Məhkəmə qərarları › İş №2-1(112)-7564/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7564/2021

14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7564/2021 14.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhər Nizami rayon Polis İdarəsinə qarşı X19, X15, X27, X20 və X24 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Nizami rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə 1950-ci il təvəllüdlü X3, 1955-ci il təvəllüdlü X1, 1978-ci il təvəllüdlü X16, 1980-ci il təvəllüdlü X4, 1982-ci il təvəllüdlü X8, 2007-ci il təvəllüdlü X5, 2007-ci il təvəllüdlü X6 və 2009-cu il təvəllüdlü X9 yaşayış sahəsinə əmlak və istifadə hüquqları mövcud olmayan şəxslər kimi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 135 saylı binanın 58 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları vəzifəsinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 18.06.2021-ci il tarixli, 2-1(112)-7564/2021 nömrəli qərardadı ilə yetkinlik yaşına çatmış X19, X15, X27, X20 və X24 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 135 saylı binanın 58 saylı 3 otaqlı mənzilini hazırda qeydiyyatdan çıxarılmasını tələb etdiyi X2 digər ailə üzvlərinin razılığı əsasında 4 saylı Bakı ASAN Xidmət Mərkəzinin Notariat ofisində 24 fevral 2020-ci ildə bağlanılmış və reyestrdə 4Ə-262 nömrə ilə qeydə alınmış AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında almışdır. Hazırda həmin mənzil Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli 19.03.2020-ci il tarixli çıxarışa əsasən onun mülkiyyətindədir. Mənzil cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilmişdir. Qeyd edilən alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən satıcı 05.04.2020-ci il tarixinədək mənzildən qeydiyyatdan çıxmalarını öhdəsinə götürmüşdür və bu barədə mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvləri notariata yazılı razılıq ərizəsi təqdim etmişlər. Müddət başa çatdıqdan sonra yaşayış yeri üzrə mənzildə qeydiyyatda olan X10 ailə üzvləri X15, X27, X20 və X8 və onların yetkinlik yaşına çatmamış uşaqlarının qeydiyyatdan çıxmaları barədə dəfələrlə müraciət etsə də məsələ öz həllini tapmamışdır. Tərəfindən göstərilən şəxslərin qeydiyyatdan çıxarılması üçün müvafiq zəruri sənədlər əlavə edilməklə 25 may 2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nizami rayon Polis idarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Həmin müraciətinə cavab olaraq hazırda cavabdeh olan inzibati orqanın rəhbəri tərəfindən imzalanmış və poçt vasitəsi ilə göndərilərək tərəfindən 08 iyun 2021-ci ildə alınmış 02.06.2021-ci il tarixli, 087-13555M- 3221 saylı məktubda göstərilmişdir ki, X20, X19, X15, X25, X27, X24, X21 və X6 Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 135 saylı binanın 58 saylı mənzilindən qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməyi tövsiyə olunur. “Asan 4” Xidmət Mərkəzindən verilmiş 25.05.2021-ci il tarixli, ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan, həmçinin 12 saylı MKİS-dən verilmiş 26.04.2020ci il tarixli, 416 saylı arayışdan müəyyən edilmişdir ki, 1950-ci il təvəllüdlü X19, 1955-ci il təvəllüdlü X15, 1978-ci il təvəllüdlü X27, 1980-ci il təvəllüdlü X20, 1982-ci il təvəllüdlü X24, 2007-ci il təvəllüdlü X21, 2007-ci il təvəllüdlü X22 və 2009-cu il təvəllüdlü X25 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 135 saylı binanın 58 saylı mənzilində qeydiyyatdadırlar. Hazırda alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 135 saylı binanın 58 saylı mənzil onun mülkiyyətinə keçdiyindən qeydiyyatdan çıxarılmalarını tələb etdiyi şəxslərin həmin mənzildə yaşayış sahəsinə əmlak və istifadə hüquqları mövcud deyildir və bu səbəbdən də onların qeydiyyatdan çıxarılması üçün hüquqi əsaslar yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxslər lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdehin səlahiyyətli nümayəndəsi və üçüncü şəxslər isə məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 00****** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1946-cı ildə doğulmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 80,10 kvm. olan mənzil xüsusi mülkiyyət hüququ üzrə 19.03.2020ci il tarixdən İddiaçı məxsusdur. - Bakı şəhəri, 4 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş AN-İ ******* №-li, 24.02.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən satıcı X19 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, sahəsi 80,7 kvm. olan mənzili 110.500 manata alıcı İddiaçı satmış, satıcı X19 05.04.2020ci il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, 25.05.2021-ci il tarixli arayışdan görünür ki, 01.01.1980-cı il təvəllüdlü X20, 03.05.1950-ci il təvəllüdlü X19, 01.11.1955-ci il təvəllüdlü X15, 13.02.2009-ci il təvəllüdlü X25, 28.12.1978-ci il təvəllüdlü X27, 05.06.1982-ci il təvəllüdlü X24, 28.12.2007-ci il təvəllüdlü X21, 28.12.2007-ci il təvəllüdlü X22 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamnenti 1 saylı XTMKTB-nin 12 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 416 №-li, 26.04.2021-ci il tarixli arayışından görünür ki, ünvan 1 ünvan İddiaçı məxsusdur. X19, X15, X27, X20, X24, X25, X26, X22 həmin mənzildə daimi qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********89 №-li, 27.07.2021-ci il tarixli məktubdan görünür ki, X3, X1, X16, X4, X8 Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 135, 58 saylı mənzilə dair istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 018-9731-1221 №-li, 06.07.2021-ci il tarixli məktubdan görünür ki, 03.05.1950-ci il təvəllüdlü X19 15.08.2005-ci il, 01.11.1955ci il təvəllüdlü X15, 28.12.1978-ci il təvəllüdlü X27 13.09.2006-cı il, 01.01.1980-cı il təvəllüdlü X20 və 05.06.1982-ci il təvəllüdlü X24 30.06.2005-ci il tarixdən hal-hazıradək ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Əlavə olaraq bildirilmişdir ki, adları qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. - Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamnenti 1 saylı XTMKTB-nin 12 saylı Mənzil Kommunal İstismar sahəsinin 901 №-li, 14.09.2021-ci il tarixli arayışından görünür ki, X19, X27, X20, X24, X25, X26, X22 ünvan 1 ünvanında qeydiyyatda olsalar da yaşamırlar. - Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 02.06.2021-ci il tarixli, 087-13555M-3221 №-li məktubdan görünür ki, “Yaşayış veri və oldığu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsnə əsasən şəxs yaşayış yeri üzrə aşağıdakı hallarda qeydiyyatdan çıxarılır: yaşayış yerini dəyişdikdə - yeni laşayış yeri üzrə qeydiyyata almaması barədə müvafiq icra hakimiyyəti orqanlarının məljmatına əsasən; başqa ölkədə yaşayış yeri seıjdikdə - müvafiq icra hakimiyyəti orqanlarınn məlumatına əsasən; azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qeyd olunanları nəzərə alaraq X11, X12, X7, X17, X23, X18, X13 və X14 ünvan 7 ünvanından qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməyi tövsiyyə olunur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 5 ünvanda yerləşən yaşayış sahəsi X3 xüsusi mülkiyyətində olmuş, sonuncu mülkiyyətində olan həmin mənzili İddiaçı 24.02.2020-ci il tarixdə satmışdır. Mənzilin keçmiş mülkiyyətçisi X19 mənzili satdıqdan sonra 05.04.2020-ci il tarixədək özü və ailə üzvləri qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də buna əməl etməmişdir. Mübahisəli mənzil hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Üçüncü şəxslər X19, X15, X27, X20, X24 və yetkinlik yaşına çatmayan X25, X21, X22 qeyd olunan ünvanda qeydiyyatda olsalar da hal-hazırda həmin mənzildə yaşamırlar. İddiaçı mülkiyyətində olan mənzildə qeydiyyatda olan, lakin həmin mənzildə yaşamayan, ailə üzvü olmayan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı inzibati orqana müraciət etsə də onun müracitəti təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: -mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; -həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; -istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin ikinci hissəsində olan digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-nin 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə qeyd edir ki, mənzildən qeydiyyatdan çıxarılması tələb edilən üçüncü şəxslərin mübahisəli mənzil üzrə istifadə hüquqlarının yaranmasına dair iddiaçı ilə bağlanmış notariat qaydada təsdiq edilmiş yazılı razılaşmanın mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqan: vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası: vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi) - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Belə olan halda mülkiyyətçi ona məxsus mənzildə qeydiyyatda olan, lakin faktiki olaraq həmin mənzildə yaşamayan şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Mübahisəli mənzildə qeydiyyatda olan üçüncü şəxslər X19, X15, X27, X20, X24 və yetkinlik yaşına çatmayan X25, X21, X22 qeyd olunan mənzildə yaşamadıqlarından, eləcə də onların həmin mənzildə istifadə hüququnun hazırda mövcudluğuna dair cavabdeh tərəfindən hər hansı sübut məhkəmə icraatına təqdim edilmədiyindən həmin şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaması qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, X3, X1, X16, X4, X8, X9, X5 və X6 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X3, X1, X16, X4, X8, X9, X5 və X6 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar