Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7566/2022 29.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vetaran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya“nın xx.xx.2021-ci il tarixli rəyi əsasında ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina barədə qərarının ləğv edilməsi və ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 24 avqust 1992-ci il tarixdən oktyabr 1992-ci il tarixə kimi N saylı hərbi hissənin tərkibində, Ağdərə rayonunda, 1-ci Qarabağ müharibəsində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. 30 avqust 1992-ci il tarixdə döyüş zamanı beyin silkələnməsi zədəsi almışdır. Döyüş zamanı aldığı xəsarət səbəbindən 27 noyabr 1992-ci il tarixdə hərbi xidmətdən təxris olunmuşdur. Həmin müddətdə hərbi hospitalda ambulator müalicə almışdır. Daha sonra baş travmasına görə Lənkəran rayon xəstəxanasında müalicə almışdır. 5 il müddətində hər il Həkim-əmək ekspert komissiyasının yoxlanışından keçmişdir. Komissiyanın ona verdiyi arayışlarda, eləcə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının arayışlarında “əlilliyin səbəbi” qrafasında “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” sözləri yazılmış və 2-ci qrup əlil olmağı qeyd edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim komissiyasının 07 mart 1995-ci il tarixli, 109 saylı sənədindən də görünür ki, “baş-beyin sarsıntısı”, “döş qəfəsinin zədələnməsi və sıyrıntısı” travması səbəbindən, N saylı hərbi hissənin çıxarış epikrizinə əsasən HHK tərəfindən müayinə olunmuş və Müdafiə Nazirliyinin 1987-ci il tarixli, 260 saylı Əmri ilə və 1-ci qrafanın 12d maddəsinə əsasən 15 gün müddətə, xidməti vəzifələrinin yerinə yetirilməsindən azad edilmişdir. Həmin bu sənəddə travmanı Azərbaycan Respublikasını müdafiə edərkən aldığı da qeyd edilmişdir. Azərbaycan Respublikasının müdafiəsi uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib, döyüş zamanı aldığı xəsarət nəticəsində 2-ci qrup əlil olmuşdur və 1995-ci il tarixdən pensiya alır. Yuxarıda qeyd olunanlara və qanunvericliyə əsaslanaraq ona “Müharibə teveranı” adının və müvafiq vəsiqənin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Cavab məktubunda ona bildirildi ki, göndərdiyi sənədlərə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 27 yanvar 2021-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim etdiyi sənədlər ona geri qaytarılmışdır. Məktubda həmçinin o da qeyd olunub ki, Mərkəzi arxivin 18 yanvar 2021-ci il tarixli, 9/2-276 saylı arayışına əsasən hərbi xidmətini təsdiq edən sənəd olmadığına görə ona "Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Mərkəzi arxivin 18 yanvar 2021-ci il tarixli, 9/2-276 saylı arayışını araşdıran zaman müəyyən etmişdir ki, N nömrəli hərbi hissə komandirinin 1992ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Təbbi ki, belə olan halda onun hərbi xidməti barədə Arxiv idarəsində məlumat aşkar edilməyəcək. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanladığı ərizəsinə hərbi xidməti barədə, 1992-ci il tarixdə N saylı hərbi hissənin tərkibində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməyi barədə sübut əhəmiyyəti kəsb edən sənədlər əlavə etmişdir. Lakin “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” onun ərizəsini əsaslı hesab etməmiş və ona “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsindən imtina barədə qərar qəbul etmişdir. Bundan sonra iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 27 yanvar 2021-ci il tarixli rəyi əsasında ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina barədə qərarın ləğv edilməsi və ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4762/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia ərizəsi qismən təmin edilərək, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul ediməsi haqqında öhdəlik qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyindən ona ünvanlanan xx.xx.2021-ci il tarixli, 4/3-2047 saylı məktubda qeyd edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya daxil olmuş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4762/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı əsasında İddiaçı sənədlərinə komissiyanın xx.xx.2021-ci il tarixli iclasında baxılmış və aparılan təkrar araşdırma zamanı döyüş əməliyyatları aparılan dövrdə N () nömrəli hərbi hissədə hərbi xidməti, yaralanması və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Göründüyü kimi cavabdeh orqan növbəti dəfə onun xahişini yerinə yetirməmiş, müharibədə iştirakı barədə kifayət qədər sübutlara düzgün hüquqi qiymət verməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilib iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-ci ildə Bakı şəhərində doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixə qədər həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Ağdərə rayonu ərazisində döyüşlərdə iştirak etmişdir. N №-li hərbi hissənin komandirinin qeydinə əsasən xx.xx.1992-ci il tarixdə beyin silkələnməsi, döş qəfəsindən zədə almışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli, 4/3-2047 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya daxil olmuş Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-4762/2021 nömrəli Qərarına (vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı müraciətinə yenidən baxılması öhdəliyi) komissiyada baxılmışdır. Vətəndaş İddiaçı sənədlərinə komissiyanın xx.xx.2021-ci il tarixli iclasında baxılmış və aparılan təkrar araşdırma zamanı döyüş əməliyyatları aparılan dövrdə N () nömrəli hərbi hissədə hərbi xidməti, yaralanması və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığına görə ona “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsindən imtina olunur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 4/3-284 №-li məktubdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəsinə cavab olaraq təkrar bildirilir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2021-ci il tarixli iclasında baxılmış, 746 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmiş və sənədləri geri qaytarılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfidən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1876 №-li məktubdan və ona əlavə edilmiş xx.xx.2022ci il tarixli, 1876 №-li arayışdan görünür ki, vətəndaş İddiaçı həqiqətən xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N nömrəli hərbi hissədə (Lənkaran hospitalında) kontuziya diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz: Kontuziya. Əsas: N nömrəli hərbi hissədə (Lənkaran hospitalında) 1992-ci ilə məxsus stasionar xəstələrin qeydiyyatı kitabının 745-ci sayındakı qeyd. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSE-0 AR№ 122452 arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, təkrar müayinə nəticəsində Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar İddiaçı xx.xx.2000-ci il tarixədək ikinci qrup əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası Sosial Təminat Nazirliyinin ВТЭ-10 № 029779 arayışının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanmış, ikinci qrup əlillik təyin olunmuşdur. - DSMF-nin Sabunçu rayon şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə İddiaçı verilmiş 006406 №-li vəsiqənin surətindən görünür ki, ona Azərbaycan Respublikasının müdafəsi ilə əlaqədar müddətsiz ikinci qrup əlillik verilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1995-ci il tarixli, 109 №-li qətnaməsinin tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 1964-cü il təvəllüdlü vətəndaş İddiaçı travması: Beyin sarsıntısı. Döş qəfəsinin zədələnməsi və sıyrıntısı”, bu səbəbdən N saylı hərbi hissənin çıxarış epikrizinə əsasən HHK tərəfindən müayinə olunmuşdur və Müdafiə Nazirliyinin 1987-ci il tarixli, 260 saylı əmri ilə İ qrafanın 12d maddəsinə əsasən 15 gün xidməti öhdəliklərinin yerinə yetirilməsindən azad olunmağa ehtiyacı olan kimi hesab edilmişdir. Travma Azərbaycan Respublikasını müdafiə edərkən alınmışdır. Əsas: N saylı hərbi hissənin çıxarış Epikrizi, N saylı hərbi hissənin komandirinin arayışı. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-4762/2021 №-li qərarından görünür ki, İddiaçı Cavabdehnə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbi qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdehin üzərinə İddiaçımüraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfidən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 3005 №-li məktubdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N nömrəli hərbi hissədə (Lənkaran hospitalında) kontuziya diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Əsas: N nömrəli hərbi hissənin (Lənkaran hospitalının) 1991, 1992-ci illərə məxsus xəstələrin əlifba qeydiyyatı kitabının 36-cı sayındakı qeyd. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4/2-2621 №-li məktubdan görünür ki, N №-li hərbi hissə komandirinin avqust-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, N №-li hərbi hissə komandirinin yanvar-dekabr 1993cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissələrin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin 1992-ci il tarixli nizami hərbi hissə üzrə əmrləri Müdafiə nazirliyinin Katibliyi Mərkəzi Arxivinə təhvil verilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. - 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə araşdırması zamanı toplanılmış sənədlərin əlaqəli və müqayisəli şəkildə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N nömrəli hərbi hissədə (Lənkaran hospitalında) kontuziya diaqnozu ilə stasionar müayinə və müalicədə olsa da onun N () nömrəli hərbi hissəyə hərbi xidmətə daxil olması və ya hərbi xidmətdən buraxılmasını təsdiq edən rəsmi sənədlər mövcud deyildir. 25 dekabr 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsində qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Qeyd olunan Qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı iddiaçının qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə daxil olması və hərbi xidmətdən buraxılması, qoşun hissəsinin siyahılarından çıxarılması təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının qanunla müəyyən edilmiş qaydada hərbi xidmətə daxil olması və qanuni əsaslarla ehtiyata buraxılması barədə müvafiq sənədlər olmadığından ona müharibə veteranın adının və vəsiqəsinin verilməsindən imtina edilməsi barədə komissiyanın qərarı qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-7566/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7566/2022
29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver