Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7540/2023 16.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “istismara icazənin verilməsi” tələbinə dair tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək istifadəsində olan qeyri-yaşayış obyektinin istismara qəbulu barədə müvafiq sənədin verilməsi, bundan sonra obyekt üzərində mülkiyyət hüququnun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi 81-də (ticarət cərgəsində) ümumi sahəsi 114.2 kv.m olan iddiaçıya məxsus obyekt vardır. Həmin obyekt xx.xx.1997-ci il tarixində Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 1277 saylı sərəncamı əsasında həmin obyekt iddiaçı tərəfindən tikilmişdir. Bundan 10 il sonra həmin tikintiyə hüquqi əsaslar olması üçün Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilmiş, yuxarıda göstərilən Suraxanı rayon İcra Hakimiyyətinin sərəncamı rəhbər tutularaq, razılaşdırılmış qaydada xx.xx.2007-ci il tarixli 18/038/1833 nömrəli məktubla həmin obyektin eskiz layihəsi hazırlanaraq təsdiq olunmuşdur. Bundan sonra tərəfimdən həmin obyektin yerləşdiyi torpaq sahəsi üzərində icarə hüququ AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə xx.xx.2021-ci il tarixdə 709 saylı müqavilə ilə 2 il müddətinə icarə hüququnu əldə etmişdir. Daha sonra 17 mart 2021-ci il il tarixində FHN-nin Bakı Regional Tikinti Müfəttişliyi və Suraxanı rayon İcra Hakimiyyəti nəzdində Layihə-Smeta Bürosu ilə birlikdə istismara hazırlıq haqqında ******* saylı akt tərəfindən əldə edilmişdir. Bunlardan başqa, obyektin xx.xx.2015-ci il tarixində qəbul edilməsi və istismara icazə haqqında Suraxanı rayon icra Hakimiyyətinin, eləcə də Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin birgə imzaladığı aktı əldə etmişdir. Daha sonra xx.xx.2015-ci il tarixində FHN-nin X1 Xidmətinin 507 nömrəli aktı da əldə olunmuşdur. İstifadəsində olan bu qeyri-yaşayış obyektinin istismarına icazə haqqında qərarı AR Nazirlər Kabinetinin 491 saylı xx.xx.2016-cı il tarixli Qərarına əsasən yerli icra hakimiyyətləri verməlidir. Bu barədə birinci dəfə Suraxanı rayon İcra Hakimiyyətinə xx.xx.2022-ci ildə, ikinci dəfə isə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edilmişdir. Hər iki halda bu məsələnin onların səlahiyyətində olmadığını bildirməklə bu məsələnin AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin səlahiyyətinə aid olduğunu göstərmişlər. Lakin onlar AR NK-nin xx.xx.2016-cı il tarixli 491 saylı Qərarının tələblərini yerinə yetirmirlər. Bakı şəhəri Suraxanı RİH-nin istinad etdiyi AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tərəfindən 2 dəfə, yəni xx.xx.2021 və xx.xx.2021-ci il tarixdlərində göndərilən məktublardan görünür ki, bu səlahiyyət onlara aid deyil. Beləliklə, heç bir qurum bu məsələnin həllində maraqlı deyil. Problem isə öz həllini tapa bilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, "Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli 597 NQ-İİ Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsi haqqında Əsasnaməyə əsasən Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazənin verilməsi, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəyin verilməsi, eləcə də şəhərsalma kadastrının aparılması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin səlahiyyətlərinə aid olduğundan RİH-ə qarşı iddianı əsassız hesab etməklə tələbin təmin edilməməsinə dair qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Bakı Şəhər Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 1278 nömrəli sərəncamının surətindən görünür ki, 32 saylı polis bölməsinin rəisi, polis podpolkovniki İddiaçıa göstərilən ünvanda köşk yerləşdirilməsi üçün yer ayrılmışdır. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2007-ci il tarixli, 18/038/1833 nömrəli məktubda bildirilmişdir ki, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 1278 saylı sərəncamı əsasında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsindəki ticarət cərgəsində tikilmiş mağazanın eskiz layihəsinə baxıb razılaşdırırıq. İş materiallarına əalvə edilmiş xx.xx.2021-ci il tarixli, ÖD04484 nömrəli istismara hazırlıq aktının surətindən görünür ki, ünvan 2 ünvanında, 1 mərtəbəli 1 mərtəbəli qeyriyaşayış binasının ümumi sahəsi S=128,5 kv.m, ümumi həcmi V=385,5 kv.m ölçüdə qeyriyaşayış binasında tikinti-quraşdırma işləri, sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin, müfəttişlik tərəfindən dövlət nəzarətinin, müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyi təsdiq edilir. İş materiallarına əlavə edilmiş icarəyəverən Əmlak Məsəlləri Dövlət Xidməti ilə icarəçi İddiaçı arasında bağlanmış 11.08.021-ci il tarilxi 709 nömrəli müqaviləyə əsasən icarəyəverən icarəyə verdiyi ünvan 3 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 114.2 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-20/2-Q-15/2-090/2/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli 597 Ne-li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnaməyə əsasən Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazənin verilməsi, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəyin verilməsi, eləcə də şəhərsalma kadastrının aparılması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). İşin hallarından görünür ki, Bakı Şəhər Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 1278 nömrəli sərəncamı ilə Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 14 saylı binanın qarşısında ticarət cərgəsində köşk yerləşdirilməsi üçün yer ayrılmış, mağazanın eskiz layihəsi Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli, 18/038/1833 nömrəli məktubu ilə razılaşdırılmış, qeyri-yaşayış sahəsininin yerləşdiyi torpaq sahəsi dövlət əmlakının sərəncamvericisi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçının icarəsinə verilmiş, eyni zamanda FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli aktı ilə istismara hazırlığı qəbul edilmişdir. Hazırkı iş üzrə iddiaçı sözügedən qeyri-yaşayış sahəsinin Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən istismara icazə verilməsi barədə sərəncamın verilməsini mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı iddia tələbi üzrə Suraxanı rayon İcra Hakimiyyətinin cavabdehliyi müəyyən olunmur. Belə ki, “Şəhərsalma və Tikinti Məcəlləsinin: -101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. -101.3-cü maddəsinə əsasən bu Məcəllənin 101.1-ci maddəsində nəzərdə tutulmuş müddəa tikintisinə icazə tələb edilməyən obyektlərə şamil olunmur. İ. “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 19 may 2016-cı il tarixli 895 nömrəli Fərmana əsasən: - 1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, istismar təyinatı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən qeyri-yaşayış binalarının (tikinti obyektlərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: 1.1. 2018-ci il yanvarın 1-dək tikinti obyektinin sahibinin (sifarişçisinin) müraciəti əsasında (müraciətə layihəçi tərəfindən tikinti obyekti barəsində tərtib edilmiş memarlıqplanlaşdırma bölməsi əlavə edilir) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlığı, möhkəmliyi və istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından 20 gün müddətində müayinə aparır və müayinənin nəticələri müsbət olduğu halda tikinti obyektinin sahibinə (sifarişçisinə) obyektin istismara hazırlığı barədə rəy verir; 1.2. yerli icra hakimiyyəti orqanı bu Fərmanın 1.1-ci hissəsində nəzərdə tutulmuş və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin sahibinin (sifarişçisinin) müraciəti əsasında ona 5 gün müddətində həmin obyektin istismarına icazə verir və bu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Göründüyü kimi aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək razılaşdırılmış layihə əsasında inşa edilmiş qeyri-yaşayış binalarının hüquq sahibinin 2018-ci il yanvarın 1-dək etdiyi müraciəti ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin istismara hazırlığı aktı əsasında yerli icra hakimiyyəti tərəfindən istismarına icazə verilir. Hazırkı iş üzrə yuxarıda adı çəkilən normativ aktın tələbləri nəzərə alındıqda müəyyən olunur ki, iddia olunan qeyri-yaşayış binası ümumi sahəsi 128.5 kv.m, layihəyə əsasən aşırımların uzunluğu 8.4 m, razılaşdırılmış layihəsi 2007-ci il olmaqla Şəhərsalma və Tikinti Məcəlləsi qəbul edilənədək inşa edilmiş tikili olsa da istismara icazə üçün müraciəti 2018-ci il yanvarın 1-dək edilmiş tikili deyildir. Qeyd edilən 895 nömrəli Fərman yalnız xx.xx.2016-cı ildən qüvvədə olmaqla xx.xx.2018-ci ilədək tikililərin istismara icazə verilməsi ilə bağlı yerli icra hakimiyyəti tərəfindən istismara icazənin sadələşdirilmiş qaydasını nəzərdə tutur. Başqa sözlə, həmin qayda yalnız xx.xx.2016-xx.xx.2018-ci ilədək istismara icazəni tənzimləyir. İddiaçının istismara icazə ilə bağlı müraciəti 2018-ci ildən sonrakı tarixə aid olmaqla 895 nömrəli Fərmanın təsir dairəsinə düşmür. İİ. Şəhərsalma və Tikinti Məcəlləsinin: -102.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. -102.2-ci maddəsinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. -102.4-cü maddəsinə əsasən tikinti obyektinin istismarına icazənin verilməsi üçün müraciətin təqdim edildiyi gündən 20 gün, ekspertizası keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə 10 gün, reklam qurğularına münasibətdə isə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) obyektin istismarına icazə verilməsi və ya verilməsindən imtina haqqında qərar qəbul edir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikasının Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanın: -4.7-1-ci bəndinə əsasən həmin Məcəllənin (......) 102.2-ci maddəsinin birinci cümləsində (birinci halda), (....) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər: -1. Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – yanındakı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi; (....) -3. bir neçə şəhər və (və ya) rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi ərazisində yerləşən tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi; -4. digər inzibati ərazi vahidlərində tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanın 2-ci bəndinə əsasən Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X2 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirməsi müəyyən edilmişdir. Göründüyü kimi digər inzibati ərazi vahidlərindən fərqli olaraq Bakı şəhərinin inzibati ərazisi daxilində inşa edilmiş qeyri-yaşayış sahələrinin istismarına icazə bilavasitə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmana əsasən 2023-cü il iyunun 1-dək inşa edilmiş qeyri-yaşayış binalarının istismarına icazə alması üçün sifarişçinin 2025-ci il yanvarın 1-dək sadələşdirilmiş qaydada Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etməsi də mümkündür. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı halda cavabdeh qismində qoyulmuş Suraxanı rayon İcra Hakimiyyətinin iddiaçının tələbi ilə bağlı cavabdehliyi olmadığından və sonuncunun inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquq və qanunla qorunan mənafeləri pozulmadığından ona qarşı yönəlmiş hazırkı iddia tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35, 52, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7540/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7540/2023
16.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver