Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7563/2021 30.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı X1 və cavabdehin nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı X1 cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X1 cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. 01.01.2006cı il tarixədək 26 il 6 ay, 20 gün ümumi iş stajı, 18 il 3 ay güzəştli iş stajı mövcuddur. Lakin cavabdeh qeyd olunan halları nəzərə almadan mənə güzəştli şərtlərlə pensiyanın təyinindən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təyini üçün kifayət etmir. İmtina qanunsuz və əsassızdır. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının pensiya kapitalı 29162,69 manat təşkil edir ki, qeyd olunan məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddindən az təşkil edir. Həmin pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Eyni zamanda iddiaçının əmək kitabçasında qeyd olunan peşələr Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş 2 nömrəli siyahıda nəzərdə tutulan peşələrlə üst-üstə düşmür. Onun güzəşli iş stajı 12 il 6 aydan az təşkil edir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək “iddiaçıya 57 yaşdan, yəni 26.10.2018-ci il tarixdən əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunmalıdır ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdehin imtina üçün əsasları fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatna imkan verməməsi və güzəştli iş stajının tamamlanmaması göstərilsə də, məhkəmə iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatına mane ola biləcək digər əsasların da mövcud olmaması ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri görür. Qeyd olunmalıdır ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajları 01.01.2006-cı il tarixədək mövcud olmalıdır. Məhkəmə 1-ci və 2-ci şərtə münasibət bildirilməsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına daxil edilməlidir. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.11-ci maddəsinə əsasən də hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) sığorta stajına daxildir. İddiaçı tərəfindən təqdim olunmuş hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 20.10.1980-ci il tarixdən 23.11.1982-ci il tarixədək hərbi xidmətdən keçmişdir. 2 il 1 ay 5 gün təşkil edən xidmət illəri, iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Hərbi xidmət illərindən əlavə olaraq ümumi iş stajının müəyyən edilməsi ilə əlaqədar qeyd edilməsi zəruridir ki, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X4) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. İşdə olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: -19.02.1979-cu il tarixdən 13.10.1980-ci il tarixədək tornaçı şagirdi, maşınları sazlayan fəhlə şagirdi, maşınları sazlayan fəhlə peşələrində çalışmışdır. 13.10.1980-ci il tarixdə Sovet Ordu sıralarına çağrılması ilə əlaqədar işdən azad edilmişdir. Yuxarıda da qeyd edildiyi kimi 20.10.1980-ci il tarixdən 23.11.1982-ci il tarixinə kimi Sovet ordusunda xidmət etmişdir. 25.02.1983-cü ildən 17.07.2002-ci ilədək maşınları sazlayan fəhləsınaqçı, dəmirçi-ştamplayıcı, qalayçı, mühəndis-kimyaçı, qalvanik, qalvanik sahədə usta peşələrində çalışmışdır. 17.07.2002-ci il tarixdə vəzifədən azad edilmişdir. 18.07.2002-ci il tarixdə qalvanik sexinə rəis peşəsinə qəbul edilmiş və hal-hazırda həmin sahədə işləyir. Göründüyü kimi qeyd olunan iş stajı, orduda xidmət illəri cəmləndikdə müəyyən edilir ki, iddiaçının 01.01.2006-cı il tarixədək 26 il 07 ay 4 gün ümumi iş stajı mövcuddur. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan çox təşkil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş güzəştli iş stajı barədə arayışda iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda zərərli iş kimi nəzərdə tutulduğu qeyd edilmiş, iddiaçının işlədiyi müddətdə zərərli turşularla, o cümlədən xlorid turşusu, azot turşusu, sulfat turşusu, xromat turşusu, qələvilərlə birbaşa təmasda olduğu üçün zərərli şəraitə uyğun əmək haqqı ödənildiyi və əlavə məzuniyyət verildiyi bildirilmişdir. Məhkəmə güzəştli iş stajının mövcud olub-olmaması barədə aparılmış dəyərləndirmə nəticəsində hesab edir ki, iddiaçının digər peşələrdəki fəaliyyəti nəzərə alınmadan belə təkcə qalvanik sahəsində fəaliyyəti (18.12.1985-01.01.2006-cı illər) Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XİV. Metal emalı bölməsində halvanik üsulla metallara üzçəkmə istehsalı üzrə 2150500a—11629 kodu altında (fəhlələr-halvaniklər (yalnız hissələrin asılıb və çıxarılması, həmçinin bağlı vannaların avtomatik rejimində məşğul olanlardan başqa)), 2150500a—16265 kodu altında (qurğuşunlaşdırıcılar), 2150500b—23428 kodu altında (halvanik üsulla metallara üzçəkmə istehsalı üzrə sahə ustaları, böyük ustalar) zərərli iş kimi nəzərdə tutulmuşdur. Arayışda qeyd edilməsə belə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qalvanik sexində rəis vəzifəsi də 2150500b—24125 kodu altında (halvanik üsulla metallara üzçəkmə istehsalı üzrə sex rəisləri) zərərli vəzifə kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi hətta halvanik üsulla metallara üzçəkmə istehsalında fəhlə peşəsi nəzərə alınmadan təkcə rəhbər heyət kimi halvanik üsulla metallara üzçəkmə istehsalında usta və sex rəisi vəzifəsində belə onun zərərli iş stajı 12 il 6 aydan çoxdur (15 il 2 ay 2 gün). Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə məhkəmədə tətqiq edilmiş arayışı da nəzərə alaraq iddiaçının güzəştli iş stajına malik peşələrdə fəaliyyətini inandırıcı hesab edir. Məhkəmə həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddəsinin b) bəndində nəzərdə tutulan ümumi və güzəştli iş stajları toplanıldığından, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilən zaman, məhz həmin qanunvericiliyin normaları tətbiq olunmalıdır. Başqa sözlə desək, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı müddəa qanunun həmin dövrdə qüvvədə olan redaksiyasında nəzərdə tutulmadığından, iddiaçının topladığı ümumi və güzəştli iş stajları, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas verir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə 19.05.2021-ci il tarixdə (imtina məktubunda göstərilən tarix) cavabdehə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün deyil də, məhz onun pensiya hüququ yarandığı tarixdən, yəni 26.10.2018-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı X2 57 yaşdan, yəni 26.10.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-7563/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7563/2021
30.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver