Məhkəmə qərarları › İş №2-1(112)-7551/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7551/2022

25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7551/2022 25.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya birdəfəlik pul müavinətinin ödənilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «iddiaçıya birdəfəlik pul müavinətinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 14 avqust 1964-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Rusiya Federasiyasının Tomsk şəhərinin Leninski Rayon Məhkəməsinin 15 mart 2016-cı il tarixli hökmü ilə RF Cinayət Məcəlləsinin 228-1-ci maddəsi ilə 8 il müddətinə azadlıqdan məhrum edilmiş və 17 avqust 2021-ci il tarixdə RF X3 Penitensiar Xidmətinin PKU İK-4-də cəzasını çəkdikdən sonra azadlığa buraxılmışdır. Bundan sonra, «Rusiya Federasiyasındakı xarici vətəndaşların hüquqi vəziyyəti haqqında» 25 iyul 2002-ci il tarixli 115-FZ nömrəli Federal Qanunun 31-ci maddəsinin 9-cu bəndinin müddəalarına əsasən məhkəmənin 17 avqust 2021-ci il tarixli qərarına əsasən 17 noyabr 2021-ci il tarixədək onun Tomsk Vilayəti üzrə Xarici Vətəndaşlar üçün “X4” xüsusi müəssisəsinə yerləşdirilməsi qərara alınmışdır. Lakin pandemiya ilə əlaqədar olaraq onun (iddiaçının) 17 noyabr 2021-ci il tarixdə deportasiya edilməsi mümkün olmadığından, “X4” xüsusi müəssisəsinə saxlanılmağının müddəti artırılmış və 3 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasına deportasiya edilmişdir. Bundan sonra, şəxsiyyət vəsiqəsinin alınnası üçün “ASAN Xidmət” mərkəzinə müraciət etmiş, 24 yanvar 2022-ci il tarixdə yeni şəxsiyyət vəsiqəsi alandan sonra cəza çəkməkdən azad edilmiş şəxslərə sosial yardım verilməsi üçün hazırkı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh təşkilat qanunla müəyyən edilmiş üç ay müddətin buraxdığını bildirərək, ona sosial yardım ödəməkdən imtina etmişdir. Qeyd edildiyi kimi, o (iddiaçı), 3 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır, şəxsiyyət vəsiqəsinin verilməsi üçün müəyyən müddət keçmiş və cavabdehə şəxsiyyət vəsiqəsini alandan sonra müraciət etmişdir. Göründüyü kimi, buraxılmış müddət onun təqsiri üzündən baş verməmişdir və üzürlü hesab edilməklə onun qanunla qorunan hüququ bərpa edilməlidir. «Penitensiar müəssisələrində cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Göstərilənlərə və İPM-in 2, 13, 33-cü maddələrinə əsaslanaraq, cəza çəkməkdən azad edilməsi ilə əlaqədar ona müəyyən edilmiş məbləğdə birdəfəlik pul müavinətinin verilməsi öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanlanmış 24 oktyabr 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiası əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı 2 fevral 2022-ci il tarixdə cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi ona birdəfəlik pul müavinətinin təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmış və sözügedən müavinətin təyin edilməsi qanunauyğun hesab edilməmişdir. Bu barədə iddiaçıya “Sosial müavinətin təyin edilməsindən imtina edilməsi haqqında” 2 mart 2022-ci il tarixli **********9 nömrəli məktubla məlumat verilmişdir. Mərkəzi Filial hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin təyin edilməsi ilə bağlı ərizəsini təmin etməkdən imtina etməkdə haqlı olmuşdur. Belə ki, «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Qanununa əsasən bu Qanun qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər - qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Həmin Qanunun 3.1-ci maddəsinə müvafiq olaraq cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. AR Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş «Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»na 7 nömrəli əlavənin (Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının) 2.17-ci bəndinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surəti tələb olunur. Sadalanan normaların məzmunundan göründüyü kimi, digər dövlətin – Rusiya Federasiyasının penitensiar müəssisəsində 17 avqust 2021-ci il tarixdə (RF Ədliyyə Nazirliyinin 002254 saylı arayışına əsasən) cəza çəkməkdən azad edilmiş iddiaçıya sözügedən birdəfəlik pul müavinətinin təyin edilib ödənilməsi üçün o, cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmalı idi. Halbuki, iddiaçı 03 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmış və 02 fevral 2022-ci il tarixdə inzibati orqana müavinət təyini üçün müraciət etmişdir. Beləliklə, «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Qanunun 3.1-ci maddəsinə əsasən üç ay müddətində Azərbaycan Respublikasına qayıtmadığından ona Qanunun 14.1-ci maddəsində müəyyən edilən müavinətin təyin edilməsi qanunauyğun hesab edilməmişdir. «İnzibati icraat haqqında» Qanunun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 50-ci maddəsinə əsasən inzibati orqan qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, maraqlı şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maraqlı şəxs bu Qanunun 50.1-ci maddəsində göstərilmiş səbəblər aradan qalxdığı vaxtdan ən geci 10 gün müddətində buraxılmış müddətin bərpa olunmasına dair yazılı ərizə ilə inzibati orqana müraciət etməlidir Ərizəyə müddətin buraxılması səbəbinin üzrlü olduğunu təsdiq edən sənədlər əlavə olunmalıdır. Qanunla birbaşa qadağan olunmuş hallarda buraxılmış müddətin bərpasına yol verilmir. Qeyd olunmalıdır ki, iddiaçı buraxılmış müddətin bərpa olunmasına dair yazılı ərizə ilə inzibati orqana müraciət etməmişdir. Buna görə də qeyd olunanları nəzərə alaraq hesab edirik ki, iddia təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 47.2-ci maddəsinin tələblərini nəzərə alaraq, məhkəmədən İddiaçı "birdəfəlik pul müavinətinin ödənilməsi" tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15.1-ci maddəsinə görə Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Qanunun 3.1-ci maddəsinə görə bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Həmin Qanunun 5.1-ci maddəsinə görə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Həmin Qanunun 5.4-cü maddəsinə görə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası sahəsindəki fəaliyyət müvafiq icra hakimiyyəti orqanı tərəfındən əlaqələndirilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər aşağıdakılardır: (6.1.1) cəza çəkməkdən azad edilmiş şəxsləri qeydiyyata almaq, onlarla hazırlıq işlərini aparmaq; (6.1.2) sosial adaptasiya mərkəzləri yaratmaq; (6.1.3) daimi yaşayış sahəsi olmayan şəxsləri bu Qanunla müəyyən olunmuş müddətdə müvəqqəti yaşayış yeri ilə təmin etmək; (6.1.4) cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə, tibbi və sosial yardımla təmin edilməsi sahəsində müvafıq tədbirləri həyata keçirmək; (6.1.5) təhsil almalarına şərait yaratmaq; (6.1.6) şəxsiyyətini təsdiq edən və digər lazımi sənədlərlə təmin etmək; (6.1.7) cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək; (6.1.8) cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımı göstərmək. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər. Həmin Qanunun 14.1-ci maddəsinə görə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci maddəsinə əsasən Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Qaradağ rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DSMF Sosial Ödənşlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaçının müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, hazırkı iddia “öhdəliyin icrası haqqında” iddiaya aid olduğundan və cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən mübahisəyə İPM-in 8.1.2-ci maddəsinin (maddənin ikinci cümləsinin) tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri kimi Bakı şəhərinin Qaradağ rayonu üzrə müvafiq məhkəmə qismində Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə məhkəmə aşağıdakıları diqqətə çəkir: Göründüyü kimi, mövcud qanunvericiliyin normaları cəza çəkməkdən azad edilmiş şəxslərin adaptasiyası məqsədilə həyata keçirilən tədbirlərin konkret dairəsini və həmin tədbirlərinin həyata keçirən qurumları müəyyənləşdirmiş və bu tədbirlərin sırasına DSMF-nin yerli qurumları tərəfindən həyata keçirilən birdəfəlik pul müavinətinin verilməsini də aid etmişdir. Lakin «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin müraciət etməsinə deyil, aidiyyəti qurumlar tərəfindən adaptasiya tədbirlərinin həyata keçirilməsinə şamil olunur ki, bu da, həmin müddət başa çatdıqdan sonra müvafiq şəxsin ona birdəfəlik pul müavinətinin verilməsini tələb etməsinə maneə yaratmır. Həmçinin qeyd olunmalıdır ki, cəza çəkməkdən azad edilmiş şəxslərin adaptasiyası fəaliyyətinin əlaqələndirilməsini də ayrıca inzibati orqan olsa da, hazırkı cavabdehin yuxarı təşkilatı (ƏƏSMN) həyata keçirir və müəyyən edilmiş tədbirlərin həmin müddət ərzində həyata keçirilməsinə məhz qeyd olunan təşkilat nəzarət etməli idi. Bundan başqa, xüsusilə nəzərə alınmalıdır ki, hazırkı iddiaçının ona cəza çəkməkdən azad edilmiş şəxs kimi sosial adaptasiyası məqsədilə müvafiq məbləğində birdəfəlik pul müavinətinin ödənilməsi ilə bağlı hazırkı cavabdeh inzibati orqana müraciətinin gec təqdim edilməsi onun iradəsindən asılı olmayaraq müəyyən obyektiv hallarla (müvafiq dövrdə cəzaçəkmə müəssisəsindən geç buraxılması, şəxsiyyət vəsiqəsinin alınması) bağlı olmuşdur. Belə olan halda, məhkəmə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının mövqeyi ilə razılaşmır və hesab edir ki, iddiaçıya penitensiar müəssisədə cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi (işin bu halı mübahisəli deyil) sosial adaptasiyası məqsədilə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilməlidir. Odur ki, cavabdehin imtinası qanunun, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 11.1, 12.2, 17 və 24.2-ci maddələrinin tələblərinə zidd və iddiaçının hüquqlarının poaulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı penitensiar müəsssələrdə cəa çəkməkdən azad edilmiş şəxs kimi sosial adaptasiyası məqsədilə minimum əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı penitensiar müəsssələrdə cəa çəkməkdən azad edilmiş şəxs kimi sosial adaptasiyası məqsədilə minimum əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar