Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7537/2024 07.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “istifadə edilməyən məzuniyyət günlərinin xidmət illərinə əlavə edilməsi və pul kompensasiyasının ödənilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: I.İşin halları
1. İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə (bundan sonra – Cavabdeh) müraciət edərək, istifadə etmədiyi məzuniyyət günlərinin xidmət illərinə əlavə olunması və AR NK-nın xx.xx.2012-ci il tarixli 217 nömrəli qərarının tələblərinə müvafiq olaraq pul kompensasiyasının ödənilməsi barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, xx.xx.2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxıldığı 2016-cı il üçün iddiaçıya «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə və «Hərbi xidmətkeçmə haqqında» əsasnamənin 120-ci maddəsinə müvafiq olaraq 90 (doxsan) gün müddətinə növbəti məzuniyyət verilmişdir.
3. Bundan sonra İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə etmədiyi (45 gün) məzuniyyət günlərinin xidmət illərinə əlavə olunması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 217 nömrəli qərarının tələbinə uyğun olaraq pul kompensasiyasının ödənilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması
4. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.2016-cı il tarixdə Dövlət Sərhəd Xidməti X6 Nəzarət Dəstəsindən "Hərbi xidmətkeçmək haqqında" Əsasnamənin 156-cı maddəsini b bəndinə əsasən yaşa görə - həqiqi hərbi xidmətdə olmanın, son yaş həddinə çatdığına görə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılmışdır. Ehtiyata buraxılarkən “Hərbi qulluqçuların sutatusu haqqında" Qanunun 11ci maddəsi, “Hərbi xidmətkeçə haqqında" Əsasnamənin 120-ci maddəsinə uyğun olaraq təxris məsələləri həll edilərkən məzuniyyəti tam verilməmişdir. Belə ki, 2016-cı ilin hesabına verilmiş 45 gün məzuniyyətdən sonra əlavə 45 gün məzuniyyət verilmişdir. “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 120-ci maddəsində (2016-cı ilin hesabına verilmiş məzuniyətin aidiyyəti yoxdur) 3 ay məzuniyyət verilməsi nəzərdə tutulur. İddiaçıya qanunvericilikdə nəzərdə tutulan verilməyən 45 gün məzuniyyət hüququnun bərpa edilməsi haqqında Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinə ərizə ilə müraciətinə cavabında (yuxarıda göstərilən qanunvericiliklərə uyğun olaraq) 90 gün müddətinə növbəti məzuniyət hüququndan istifadə etdiyi bildirilmişdir. “Hərbi qulluqçuların statusu haqqında" Qanunun 11- ci maddəsinə və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 120-ci maddəsinə müvafiq olaraq, zabitlərə hər təqvim ili üçün 45, Silahlı Qüvvələrdə 20 yə daha artıq təqvim ili xidmət etmiş yaşına görə ehtiyata buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün 3 ay müdətində məzuniyyət verilir.
5. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, DSX Hava X3 Dəstəsi rəisinin nizami hissə üzrə xx.xx.2016-cı il tarixli 0233 №-li əmrindən çıxarışdan görünür ki, iddiaçı 26 il, 01 ay, 27 gün Dövlət Sərhəd Xidmətində xidmət etmiş, "Herbi vəzifə və hərbi xidmət haqqında" AR Qanununun 41.0.2-ci maddəsinə (yaşa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidməti rəisi - X2 sərəncamında olan mayor İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinə müvafiq olaraq 45 gün məzuniyyət verilməklə 04,N,2016cı il tarixdən Hava X3 dəstəsində şəxsi heyətin siyahısından və bütün növ təminatlardan azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Mayor İddiaçı 2016-cı ilin növbəti məzuniyyətindən istifadə etmiş, bütün təminat müavinətlərini və maddi yardımı almışdır. Həmçinin iddiaçı öz iddia ərizəsində də ona 2016-cı ilin hesabına verilmiş 45 gün məzuniyyətdən sonra əlavə 45 gün məzuniyyət verilməsi halını da etiraf etmişdir. Qanunverici hərbi qulluqçulara verilən məzuniyyət növlərini konkret tənzimləmiş, növbəti məzuniyyət həmin növlərdən birinə aid edilmişdir. Normaya əsasən növbəti məzuniyyət hərbi qulluqçuya hər təqvim ili və ildə bir dəfə verilir. Qanunverici il ərzində iki dəfə növbəti məzuniyyət verilməsini nəzərdə tutmamışdır. Burdan da aydın olur ki, 20 və daha artıq təqvim ili xidmət edən zabit heyətinə aid hərbi qulluqçu ehtiyata buraxılırsa, həmin il üçün nəzərdə tutulmuş 45 günlük məzuniyyət hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri də həll etmək məqsədilə 3 ay müddətinə verilir. Buna görə də iddiaçı qanunla nəzərdə tutulmuş 90 günlük məzuniyyət günündən tam istifadə etdiyinə görə, istifadə edilməmiş 45 günə görə pul kompensasiyasının ödənilməsi və həmin günlərin xidmət illərinə əlavə edilməsinə dair əsaslandırması hüquq normalarının xəyali təfsirindən ibarətdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. III. Məhkəmənin mövqeyi
8. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
9. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur.
10. İddianın mümkünlük şərtlərini yoxlayan məhkəmə hesab edir ki, öhdəliyin icrası haqqında iddia növünə uyğun gələn hazırkı iddia mümkün iddiadır. Çünki iddiaçı ilə xidmət keçdiyi orqan arasında yaranmış hazırkı mübahisə inzibati mühakimə icraatı qaydasında baxılmalı olan iddiadır. İddiaçı hazırkı iddanı qaldırmaq üçün subyektiv hüquqa malikdir. İddiaçı müvafiq tələblə məhkəməyə qədər cavabdeh orqana müraciət etmiş və cavabdehin imtinasını aldıqdan sonra məhkəməyə müraciət etmişdir. 11.İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Hava X3 Dəstəsi rəisinin nizami hissə üzrə xx.xx.2016-ci il tarixli 0233 nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası qanununun 41.0.2 maddəsinə (yaşa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidməti rəsi - X2 sərəncamında olan mayor İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinə müvafiq olaraq 45 gün məzuniyyət verilməklə xx.xx.2016-cı il tarixdən Hava X3 dəstəsində, şəxsi heyətin siyahısından və bütün növ təminatlardan azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, Mayor İddiaçı şəxsi işi saxlanılması və hərbi qeydiyyata götürülməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nərimanov rayon idarəsinə göndərilmişdir. Əmrə əsasən mayor İddiaçı 2016-cı ilin növbəti məzuniyyətindən istifadə etmiş, bütün təminat müavinətlərini və maddi yardım almışdır. Mayor İddiaçı xx.xx.2016-cı il tarixdə xidmət illəri: təqvim: 26 il, 01ay, 27 gün; güzəştli:11 il, 05 ay, 16 gün;cCəmi: 37 il, 07 ay, 13 gün olmuşdur.
12. İddiaçı hazırda ona hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilməli olan 3 aylıq məzuniyyətdən 45 gün verildiyini iddia edərək, istifadə etmədiyi 45 günlük məzuniyyətə görə kompesasiya ödənilmədiyini bildirməklə həmin müddətə görə ona kompensasiya ödənilməsini və xidmət illərinə əlavə edilməsini xahiş edir.
13. Məhkəmə qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlər verilir: a) növbəti məzuniyyətlər; b) qısa müddətli məzuniyyətlər; c) xəstəliyə görə məzuniyyət; ç) tədris təlimi zamanı məzuniyyət; d) hərbi təhsil müəssisəsini bitirmək ilə əlaqədar məzuniyyət; e) təhsil məzuniyyəti; ə) yaradıcılıq məzuniyyəti; f) qadın hərbi qulluqçulara hamiləliyinə və doğuşa görə, 3 yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətlər; g) əlavə məzuniyyət. İldə bir dəfə zabitlərə 45 günlük, gizirlərə və miçmanlara 35 günlük, müddətindən artıq xidmət hərbi qulluqçularına 30 günlük, əsgərlərə (matroslara) və çavuşlara N günlük növbəti məzuniyyət verilir. Silahlı qüvvələrdə 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara və qadın hərbi qulluqçulara hər il 40 günlük məzuniyyət verilir. Məzuniyyətin keçirildiyi yerə gedib-qayıtmaq vaxtı həmin müddətə daxil deyildir. Bütün hərbi qulluqçulara ailə vəziyyətinə görə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına isə həm də mükafatlandırma qaydasında qısa-müddətli—N günlük məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir.
14. Eyni zamanda “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 116-cı maddəsinə əsasən hərbi qulluqçuların növbəti, qısa müddətli, təhsil, habelə xəstəliyə və hərbi təhsil müəssisəsini bitirməklə əlaqədar məzuniyyətlər verildikdə, müəyyən edilmiş məzuniyyət müddətindən əlavə məzuniyyət yerinə gedib-gəlmək müddəti də 3 gündən çox olmamaq şərti ilə verilir. Həmin Əsasnamənin 120-ci maddəsinə əsasən növbəti məzuniyyət aşağıdakılara verilir: a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına — müddətli həqiqi hərbi xidmət ərzində — bir dəfə N gün; b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına — hər təqvim ili üçün 30 gün; v) gizirlərə və miçmanlara — hər təqvim ili üçün 35 gün; q) zabitlərə — hər təqvim ili üçün 45 gün. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) 40 günlük növbəti məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Həmin Əsasnamənin 126-cı maddəsinə əsasən hərbi hissə və bölmələrdə yanvar ayının birinə kimi yeni il üçün hərbi qulluqçuların növbəti məzuniyyətləri planı tutulur və hərbi qulluqçuların müvafiq kateqoriyalarına məzuniyyət vermək səlahiyyəti olan rəis tərəfindən təsdiq olunur və şəxsi heyətə elan edilir. Hərbi qulluqçulara növbəti məzuniyyətlər bütün təqvim ili boyu bərabər şəkildə hər ay hərbi hissə hərbi qulluqçularının N — 12 faizinin məzuniyyətdə olması hesabı ilə verilir. Məzuniyyət vermək səlahiyyəti olan rəislər hərbi qulluqçuların ayrı-ayrı kateqoriyalarına döyüş hazırlığının (tapşırığın yerinə yetirilməsinin) gərgin dövründə məzuniyyətlərin aylıq normasını azalda bilər və eləcə də ilin başqa vaxtında bu normaları artıra bilər. Hərbi təhsil müəssisələrində daimi heyətdən olan hərbi qulluqçulara növbəti məzuniyyətlərin verilməsinin aylıq norması təhsil müəssisələrinin rəisləri tərəfindən müəyyən edilir. Döyüş əməliyyatlarında, habelə Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi xidmətin digər vəzifələrini yerinə yetirərkən xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara növbəti məzuniyyətdən ilin istənilən münasib vaxtında istifadə etmək hüququ verilir. Müvafiq qurumlar təsdiq olunmuş plan əsasında hərbi qulluqçulara növbəti məzuniyyətlərin verilməsinə daimi nəzarət etməli və bu barədə müvafiq komandirə (rəisə) məlumat verməlidirlər. İlin əvvəlində korpus (diviziya), Silahlı Qüvvələr növünün müvafiq qurumu keçən ildə növbəti məzuniyyətə getməyənlər və onların səbəbləri barədə məlumatları ümumiləşdirir və yanvarın N-na kimi korpus (diviziya) komandirinə, qoşun növü komandanına yeni ilin birinci rübündə həmin hərbi qulluqçulara növbəti məzuniyyətin verilməsi barədə öz təkliflərini verir. Korpus (diviziya), Silahlı Qüvvələr növü komandanının qərarı hərbi qulluqçuları növbəti məzuniyyətə getməmiş hərbi hissələrin komandirlərinə çatdırılır. 15.Məhkəmə qeyd edir ki, vətəndaşın həqiqi hərbi qulluğa daxil olması onun Konstitusiyada təsbit olunmuş əmək hüququnun realizə üsullarından biridir. Hərbi qulluğun özü isə dövlət qulluğunun xüsusi növü kimi, bilavasitə ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təminatı ilə əlaqədar olduğuna görə ümumi (publik) maraqlar naminə həyata keçirilən fəaliyyətdir. Hərbi qulluqda olan şəxslərin konstitusiya əhəmiyyətli funksiyaları həyata keçirmələri onların hüquqi statusuna, habelə həmin şəxslərlə dövlət arasında olan qarşılıqlı münasibətlərin məzmununa və xarakterinə təsir göstərir. Bu qulluq növü əmək fəaliyyətinin digər növlərindən fərqləndiyinə görə müəyyən xüsusiyyətlərə malikdir. 16.Göstərilən mövqeyə əsaslanan qanunverici özünün konstitusion səlahiyyətləri çərçivəsində hərbi qulluqçuların xüsusi hüquqi statusunu təsbit edərkən həm onların hüquq və azadlıqlarının həyata keçirilməsi üçün müəyyən əlavələr və ya məhdudiyyətlər müəyyənləşdirir, həm də bu şəxslərin üzərinə hərbi qulluğun vəzifələrindən, prinsiplərindən və funksiyalarından, eləcə də hərbi qulluq keçən şəxslərin fəaliyyət xüsusiyyətlərindən irəli gələn əlahiddə vəzifələr qoyur. Qanunvericinin bu səlahiyyəti bilavasitə “Hərbi qulluqçuların statusu haqqında” Qanunda öz təzahürünü tapmışdır. Belə ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. 17.Məhz hərbi qulluqda yerinə yetirilən funksiyaların mürəkkəbliyini, onların həyat və sağlamlıq üçün təhlükəliliyini nəzərə alaraq qanunverici, əmək fəaliyyəti ilə məşğul olan digər şəxslərdən fərqli olaraq hərbi qulluqçuların sosial müdafiəsinin daha yüksək səviyyəsini nəzərdə tutmuşdur. Bu isə öz növbəsində onların istirahət hüququnda, xüsusilə də ödənişli məzuniyyət müddətlərində öz əksini tapmışdır. 18.Belə ki, yuxarıda istinad olunan Əsasnamənin 120-ci maddəsinin “b”, “v” və “q” bəndlərində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına - hər təqvim ili üçün 30 gün, gizirlərə və miçmanlara - hər təqvim ili üçün 35 gün, zabitlərə - hər təqvim ili üçün 45 gün növbəti məzuniyyət verilməsini müəyyən etmişdir. 19.Göründüyü kimi, maddənin birinci hissəsində məzuniyyətin istifadə edilməsinin zaman çərçivələri müəyyən edilmiş, maddənin ikinci və üçüncü hissəsi isə həmin növbəti məzuniyyət müddətinin müəyyən meyarlar nəzərə alınmaqla artırılması ilə bağlı halları tənzimləmişdir. Belə ki, əgər zabit heyətinə daxil olmayan hərbi qulluqçu Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmişdirsə, bu halda ona növbəti məzuniyyət 30 və ya 35 gün deyil, 45 gün müddətində verilir. Zabit heyətinə daxil olan hərbi qulluqçular isə yaşına, xəstəliyə görə ehtiyata və ya istefaya buraxıldıqda, yaxud 20 və daha artıq təqvim ili xidmət edən zabit heyətinə aid hərbi qulluqçu ehtiyata buraxıldıqda həmin il üzrə növbəti məzuniyyət onlara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün 45 gün deyil, 3 ay, yəni 90 gün müddətinə verilir. 20.İşdən görünür ki, iddiaçı mayor rütbəsinə malik olmaqla 37 il, 07 ay, 13 gün Dövlət Sərhəd Xidmətində xidmət etmiş, xx.xx.2016-ci il tarixdən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, həmin il üzrə növbəti məzuniyyətdən tam istifadə etmişdir. 21.İddia ərizəsindən də görünür ki, iddiaçı ona 2016-cı il üzrə 3 ay məzuniyyət verildiyini qəbul etmiş, lakin həmin 3 aylıq məzuniyyətin 45 günlük hissəsini 2016-cı il üzrə növbəti məzuniyyət təşkil etdiyini, xidmətdən ehtiyata buraxılarkən isə əlavə 3 aylıq növbəti məzuniyyət verilməli olduğunu, yəni ehtiyata buraxıldığı 2016-cı il üzrə ona ümumilikdə, 135 gün növbəti məzuniyət verilməli olduğu halda, cəmi 90 günlük məzuniyyət verildiyini bildirmişdir. 22.Məhkəmə iddiaçının bu dəlili ilə razılaşmayaraq bir daha qeyd edir ki, yuxarıda istinad olunan normalardan da görünür ki, qanunverici hərbi qulluqçulara verilən məzuniyyət növlərini konkret tənzimləmiş, növbəti məzuniyyət həmin növlərdən birinə aid edilmişdir. Normaya əsasən növbəti məzuniyyət hərbi qulluqçuya hər təqvim ili və ildə bir dəfə verilir. Qanunverici il ərzində iki dəfə növbəti məzuniyyət verilməsini nəzərdə tutmamışdır. Bunun məntiqi davamıdır ki, əgər 20 və daha artıq təqvim ili xidmət edən zabit heyətinə aid hərbi qulluqçu ehtiyata buraxılırsa, həmin il üçün nəzərdə tutulmuş 45 günlük məzuniyyət hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri də həll etmək məqsədilə 3 ay müddətinə verilir.
23. Buna görə də məhkəmə hesab edir ki, qanunla nəzərdə tutulmuş 90 günlük məzuniyyət tam şəkildə iddiaçıya verildiyindən, onun əlavə 45 günlük məzuniyyət hüququ qalmadığından həmin müddətin onun xidmət illərinə əlavə edilməsi və istifadə edilməmiş 45 günə görə pul kompensasiyasının ödənilməsi mümkünsüzdür.
24. Bundan əlavə, o da qeyd edilməlidir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır.
25. İşdən görünür ki, iddiaçı 2016-cı ildə ehtiyata buraxılarkən onun xidmət illəri hesablanmış, iddiaçı 45 günlük müddətin həmin illərə daxil edilməməsi ilə bağlı hər hansı bir etiraz irəli sürməmiş, yalnız 8 il sonra həmin əmrdə göstərilən məlumatların doğru olmadığı qənaətinə gəlmişdir. Halbuki işin hallarından görünür ki, iddiaçının şəxsi heyət siyahısından çıxarılması barədə xx.xx.2016-ci il tarixli 0233 nömrəli əmri və onun xidmət illəri ilə bağlı müddəaları hazırda qüvvədədir, ləğv edilməmişdir.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
27. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova