Məhkəmə qərarları › İş №2-1(112)-7546/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7546/2022

26.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7546/2022 26.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Yasamal Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülməsi haqqında sənədlərinin Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə göndərilməsinə və 12 noyabr 2019-cu ildən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş müharibə əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına daxil edilməsi vəzifəsinin Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1976-cı il tarixində Azərbaycan Respublikası, Ağsu rayon, Kalva kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır. İ qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil və Prezident təqaüdçüsüdür. Yasamal rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncamına əsasən mənzil növbəsində dayanan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş müharibə əlillərinin siyahısına əlavə edilməsinə, mənzillə təmin olunmağına köməkdarlıq edilməsi barədə müraciət etmişdir. xx.xx.2022-ci ildə Yasamal rayon İcra Hakimiyyətindən ona cavab olaraq elektron məktubla bildirilmişdir ki, Siz 5 ildən az olmayaraq Bakı şəhərində qeydiyyatda olmalısınız və bu səbəbdən də növbəyə götürülməyindən imtina etmişdirlər. İddiaçı hesab edir ki, Yasamal rayon İcra Hakimiyyətinin ona yazdığı cavab məktubu qanunsuz və tam əsassızdır, belə ki, o, 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, xəsarət almışdır, lakin 2019-cu ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qazandığı xəstəliklərdən səhhətində olan dəyişikliklə bağlı ona 2-ci qrup Qarabağ müharibə əlilliyi təyin edilmişdir və eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixli sərəncamında Yasamal rayon İcra Hakimiyyətinin ona yazdığı cavab məktubunda bu haqda heç bir qanunu tələbləri öz əksini tapmamışdır. (Bakı İnzibati Məhkəməsinin 2-l(81)-3616/2018 saylı analoji qərarı) Eyni zamanda qeyd etmək istəyir ki, 12 noyabr 2019-cu ildə Ağsu rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülmüşdür. Hal-hazırda qeydiyyatı Bakı şəhəri, Yasamal rayonunda olduğu üçün həmin sənədlərin Bakı şəhəri, Yasamal rayonuna köçürülərək, 12 noyabr 2019-cu il tarixdən etibarən Bakı şəhəri, Yasamal rayon icra Hakimiyyəti Başçısının Sərəncamı ilə imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülməsinə ehtiyacı vardır.

3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurumun xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə vətəndaşın yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Nəzərinizə çatdırırıq ki, mövcud mənzil qanunvericiliyinə əsasən siz son beş il ərzində yaşayış yeriniz üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmadığınızdan xahişinizin yerinə yetirilməsi mümkün deyildir. Müvafiq qanunvericiliyə əsasən göstərilən tarixdən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərsiniz.

4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələri zamanı iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

5. Məhkəmənin şifahi dinləmələri zamanı cavabdehin nümayəndəsi iddiaya imtinanın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş edir.

II. Məhkəmə tərəfindən tədqiq edilmiş sənədlər

6. İddiaçı ilə Əliyeva Nərmin qızı arasında nikah xx.xx.2017-ci ildə 4 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmış, nikahdan sonra arvada “Əfəndiyeva” soyadı verilmişdir.

7. İddiaçı ilə Əliyeva Nərmin qızının birgə nikahlarından X3 (xx.xx.2019-cu il təvəllüdlü) və X4 (xx.xx.2021-ci il təvəllüdlü) doğulmuşdur.

8. İddiaçı 1994-cü ildə həqiqi hərbi xidmətə çağırılmışdır.

9. Ağsu Rayon Məhkəməsinin 2(016)-1475/2018 nömrəli, 20 dekabr 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı maraqlı tərəf Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı may 1992-ci ildən aprel 1993-cü ilə kimi N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçməyinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilmişdir.

10. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli 228 nömrəli qərarına əsasən Ağsu RHK tərəfindən 1992-ci ildə könüllü hərbi xidmətə daxil olmuş, 1994-cü ildə həqiqi hərbi xidmətə çağırılmış, Ağsu rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli Qətnaməsi ilə may 1992~ci ildən aprel 1993cü ilə kimi hərbi xidmət keçməsi faktı müəyyən edilmiş, Azərbaycan Respublikası hərbi prokurorluğunun xx.xx.2018-ci il tarixli HP 01/510 nömrəli məktubunda barəsində cinayət işi və araşdırma materialı olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xəstələndiyi və xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Kəskin respirator xəstəlik, rinotraxeobronxit tip” və xx.xx.1993-cü ildə döyüşdə yaralanaraq aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Gəncə şəhəri Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Sol sağrı nahiyyəsinin kor qəlpə yarası" və xx.xx.1993-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş yaralanmanın nəticəsi - diaqnoz: "Sol sağrı nahiyyəsinin odlu kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı” (Azərbaycan Respublikası SHXÇDX-nin Ağsu rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 2 nömrəli göndərişi, xx.xx.2019-cu il tarixli 14 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.1993-cü il tarixli və Gəncə şəhəri Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasından verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizləri, xəstəlik tarixindən çıxarışlar, Ağsu rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli iş № 2(016)-1475/2018-ci nömrəli Qətnaməsi, MN Hüquq İdarəsinin xx.xx.2019-cu il tarixli 11/994 nömrəli məktubu, Azərbaycan Respublikası Hərbi prokurorluğunun 15.11,2018-ci il tarixli HP 01/150 nömrəli məktubu, MN Mərkəzi Hərbi Poliklinikasının xx.xx.1993-cü il tarixli 1988 nömrəli arayışı, MN MHHK-ntn həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”.

11. İddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağsu rayon şöbəsi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik vəsiqəsi verilmişdir (vəsiqə №029769). Diaqnoz: Hər iki aşağı ətrafların baldırın yuxarı 1/3-dən və hər iki yuxarı ətrafların bilək amputasiya güdülləri və güdül nahiyyələrinin sağalmayan trofiki yaraları.

12. Ağsu Rayon İcra Hakimiyyəti Başçısının 12 noyabr 2019-cu il tarixli 197 nömrəli Sərəncamına əsasən Ağsu rayonunun Kalva kəndində qeydiyyatda olan İ qrup Qarabağ müharibəsi əlili İddiaçı imtiyazlı şəxs kimi mənzil növbəliliyinə götürülməsi qərara alınmışdır.

13. Bakı şəhəri İcra Hakmiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 146 Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2021-ci il tarixli 312 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Bakı şəhəri, Sabunçu qəsəbəsi, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi (prospekti) 25 saylı evin 37 nömrəli mənzilində qeydiyyatsız yaşayır.

14. Bakı şəhəri Yasamal bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı Yasamal Bələdiyyəsindən torpaq sahəsi ayrılmayıb.

15. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Vətəndaşın qeydiyyatda olduğu ünvan barədə xx.xx.2021-ci il tarixli elektron arayışa əsasən, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır.

16. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Ağsu Rayon İcra Hakimiyyətinin hazırki iddia tələbi üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilmişdir.

III. İddianın növü və mümkünlüyü

17. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

18. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

19. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

21. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

22. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

23. İddia mümkündür.

IV. Məhkəmənin mövqeyi

24. Mənzil Məcəlləsindən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

25. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.2-ci maddəsinə əsasən, Normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. Həmin Qanunun 76.1-ci maddəsinə əsasən, normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar həmin akta daxil edilmiş normalara zidd olan və ya bu normalarla əhatə olunan, yaxud faktiki olaraq əhəmiyyətini itirən, həmin və ya daha aşağı hüquqi qüvvəyə malik olan bütün aktlar (onların struktur elementləri isə bu Konstitusiya Qanununun 32-ci maddəsinin tələblərinə uyğun olaraq) ləğv edilməlidir.

26. Məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur. Belə ki, yeni Mənzil Məcəlləsində yaşayış sahəsinə ehtiyacı olan şəxslərin uçota alınmasını tənzimləyən normalar nəzərdə tutulmuşdur. Cavabdeh qurum yeni Mənzil Məcəlləsi xx.xx.2009-cu il tarixdə qüvvəyə minəndən sonra faktiki olaraq əhəmiyyətini itirən Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarına istinad etməklə iddiaçının fərdi vəziyyətinə mütənasib olmayan, onu əlverişsiz vəziyyətə salan qənaətə gəlmişdir. Belə ki, Mənzil Məcəlləsi vətəndaşlara uçota alınma haqqında ərizələri (qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada) yaşayış yeri üzrə deyil, digər yer üzrə vermək imkanlarını da nəzərdə tutmuşdur (Mənzil Məcəlləsinin 51.3-cü maddəsi).

27. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.

28. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarında müəyyən edilmiş 5 illik tələb yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində ilk dəfə qeydiyyat halını müəyyən edirdi.

29. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı Ağsu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli sərəncamına əsasən İ qrup Qarabağ müharibəsi əlili kimi imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülmüşdür, lakin hazırda ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla Bakı şəhərində yaşayır. Odur ki, cavabdeh qurumun imtinası nəticəsində tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasiblik pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

30. “İnzibati icraat haqqında” qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

31. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Mütənasiblik prinsipinin yaranması roman-german konstitusionalizminin ənənələri ilə əlaqələndirilir. Əvvəllər, 1950-1960-cı illərdə, mütənasiblik konsepsiyası X2 Məhkəməsi tərəfindən baxılan bir sıra işlərdə öz əksini tapmışdır. Bu konsepsiya Avropa hüququ və praktikası tərəfindən müharibədən sonrakı Almaniyanın konstitusiya hüququna əsaslanaraq qəbul olunmuşdur. Prinsip olaraq isə XVİİİ əsrin sonu – XİX əsrin birinci yarısında Prussiya inzibati hüququnda meydana çıxmışdır. Ümumi şəkildə Almaniya ictimai hüququnda işlənib hazırlanmış və Avropa hüququnda öz təkamülünü davam etdirən mütənasiblik testi aşağıdakı məsələlərin ardıcıl surətdə həll olunmasını nəzərdə tutur: 1) dövlət orqanlarının fərdi hüquqların (azadlıqların) həyata keçirilməsinə müdaxiləsi yer almışdırmı; 2) bu cür müdaxilə dövlətdaxili qanunla nəzərdə tutulmuşdurmu; 3) müdaxilənin məqsədi legitimdirmi (qanunidirmi); 4) arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, başqa sözlə desək, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; 5) hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə varmı, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi; 6) istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı). Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: - bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; - hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; - məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mütənasiblik prinsipindən aktiv istifadə edilərək bu prinsipin anlayışına və mahiyyətinə yüksək diqqət yetirilir. Plenumun qərarlarında mütənasiblik prinsipinin mahiyyəti Konstitusiyanın və qanunların bilavasitə şərhi, həmçinin Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquq tətbiqetmə təcrübəsi əsasında açıqlanır. Konstitusiya Məhkəməsi Plenumunun X5 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.

32. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

33. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı Ağsu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli sərəncamına əsasən İ qrup Qarabağ müharibəsi əlili kimi imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülməsi nəzərə alınmaqla həmin 12 noyabr 2019-cu ildən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş müharibə əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına daxil edilməsi vəzifəsi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar