Məhkəmə qərarları › İş №2-1(112)-7561/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7561/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7561/2021 05.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil Rüfət oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti və Sabunçu rayonu Nardaran Bələdiyyəsi) «reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»nə dair iddia tələbi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbə üzrə nümayəndəliyinin 18 mart 2005-ci il tarixli 02/138 nömrəli qərarı və qərara əlavə olunmuş qanunvericiliklə tələb olunan digər sənədlərin tərtibi əsasında Nardaran qəsəbəsinin yaşayış məntəqəsi hüdudları daxilində iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 1.200 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi Bakı Şəhər XDS İK-nın 13/713 saylı 27 yanvar 1989-cu il tarixli qərarına əsasən fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Nardaran qəsəbəsində həyətyanı torpaq fondu tərəfindən ayrılmışdır. Bakı ŞİH tərəfindən tərtib edilmiş, Baş Plana uyğun olaraq hər bir ailəyə 1.200 kv.m hesabı ilə torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. 18 mart 2005-ci il tarixdən həmin torpaq sahəsi onun (iddiaçının) istifadə və sərəncamındadır. Hətta torpağın yerləşdiyi yer üzrə Nardaran Bələdiyyəsi tərəfindən yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında 22 avqust 2017-ci il tarixli şəhadətnamə verilmişdir. Bundan başqa, Sabunçu rayonu Nardaran Bələdiyyəsi ilə onun arasında istifadədə olan torpaq və əmlak sahəsinə görə ödəniləcək vergi üçün yerli vergi ödəyicisinin uçota alınması haqqında 22 avqust 2017-ci il tarixli 176 saylı müqavilə bağlanmışdır. Göründüyü kimi, həmin torpaq sahəsi onun istifadəsində və sərəncamındadır. Həmin torpaq sahəsində 1 otaqlı yarımçıq tikili mövcuddur. Torpaqla bağlı hüquqları rəsmiləşdirilmədiyi, reyestr qeydiyyatına alınmadığı üçün 16 ildir ki, hal-hazırda da faktiki mülkiyyətisində olan torpaq sahəsində ev tikib yaşaya bilmir, mülküdən faydalana bilmir. Əlaqədar orqanlar torpağın dövlət qeydiyyatına alınmalı olduğunu bildirir, bundan sonra tikintiyə icazə alınmasının mümkünlüyünü söyləyirlər. Bu çətinliyə görə o və ailəsi konstitusiya ilə bəyan olunan mülkiyyət, mənzil, yaşayış hüquqlarını reallaşdıra, həmçinin Konstitusiya ilə malik olduğu digər hüquq və vəzifələrini gerçəkləşdirə bilmirlər. Bundan əlavə, faktiki sahibliyində və qanuni istifadəsində olsa da, dövlət qeydiyyatına alınmaması və mülki dövriyyədən kənarda qalması səbəbindən mülk üzərində sərəncam verməklə bağlı hüquqlarını həyata keçirə bilmilər. İddiaçı hüquqlarının qeydiyyatı ilə bağlı 2021-ci ilin aprel ayında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edib qanuni istifadəsində (əslində isə qanuni mülkiyyətində) və faktiki sahibliyində olan torpaq sahəsinin dövlət reyestrində öz adına qeydiyyatının aparılmasını, reyestrdən çıxarış və texniki sənəd verilməsini xahiş etmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi 21 may 2021-ci il tarixli imtina bildirişi ilə hüquqların qeydiyyatından imtina etmişdir. Cavabdehin yazılı imtina bildirişi ona yaşadığı ünvanın ərazi poçt şöbəsindən 25 may 2021-ci il tarixdə təqdim edilmişdir. İmtina bununla əsaslandırılmışdır ki, elektron kadastr baza məlumatına əsasən ayrılmış torpaq sahəsi ümumi hasar daxilində olmaqla Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində yerləşir. Bundan əlavə, təqdim edilmiş Nardaran qəsəbə nümayəndəliyi tərəfindən verilmiş qərardan çıxarış qanunvericliyə uyğun (torpağın ayrılması səlahiyyətləri xaricindədir) deyildir. İddaçının hüququnun qeydiyyatından imtina edilərkən və ona yazılı imtina bildirişi verilərkən bundan sonrakı hüquqi müdafiə vasitələri, məhkəməyə müraciət etməklə bağlı hüquqlar nəinki ona izah edilməmiş, ümumiyyətlə, belə bir hüququnun olması gizlədilmiş, eləcə də imtina bildirişlərində vurğulanmamışdır. Göründüyü kimi, qanunvericiliyə əsasən onun torpaq sahəsi üzərində mülkiyyət hüququ vardır və bu hüququn qeydiyyata alınmalı olmasının özü onun ayrıca bir hüququdur. Eyni zamanda, onun pozulmuş hüquqlarının məhkəmədə müdafiəsi hüququ da vardır. Cavabdehin imtina bildirişindəki imtina səbəblərinin əsassızlığına dair sübut və dəlillər aşağıdakılardan ibarətdir. İmtinanın birinci dəlili odur ki, “Elektron kadastr baza məlumatına əsasən ayrılmış torpaq sahəsi ümumi hasar daxilində olmaqla Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində yerləşir. Bu imtina səbəbi əsassızdır, O səbəbdən ki, elektron kadastr məlumatları Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanı ilə qəbul edilmiş «Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi Qaydaları»n tətbiqindən sonra toplanmağa başlanmışdır. Bu Fərman qəbul olunana və elektron kadastr məlumatları formalaşdırılana kimi torpaq sahəsi 11 il ərzində onun qanuni istifadəsində və faktiki sahibliyində olmuş, 2005-ci ildən torpaq sahəsi hasarla əhatə olunmuş, torpaq sahəsinin giriş-çıxış darvazası olmuşdur. Belə bir halda, sahibi olduğu torpaq sahəsi ilə bağlı elektron kadastr məlumatları toplanılarkən və bu məlumatlar torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilərkən, rəqəmsal kadastr xəritəsi tərtib edilərkən hansı sənəbdən onun məlumatı olmamış, torpağın faktiki sahibinin, yəni onun hüquqları nəzərə alınmamışdır. Halbuki, sözügedən Qaydaların 1.4-cü bəndinə əsasən sistemin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işləri üçün görüləcək tədbirlərdən biri də torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi tədbiri idi. Topağın olduğu ərazi ilə bağlı belə bir layihə yoxdur və sözügedən Fərman faktiki olaraq icra edilməmiş, bu səbəbdən də elektron kadastr məlumatları formalaşdırılarkən bu cür layihələrə istinad olunmamışdır. Buna görə də, həmin məlumatları torpaq sahəsinin guya Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun sahəsinə düşməsinə dair məlumatı mötəbər hesab etmək olmaz və bu mübahisəlidir, mübahisəli bir vəziyyət yaratmışdır. Məhz bu mübahisə hazırki məhkəmədə araşdırılmalı və aradan qaldırılmalıdır. Əgər ona məxsus torpaq sahəsinin Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun sahəsi hesab edilməsi mülkiyyət hüququnun (sahiblik və istifadə imkanların) yaranmasından sonra (2005-ci ildən sonra) baş vermişdirsə, bu halda onun mülkiyyət hüququ ilkin olaraq yarandığı üçün qeydiyyata alınmalıdır. İmtinanın ikinci dəlili odur ki, “Nardaran qəsəbə nümayəndəliyi tərəfindən verilmiş qərardan çıxarış qanunvericliyə uyğun (torpağın ayrılması səlahiyyətləri xaricindədir) deyildir. Əvvəla, təqdim edilən qərardan çıxarış Sabunçu RİH Nardaran qəsəbəsi üzrə nümayəndiliyi tərəfindən verilmiş, bundan sonra həmin istifadəsdə olan torpağa görə Nardaran Bələdiyyəsi ilə vergi ödəyici kimi müqavilə bağlanmışdır. Ona bələdiyyə orqanı tərəfindən müqavilə təqdim edilmişdir. Bu aktlar İcra Hakimiyyəti və bələdiyyənin səlahiyyətində olan bir məsələ olub. Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi sahə 3, yer 31 ünvanında yerləşən 1.200 kv.m. ölçüdə torpaq sahəsinin onun adına mülkiyyət hüquqları ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılaraq buna dair reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilməsinin DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvələ edilməsinə dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 28 iyul 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı iddiası etirazla qarşılanır. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, kadastr məlumatına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi ümumi hasar daxilində olmaqla, Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində yerləşir. Bundan əlavə, təqdim edilmiş Nardaran qəsəbə nümayəndəliyi tərəfindən verilmiş qərardan çıxarış qanunvericiliyə uyğun (torpağın ayrılması səlahiyyətləri xaricindədir) deyildir və bu barədə vətəndaşa 21 may 2021-ci il tarixli məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Belə ki, Azərbaycan Respublikasi Prezidentinin 16 iyun 1999-cu il 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin müddəalarında şəhər rayonları icra hakimiyyətinin qəsəbə üzrə nümayəndəliyinin torpaqayırma səlahiyyəti qeyd olunmamışdır. Yuxarıda qeyd olunanlara və AR Torpaq Məcəlləsinin 56.1, 66.1, 68-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 10, 11.1-ci maddələrinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı tərəf məhkəmə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək «reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını, ilkin iddia ərizəsində göstərilən üçüncü şəxslərin icraatda iştirakçılıqdan çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsini qəbul edilmiş və üçüncü şəxslərin işdə prosessual iştirakına xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil Rüfət oğlu iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətində (etirazda) göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. AR Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünü tərtib edilməsini və verilməsini təmin etmık Xidmətin vəzifələri sırasına daxildir. İş materiallarında olan Bakı şəhəri Sabunçu RİH Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin 18 matr 2005-ci il tarixli 02/138 saylı qərarından çıxarışın surətindən görünür ki, Bakı Şəhər XDS İK-nın 13/888 saylı 27 yanvar 1989-cu il tarixli qərarını rəhbər tutaraq, fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Nardaran qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrıldığı nəzərə alınaraq, Bakı şəhərinin Baş Planına uyğun şəkildə vətəndaşlar İddiaçı və digərlərinə hər bir ailəyə 1.200 kv.m ölçüdə olmaqla adıçəkilən şəxsə 3-cü sahədə 11 saylı yerdə həmin ölçüdə torpaq sahəsi ayrılmışdır. İş materiallarından görünür ki, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 21 may 2021-ci il tarixli məktubda aşağıdakılar bildirilmişdir: - Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, sahə 3, yer 31 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 5 may 2021-ci il tarixli ərizəyə baxılmışdır. Elektron baza məlumatına əsasən ərizəçinin (İddiaçı) göstərdiyi torpaq sahəsi ümumi hasar daxilində olmaqla, nardaran Tərəvəzçilik-Südçülük Sovxozunun ərazisində yerləşir. Bundan başqa, təqdim edilmiş Nardaran qəsəbə nümayəndəliyi tərəfindən verilmiş qərardan çıxarış qanunvericiliyə uyğun (torpağın ayrılması səlahiyyətləri xaricindədir) deyildir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 15-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının müddəalarına əsaslanaraq, hüquqların qeydiyyatından imtina edilmişdir. Məhkəmə mübahisəyə qiymət verərlən aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsininm Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəısinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan SSR-in 1970-ci il taroxli 7 iyul tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Torpaq Məcəlləsinin 20-ci maddəsinin İİ – İV hissələrinə əsasən rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Şəhər və qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 107-ci maddəsinə müvafiq olaraq, qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri isə, həmçinin bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulmuş qaydada qəsəbə Sovetinə ayrılmış torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verirlər. Kənd xalq deputatları Sovetlərinin icraiyyə komitələri kolxozların, sovxozların və digər kənd təsərrüfatı müəssisələrinin, idarələrinin, təşkilatlarının istifadəsindəki torpaqların tərkibinə daxil olmayan kənd yaşayış məntəqələri torpaqlarından və bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulmuş qaydada kənd xalq deputatları Sovetinə ayrılmış torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verirlər. Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsinin 7-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər: Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının, eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Göründüyü kimi, əvvəlki dövrlərdə qüvvədə olan qanunvericilik normaları dövlət mülkiyyətində olan torpaq ərazilərindən vətəndaşlara müəyyən təyinat üzrə torpaq sahələrinin ayrılması səlahiyyətlərini rayon (şəhər) xalq deputarları sovetləri tərəfindən onların müvafiq icra orqanına, habelə kənd xalq deputatları Sovetlərinin icraiyyə komitələrinə verilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndində nəzərdə tutulmuşdur ki, bu Konstitusiya qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası yerli xalq Deputatları Sovetlərinin səlahiyyətlərinə xitam verilir. Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Qeyd olunanlara əsasən belə nəticə əldə olunur ki, vətəndaşlara Bakı Şəhər XDS İK-nn 27 yanvar 1989-cu il tarixli qərarı ilə fərdi mənzil tikintisi üçün Bakı şəhəri Lenin (indiki Sabunçu) rayonunun Nardaran qəsəbəsində həyətyanı torpaq fondu üzrə təhkim edilmiş ərazidən Bakı şəhəri Sabunçu Rayon İH başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin torpaq sahəsi ayırması qanunsuz sayıla, yəni səlahiyyətsiz orqanın torpaq ayırması kimi qiymətləndirilə bilməz. Bununla da, işdə olan sənədlərlə Nardaran qəsəbəsindəki 3-cü sahə 11 saylı yerdə olan 1.200 kv.m ölçüdə torpaq sahəsinin hazırkı İddiaçı qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Belə olan halda, məhkəmə qeyd edir ki, hazırkı İddiaçı ona Bakı şəhəri Sabunçu RİH Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin 18 mart 2005-ci il tarixli 02/138 saylı qərarı ilə Nardaran qəsəbəsindəki 3-cü sahə 11 saylı yerdə olan 1.200 kv.m ölçüdə torpaq sahəsinə «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə əsasən mülkiyyət hüququ əldə etmiş sayılır. Odur ki, məhkəmə inzibati orqanın imtina ilə əlaqədar dəlillərini formal xarakterli qiymətləndirilir və hesab edir ki, iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsünün təsviri”ndə aşağıdakılar qeyd olunmuşdur: - (1-ci bənd) bu sənəddə torpaqlara dair AR Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü təsvir edilir; - (2-ci bənd) nümunəsi bu sənədə əlavə edilən plan və ölçünü AR Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan qurum Azərbaycan Respublikasının dövlət dilində A4 formatlı xüsusi kağızda tərtib edir. Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilmişdir. Fərmanla təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturu”nda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzərdə tutulmuşdur. AR Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Bakı şəhəri, Nardaran qəsəbəsindəki 3-cü sahə 11 saylı yerdə olan 1.200 kv.m ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın verilməsi və həmin torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nardaran qəsəbəsindəki 3-cü sahə 11 saylı yerdə olan 1.200 kv.m ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın verilməsi və həmin torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar