi, həmin məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi və eləcə də 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli. 569 nömrəli fərmanına uyğun olaraq mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsini xahiş etmiş, cavabdeh iddiaçının müraciətinin təmin olunmasından xx.xx.2025-ci il tarixli məktubla imtina edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “.. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə müvafiq olaraq mərhum həyat yoldaşınız X2 həqiqi hərbi xidmətinin başlanğıcı onun Müdafiə Nazirliyinin Uçuş X3 daxil olduğu gün (29 iyun 1996-cı il), həqiqi hərbi xidmətinin sonu isə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün (26 may 2017-ci il) hesab edilir. Qeyd olunan müddət 20 il 09 ay 27 gün təşkil edir. Yuxarıda qeyd olunanlara istinad olaraq mərhum həyat yoldaşınız X2 hərbi xidmət müddəti barədə məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Elektron məlumatlar bazası”na təkrarən daxil edilməsi məqsədə uyğun hesab edilmir.” İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərxislə bağlı məsələləri həll etmək üçün 90 gün növbəti məzuniyyəti və uçuş heyətinə verilməli olan 15 əlavə məzuniyyət günlərini mərhum ərinin xidmət illərinə əlavə edilməsi və həmin məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası əsassızdır və ləğv edilməlidir. Hərbi qulluqçuların statusu haqqında qanun: Maddə 11.İstirahət hüququ. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Hərbi Xidmətkeçmə haqqında əsasnamə:. Maddə
120. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş,yaşma və xəstəliyə görə ehtiyata və istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Hərbi Xidmətkeçmə haqqında əsasnamə: Maddə 124. (ikinci abzası) Buraxılma zamanı növbəti məzuniyyət verilən hərbi qulluqçuların (həqiqi hərbi xidmət hərbi qulluqçulardan başqa) ehtiyata və yaxud istefaya göndərilməklə əlaqədar hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması, növbəti məzuniyyət bitdikdən sonra işlərin və vəzifənin təhviltəsliminə zəruri olan müddət hesaba alınmaqla həyata keçirilir. Maddə136). Hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından, zabitlərdən başqa) əlavə məzuniyyətlər aşağıdakı kimi verilir: a) uçuş işlərində olanlara, raket və torpeda katerində xidmət edənlərə — hər il 15 təqvim günü; Əlavə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir və növbəti məzuniyyətlə birləşdirilir. Qanunvericilin normalarından görünür ki, ehtiyata buraxılan zabit kateqoriyasına tərxislə bağlı məsələləri həll etmək üçün 90 gün növbəti məzuniyyət və uçuş işlərində olanlara hər il 15 təqvim günü əlavə məzuniyyət verilməli olduğu halda mərhum həyat yoldaşı X5 bu məzuniyyət hüququndan kənarda qalmışdır..
Cavabdeh iddiaya qarşı yazılı etiraz verərək iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 90 günlük növbəti məzuniyyətlə bağlı onu bildirmək lazımdır ki, N.K.Baxşıyev xx.xx.2017-ci il tarixdə N nömrəli hərbi hissənin komandirinə raportla müraciət edərək ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün 3 ay müddətində verilən növbəti məzuniyyətdən istifadə etməkdən imtina etmişdir. 15 gün əlavə məzuniyyət günləri ilə bağlı onu bildirmək lazımdır ki, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə”sinin 29.1-ci maddəsinə əsasən: “Hərbi qulluqçular hər il növbəti məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq vəzifə maaşı həcmində əlavə pul təminatı ödənilir.”
Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etirazı müdafiə edərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi.
ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2025-ci il tarixli məktubla imtina etmiş, iddiaçı hazırkı tələblə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etdiyindən məhkəmə iddiaçı tərəfindən iddia müddətinə riayət edildiyi qənaətinə gəlir.
Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən halıdır ki, iddiaçının mərhum əri X5 29 iyul 1996-cı il tarixdə Müdafiə Nazirliyinin Uçuş X3 kursant kimi qəbul olunmuş, fasiləsiz xidmət etmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin 0343 nömrəli 16 may 2017-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq N nömrəli hərbi hissə komandirinin N nömrəli 26 may 2017-ci il tarixli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı tərxislə bağlı məsələləri həll etmək üçün 90 gün növbəti məzuniyyəti və uçuş heyətinə verilməli olan 15 əlavə məzuniyyət günlərini təqvimi mərhum ərinin xidmət illərinə əlavə edilməsi və həmin məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsinə yönəlmişdir. Cavabdeh isə qeyd edir ki, iddiaçının mərhum əri N.K.Baxşıyev xx.xx.2017-ci il tarixdə N nömrəli hərbi hissənin komandirinə raportla müraciət edərək ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün 3 ay müddətində verilən növbəti məzuniyyətdən istifadə etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı, iddia tələbi isə əsassızdır. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
120. Növbəti məzuniyyət aşağıdakılara verilir: a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına — müddətli həqiqi hərbi xidmət ərzində — bir dəfə 10 gün; b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına — hər təqvim ili üçün 30 gün; v) gizirlərə və miçmanlara — hər təqvim ili üçün 35 gün; q) zabitlərə — hər təqvim ili üçün 45 gün. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) 40 günlük növbəti məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir.
121. Növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Təhsil almaq və xidmət müddəti müəyyən edilmiş yerlərdən dəyişilmək üçün namizədlikləri təsdiq edilmiş hərbi qulluqçulara növbəti məzuniyyət elə hesabla verilir ki, onlar yola düşənə qədər həmin məzuniyyətdən bütünlüklə istifadə edə bilsinlər. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən zabit heyətinə daxil olan hərbi qulluqçular yaşına, xəstəliyə görə ehtiyata və ya istefaya buraxıldıqda, yaxud 20 və daha artıq təqvim ili xidmət edən zabit heyətinə aid hərbi qulluqçu ehtiyata buraxıldıqda həmin il üzrə növbəti məzuniyyət onlara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün 45 gün deyil, 3 ay, yəni 90 gün müddətinə verilir. Belə ki, Əsasnamənin 120-ci bəndindən görünür ki, ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilən 3 aylıq növbəti məzuniyyət növbəti məzuniyyətin 4 növünə aid deyil, növbəti məzuniyyətin müddətinin artırılması kimi qeyd olaraq göstərilmişdir. Başqa sözlə desək zabit heyətinə təqvim ili ərzində verilən növbəti məzuniyyətin müddəti 3 aydan artıq ola bilməz. İş materiallarından müəyyən olunur ki, iddiaçının mərhum əri X5 ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün 3 ay müddətində verilən növbəti məzuniyyətdən istifadə etməkdən imtina etməsi barədə xx.xx.2017-ci il tarixli raport vermiş və N nömrəli hərbi hissə komandirinin xx.xx.2017-ci il tarixli, N nömrəli əmrinə əsasən, kapitan X6, Mühəndis aviasiya təminatı bölməsinin mühəndisi (vertolyot və mühərriklər üzrə baş bort mühəndis təlimatçı), “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin 16 may 2017-ci il tarixli 0343 №-li əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmiş, 26 may 2017-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinə göndərilmişdir. Bundan əlavə, sözügedən əmr mübahisələndirilməmiş və qüvvəsindədir. İddia ərizəsində qeyd olunan uçuş heyətinə verilməli olan 15 əlavə məzuniyyət günü ilə bağlı isə nəzərə alınmalıdır ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
136. Hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından, zabitlərdən başqa) əlavə məzuniyyətlər aşağıdakı kimi verilir: a) uçuş işlərində olanlara, raket və torpeda katerində xidmət edənlərə — hər il 15 təqvim günü; b) döyüş növbəsi (döyüş xidməti) növbəçiliyini yerinə yetirənlərə, hər 6 təqvim günü döyüş növbəsi (döyüş xidməti) üçün 1 təqvim günü, hər il 15 təqvim günündən artıq olmamaqla; v) möhkəmləndirilmiş rayonlarda, yüksək dağlıq bölgələrdə (dəniz səviyyəsindən 1500 m. və daha yüksək) — hər il 15 təqvim günü. Beləliklə uçuş işlərində olanlara, raket və torpeda katerində xidmət edənlərə — hər il 15 təqvim günü verilən məzuniyyət zabit heyətinə şamil edilmədiyindən iddia tələbi həmin hissədə də əsaslı hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov