Məhkəmə qərarları › İş №2-1(112)-7539/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7539/2024

18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7539/2024 18.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs:“X10” Şirkəti) qarşı “mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, X5 adına olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli, **********03 saylı məktubla bildirmişdir ki, təqdim edilən 1983-cü il tarixli texniki pasport Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli fərmanının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün əsas hesab edilir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli 3-21-330/2-5-00108/24 **********03 saylı imtina məktubunun qanunsuz və əsassız hesab edilməsi və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində daşınmaz əmlaka dair mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə “X10” Şirkəti (bundan sonra – üçüncü şəxs) iş üzrə üçüncü şəxs qismində inzibatı məhkəmə icraata cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventrizasiyası və qiymətləndirilməsinə aid pasporta əsasən atası X6 məxsus olmuşdur. Lakin həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmadan xx.xx.1983-cü ildə vəfat etmişdir. O, ünvan 3 ünvanında yerləşən atasından miras qalmış fərdi yaşayış evinin adına rəsmiləşdirilməsi və qanun üzrə vərəsəlik haqında şəhadətnamənin verilməsi üçün müvafiq sənədləri Bakı şəhəri, Binəqədi rayonu, 20 saylı Notariat Ofisinə təqdim etməklə ərizə ilə müraciət etmişdir. Bundan sonra 20 saylı notariat Ofisi xx.xx.2023-cü il tarixli 401 saylı məktubla vərəsəlik işinin açılması ilə bağlı miras əmlakın vəfat etmiş X6 məxsus olması barədə arayış verilməsi barədə Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İrarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli fərmanının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün əsas hesab edilir. Cavabdehin məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, təqdim edilən 1983-cü il tarixli texniki pasport Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli fərmanının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün əsas hesab edilir. Həmçinin elektron kadastr baza məlumatına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt ərazisində yerləşir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman fərdi yaşayış evində rekonstruksiya işlərinin aparıldığı, ümumi sahəsi 113.2 kv.m olan əlavə sahələr inşa edildiyi, o cümlədən həyətyanı sahədə tikintialtı sahəsi 100.0 kv.m olan yarımçıq inşa edilmiş fərdi yaşayış evininin mövcud olduğu və texniki pasportun baş planında göstərilən həyət tikililəri və B tikilisinin söküldüyü müəyyən edilmişdir. Eyni zamanda torpaq sahəsi ölçüsü sənəd üzrə 766.5 kv.m göstərilsə də, faktiki 596.5 kv.m təşkil edir. Qeyd olunanlarla yanaşı təqdim olunan texniki pasportla faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərdi mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia daşınmaz əmlaka mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - oktyabr 1983-cü il tarixli Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosunun şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, Binəqədi rayonu, 3-cü keçid, korpus 109 ünvanında yerləşən 74 saylı fərdi yaşayış evi X5 istifadəsində olmuşdur. - Bakı şəhər 20 saylı Notariat Ofisinin 401 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mərhum xx.xx.1939-cu il təvəllüdlü X2 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 20 saylı notariat ofisinə qızı-İddiaçı, qızı-X3, qızı-X7 tərəfindən müraciət olmuşdur. X5 xx.xx.1983cü il tarixdə vəfatı ilə əlaqədar vərəsələr qızı-İddiaçı, qızı-X3, qızı-X4 ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olmuşdur. - 08.04.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi hüquq müəyyənedici sənəd üzrə 2+3 otaqdan ibarət, ümumi sahəsi 78.1 kv.m + 58.3 kv.m, yaşayış sahəsi 41.8 kv.m + 58.3 kv.m, torpaq sahəsi 766.5 kv.m, fakitiki olaraq 2+0 otaqdan ibarət, ümumi sahəsi 53.1 kv.m + 0 + 113.2 kv.m əlavə, yaşayış sahəsi 41.8 kv.m + 0, torpaq sahəsi 596.5 kv.m müəyyən olunmuşdur. Torpaq sahəsinin perimetrik ölçülərində və konfiqurasiyasında fərq var. Sahə - 170.0 kv.m azdır (keçmişdə başqa şəxslərə satılmışdır, həmin sahəyə baxış keçirmək mümkün olmadı və ərizəçi həmin sahədən imtina edir). Yaşayış evində rekanstruksiya işləri aparılmışdır, ümumi sahəsi 113.2 kv.m olan əlavə sahələr inşa edilmişdir. Həyətyanı sahədə st/a+100.0 kv.m olan yarımçıq inşa edilmiş fərdi ev mövcuddur. Baş plandakı həyət tikililəri və B tikilisi sökülmüşdür. İddiaçı hazırda Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli fərmanının 2.4-cü bəndinə istinad edərək, 74a saylı evə mülkiyyət hüququnun İ.Mahmudova məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında təsbit edilmişdir. Siyahıya əsasən texniki pasport daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması üçün iki halda hüquqmüəyyənedici sənəd qismində çıxış edir:

1. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar;

2. 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). Qeyd olunan normaların tələbindən görünür ki:

1. şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verildikdə, yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə mülkiyyət hüququnun qeydə alınması üçün əsas kimi çıxış edir.

2. texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin yerləşdiyi və həyətyanı torpaq sahəsinin ölçüsü göstərilən torpaq sahələrinə mülkiyyət hüququnun qeydə alınması üçün əsas kimi çıxış edir. İşdən görünür ki, iddiaçının təqdim etdiyi oktyabr 1983-cü il tarixli texniki pasport Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən deyil, Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmişdir. Deməli, həmin sənəd fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması üçün Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında nəzərdə tutulmuş sənədə aid deyildir. Bundan əlavə, işdə olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X10” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi 236021, 236024, 236026, 236023 nömrəli ləğv olunmuş quyuların müvafiq olaraq 55, 36, 28, 67 metrlik məsafələrində və 230838 nömrəli işlək quyunun isə 94 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********23 saylı məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman fərdi yaşayış evində rekonstruksiya işlərinin aparıldığı, ümumi sahəsi 113.2 kv.m olan əlavə sahələr inşa edildiyi, o cümlədən həyətyanı sahədə tikintialtı sahəsi 100.0 kv.m olan yarımçıq inşa edilmiş fərdi yaşayış evininin mövcud olduğu və texniki pasportun baş planında göstərilən həyət tikililəri və В tikilisinin söküldüyü müəyyən edilmişdir. Eyni zamanda torpaq sahəsi ölçüsü sənəd üzrə 766.5 kv.m göstərilsə də, faktiki 596.5 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisində yerləşir (Binəqədi Oyl). Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən həmin Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Göründüyü kimi, qanunverici Siyahıda göstərilmiş sənədlər əsasında hüququn qeydə alınmasını o şərtlə mümkün hesab edir ki, həmin əmlak neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşməsin. Lakin işin yuxarıda qeyd olunan hallarından görünür ki, mübahisəli fərdi yaşayış evi “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X10” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsində yerləşir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Hazırkı halda iddiaçının hüquqmüəyyənedici əsas qismində təqdim etdiyi sənəd qanunvericiliyin tələblərinə uyğun olmadığından məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar