Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7546/2021 01.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) 03.09.2013-cü il tarixdən 30.06.2018-ci il tarixinədək X5 və Təbiətdən İstifadə Milli Universitetində tikintidə texnik ixtisası üzrə qiyabi təhsil almış və ona bu barədə 30 iyun 2018-ci il tarixli, B18 224132 nömrəli bakalavr diplomu verilmişdir. İddiaçı diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmiş, Nazirliyin 16.02.2019cu il tarixli elektron məktubu ilə iddiaçının müraciəti təmin edilməmiş və bildirilmişdir ki, tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddət qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. İddiaçıya 30 gün müddətində qəbul edilmiş qərara dair məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Daha sonra iddiaçı yenidən Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh 19.05.2021-ci il tarixli R-134/03-TKTA saylı məktubu ilə iddiaçıya 16.02.2019-cu il tarixdə müvafiq məlumat verildiyini bildirmiş, “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə istinad etmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin X8 və Təbiətdən İstifadə Milli Universiteti tərəfindən ona verilmiş B18 224132 nömrəli bakalavr diplomunun (əlavələri ilə birlikdə) tanınmasından və ekvivalentliyinin müəyyən edilməsindən imtina edilməsinin qanunsuz hesab edilərək bu hərəkətlərin edilməsinin bir vəzifə kimi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Ukrayna Respublikası ilə Azərbaycan Respublikası arasında rəsmi sənədlərin leqallaşdırılması tələbi, həm ikitərəfli müqavilələr, həm də 05.10.1961-ci il tarixli xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya ilə aradan qaldırılmışdır. Həmin Konvensiyaya əsasən Konvensiyaya qoşulmuş dövlətdə müvafiq qaydada apostil vurulmuş sənəd Konvensiyaya qoşulmuş digər dövlətdə istifadə edilmək üçün həqiqi sayılır və əlavə leqallaşdırmaya ehtiyac yoxdur. X8 və Təbiətdən İstifadə Milli Universiteti tərəfindən ona verilmiş B18 224132 nömrəli bakalavr diplomu və Ukraynanın Elm və Təhsil Nazirliyi tərəfindən həmin diplom və onun əlavəsi 06.07.2018-ci il tarixdə 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının tələblərinə əsasən Apostillə təsdiq edilmiş diplom Azərbaycan Respubliksında əldə edilmiş müvafiq sənədə bərabər tutulur və əlavə leqallaşdırmaya ehtiyac olmadan ölkə ərazisində tanınmalıdır. Cavabdeh inzibati orqanın cavabından məlum olur ki, ümumiyyətlə heç bir araşdırma aparılmadan formal bir qərar qəbul etmiş, qərarın özü isə yazılı şəkildə təqdim olunmadan yalnız kompyuterdən qeyd təqdim edilmişdir. Həmçinin X8 və Təbiətdən İstifadə Milli Universitetinin rektorunun Təhsil Naziliyinə ünvanlanmış məktubunda göstərilmişdir ki, 2014-cü il tarixdən başlayaraq X9 Respublikasının Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğalı ilə əlaqədar xarici tələbələrin təhlükəsizliyini təmin etmək məqsədi ilə təhsil müddətləri qısaldılmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edərək, təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində, İ il - 12 gün, İİ il - 20 gün, İİİ il - 14 gün, İV il - 19 gün, V il - 1 ay 14 gün olduğunu bildirmiş və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Əhmədzadə etirazda göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçının ona verilmiş diplomun tanınmasını, yəni barəsində əlverişli inzibati aktın qəbul edilməsini tələb etmək üçün subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir. İddia müddətinə gəldikdə, məhkəmə qeyd edir ki, işdən görünür ki, iddiaçıya ilkin cavab 16.02.2019-cu il tarixdə verilmiş, bu cavab elektron sistem vasitəsilə təqdim edilmiş, bu zaman “Elektron imza və elektron sənəd haqqında” Qanunun tələblərinə əməl edilməmiş, sənəd elektron imza ilə imzalanmamışdır. Belə olan halda, cavabdehin iddiaçıya 16.02.2019-cu il tarixdə verdiyi imtina İPM-in 38.2-ci maddəsində göstərilən iddiaçıya inzibati aktın qəbul edilməsindən imtina barədə yazılı məlumat verilməsi kimi qəbul edilə bilməz. İddiaçı sonradan cavabdehə təkrar müraciət etmiş, cavabdeh iddiaçıya ünvanlanmış 19.05.2021-ci il tarixli məktubunda 16.02.2019-cu il tarixli elektron məktubuna istinad etmişdir. Halbuki cavabdeh bu müraciəti təkrar müraciət kimi qəbul edirdisə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 35.5-ci maddəsinə əsasən təkrar ərizə ilə müraciət etmək imkanı verən əsasların ərizədə qeyd olunmasını yoxlamalı, bu əsaslar olmadığı halda ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul etməli idi. İşdən cavabdehin bu normanın tələblərinə əməl etməsi müəyyən olunmur. Cavabdeh həmin məktubda “İnzibati icraat haqqında” Qanunun 62.2-ci madəsinə istinad etmişdir, hansı ki, həmin maddədə qeyd olunur ki, elektron üsulla göndərilmiş inzibati akt göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. “Elektron imza və elektron sənəd haqqında” Qanuna əsasən isə elektron sənəd informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəddir. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh iddiaçının ilkin müraciətinə verdiyi cavab elektron imza ilə təsdiq olunmadığından həmin göndəriş İPM-in 38.2-ci maddəsinə uyğun rəsmi təqdim edilmə sayıla bilməz. Bu səbəbdən, həmçinin cavabdeh tərəfindən iddiaçının sonuncu müraciəti təkrar müraciət kimi qəbul edilməməklə ona müvafiq cavab verildiyinə görə iddiaçının tələbi üzrə iddia müddəti cavabdehin 19.05.2021-ci il tarixli rəsmi yazılı məktubunun iddiaçı tərəfindən alındığı tarixdən hesablanmalıdır. Belə olan halda isə müəyyən olunur ki, iddiaçı imtina barədə aktı aldığı gündən 30 gün müddətində məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia əsassızdır. Belə ki, iş materiallarında olan X5 və Təbiətdən İstifadə Milli Universiteti tərəfindən 30 iyun 2018-ci ildə verilmiş B18 224132 nömrəli bakalavr diplomundan və 05.07.2018-ci il tarixli ******* nömrəli diploma əlavədən görünür ki, iddiaçı 03.09.2013-cü il tarixdən 30.06.2018-ci il tarixədək X5 və Təbiətdən İstifadə Milli Universitetində təhsil almış, ona Tikintidə texnik ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. Diplom Ukrayna Təhsil və Elm Nazirliyinin baş mütəxəssisi Levitska İ.Y. tərəfindən 06.07.2018-ci il tarixdə № A-40722-18 nömrəsi ilə apostil edilmişdir. Diplomda tədris dili olaraq ukrayna dili, təhsil müddəti 5 il, ümumi kredit 240, təhsil növü isə qiyabi təhsil olaraq qeyd olunmuşdur. İddiaçı həmin diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh isə tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddət qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olması əsası ilə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın 3.7-ci bəndinə əsasən onun diplomu üzrə aldığı ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin imtinasının qeyd olunan əsasları ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının 31 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında» Sazişin 1-ci maddəsinə əsasən həmin Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Sazişin 5-ci maddəsinin tələbinə görə Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Sazişin qeyd olunan maddəsi ilə müəyyən edilən şərtin mənasından göründüyü kimi, Ukrayna Respublikasında verilmiş diplom təhsilin müddətinə və təhsilin məzmununa uyğun gəlmədiyi halda, o, Azərbaycan Respublikası ərazisində tanına bilməz. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.3 və 2.21-ci bəndlərinə əsasən bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Bakalavriat səviyyəsində təhsilin məzmunu bir-biri ilə əlaqəli nəzəri və təcrübi hazırlıqla müəyyənləşdirilir. Bakalavrın nəzəri hazırlığı humanitar və ixtisasın peşə hazırlığı fənlərinin mühazirə, məsləhət, məşğələ, sərbəst iş və digər şəkildə öyrənilməsi ilə təmin edilir. Bakalavrın praktiki hazırlığı nəzəri biliklərin laboratoriya, məşğələ, tədris və elmi tədqiqat işləri, kurs işi və kurs layihəsi, tədris və istehsalat təcrübələri, həmçinin buraxılış işlərinin yerinə yetirilməsi ilə təmin edilir. Həmin Qaydaların 1.6-cı bəndinə görə bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Qaydaların 2.8-ci bəndinə əsasən qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. Qaydaların 2.11-ci bəndinə əsasən bakalavriat səviyyəsində bütün təlim müddətində təcrübəyə 8-18 həftə ayrılır. İxtisaslardan asılı olaraq, təcrübənin müddəti ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir və tədris planında öz əksini tapır. İşdən görünür ki, iddiaçı tədris aldığı ölkədə təhsilinin İ ili – 12 gün, İİ ili – 20 gün, İİİ ili -14 gün, İV ili – 29 gün və V ili – 14 gün olmuşdur (Universitet tərəfindən göndərilən dəvətlərdən isə görünür ki, İİİ il cəmi 11 gün tədris müəyyən edilmişdir). Belə olan halda isə müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8, 2.9 və 2.11-ci bəndlərinin tələbləri təmin olunmur (iddiaçının İ və İİİ illərdə gün ərzində 12 saat auditoriyada olduğu güman olunsa belə). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın 3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Qaydaların 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Qaydaların 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İşdən görünür ki, cavabdeh istinad olunan normalara uyğun olaraq müvafiq ekspertiza həyata keçirmiş və iddiaçıya imtina cavabı vermişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin bu imtinası işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olmuşdur. Belə olan halda, həmin imtina iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İddiaçı tədris aldığı ölkədə qısa müddət olmasının əsasını Universitet tərəfindən verilmiş məktuba istinad edərək 2014-cü ilin fevral ayında Ukraynanın şərqində baş verən hadisələrlə əlaqələndirsə də, sonrakı illərdə həmin normativləri tamamlamaq üçün əlavə təhsil almasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də iddiaçının bu dəlili əsaslı sayıla bilməz. İPM-in 73.1-ci maddəsinə görə, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-7546/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7546/2021
01.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver