Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7549/2025 11.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məhdudiyyətin götürülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ak. Şəfaət Mehdiyev küçəsi, 1054-cü məhəllə, ev, mənzil 60 (Yeni qaydalarla: AZ1122, ünvan 3 üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması məqsədilə sistemdən müvafiq qeydin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd olunan mənzil daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********03-05301-093007 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Cavabdeh qeydiyyat orqanından alınmış xx.xx.2024-cü il tarixli yüklülük haqqında arayışa əsasən sözügedən mənzilin üzərinə məhkəmənin icraatında olan işlərlə bağlı qadağa qoyulduğu müəyyən edilmişdir. İddiaçı qeyd edir ki, mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ak. Şəfaət Mehdiyev küçəsi, 1054-cü məhəllə, ev, 60 nömrəli mənzilinə (Yeni qaydalarla: AZ1122, ünvan 3 mülkiyyət hüququna dair bir sıra məhkəmə mübahisələri olsa da, hazırda həmin mübahisələr yekunlaşmışdır və qanuni qüvvəsini almış məhkəmə aktları vardır. İddiaçı mənzilinin üzərinə məhdudiyyət qoyulmasını qanunsuz hesab edərək, bu məhdudiyyətin aradan qaldırılması ilə bağlı cavabdehə müraciət etsə də, təmin edilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində Yasamal Rayon Məhkəməsinin 2(004)-2573/2024 saylı məhkəmə işi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi əsasında müvafiq qeyd aparılmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)- 3483/2024 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, e-2(004)-2573/2024 nömrəli qərardadının ləğv edilməsi, X1 cavabdehlər "xxxx" MMC, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qiymətləndirmənin nəticələri barədə hesabatın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Müvafiq mülki iş hazırda 2(004)-2573/2024 nömrə ilə Yasamal Rayon Məhkəməsinin icraatındadır. Yasamal Rayon Məhkəməsinin 2(004)-2573/2024 saylı məhkəmə işi ilə bağlı qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı İdarəyə daxil olacağı təqdirdə müraciətə qanunamüvafiq qaydada baxılacağı ilə bağlı iddiaçıya **********70 xaricolma nömrəli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Göstərilənlərə əsasən, iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X2 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı tələbi ilə bağlı əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etdiyinə görə hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəlincə, məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Cavabdehin tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçının hazırkı tələbi ilə bağlı müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ak. Şəfaət Mehdiyev küçəsi, 1054-cü məhəllə, ev-, mənzil 60 (Yeni qaydalarla: AZ1122, ünvan 3 İddiaçı mülkiyyətindədir. -Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın, eləcə də Bakı şəhəri 53 sayalı Notariat ofisinin xx.xx.2025-ci il tarixli, 633 nömrəli arayışın surətindən görünür ki, Yasamal Rayon Məhkəməsinin e-2(004)-2573/2024 saylı, xx.xx.2024-cü il tarixli bildirişinə əsasən mənzil üzərinə yüklülük haqqında qeyd aparılmışdır. -Yasamal Rayon Məhkəməsinin e-2(004)-2573/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, ərizəçi İddiaçı “əmlakın üzərinə qoyulmuş məhdudiyyətin ləğv edilməsi” tələbinə dair ərizəsi təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Ak. Şəfaət Mehdiyev küçəsi, 1054-cü məhəllə, ev-, mənzil 60 (Yeni qaydalarla: AZ1122, ünvan 3 üzərinə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3483/2024 saylı qərardadı (məktub) ilə qoyulmuş məhdudiyyət götürülmüşdür. -ünvan 1 ünvanlanan e-2(004)-90/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubda Yasamal RM-in e-2(004)-90/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının xx.xx.2025ci il tarixdə qanuni qüvvəsini aldığı bildirilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)- 2779/2025 nömrəli qətnaməsinin məzmunundan görünür ki, iddiaçı X1 cavabdehlər "xxxx" MMC və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı (DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi İddiaçı üçüncü şəxs qismində cəlb olunmaqla) “qiymətləndirmənin nəticələri haqqında xx.xx.2021-ci il tarixli QXM-2925 nömrəli hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-90/2025 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. X2 həmin qətnamədən apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-2779/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Yasamal RM-in xx.xx.2025-ci il tarixli, e-2(004)-90/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Bakı Apellyasiya Məhkəməsinin Aparatının iddiaçının nümayəndə-vəkilinin sorğusuna cavab olaraq verdiyi xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 2(103)- 2779/2025 nömrəli mülki iş üzrə Bakı şəhəri, Yasamal rayonu, Ak. Şəfaət Mehdiyev küçəsi, 1054-cü məhəllə, ev-, mənzil 60 (Yeni qaydalarla: AZ1122, ünvan 3 üzərinə Bakı Apellyasiya Məhkəməsi tərəfindən həbs, qadağa və ya digər müvafiq qeyd qoyulmamışdır. Beləliklə, işin faktiki hallarından görünən odur ki, Bakı şəhəri, Yasamal rayonu, Ak. Şəfaət Mehdiyev küçəsi, 1054-cü məhəllə, ev-, mənzil 60 (Yeni qaydalarla: AZ1122, ünvan 3 iddiaçının mülkiyyətindədir. İddiaçının hüquqi marağı və məqsədi həmin mənzilə dair qeydiyyat hərəkətlərinin aparılmasına cavabdeh tərəfindən qoyulmuş məhdudiyyətin götürülməsindən ibarətdir. Bununla bağlı cavabdehə müraciəti təmin edilməmişdir. Cavabdehin imtina dəlili belədir ki, Yasamal Rayon Məhkəməsinin e-2(004)- 2573/2024 saylı, xx.xx.2024-cü il tarixli bildirişinə əsasən mənzil üzərində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən müvafiq qeyd aparılmışdır. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.3-cü maddəsinə əsasən, hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə)- qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə). Həmin Qanunun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Normaların təhlilindən göründüyü kimi, yalnız daşınmaz əmlaka dair dövlət reyestrində qeydiyyata alınmış hüquqlar barəsində məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində həmin əmlaka dair qeydiyyat hərəkətləri ilə bağlı müvafiq qeydlərin aparılmasına, məhdudiyyətlərin qoyulmasına yol verilir. Məhkəmə razılaşır ki, cavabdeh inzibati orqanın əmlak qanunvericiliyinin tələblərindən irəli gələn vəzifəsi vardır, lakin bu vəzifə daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqların mübahisələndirildiyi hallarda məhkəmədə iş həll olunanadək həmin əmlak üzərində qeydiyyatın dayandırılmasını ehtiva edir. Məhkəmə ilk növbədə hesab edir ki, hazırkı halda iddiaçının mülkiyyətində olan mənzilə məhdudiyyət qoyulmasına səbəb olmuş mülki iş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqların mübahisələndirilməsi ilə bağlı olmadığından cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə dair dövlət reyestrində müvafiq qeydlərin aparılması üçün 21.2-ci maddədə nəzərdə tutulan əsaslar yaranmamışdır. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı X1 cavabdehlər "xxxx" MMC və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı (DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi İddiaçı üçüncü şəxs qismində cəlb olunmaqla) iddia tələbi Bakı şəhəri, Yasamal rayonu, Ak. Şəfaət Mehdiyev küçəsi, 1054-cü məhəllə, ev-, mənzil 60 (Yeni qaydalarla: AZ1122, ünvan 3 ünvanının xx.xx.2021-ci il tarixli, QXM-2925 nömrəli qiymətləndirmə hesabatının ləğv edilməsi ilə bağlı olmuşdur. Həmin iddia tələbi Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 90/2025 nömrəli qətnaməsi ilə təmin edilməmiş, rayon məhkəməsinin sözügedən qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-2779/2025 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, Yasamal Rayon Məhkəməsinin e-2(004)-2573/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə ərizəçi İddiaçı “əmlakın üzərinə qoyulmuş məhdudiyyətin ləğv edilməsi” tələbinə dair ərizəsi təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Ak. Şəfaət Mehdiyev küçəsi, 1054-cü məhəllə, ev-, mənzil 60 (Yeni qaydalarla: AZ1122, ünvan 3 üzərinə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3483/2024 saylı qərardadı (məktub) ilə qoyulmuş məhdudiyyət götürülmüş, həmin qərardad xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini almışdır. Qeyd olunan mülki işə baxılan dövrdə məhkəmələr tərəfindən iddiaçının mülkiyyətində olan mənzilin üzərinə məhdudiyyət, qadağa və sairə yüklülük qoyulmadığına dair cavabdeh inzibati orqana müxtəlif tarixli məktublarla məlumat verilmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya məxsus mənzilə dair dövlət reyestrində müvafiq qeydlərin edilməsi üçün əsas olmuş mübahisə həmin əmlakın qiymətləndirilməsi ilə bağlı qiymətləndirmə təşkilatının hesabatının ləğv edilməsi ilə bağlı olduğundan, eləcə də qeyd olunan mülki iş üzrə məhkəmə mübahisəsi başa çatdığından və işə baxılan dövrdə mənzilin üzərinə hər hansı qadağa, həbs qoyulmasına dair məlumat mövcud olmadığından cavabdeh inzibati orqanın imtinası qanunazidd olmuş və iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Odur ki, iddia təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ak. Şəfaət Mehdiyev küçəsi, 1054-cü məhəllə, ev-, mənzil 60-a (Yeni qaydalarla: AZ1122, ünvan 3 dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən dövlət reyestrində qoyulmuş məhdudiyyətin (müvafiq qeydlərin) aradan qaldırılması vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-7549/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7549/2025
11.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver