Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-757/2021 31.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi xidmətə bərpa edilmə” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Müdafiə Nazirinin onun barəsində qəbul etdiyi 22 iyul 1995-ci il tarixli əmrinə düzəliş edilməklə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun (3 noyabr, 1992-ci il, nörmə 362) 18ci maddəsinin “v” bəndi ilə (xəstəliyə görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə qeydiyyatın aparılmasının və onun hərbi rütbəsinin (leytenant) bir pillə aşağı salınması haqqında Müdafiə Nazirliyinin əmrinin ləğv olunması və döyüş əməliyyatlarında iştirak edən bir zabit kimi, yaralandığı 13 aprel 1994-cü il tarixində tutduğu hərbi vəzifənin (bölük komandiri) qanunla müəyyən edilmiş qaydada növbədənkənar kapitan rütbəsinin verilməsinin, habelə 1-ci dərəcəli ehtiyat zabiti kimi 1995-ci ilin iyulundan 2009-cu ilin 13 mayınadək hərbi qulluqçu olduğu üçün ona növbəti hərbi rütbə - mayor rütbəsinin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Hərbi qulluqçularının statusu haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə uyğun olaraq onun həqiqi hərbi xidmətinin 30 iyul 2006 il tarixinə kimi bərpa edilməsi, hərbi xidmət müddətinə müvafiq tabor komandiri vəzifəsinə təyin olunması, hərbi xidmət müddətinə müvafiq olaraq mayor rütbəsinin verilməsi, 30 iyul 2006 il tarixində Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” Qanununun (3 noyabr 1992 ci il, № 362) 18-ci maddəsinin “v” bəndinə əsasən - xəstəliyə görə İddiaçı Polad oğlu mayor rütbəsi ilə, tabor komandiri vəzifəsindən ehtiyata buraxılmasının Müdafiə Nazirliyinin əmri ilə təsdiq edilməsi (Əsas: Xəstəlik haqqında 21 iyul 2006 il tarixli, № 863, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının verdiyi Şəhadətnamə) barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin (xüsusi təyinatlı tabor) kəşfiyyat bölüyünün komandiri kimi döyüş tapşırığını yerinə yetirərkən 1992-ci ilin iyul ayında düşmən mərmisinin partlayışı nəticəsində hərbi travma almışdır - sağ qolun açıq qəlpə yarası, dirsək sinirinin travması, barmaqların kontrakturası. 13 aprel 1994-cü ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissənin kəşfiyyat bölüyünün komandiri kimi Ağdam rayonunun Güllücə kəndində düşmən həmləsini dəf edərkən ikinci dəfə mərmi travması almışdır - sol göz qişasının (beynin periferiyası) cırılması, sol qolun yuxarı əzələsinin travması və sonrakı atrofiyası, sol budun kor qəlpə yarası, sol ayağın hərəkət funksiyalarının pozulması. 2006-cı ildə isə Mərkəzi Hərbi Həkim Komissiyası və Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti onun aldığı müharibə travmalarını, əmək fəaliyyətinin tam itirilməsi və 2-ci qrup müharibə əlili olması faktlarını təsdiq etmişdir. 1993-cü ilin iyun ayında baş verən Gəncə hadisələri zamanı 799 saylı xüsusi təyinatlı taborun komandirinin yoxa çıxması səbəbindən o - həmin hərbi hissənin 2-ci bölüyünün komandiri, zabit heyətinin fövqəladə yığıncağında qərarla tabor komandiri vəzifəsini müvəqqəti icra etmişdir. 1993-cü ilin avqust ayından Ağdam rayonunda N saylı hərbi hissənin kəşfiyyat bölüyünün komandiri və N saylı hərbi hissənin kəşfiyyat bölüyünün komandiri olmuşdur. O, 22 iyul 1995-ci ildə Müdafiə Nazirinin əmri ilə ehtiyata buraxılmışdır. Həmin əmrin nömrəsi onun ehtiyatda olan zabit kitabçasında 043 kimi göstərilmiş, lakin tarix 24.07.1995-ci il göstərilmişdir. X1 ünvanladığı məktubuna cavab kimi göstərmişdir ki, o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 18-ci maddəsinin “e” bəndinə uyğun olaraq ehtiyata buraxılmışdır. Lakin həmin dövrdə Azərbaycan Respublikasının hüquqi tarixində belə bir sənəd olmamışdır. Bu adla qeyd edilən sənəd müvafiq olaraq 1997-ci ilin 3 oktyabr tarixli 377-İQ nömrəli qanun ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” adında təsdiq edilmişdir. Göründüyü kimi, bu hüquqi sənəd 1995-ci ildən sonra qəbul olunmuş və onun 18-ci maddəsi tamamilə başqa bir məsələni əhatə etmişdir. Sözügedən 18-ci maddənin “e” bəndi “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Sözü gedən “e” bəndi isə Hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlərə görə ehtiyata buraxılma növündə inzibati cəza olub və həmin qanunun 10-cu maddəsi ilə “zabitlərin rütbəsinin bir pillə aşağı salınması... Silahlı Qüvvələrin İntizam Nizamnaməsində müəyyən edilən qaydada" tənzimlənməsi göstərilmişdir. Müdafiə Nazirliyi “Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”nin bu işə aid olan bütün maddələrini pozaraq, intizam cəzası kimi onun hərbi rütbəsini günahı, xəbəri və iştirakı olmadan bir pillə aşağı salaraq intizam cəzası kimi ehtiyata göndərmişdir. 12 dekabr 2019-cu il tarixli Müdafiə Nazirinə ünvanladığı rütbəsinin bərpası və 1994-cü ildə barəsində Müdafiə Nazirinin əmrinə düzəliş edilməsi barədə xahişi Müdafiə Nazirliyini məktubu ilə təmin edilməmiş və ona rəsmi imtina olunmuşdur. Müdafiə Nazirliyinin həmin imtinası qanunsuz və əsassızdır. Buna görə də hesab edir ki, 30.07.2006-cı il tarixinə kimi hərbi xidməti bərpa olunmalı, o, hərbi xidmət müddətinə müvafiq tabor komandiri vəzifəsinə təyin olunmalı, ona hərbi xidmət müddətinə müvafiq olaraq mayor rütbəsi verilməli, 30 iyul 2006 il tarixində Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” Qanununun 18-ci maddəsinin “v” bəndinə əsasən - xəstəliyə görə mayor rütbəsi ilə, tabor komandiri vəzifəsindən ehtiyyata buraxılmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı nəinki xüsusi, hətta ümumi iddia müddətinin vaxtını ötürmüşdür. Belə ki, mübahisələndirdiyi münasibətlər 1995-ci ilə aid olduğu halda, o, 25 ildən sonra, 2020-ci ildə məhkəməyə müraciət etmişdir. Bununla da iddia müddətini qatqat ötürmüşdür. İddiaçı hətta Azərbaycan Respublikasının İnzibatı Prosessual Məcəlləsi qanuni qüvvəyə minməmişdən əvvəl olan qanunvericiliyə əsasən iddia müddətinin axımını ötürmüşdür. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsi tərəfindən 27.11.2020-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Zabit ehtiyatı taburu komandirinin 25.07.1995ci il tarixli 117 nömrəli əmrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, leytenant İddiaçı “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanununa müvafiq olaraq 25.07.1995-ci il tarixdə ZET komandirinin sərəncamından, şəxsi heyətin siyahısından, bütün təminat növlərindən çıxarılması, 18-ci maddənin “e” bəndinə əsasən (Hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə görə) hərbi rütbəsi bir pillə aşağı endirilməklə (İddiaçı kiçik leytenant rütbəsinə qədər) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunması əmr edilmişdir (Əsas: MNnin 0935 nömrəli 22.07.1995-ci il tarixli əmri). İddianın mümkünlüyü məsələsi ilə bağlı məhkəmə qeyd edir ki, məcburetmə və öhdəliyin icrası növündə iddia tələbinin mümkünlüyü şərtlərindən biri bu barədə iddiaçının məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməsidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl iddia tələbində göstərilən məsələlər ilə əlaqədar cavabdeh orqana müraciət etməmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfə təklif edilməsinə baxmayaraq, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdeh orqana iddia tələbində göstərilən məsələ ilə əlaqədar müraciət edilməsinə dair sübutları məhkəməyə təqdim edə bilmədi. Göründüyü kimi, məhkəmədə iddia qaldırmamışdan əvvəl cavabdeh inzibati orqana iddiaçı tərəfindən iddia tələbində göstərilən məsələ ilə əlaqədar müraciət edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-757/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-757/2021
31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver