Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7552/2021 06.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, İddiaçı X5, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “məhkumun eyni rejimli başqa cəzaçəkmə müəssisəsinə keçirilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X8 (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 rejim dəyişdirmədən 11 saylı Cəzaçəkmə müəssisəsindən başqa cəzaçəkmə müəssisəsinə köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, X3 maraqlarını təmsil edir. X1 isə S.İmanquliyevaya borcu vardır. Belə ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2014-cü il tarixli qətnaməsi ilə X4 S.İmanquliyevanın xeyrinə 75 000 manat məbləğində borc məbləğinin tutulması qət edilmişdir. Məhkum isə həmin borcu dörd ay bundan əvvəl ödəməyə başlamışdır. Səbəb isə 11 saylı Cəzaçəkmə müəssisəsinin rəhbərliyinin indiyədək məhkuma uyğun iş tapa bilməməsidir. Buna görə o, X1 rejim dəyişdirmədən 11 saylı Cəzaçəkmə müəssisəsindən başqa cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı müvafiq qurumlara 19.03.2021-ci il tarixli, 23.03.2021-ci il tarixli, 12.04.2021-ci il tarixli, 17.05.2021-ci il tarixli, 26.05.2021-ci il tarixli müraciətlər etmiş, onlar aidiyyəti üzrə baxılması üçün həmin müraciətləri cavabdehə göndərmiş, lakin cavabdeh tərəfindən bu günədək iddiaçının həmin məktublarına heç bir cavab verilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin müvafiq maddələrinə istinad edərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və tələbin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi G.Şabanova etiraza uyğun çıxış etdi, eyni zamanda cavabdehin müvafiq məktubları ilə iddiaçının müraciətlərinin cavablandırıldığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-7347/2014 saylı, 14 dekabr 2014-cü il tarixli qətnaməsi ilə cavabdeh X4 75000 manat məbləğində borc, 30 manat məbləğində dövlət rüsumu, cəmi 75030 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. Suraxanı rayon İcra və probasiya şöbəsinin 24.09.2018-ci il tarixli Qərarı ilə Suraxanı rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-7347/2014 saylı, 26.01.2015-ci il tarixli icra sənədi icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. İş materiallarında olan cavabdeh qurumun iddiaçının müraciətlərinə cavab məktublarından görünür ki, məhkum X9 tərəfindən ödənişin aparılması məqsədi ilə o, 01.02.2021-ci il tarixdən 11 saylı cəzaçəkmə müəssisənin təsərrüfat briqadasında əməyə cəlb edilmişdir. Məhkum A.Məmmədov ödənişin edilməsi üçün ərizə ilə müraciət edərək aylıq əmək haqqısından hər ay tutularaq zərəçəkmiş X3 ünvanına göndərilməsini xahiş etmişdir. Məhkumun ərizəsinə əsasən 2021-ci ilin fevral ayından tələbkar S.İmanquliyevanın Rabitəbankda açdığı şəxsi kart hesabına hər ay ödənişlər aparılır və növbəti aylarda həmçinin davam ediləcəkdir. İddiaçı hazırda məhkum A.Məmmədovun nümayəndəsi olduğu S.İmanquliyevaya olan borcunu ödəmədiyini, bunun səbəbinin məhkumun cəza çəkdiyi müəssisənin rəhbərliyi olmasını iddia edərək S.İmanquliyevanın hüquqlarının müdafiəsi üçün A.Məmmədovun eyni rejimli digər cəzaçəkmə müəssisəsinə keçirilməsini xahiş edir. Lakin işin hallarından görünür ki, iddiaçının belə bir iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyil. Belə ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Doğrudur, Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 59.1-ci maddəsində qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslərin başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək hüququnu təsbit etmişdir. Oxşar norma İPM-də olmasa da, ümumi prinsiplər nəzərə alınmaqla inzibati mühakimə icraatı zamanı da üçüncü şəxslərin xeyrinə iddia qaldırılması istisna edilmir. Lakin belə bir iddia qaldırmaq üçün iddia qaldıran şəxs başqa şəxsin xeyrinə iddia qaldırmasındakı hüquqi marağını sübut etməlidir, hansı ki, bu maraq həyati əhəmiyyətə malik olmalıdır. Digər hallarda isə iddianı qəbul edilən inzibati akt (hərəkət və ya hərəkətsizlik) vasitəsilə hüquqlarının ən azı pozulması ehtimalı olan tərəf qaldıra bilər. İddiaçı hazırkı tələbi irəli sürərkən S.İmanquliyevanın maraqlarının müdafiəsindən çıxış etsə də, öz adından iddia qaldırmışdır. Digər tərəfdən, Azərbaycan Respublikası Cəzaların İcra Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər bir qayda olaraq cəzalarının bütün müddətini bir cəzaçəkmə müəssisəsində, həbsxanada və ya tərbiyə müəssisəsində çəkirlər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən məhkumun cəzanın çəkilməmiş hissəsini çəkmək üçün bir cəzaçəkmə müəssisəsindən eyni növlü başqa cəzaçəkmə müəssisəsinə və ya bir həbsxanadan digərinə keçirilməsinə məhkumun xəstəliyi ilə əlaqədar və ya onun təhlükəsizliyini təmin etmək üçün, cəzaçəkmə müəssisəsinin yenidən təşkili və ya ləğv edilməsi, həmçinin məhkumun bu cəzaçəkmə müəssisəsində qalmasına mane olan digər müstəsna hallarda yol verilir. Məhkumların eyni rejimli bir cəzaçəkmə müəssisəsindən digərinə keçirilmə qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi) tərəfindən müəyyən edilir. Həmin maddəyə uyğun olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 10.04.2002-ci il tarixdə təsdiq edilmiş “Məhkumların eyni rejimli bir cəzaçəkmə müəssisəsindən digərinə keçirilməsi Qaydası”nın: - 3-cü bəndinə əsasən məhkumların həyatı və sağlamlığı üçün təhlükə yaradan müxtəlif iğtişaşlar, həmçinin təbii fəlakət və ya digər fövqəladə hadisə baş verdikdə, habelə cəzaçəkmə müəssisəsinin yenidən təşkili və ya ləğv edilməsi ilə əlaqədar olaraq məhkumlar eyni rejimli bir cəzaçəkmə müəssisəsindən digərinə Penitensiar xidmətin təqdimatı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəhbərliyinin qərarı (əmri) ilə keçirilir. - 4-cü bəndinə əsasən məhkum aşağıdakı hallarda bir cəzaçəkmə müəssisəsindən eyni növlü başqa cəzaçəkmə müəssisəsinə, bir həbsxanadan digərinə keçirmə Penitensiar xidmətin rəisi tərəfindən təsdiq edilmiş qərara və həmin qərara müvafiq olaraq tərtib edilmiş fərdi naryada əsasən həyata keçirilir: a) məhkumun xəstəliyi ilə əlaqədar; b) məhkumun təhlükəsizliyi ilə əlaqədar (həyatına, sağlamlığına, yaxud şəxsiyyətinə qarşı digər məhkumlar tərəfindən və ya başqa şəxslər tərəfindən təhlükə yaranarsa): c) aşağıdakı müstəsna hallarda: • Bir cinayət işi üzrə gedən təqsirləndirilən şəxs, şahid və ya zərərçəkmiş şəxsləri, həmçinin cinayətin iştirakçılarını bir - birindən ayırmaq məcburiyyəti olduqda; • Əməliyyat - axtarış, rejim və profilaktika tədbirlərini keçirdikdə; • İstehsalatla əlaqədar, təsərrüfat və məişət xidməti işi ilə əlaqədar məhkumların başqa iş sahəsinə və ya başqa yerlərə göndərilməsi zərurəti olduğu hallarda; • məhkumun bu cəzaçəkmə müəssisəsində qalmasına mane olan digər müstəsna hallarda. - 5-ci bəndinə əsasən Qaydanın 4-cü bəndində göstərilən hallarda keçirilmə məsələsinə aşağıdakı əsaslarla baxılır: • Məhkumların və onların qohumlarının ərizəsinə və ya şifahi müraciətinə əsasən; • Cəzaçəkmə müəssisələrinin tibbi - sanitariya hissəsinin təşəbbüsü ilə; • X13 Komitəsinin təşəbbüsü ilə; • Səhiyyə İdarəsinin rəisinin təşəbbüsü ilə və əsaslandırılmış qərarı əsasında; • Cəzaçəkmə müəssisəsinin əməliyyat hissəsinin təşəbbüsü ilə; • Cəzaçəkmə müəssisəsinin rəisinin təşəbbüsü ilə və əsaslandırılmış qərarı əsasında. Qanunvericiliyin sadalanan normalarından görünür ki, məhkumun cəzanın çəkilməmiş hissəsini çəkmək üçün bir cəzaçəkmə müəssisəsindən eyni növlü başqa cəzaçəkmə müəssisəsinə keçirilməsinə müstəsna hallarda və konkret şəxslərin təqdimat, təşəbbüs və ya müraciəti əsasında yol verilir ki, bu subyektlər arasında məhkumla hər hansı qohumluq əlaqəsi olmayan üçüncü şəxslər mövcud deyil. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından, iddia tələbi mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-7552/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7552/2021
06.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver