Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7552/2022 11.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması, əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icratı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması, əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinıə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı 1 yanvar 1957-ci il tarixdə Füzuli rayonunun Qaraxanbəyli kəndində doğulmuşdur, əmək fəaliyyətinə 27 avqust 1974-cü il tarixdə rayonun Füzuli adına Üzümçülük Sovxozunda fəhlə vəzifəsindən başlamışdır. 27 avqust 1976-cı il tarixdə həmin vəzifədən azad olunmuş və 3 avqust 1983-cü il tarixdən 12 dekabr 1986-cı il tarixədək Xocavənd (keçmiş Martuni) rayonunda X3 həkim işləmişdir. 1987 – 1995-ci illərdə Füzuli rayonu Rayonlararası Vərəm Əleyhinə Dispanserdə həkim kimi çalışmışdır. Sonradan həkim kimi 26 dekabr 1995-ci il tarixdən 13 yanvar 2001-ci il tarixədək Səbail rayonu Gigiyena və Epidemiologiya Mərkəzində, 13 yanvar 2001-ci il tarixdən 26 aprel 2002-ci il tarixədək isə, Bakı şəhəri Nərimanov rayonu Gigiyena və Epidemiologiya Mərkəzində işləmişdir. 26 aprel 2002-ci il tarixdən 1 yanvar 2022-ci il tarixədək həkim kimi müxtəlif müəssisələrdə çalışmışdır. 1 yanvar 2022-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin həmin pensiyanın məbləği onun iş stajına uyğun olaraq hesablanmamışdır. Belə ki, bu barədə Dövlət Sosial Müdafiə Fonduna müraciət etsə də, Fond tərəfindən onun pensiya məbləğində düzəliş olunmamışdır. Bununla bağlı ona Fonddan 30 mart 2022-ci il tarixli məktub ünvanlanmışdır. Məsələ öz müsbət həllini tapmadığından, iddiaçı mübahisə ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26, 38, 60-cı maddələrinə, İPM-in 2.2.2, 14.3, 33.1, 34.1-ci maddələrinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2, 15.1, 19, 24-cü maddələrinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1, 4.1, 9.1, 9.8, 30.1, 31.1ci maddələrinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3, 3.2-cü bəndlərinə əsaslanaraq, cavabdehin hərəkətlərinin qanunsuz sayılması, iddiaçının əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin qərardadı ilə iş üzrə Dövlət Sosial Müdafiə Fondu həmin Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililının məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı iddiası mümkün sayılmamalıdır. Ona 4 yanvar 2022-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına pensiyanın yenidən hesablanmasına dair ərizə ilə müraciət etmişdir. Cavabdehin 30 mart 2022-ci il tarixli məktubuna əsasən iddiaçının 1987-ci il tarixdən 25 dekabr 1995-ci il tarixədək Ə.Q.Əlibəyov adına Füzuli Mərkəzi Rayon Xəstəxanasında işlədiyini iddia etdiyi dövrlər əmək kitabçasında qeyd olunmadığından, sosial sığorta stajına daxil edilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqmda sənədi əmək kitabçası hesab edilir. Əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 4.2.7-ci bəndinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanması həyata keçirilir. Həmçinin, «İnzibati icraat haqqında» Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bundan əlavə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil eilən digər dövrlərin məcmusu hesab edilir. Həmçinin Qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib-edilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: 1) iddia tələbi üzrə subyektiv hüququnun olub- olmaması; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmaması; 3) İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi; 4) qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması və s. (Ali Məhkəmənin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il 5 saylı qərarı). Subyektiv hüququn olub-olmaması dedikdə iddiaçının tələbinə əsas verən hal, yəni cavabdehin hərəkəti nəticəsində iddiaçının hüququnun pozulması faktı mövcud olmalı və iddiaçı bu faktı sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Cavabdeh orqan tərəfindən mübahisələndirilən dövrlər yəni, 1987-ci il tarixdən 25 dekabr 1995-ci il tarixədək olan dövrlər aşağıdakı səbəblərdən sosial sığorta stajına daxil edilməmişdir. Arayış o halda əsaslı sübut olaraq nəzərə alına bilər ki, həmin dövrlər əmək kitabçası və digər sənədlərdə (əməkhaqqı cədvəlləri, işə daxilolma, işdən azad edilmə əmrləri və s.) qeyd olunsun. Lakin, hazırki işdə sözügedən dövrlər üzrə İddiaçı əmək fəaliyyətini təsdiq edən əmək kitabçası yoxdur. Bundan əlavə, iddiaçının 1995-ci ildən 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyəti dövrü, 1 sentyabr 1976-cı il tarixdən 30 iyun 1977-ci il tarixədək və 1 sentyabr 1977-ci il tarixdən 23 iyun 1983-cü il tarixədək əyani təhsil müddəti də nəzərə alınmaqla, 18 il 07 ay 23 gün sığorta stajı (25 ilə çatdırmaqla) və 1 yanvar 2006-cı il tarixdən 1 oktyabr 2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 15.996 manat pensiya kapitalı əsasında pensiya yenidən hesablanmış, lakin məbləğdə dəyişiklik olmamışdır. Belə olan halda, İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı dəyişiklik olmadığından, iddia mümkünsüz hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq, iddianın mümkünsüz sayılması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənmin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İş materiallarında olan AZE seriaylı 0******* nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, 1 yanvar 1957-ci il tarixdə doğulmuş İddiaçı qeydiyyat ünvanı Füzuli rayonunun Qaraxanbəyli kəndidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon MKTB 134 nömrəli MKİS-in 131 nömrəli arayışında qeyd lunur ki, İddiaçı Bakı şəhəri, Təbriz küçəsi (Nərimanov rayonu), 105/35 saylı evin 30 saylı mənzilində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin İddiaçı Mehidi oğluna ünvanlanmış 11 fevral 2022-ci il tarixli məktubunda bildirilir ki, müvafiq rayonların Ermənistan Silahlı Qüvvələri tərəfindən vaxtilə işğal olunması və uzun müddət işğal altında qalması səbəbindən sorğuda qeyd edilən inzibati ərazi vahidi çərçivəsində dövlət mühafizəsində olan arxiv sənədləri barədə hər hansı məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X4 İddiaçı Mehidi oğluna ünvanlanmış 23 fevral 2022-ci il tarixli məktubunda bildirilir ki, Füzuli rayonu Qaraxanbəyli kəndi “Füzuli” adına Üzümçülük Sovxozunun 1974 – 1977-ci illərə aid sənədləri və Füzuli rayonu Mərkəzi Xəstəxanasının 1987 – 1993-cü illərə aid sənədləri 23 oktyabr 1993-cü il tarixdə erməni işğalı zamanı yandırılaraq məhv edilmişdir. Həmin xəstəxananın 1994 – 1997-ci illərə aid sənədləri arxivə təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Tibb Universitetinin 3 mart 2022-ci il tarixli 1304 nömrəli arxiv arayışında bildirilir ki, İddiaçı 1977-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsinin əyani şöbəsinə daxul olmuş və 1983-cü ildə həmin fakültənin əyani şöbəsini bitirmişdir. İnstitutu bitirdikdə ona AB seriyalı ЛВ seriyalı 010773 nömrəli (qeydiyyat nömrəsi 82) 27 iyun 1983-cü il tarixli diplom verilmişdir. İddiaçı İnstitutu bitirdikdə ona həkim-laborant ixtisası verilmiş və təyinatla DQM Vilayətinə göndərilmişdir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 1 yanvar 1957-ci il tarixdə doğulmuşdur. Təhsil illəri və əmək kitabçasında əks olunan əmək fəaliyyəti ümumilikdə 18 il 7 ay 23 gün sığorta stajı kimi qiymətləndirilməklə, 1 yanvar 2006-cı ildən 1 oktyabr 2021ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 15.996 manat pensiya kapitalı əsasında ona 4 yanvar 2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 1987 – 1995-ci illərdə Füzuli Rayon Mərkəzi Xəstəxanasında işlədiyi dövr sığorta stajına daxil edilməklə ona əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh «Əmək pensiyaları haqqında» Qanunun 22-1.3-cü maddəsinə istinad edərək, eləcə də iddiaçının 1987 – 1995-ci illərdəki iş stajının əmək kitabçasında əks olunmadğı əsas gətirərək əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh iddiaçının müvafiq müraciəti üzrə qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək cavabdehiun iddiaya qarşı yazılı etirazındakı mövqeyi ilə razılaşmır və belə nəticəyə gəlir ki, iddia mümkün iddiadır. Mübahisənin ərazi aidiyyəti belədir ki, iddia “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan, cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə baxılmasında İPM-in 8.1.2ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri (Bakı şəhərinin Nərimanov rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: - (22-1.2.1) 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; - (22-1.2.2) əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; - (22-1.2.3) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22- 1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı 1987 – 1995-ci illərdəki iş stajını təsdiq edən hər hansı arxiv araytışı və əmək kitabçasında müvafiq qeydlər mövcud olmadığından, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının həmin dövrün onun sığorta stajına daxil edilməməsi hərəkəti qanunsuz qiymətləndirilə bilməz. Odur ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, hətta iddiaçının 1987 – 1995-ci illərdəki iş stajını təsdiq edən yetərli sübutlar mövcud olsaydı belə, həmin illər sığorta stajı kimi nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması «Əmək pensiyaları haqqında» Qanunun 22-1.3-cü maddəsinin tələbləri daxilində mümün ola bilərdi. İddiaçı iddia ərizəsində üç tələb irəli sürsə də, tələblər bir-biri ilə əlaqəli və biri digərindən törəmə və asılıdır. Cavabdehin imtinası qanunsuz sayılmadığı halda, əmək pensiyyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbi əsassızdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması, əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması, əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7552/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7552/2022
11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver