Məhkəmə qərarları › İş №2-1(112)-754/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-754/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-754/2024 23.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 50 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın veriməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 50 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəyə baxılmış, ərizənin icrası mümkün olmamışdır. Əsas olaraq 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Nord” bağçılıq -yoldaşlıq təsərrüfatının üzvlərinin siyahılsında hüquq sahibinin adının göstərilməməsi qeyd olunmuşdur. “Yerli icra hakimiyyəti üzvlərinin siyahısında hüquq sahibinin adının göstərilməməsi qeyd olunmuşdur. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfat idarələrinin ləğv edilməsi barədə” AR Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İH-ni nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. İnzibati orqanı nəzərə almamışdır ki, iddiaçıya ayrılmış torpaq sahəsi “Nord” bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən kollektiv üzvlərinin siyahısı haqqında məlumat Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər ərazi idarəsinə təsərrüfatın sədrinin imzası və möhürü ilə təsdiq edilmiş formada təhvil verilmişdir ki, hüquq sahibinin adı həmin sənəddə 34 nömrə ilə qeyd edilmişdir. Bundan başqa AR Müdafiə Sənayesi Nazirliyi "xxxx" Elmi-İstehsalat Müəssisəsinin “ Nord” BY Cəmiyyətinin 09 yanvar 1988-ci il tarixli, 4-88 saylı protokolundan çıxarışla Hövsan ərazisində yerləşən "xxxx" Elmi-İstehsalat Müəssisəsinin “Nord” BY Cəmiyyətinin üzvü İddiaçı 50 saylı bağ sahəsinin verilməsi müəyyən edilir. Bundan əlavə “Nord” BY tərəfindən verilmiş üzvlük kitabçasına əsasən İddiaçı “Nord” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü olması onun 50 saylı bağ sahəsinə malik olması, üzvlük haqqını ödəməsi qeyd olunmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3.Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin arxivində təqdim edilmiş “Nord” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Bu səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli **********52 saylı məktub ünvanlanmışdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli, **********52 nömrəli məktubunda etirazda göstərilənlər bildirilmişdir.

8. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "Dalğa” Elmi-İstehsalat Müəssisəsinin "Nord” BY Cəmiyyətinin 09 yanvar 1988-ci il tarixli, 4-88 saylı protokolundan çıxarışa əsasən Hövsan ərazisində yerləşən "Dalğa” EİM-nin "Nord” Bağşılıq Yoldaşlıq Cəmiyyətinin üzvü İddiaçı 50 saylı bağ sahəsi verilmişdir.

9. İddiaçı 28 oktyabr 1992-ci ildə verilmiş "Nord” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvlük kitabçasına əsasən o, yoldaşlıq cəmiyyətinin üzvlüyünə 4 nömrəli, 09 yanvar 1988-ci ildə qəbul olunmuşdur. Onun müddətsiz istifadəsinə ümumi sahəsi 500 kv. metr olan 50 nömrəli torpaq sahəsi verilmişdir.

10. Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 12 oktyabr 1985-ci il tarixli 16/358 nömrəli qərarı ilə "Nord” Bağçılıq Yoldaşlığının 200 nəfər üzvlərinə Hövsan qəsəbəsində torpaq sahələri ayrılmışdır.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-6739/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, "Nord” bağçılıq yoldaşlığının Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 50 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s.) İdarənin arxiv qovluğunda aşkar olunmadı. Sorğunun icrası ilə əlaqədar olaraq "Nord” bağçılıq yoldaşlığı üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısının, bağ sahələrinin yerləşmə sxeminin və ayrıc aktının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilir. Həmin məktuba qoşma olaraq əlavə edilmiş: -"Nord” bağçılıq yoldaşlığı üzvlərinin arxiv qovluğunda mövcud olan siyahıda İddiaçı adı aşkar olunmamışdır. -5/671 nömrəli, 1986-cı ilin fevral ayında tərtib edilmiş aktın təsdiq edilmiş surətinə əsasən "Nord” müəssisəsinə yoldaşlıq cəmiyyəti üçün Hövsan qəsəbəsində yerləşən ümumi sahəsi 10,5 ha olan torpaq sahəsi ayrılmışdır.

12. İddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş "Nord” bağçılıq yoldaşlığı üzvlərinin siyahısında İddiaçı adı 50-ci sırada qeyd edilmişdir.

13. "xxxx" Elmi-İstehsalat Müəssisəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı “NORD” Elmi-İstehsalat Birliyinə (indiki "xxxx" Elmi-İstehsalat Müəssisəsi) xx.xx.1982-ci il tarixli 4252 nömrəli əmrlə 230 nömrəli şöbəyə mühəndis konstruktor vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1992-ci il tarixli 4384 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2006-cı il tarixli 01 m nömrəli əmrinə əsasən “NORD” Elmi-İstehsalat Birliyi ləğv edilərək, onun bazasında "xxxx" Elmi-İstehsalat Müəssisəsi yaradılmış və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 31.01,2008-ci il tarixli 14 nömrəli əmrinə əsasən "xxxx" Elmi-İstehsalat Müəssisəsi "xxxx" Elmi-İstehsalat Müəssisəsi adlandırılmışdır.

14. "X3 və Ekspertiza Mərkəzi” MMC-nin 86 nömrəli 22 may 2023-cü il tarixli məktubu ilə göndərilmiş mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "Dalğa” Elmi-İstehsalat Müəssisəsinin "Nord BY” Cəmiyyətinin 09 yanvar 1988-ci il tarixli 4-88 saylı protokolundan çıxarışa əsasən iddiaçının istifadəsinə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 50 saylı bağ sahəsinin konfiqurasiyası, koordinatları sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyəti uyğundur, tikililərin mövqeyində hər hansı uyğunsuzluq və sahə fərqi yoxdur, bağların sxematik xəritəsinə əsasən 50 saylı bağ sahəsinə uyğundur. Həmin məktuba "X3 və Ekspertiza Mərkəzi” MMC tərəfindən tərtib edilmiş Torpaq sahəsinin yerləşmə cizgisi əlavə edilmişdir. Torpaq sahəsinin yerləşmə cizgisinə uyğun olaraq torpaq sahəsinin koordinatları: X - 423375.294, Y - 4469375.305; X - 423394.655, Y - 4469380.321; X - 423400.925, Y - 4469356.120; X - 423381.565, Y -4469351.104. ƏSASLANDİRMA HİSSƏSİ

İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

21. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi) 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər Həmin Qanunun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası). 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

24. İşin hallarından göründüyü kimi, iddiaçının iddia etdiyi bağ sahəsi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "Dalğa” Elmi-İstehsalat Müəssisəsinin "Nord” BY Cəmiyyətinin 09 yanvar 1988-ci il tarixli, 4-88 saylı protokolundan çıxarışa əsasən Hövsan ərazisində yerləşən "Dalğa” EİM-nin "Nord” Bağşılıq Yoldaşlıq Cəmiyyətinin üzvü İddiaçı 50 saylı bağ sahəsi verilmiş və həmin bağ sahəsinə dair iddiaçının adına 28 oktyabr 1992-ci ildə üzvlük kitabçası verilmişdir. İddiaçı həmin bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə ərizə ilə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən iddaçının adının "Nord” Bağşılıq Yoldaşlıq Cəmiyyətinin üzvlərinin siyahısında olmaması əsası ilə imtina edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdehdən bağçılıq yoldaşlıq üzvlərinin siyahısı cavabdehdən tələb edilmiş, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş üzvlərin siyahısına baxış keçirildikdə müəyyən edilmişdir ki, həmin siyahıda iddiaçının adı olmasa da, iddiaçının vəkilinin məhkəmə iclasında təqdim edilmiş "Nord” bağçılıq yoldaşlığı üzvlərinin təsdiq olunmuş siyahısında İddiaçı adı 50-ci sırada qeyd edilməklə bağ sahəsinin ayrılması göstərilmişdir.

25. Digər tərəfdən isə Məhkəmə qeyd edir ki, İdarənin arxivində saxlanılan siyahıda (ilkin siyahı) ümumiyyətlə 50 nömrəli bağ sahəsinin hər hansı fiziki şəxsə ayrıldığı müəyyən olunmur. Halbuki, "Nord” Bağşılıq Yoldaşlıq Cəmiyyətinin bağlar bölgüsündə “50” nömrəli bağ sahəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi İdarənin arxivində saxlanılan siyahının (ilkin siyahı) iddiaçının bağçılıq yoldaşlığı üzvlüyünə qəbul edilməsindən əvvəl tərtib olunduğu müəyyən olunur.

26. Məhkəmə qeyd edir ki, ddiaçının bağçılıq yoldaşlığı cəmiyyətinin üzvlüyünə qəbul edilməsindən sonraki dövr üzrə bağçılıq yoldaşlığı üzvlərinin siyahısının İdarəyə təqdim edilməməsi iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun ziyanına şərh edilə bilməz. Əksinə, iddiaçının sonradan üzv kimi qəbul edilməsinə baxmayaraq ilkin siyahıda adının olması həmin sənədlərin mötəbərliyinə şübhə altına alınmasına səbəb ola bilərdi ki, hazırkı iş üzrə təqdim edilən sənədlərin mötəbərliyinə həmin faktiki və hüquqi əsasla da şübhə mövcud deyildir.

27. Göründüyü kimi, cavabdehin dəlilləri əsassız olmaqla iddiaçının hüquqlarını əsassız yerə məhdudlaşdırmışdır.

28. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

31. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 50 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar