Məhkəmə qərarları › İş №2-1(112)-7555/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7555/2025

15.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7555/2025 15.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı “avtonəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı “avtonəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmasının cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə (bundan sonra mətndə BDYPİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mercedez Benz 112 CDİ yük markalı **-HL-*** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi **********1559 olması, ban nömrəsinin son 8 rəqəminin korroziyaya uğraması, və təkrarlayıcı lövhənin yerində olmaması nöqsanları nəzərə alınmaqla nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi öhdəliyinin BDYPİ-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Mercedez Benz 112 CDİ yük markalı **-HL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun mülkiyyətindədir. AB 356493 nömrəli **-HL-*** dövlət qeydiyyat nişanlı buraxılış ili 2002-ci il olan ban nömrəsi WDF**********12876 olan Mercedez Benz 112 CDİ yük avtomobilinə qeydiyyat şəhadətnaməsi almışdır. BDYPİ Qeydiyyat İmtahan İdarəsində qeydiyyat hərəkətləri aparılarkən mühərrik nömrəsi **********1559 olması, ban nömrəsinin son 8 rəqəminin korroziyaya uğraması, və lövhənin yerində olmaması nöqsanlarına görə qeydiyyata alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik tədqiqatlar idarəsinin xx.xx.2025-ci il tarixli arayışı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş istintaq və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda bu nöqsanlarla bağlı məlumat verilmiş və bunun əsasında da “online” qaydada BDYPİ-yə müraciət edilmiş, sonuncu xx.xx.2025-ci il tarixdə imtina verərək müvafiq məhkəmə qərarı olduqda nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsinin mümkün olduğu bildirilmişdir. Mercedez Benz 112 CDİ yük markalı **-HL-*** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi **********1559 olması, ban nömrəsinin son 8 rəqəminin korroziyaya uğraması, və təkrarlayıcı lövhənin yerində olmaması nöqsanları nəzərə alınmaqla nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi öhdəliyinin BDYPİ-nin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh BDYPİ-nin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ: İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: xx.xx.2010-cu il tarixdə BDYPİ QİŞ tərəfindən verilmiş AB № 356493 “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamə”sindən müəyyən olunur ki, **-HL-*** dövlət qeydiyyat nişanlı 2002-ci il buraxılış ili, № WDF**********2876 ban nömrəli “Mercedes Benz 112 CDİ” yük sərnişin markalı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli, 25/10 №-li tədqiqat haqqında arayışda göstərilmişdir ki, “Mercedes Benz 112 CDİ” yük sərnişin markalı, baxış zamanı üzərində **-HL-*** dövlət qeydiyyat nişanları olan avtomobilə baxış Bakı şəhərində keçirildi. Avtomobilə baxış zamanı müəyyən edildi ki, o albalı rəngli boya ilə rənglənmişdir (Bax: Fotocədvəl-l, Foto-l). Trasoloji tədqiqat qarşısında qoyulan suallara cavab vermək üçün avtomobilin qabaq sağ qapının ayaqaltı hissəsində ban nömrəsi vurulması nəzərdə tutulan hissəsinə baxış keçirildi. Baxış zamanı həmin hissədə həkk edilmiş “WDF63 8094” hərf və rəqəmləri aşkar edildi. Həmin hissə qismən korroziyaya uğramışdır. Həmin hərf və rəqəmlərin səth sumbata kağızı (təmizləyici kağız) vasitəsilə korroziyadan və boyadan metal səthədək təmizləndi və 7 x dəfə böyüdücü linzanin vasitəsilə müayinə edildi. Müayinə zamanı müəyyən edildi ki, avtomobilin ban nömrəsi həkk edilməsi nəzərdə tutulan hissəsində həkk edilmiş “WDF63 8094” hərf və rəqəmlər yerləşməsinə, ölçülərinə, formasına, ara məsafələrinə və Konfiqurasiyasına görə belə nəticəyə gəlmək olar ki, onlar zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin həmin “WDF63 8094” hərf və rəqəmlərdən sağ və aşağı hissəyə metal lövhə qaynaq edilmişdir. Həmin “WDF63 8094” hərf və rəqəmlər sağ tərəfdə qaynaq edilmiş metal lövhənin təxminin 40 x 53 mm. ölçüdə hissəsi kəsici alət vasitəsilə kəsilərək çıxarılmışdır. Həmin 40 x 53 mm ölçüdə kəsilmiş hissənin altında metalın korroziyaya uğraması və metal çatışmamazlığı aşkar edildi. Avtomobilin zavod lövhəsi (birka) vurulması nəzərdə tutulan hissəsinə baxış zamanı həmin hissədə yapışqan kağız olan zavod lövhəsindən fraqment aşkar edildi. Həmin zavod lövhəsi fraqmenti 7 x dəfə böyüdücü linzanin vasitəsilə müayinə edildi. Müayinə zamanı müəyyən edildi ki, zavod lövhəsinin fraqmentinin üzərində avtomobilin ban nömrəsini göstərən hərf və rəqəmlər müşahidə edilmədi, yoxdur. Sonra avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissəsinə fanar və diaqnostik güzgü vasitəsilə baxış zamani həmin hissədə iynə-ştamp üsulu ilə həkk edilmiş “**********1559” rəqəmləri aşkar edildi. Həmin rəqəmlər olan sahə 7 x dəfə böyüdücü linzanin vasitəsilə müayinə edildi. Müayinə zamanı həmin mühərrik nömrəsində olan “**********1559” rəqəmlər yerləşməsinə, ölçülərinə, vurulma dərinliklərinə, formalarına, Konfıqurasiyalarma görə belə nəticəyə gəlmək olar ki, onlar zavod usulu ilə vurulmuş standart rəqəmlərə xarakterikdir. Tədqiqata avtomobilin “ABN 3 5 6493” nömrəli qeydiyyat şəhadətnaməsinin surəti təqdim edilmişdir. Şəhadətnamənin birinci üzündə avtomobilin qeydiyyat nişanları: ** HL ***, marka, model: Mercedes Benz 112 CDİ, tipi: Vaqon 7+1, buraxılış ili: 2002, mühərrik:CDİ, ban: WDF**********2876, rəngi: albalı, ikinci üzündə isə şəhadətnamənin verilmə tarixi,verən orqan və avtomobil sahibi haqqında məlumatlar vardır. “Mercedes Benz 112 CDİ” yük sərnişin markalı, baxış zamanı üzərində **-HL-*** dövlət qeydiyyat nişanları olan avtomobilə baxış gündüz vaxtı, təbii işıqda aparıldı. Beləliklə aparılmış tədqiqata əsasən belə nəticəyə gəlmək olar ki: 1. “Mercedes Benz 112 CDİ” yük sərnişin markalı, baxış zamanı üzərində **-HL-*** dövlət qeydiyyat nişanları olan avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş “WDF63 8094” hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin həmin “WDF63 8094” hərf və rəqəmlərdən sağ və aşağı hissəyə metal lövhə qaynaq edilmişdir. Həmin “WDF638094” hərf və rəqəmlər sağ tərəfdə qaynaq edilmiş metal lövhənin təxminin 40 x 53 mm ölçüdə hissəsi kəsici alət vasitəsilə kəsilərək çıxarılmışdır. Həmin 40 x 53 mm ölçüdə kəsilmiş hissənin altında metalın korroziyaya uğraması və metal çatışmamazlığı aşkar edildi. 2. Avtomobildə zavod lövhəsi (birka) vurulması nəzərdə hissədə yapışqan kağız olan zavod lövhəsindən fraqment aşkar edildi. Həmin zavod lövhəsi fraqmentinin üzərində avtomobilin ban nömrəsini göstərən hərf və rəqəmlər müşahidə edilmədi, yoxdur.

3. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş mühərrik nömrəsində olan “**********1559” rəqəmlər zavod üsulu ilə vurulmuş standart rəqəmlərə xarakterikdir.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-B-5/2-623/2025 №-li məktubunda göstərilmişdir ki, 28 dekabr 2024-cü il tarixdə Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə müraciət edilərək ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı adına qeydiyyatda olan Salyan rayonu Kürsəngi kəndində qeydiyyatda olan X1 etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz 112 CDİ” yük sərnişin markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı, vaqon 7+1 tipli, CDİ mühərrikli, WDF**********2876 ban nömrəli, albalı rəngli, 2002-ci il buraxılışlı avtomobilin ban nömrəsinin son 8 rəqəminin korroziyaya uğraması, mühərrik nömrəsinin **********1559 olması və təkrarlayıcı lövhənin yerində olmaması ilə bağlı olaraq araşdırma aparılması xahiş edilmişdir. Daxil olmuş material üzrə araşdırma ona həvalə edilmiş və material üzrə tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı X2 izahatında göstərmişdir ki, “Mercedes Benz 112 CDİ” yük sərnişin markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı, vaqon 7+1 tipli, CDİ mühərrikli, WDF**********2876 ban nömrəli, albalı rəngli, 2002ci il buraxılışlı avtomobil etibarnamə əsasında özünə məxsusdur. Həmin avtomobili 06 sentyabr 2018-ci il tarixdə almışdır. Avtomobildə heç bir dəyişiklik aparmamış, yalnız ban nömrəsində olan çürüntünü təmizləmişdir. 27 dekabr 2024-cü il tarixdə müvafiq sənədləşmə aparılması üçün BDYPİ-nə müraciət etmişdir. Avtomobilə baxış keçirilmiş və ban nömrəsinin son 8 rəqəminin korroziyaya uğraması, birkanın yerində olmadığı və mühərrik nömrəsinin fərqli olması bildirilib qeydiyyat hərəkətləri aparılmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 11 yanvar 2025-ci il tarixli, 25/10 nömrəli tədqiqat haqqında arayışından görünür ki, “Mercedes Benz 112 CD1” yük sərnişin markalı, baxış zamanı üzərində **-HL-*** dövlət qeydiyyat nişanları olan avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş “WDF638094” hərf və rəqəmləri zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin həmin “WDF638094” hərf və rəqəmlərdən sağ və aşağı hissəyə metal lövhə qaynaq edilmişdir. Həmin “WDF638094” hərf və rəqəmlər sağ tərəfdə qaynaq edilmiş metal lövhənin təxminən 40 x 53 mm ölçüdə hissəsi kəsici alət vasitəsilə kəsilərək çıxarılmışdır. Həmin 40 x 53 mm ölçüdə kəsilmiş hissənin altında metalın korroziyaya uğraması və metal çatışmazlığı aşkar edildi. Avtomobilin zavod lövhəsi (birka) vurulması nəzərdə tutulan hissədə yapışqan kağız olan zavod lövhəsinin fraqmenti aşkar edildi. Həmin zavod lövhəsi fraqmentinin üzərində avtomobilin ban nömrəsini göstərən hərf və rəqəmlər müşahidə edilmədi, yoxdur. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş mühərrik nömrəsində olan “**********1559” rəqəmlər zavod üsulu ilə vurulmuş standart rəqəmlərə xarakterikdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, texniki baxışa təqdim edilmiş “Mercedes Benz 112 CDİ” yük sərnişin markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı, vaqon 7+1 tipli, CDİ mühərrikli, WDF **********2876 ban nömrəli, albalı rəngli, 2002-ci il buraxılışlı avtomobilin ban nömrəsi göstəricisinə müdaxilə edilmiş, ban nömrəsinin son səkkiz rəqəmi yoxdur, həmin sahədə metal lövhə qaynaq edilməsi və metalın bir hissəsinin kəsilməsi aşkar olunmuş, təkrarlayıcı zavod lövhəsi yoxdur, avtomobilin mühərriki isə dəyişdirilmişdir. Qəbul edilmiş standartlara əsasən avtomobilin növündən asılı olaraq ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edilir. Hansı ki, həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal edildiyi zavod, istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, ötürücünün növü barədə və istehsal üzrə digər məlumatlar hərf və ya rəqəm şəklində stasionar olaraq avtomobilin banı və ya şassisi üzərinə zavod üsulu ilə həkk edilməklə yerləşdirilir. Bu qəbul olunmuş 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə göstərici norması pozulmuş olurki, bu halda avtomobilin əsas stasionar göstəricisi üzrə qeydi yəni ban və ya şassi nömrəsi üzrə göstəricilər qüsurlu olur. Hansıki qeyd edilən 17 göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi, həmçinin ban nömrəsinin kəsilib qaynaq edilməsi (banın dəyişdirilməsi ehtimalı) həmin avtomobildə hər hansı bir qurğu və ya avadanlıq üzrə göstəricinin, həmçinin istehsal ilinin fərqli olmasına dəlalət edir. Nəqliyyat vasitəsinin qeydiyyata alınması, qeydiyyatdan çıxarılması və təkrar qeydiyyat işlərinin aparılması BDYPİ-nin səlahiyyətlərinə daxildir. Göründüyü kimi təqdim edilmiş “Mercedes Benz 112 CDİ” yük sərnişin markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı, 2002-ci il buraxılışlı avtomobilin izlənilən detal göstəricisi olan ban nömrəsinə müdaxilə olunmuşdur. Avtomobildə ban və ya şassi nömrəsi stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və ya oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır. Odur ki, bu hal nəzərə alınmalıdır.

İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan BDYPİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-13-16-2C-9820 saylı cavab məktubunda qeyd olunmuşdur ki, “... qeyd olunan (“MERCEDES BENZ 112 CDİ YÜK” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı) nəqliyyat vasitəsinin ban nömrəsinin son 8 rəqəminin korroziyaya uğraması, mühərrik nömrəsinin **********1559 olması və təkrarlayıcı lövhənin yerində olmaması səbəbindən xahişinizin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnuzun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər”. TƏTBİQ EDİLƏN HÜQUQ

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: ... Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı İ. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. ... V. Bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (bu Qanunun 27-ci maddəsinin Vİ-İİ hissəsinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. … V-İİ. Nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. Vİ. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. XV. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Maddə 28. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi İ. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda yol hərəkətində olan nəqliyyat vasitəsi və onun sahibi haqqında məlumatları təsdiq edən vahid sənəddir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı — “AZ”, bu sənədi verən orqanın adı, onun verilmə tarixi və aşağıdakı məlumatlar göstərilir: 1) nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi — “A”; 2) nəqliyyat vasitəsinin buraxılış ili və ya ilk qeydiyyatının tarixi — “B”; 3) nəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adı və yaşayış yeri — “C”; 4) nəqliyyat vasitəsi istehsalçısının adı və ya markası — “D”; 5) nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, rəngi — “E”; 6) nəqliyyat vasitəsinin icazə verilmiş maksimum kütləsi (yalnız yük daşıyan nəqliyyat vasitəsi üçün) — “F”; 7) nəqliyyat vasitəsinin yüksüz kütləsi (yalnız yük daşıyan nəqliyyat vasitəsi üçün) — “G”; 8) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarlılıq müddəti (bu müddət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhdudlaşdırılırsa) — “H”. İİ. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin adı Azərbaycan Respublikasının dövlət dilində və fransız dilində (“Certificat dimmatriculation”), bu maddənin birinci hissəsinin 1-ci—8-ci bəndlərində göstərilən məlumatların adı Azərbaycan və ingilis dillərində, başqa məlumatlar isə Azərbaycan dilində yazılırlar. İİİ. Nəqliyyat vasitəsi qeydiyyat üzrə uçota alındıqda, bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. İV. Nəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adı dəyişdirildikdə, ona verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi itdikdə və ya yararsız hala düşdükdə, bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada onlara verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi dəyişdirilir. Qeydiyyat şəhadətnaməsinin dublikatını almaq üçün, onun sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs əvvəlki şəhadətnamənin itirilməsi barədə müvafiq icra hakimiyyəti orqanına müraciət edir. V. Bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki yazılarda dəqiqsizliyə yol verilmişdirsə, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi nəqliyyat vasitəsi sahibindən dövlət rüsumu alınmadan, müvafiq dövlət orqanının hesabına dəyişdirilir. Vİ. Bu Qanunun 27-ci maddəsinin ikinci v üçüncü hissələrində nəzərdə tutulmuş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları nəqliyyat vasitələrinə verilmiş qeydiyyat şəhadətnamələrindəki məlumatların mərkəzləşdirilmiş uçotunun aparılmasını təmin edirlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”: ... 1.2. Mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri") onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər; ... 1.3…. Nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. … 1.5. Nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texnikiuçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra “qeydiyyat hərəkətləri” adlanır. 1.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. … 2.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. ...

8. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi 8.1. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsində nəzərdə tutulmuş formada və qaydada verilir. 8.2. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi itdikdə onun dublikatını almaq üçün, nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs əvvəlki şəhadətnamənin itirilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edir.

“İnzibаti icrааt hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnunu: … 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. … 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. … 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. … 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. … 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. … 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. … 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. … 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.

MƏHKƏMƏNİN MÖVQEYİ

Normaların məzmunundan da göründüyü kimi, nəqliyyat vasitələrinin müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi mexanizmi və bu mexanizmin tətbiqi müvafiq olaraq zəruri sənədlərin təqdim olunması, nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması və qanunvericilikdə səciyyələnmiş digər əsaslara görə həyata keçirilir. Nəzərə alınmalıdır ki, nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması “qeydiyyat hərəkətləri” anlayışını ehtiva edir. Məhkəmə diqqətə çatdırır ki, qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Dövlət qeydiyyat şəhadətnaməsi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda yol hərəkətində olan nəqliyyat vasitəsi və onun sahibi haqqında məlumatları təsdiq edən vahid sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 8.2-ci bəndində təsbit edilmişdir ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi itdikdə onun dublikatını almaq üçün, nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs əvvəlki şəhadətnamənin itirilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edir. İstinad olunmuş normanın təhlilindən görünür ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi itirildikdə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs dublikatını almaq üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etməlidir. İşin faktiki hallarından müəyyən olunur ki, mübahisəli avtomobil iddiaçının adına qeydiyyata alınaraq AB 356493 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir və halhazırda mülkiyyətindədir. Göründüyü kimi avtomobilin hazırda iddiaçının qanuni sahibliyində və istifadəsində olması iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə cavabdeh orqan tərəfindən mübahisə predmeti olan nəqliyyat vasitəsi ilə qeydiyyat hərəkətlərinin aparılmamasını iddiaçının mülkiyyət hüququnu reallaşdırılmasına maneə kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə görə daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə icraatı zamanı mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində iş üzrə trasoloji ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3/367 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki; - Təqdim edilmiş “Mercedes-Benz 112 CDİ” yük sərnişin markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilin “WDF638094.......” ban nömrəsini bildirən hərf və rəqəmlər zavod üsulu ilə həkk edilmişdir. Lakin ban nömrəsi həkk edilmiş detalın bir hissəsində qaynaq izi vardır, bir hissəsi isə kəsilərək götürülmüşdür. Bu da həmin avtomobilin ban nömrəsinin dəyişdirilməsinə dəlalət etmir. - Avtomobilin ban nömrəsi həkk edilmiş metal löhvənin bir hissəsinin kəsilməsi və qaynaq olunması onun təmir olunması nəticəsində yarana bilər. - Təqdim edilmiş “Mercedes-Benz 112 CDİ” yük sərnişin markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobildə aşkar edilmiş bn nömrəsinin bir hissəsi ilə ona məxsus qeydiyyat şəhadətnaməsində olanban nömrəsi uyğunluq təşkil edir, mühərrik nömrəsi isə zavod üsulu ilə həkk edilməklə fərqlilik təşkil edir. Məhkəmə rəyi vermiş ekspertin bu sahədə xüsusi biliyinin olduğunu nəzərə alaraq, həmin rəylə razılaşır və ekspertin rəy üzrə gəldiyi nəticəni işin hallarına uyğun hesab edir. Nəzərə alınmalıdır ki, qanunvericilik inzibati icraatda işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halların hərtərəfli araşdırılmasını inzibati orqana vəzifə kimi müəyyən edir, eləcə də yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə ərizəçilərin üzərinə öhdəliklərin qoyulmasını və bu tələblərə əməl olunmaması (və ya lazımi qaydada əməl olunmaması) şərtilə ərizəçinin arzuladığı qərarın qəbulundan və ya hərəkətin edilməsindən imtinanı qadağan edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamışdır, cavabdehin imtinası qanunazidd oluş və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur, imtina mövcud inzibati praktikaya uyğun olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq iş üzrə cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən 110 (bir yüz on) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

NƏTİCƏVİ HİSSƏ

Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. “Mercedez Benz 112 CDİ” yük markalı **-HL-*** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi **********1559 olan nəqliyyat vasitəsinə dair İddiaçı müraciəti əsasında qeydiyyat hərəkətlərinin aparılması öhdəliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq iş üzrə cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən 110 (bir yüz on) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar